Qonaq Kitabı
ƏBDÜRRƏZZAQ BƏY GƏLDİ

***

Osmanlı-Rusiya müharibəsi başlanmamışdı. İran işğal olunmuşdu. İran məsələsi aralıqda yox idi. Hər kəs istədiyi vaxt İrana gedir və yenə də qayıdırdı. Çar jandarmları İran tərəfində də hökm sürürdü. Günlərin birində pristav məni çağırdı. Mən onun para istəyəcəyini zənn edərək əlli manat hazırladım. Ayda 25 manat alırdı. İki aylığını birdən verdim. O, 25 manat qaytardı.

- Daha burada qalmayacaqsan. 25 manatını götür. Polkovnik Zançenko Naxçıvana gəlmişdir. Rauf bəyin evindədir. Səni köçürmək istəyir. Bunun üçün də səni məndən istəmişdir.

Mən daha bir söz demədim. Düz-doğru Rauf bəyin evinə gəldim. Rauf bəy balkonda barmaqları üstündə olaraq yavaş-yavaş gəzirdi.

-          Buyurun salona, polkovnik yatıb, - dedi.

Salona girdim. Culfada onun salonundan gözəl salon yox idi. Rauf bəy çılpaq qadın şəkillərini çox sevərdi. Salonda Əhməd şah və İkinci Nikolayın şəkilləri ipək bir xalçanın üzərində vurulmuşdur. Bir döşləri açıq qadın şəkli şəkillərin üstündən, digəri isə altından asılmışdı. Polkovnik Zançenkonun mütərcimi Hüseyn ağa əyləşib əlindəki kağızlarla məşğul idi. Hüseyn ağa burada olduğuna görə Rauf bəy mənə heç də əhəmiyyət vermirdi. O mənimlə əski tanış kimi deyil, rəsmi bir adam kimi danışırdı. Hüseyn ağa da məni yaxşı tanıyırdı. O dəxi başını qaldıraraq:

-          Əfv edərsiniz. Polkovnik yuxudan durana qədər işləri hazırlayıram, - dedi.

Rauf bəy bayıra çıxdı. Mən isə evi dolaşıb Hüseyn ağanın başı üstündən şəkillərə baxdım. Mütərcim qarşısındakı çılpaq qadınlara və ədəbsiz şəkillərə baxırdı. Mən bunları Rauf bəyin evində bir neçə kərə görmüşdüm. Rauf bəy qayıdıb gəldi. Polkovnikin məni köçürmək istədiyini və heç vəchlə onu razı edə bilmədiyini söylədi. Mən “Eyb etməz”, - deyib məsələni başqa tərəfə atdım. Divardakı xalçalara baxaraq:

- Yaxşı otaq, yaxşı xalça insanın fikrində şairanə duyğular yaradır. İki gözəl xalçam vardır. Asmağa layiqli otağım olmadığından Təbrizdən necə gətirmişəm, elə də qalır.

Rauf bəy sözünü yenə də mənim köçürülməyimlə başladı:

- Millətimiz bədbəxtdir, öz ziyalılarını saxlaya bilmir. Sizin bu məsələniz mənə olduqca təsir edir.

Mən Rauf bəyin xalça məsələsindən maraqlandığını anladım.

- Eyb etməz, indi köçmək o qədər də ağır deyildir. Zatən xalq buradan dağılıb gedir. Müsahib də yoxdur. Onsuz da mən köçməyə tələsirəm.

Rauf bəy əllərini bir-birinə sürtüb dedi:

- Millətimiz bir-birinin şeytanıdır. Yoxsa polkovnikin özü də elə adam deyildir.

Sonra yavaşca qulağıma pıçıldadı:

- Gələsən, içəri girib bir də gücümü sınayım. Bəlkə, o iki xalçaları verib birtəhər razı salaq.

Mən özümü saxlaya bilmədim. Bu burjuaziya ziyalısının alçaqlığına güldüm.

-          Eyb etməz. Mümkünsə razı salın, - dedikdən sonra o durub içəri girdi.

Mən isə düşünürdüm. Hazırda, tutalım ki, polkovnik razı oldu, mən xalçanı haradan tapacağam. Mən xalçaları tərif etdikdə Hüseyn ağa da eşidirdi. Rauf bəy içəri girdikdən sonra Hüseyn ağa sözə başladı:

-          Əcəba, yaxşı xalçanın biri neçəyə olar?

Mən onun da fikrindən bir xalça keçdiyini duydum.

- Mən dediyim xalçaların hər birisinin bugünkü bazarda 150 manat qiyməti vardır.

- Mümkünsə bir dənəsini mənim üçün alın. Parası hər neçