Qonaq Kitabı
İKİNCİ FƏSİL

 

O, yenə qədəhi başına çəkib, stolun üstünə qoydu. Yenə nə isə oxumaq istədikdə pərdənin dalındakı qapı açıldı. Sərtib başını çıxarıb:

- Allah xatirinə qoyun gözümüzə yuxu getsin. Bu səfsətini bir kənara atın! - dedi və qapıya söykənib, Sofi İranpərəstə baxdı, hər sözü ayrılıqda eşidilməklə bir rübai oxudu:

Kavist dər aseman və naməş Pərvin.

Ek gave dekər nəhoftə dər ire-zəmin.

Çeşme-xerədət köşay çun əhle-yəqin,

Zirü-zəbəre'do kav moşti xər bin*.

O qapını çırpıb içəri qayıtdı. Sofi İranpərəst qaşqabağını turşudub, yerində oturdu və bir qədəh də doldurub, başına çəkdi:

- Sərtib çox tündməcazdır, - dedi.

- Sirkə nə qədər tünd olsa öz qabını çatladar.

Sofi İranpərəst içdikçə danışan, danışdıqca içən adamlardan idi. O, artıq şeir oxumaqdan qorxaraq, gözünü pərdə dalındakı qapıdan çəkmədən danışırdı. Keçmiş həyatını nağıl edir, məktəbdə necə oxuduğunu xatırlayır, dünyanın siyasətindən danışırdı. Haradan yadına nə düşürdüsə oradan da deyirdi. Bəzən azca əvvəl söylədiyi əhvalatı bir də təkrar edirdi.

Farsca təmiz və zəngin bir dillə danışan bu adam üçün sanki sözün heç bir qiymət və mənası yox idi. Bir cümlədə dediyi fikri başqa cümlədə inkar edər, əvvəlcə təqdir etdiyi bir hadisəni sonra təsdiq edərdi. Bütün bunları da elə bir inam və təbiiliklə edərdi ki, sanki dünyada onun üçün məntiqsizlik və fikir pozğunluğundan cazibədar bir şey yoxdur. Sanki yer üzündə möhkəm və aydın prinsiplər, qəti və bir-birinə zidd anlayışlar yox imiş.

Nəhayət, onun mənasız boşboğazlığından yorulmuş Hüseyn söhbəti dəyişməkmi, yoxsa əylənməkmi xatirinə:

- Deməli, ağayi Hikmət İsfahani sizi yolda, elə yolun ortasındaca düşürüb getdi, hə?.. - deyə soruşdu.

Sofi İranpərəst səsini ucaltdı:

- Yaman imansız kişidir, maşını saxlatdı, dedi düş yerə... Düşmək istəmədim. Qolumdan tutub, qoydu yolun kənarına.

- Nə üstündə axı, nə üçün?

- Kişi vallah, günah özümdədir. Mən köpək oğlu min dəfə özümə söz vermişəm ki, ağanın bir sözünü iki eləməyim, dedi qatıq qaradır, deyim qaradır, ağdır, deyim ağdır. Amma yenə yadımdan çıxır. Öz bildiyimi demişəm. Başım da belə bəlalara düşüb...

- Axı nə olmuşdu, söhbət nə üstündə idi?

- Nə olacaq, kişi, mister Harold soruşdu ki, Təbrizdən Culfaya neçə kilometr olar. Ağa buyurdular ki, təqribən üç yüz kilometrdir, mən dili qurumuş da davam gətirməyib dedim ki, xeyr, ağa cəmi yüz iyirmi kilometrdir. Ağa dedi, yox, səhih bilirəm ki, üç yüzdür. Mən dedim ki, xeyr, ağa, özüm kitabda oxumuşam ki, yüz iyirmidir. Onda ağa maşının qapısını açdı, dedi: düş aşağa əbucəhd qurumsaq.

- Gün batan çağı qoydu düzün ortasında, çıxıb getdi, hə?

- Bəli, gördüyün kimi...

- Bəs, yaxşı, ağa tehranlıdır, belə hərəkətlərə adət eləyib, bu amerikalı mister Harold niyə razı oldu?

Sofi İranpərəst başını buladı:

- Pəh, pəh, əcəb söz soruşursan! Kişi, bu amerikalılar, bizə elə baxırlar, necə biz teatr oyununa baxırıq. Hər şey onlara ləzzət verir. Biz ağa ilə mübahisə eləyəndə, ağa məni maşından çölə salanda mister Harold qəhqəhə çəkib gülürdü.

- Yaxşı tamaşa var imiş ki!..

Sofi İranpərəst:

- Demə, heç demə! - deyib, bir qədəh də doldurdu, başına çəkdi, nə isə yeni bir rübai demək istərkən, Hüseyn onun sözünü ağzında qoydu:

- Kişi, sən bu Xəyyamını bir kənara at, sərtib yenə acıqlanar.

Bir müddət çayxanada sükut oldu. Şirin-şirin yatan kəndlilərin mışıltısından başqa bir səs eşidilmədi.

Sofi İranpərəst öz-özünə danışırmış kimi:

- Nə yaxşı tiryək çəkməli, nəşə almalı gecədir! - dedi:

Hüseyn onun fikrini təsdiq etdi.

- Yaman axmaq gecədir! Ancaq tiryəklə bu cansıxıcı gecəni səhər etmək olar.

O qeybət edən adamlara məxsus yavaş bir səslə:

- Nə üçün burada gecələdik? Çıxıb gedərdik, onlar da sabah gedərdilər. Olmazdımı? - deyə soruşdu.

- Niyə olmazdı, lakin sərtib istəyir ki, hamı bir yerdə Tehrana qayıtsın. Güzariş bir yerdə verilsin, ixtilafi-rəy əmələ gəlməsin. Bir yandan özündən qorxur, bir yandan da işin üstünü örtmək istəyir. Yumşaltmaq istəyir.

- Yəni Həmidiyə hüsni-təvəccöhü var?

- Bəs nədir? Çünki o da, bunun atasının getdiyi yolu gedənlərdəndir. Boğazı təsadüfən kəndirdən qurtarmışdır.

-  İşin ki, ucu vəzarəti kişvərin* əlinə keçdi, salamat qalacağına şübhəm var... Qorxuram sərtibi də öz dalınca çəkib qəbrə apara...

- Bunun üçün də onun öz ağzından çıxan bircə etiraf lazımdır. Bir neçə kəlmə söz lazımdır. Sərhəngin axtardığı da elə budur.

- Məncə azca əvvəl dediklərini sərhəngə çatdırmaq kifayətdir.

- Əlbəttə, qızışaraq dediyi o sözlər də böyük sözlərdir. Bir kəndir kimi boğazına keçə bilər. Naxoş damarını tapmışam, hələ söhbət salıb, yenə çox sözlər dedirdəcəyəm. Burada sən də mənə kömək etməlisən. Sərhəngin öz tapşırığıdır. Qoy güclülər bilsinlər ki, balaca adamlar da təhqiri unutmayır, bəzən böyükləri dar ağacına qədər sürükləməyi bacarırlar.

Yavər Əziminin içəri gəldiyini gördükdə Məhbusi ucadan:

- Ağayi Sofi, - dedi, - durun bir havaya çıxın, başınız ağrıyar, durun havaya.

Sofi İranpərəst hədələyə-hədələyə yerindən qalxıb, çölə çıxdı. Məhbusi yavər Əzimiyə yanaşdı:

- Bu naqqal bilmirəm haradan gəlib çıxdı. Lap baş-qulağımı apardı.

Yavər Əzimi maraqlandı:  

- Bu hansı Sofi İranpərəstdir.

- Hikmət İsfahaninin ruznaməçisidir. “Səda”nı bu çıxarır. Ərbab həmişə səfərə çıxanda bunu da özü ilə götürür və yarı yolda qovur. Şəhərə qayıdanda isə yol sərgüzəştlərini nağıl etdirəcək, bu da təlxək kimi səhralara düşdüyünü, arxlara yıxıldığını, çayxanalarda yatdığını min rəngə salıb danışacaqdır. Bu ələ salınmaqdan, o da ələ salmaqdan həzz alır.

Pərdə dalındakı qapının cırıltısı və sonra sərtibin səsi eşidildi:

- Nə oldu, maşından bir xəbər çıxmadı?

Hüseyn itaətlə cavab verdi:

- Xeyr, ağayi sərtib, hələ də maşın gəlməmişdir. Siz rahat yatın, gəlsələr xəbər verərik.  

-  Saat ikidən keçmişdir. Gərək çoxdan gələ idilər. Bəlkə bir hadisə baş verib?

- Ola da bilər, sərtib! Yol çox uzaqdır, yəqin gecəni harada isə yatmalı olublar. Bəlkə bir az pilov meyl edəsiniz? Çox gözəl pilovdur. Siz heç şey yemədiniz.

Sərtib oturub, könülsüz iki qaşıq plov yedi, sonra siqar çıxarıb, çəkmək istədi. Hüseyn tez kibrit yandırıb, ona tərəf əyildi. Sərtib siqarı tüstülədib, laübalı bir halda gözlərini lampanın tutqun işığına dikdi.

Hüseyn:

- Sərtib, - dedi. - Təbrizdə çox yoruldunuz. İş çox dolaşıq və ağır idi.

- Elədir, mən hələ, qərəz ucundan bir insana bu qədər ləkə atıldığına inana bilmirəm.  

-  Bizim bu məmləkətdə hər şey ola bilər, sərtib. Xaraba qalsın belə yeri!.. Bir şahıya nənəsinin əmcəyini kəsənlər var.

Sərtib bu sözlərin ürəkdən gəldiyini və saxtakarlıq olduğunu müəyyən edə bilmədi. Ümumən, o, Hüseyni tanımaqda çətinlik çəkirdi. Bu adam gah bir uşaq qədər sadə görünür, açıq mühakimələrə yol verir, deyir, gülür, bir mehribanlıqla insanı özünə cəlb edir, gah da məhdud, qaradinməz, hər şeyə şübhə edən soyuq və quru bir adama çevrilirdi. Gah o, hər kəsə yazığı gələn, qarışqanı belə incitməkdən çəkinən bir rəhmdil olur, gah da bir anda anlaşılmaz bir ətiacılıq edirdi. Odur ki, iyirmigünlük müsafirətləri ərzində ilk dəfə rastlaşdığı bu adam haqqında sərtib heç bir fikrə gələ bilmirdi. Ona yaxşı deməyə də, pis deməyə də ehtiyat edirdi. Ümumən sərtib insanlar haqqında çox tez qərara gəlməyi bacarmazdı. Dünyada heç şey yaxşı bir adam haqqında pis düşünmək qədər ona əzab verməzdi. O belə əqidədə idi ki, insanları pis yollara salan, onlara qarşı etinasızlıq və pis münasibətdir. Bu münasibət dəyişsə, adamlar bir-birinə məhəbbətlə və sədaqətlə yaxınlaşsalar fənalıqlar nə qədər azalardı. Eyni zamanda yaxşı zənn etdiyi bir adamın gözlənilməz çirkin hərəkəti qədər heç şey onu peşman və ümidsiz etməzdi. Buna görə də sərtib yeni tanış olduğu bir şəxs haqqında qəti bir qərara gələnə qədər uzun müddət bir-birini rədd edən müxtəlif mühakimələrə qapılar və əzici bir daxili əzab çəkərdi. Hüseyn kimi birdən-birə tanınması çətin olan adamlar haqqında o çox vaxt heç bir rəyə gələ bilməzdi. Daxilən rahat olsun deyə belələrilə bir daha görüşməməyə çalışardı. Onlarla görüşdən və söhbətdən qaçardı Azca əvvəl qızışaraq dediyi sözləri də indi yersiz hesab etdiyindən Hüseynlə danışmaq arzusunda deyildi, buna görə də qısaca ona dedi:

-  Oğlan, sən də yorğunsan, get bir az dincəl. Mən də yatmaq istəyirəm - dedi və yenə balaca qapıdan o biri otağa keçdi.

Hüseyn isə, öz aləmində sərtibin bu hərəkətini, fikirlərini gizlətmək üçün işlədilən bir ustalıq hesab etdi. “Pişmiş adamdır, min oyundan çıxıb” deyə düşündü.

Hüseyn ümumən dünyaya bir qumarxana, bütün insanlara bir oyunbaz nəzərilə baxan məsləksiz, əqidəsiz adamlardan idi. Onun nəzərində bu qumarxana məharətdən, zirəklikdən asılı idi. Sərtib haqqında da o bu cür düşünürdü. Bir də ki, sərtib onun bütün bir şikar, bir gəlir vasitəsi idi. Komisyonun heyətinə salıb, Təbrizə göndərirkən, sərhəng sərtibə göz yetirməyi ona xüsusi olaraq tapşırmışdı. O, sərhəngin nə istədiyini gözəl bilirdi. Bu məqsədlə də kifayət qədər dəlil yığmışdı. Odur ki, sərtibin söhbətdən boyun qaçırması Hüseynin kefini pozmadı. Çayçını çağırıb, kəndlilərdən xeyli aralı taxtın üstündə özünə yer saldırdı və soyunub uzandı. Azca sonra Sofi İranpərəst və yavər Əzimi də gəlib, taxtın bir küncündə yatdı. Çayçı samovarın külünü boşaldıb, çayxananın qapısında dolanmağa başladı.

 ***

Fridun yolda çəkdiyi əzablara, gündüzlər gizlənib gecələr yol gəldiyinə baxmayaraq, çox ayıq yatmışdı. O, tez-tez ayılır, lakin yenə tez huşa gedirdi. Qalan müsafirlər də yatıb, çayxananı tam bir sükut bürüdükdə belə o, yarı oyaq kimi idi. Yalnız çayçı yatmır, əsnəyir, tez-tez çıxıb girirdi. Xeyli sonra o, maşın səsi eşidib, yola çıxdı və bir neçə adamla geri qayıtdı. Onların səsini eşidən Fridun gözünü açdı, lakin zil qaranlıqda heç bir şey görməyib, özünü yuxuluğa vurdu:

Yeni gələnlərdən biri:

- Sərtibi çağır, - deyə əmr etdi.

Sərtib özü bu səsi tanıdı, durub qapıya gəldi:

- Ağayi-mən, nə gec gəldiniz, - dedi və cavab gözləmədən əlavə etdi: - Burada dincələk, yoxsa yola düşək?..

Yeni müsafir:

- Gecənin sərinində yol getsək yaxşıdır - deyib çayxanadan çıxdı.

Sərtib yoldaşlarını oyatdı. Yavər Əzimi və Hüseyn çox tez qalxdılar. Lakin ölü kimi düşmüş İranpərəstin qıçlarından dartıb durquzmaq lazım gəldi. Sərtib yeməyin va içkinin pulunu çayçıya verdi.

- Sağ ol, əmi! - dedi: - Yataq çox təmiz və yumşaq idi. Sağ ol!

Azca sonra maşının fənərləri böyük gözlər kimi yanaraq, Tehran yolunu işıqlandırdı. O, cənuba doğru qaçdı və bir anda gözdən itdi. Ara-sıra uzaqlarda ani olaraq işıqlanıb qalan təpələr və yol döngələri onun durmadan hərəkət etdiyini bildirirdi.

Yalnız bundan sonra Fridun ağır bir yuxuya getdi.



* General

* Полковник.

* Plan

** Rübai Xəyyamındır. Mənası: meysiz və məzəsiz cahanın dövranı heçdir. Neyin zümzüməsi olmadan dünya heçdir. Cahanın əhvalına nə qədər baxıramsa, görürəm ki, işrətdən başqa, nə varsa heçdir.

***  Rübai Xəyyamındır. Mənası zəmanə bizə əzab badəsini içirməmişkən, gəl bu gün üz-üzə oturub, şərab içək. Çünki getmək vaxtımız çatanda bu çərxi-fələk bizə bir qurtum su içməyə də aman verməyəcəkdir.

 

* Rübai Xəyyamındır. Mənası: göydə Pərvin adlı bir öküz var. Başqa bir öküz də yerin altındadır. Həqiqət əhli kimi ağıl gözünü aç və bu iki öküzün arasındakı bir dəstə eşşəyi seyr et.

 

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info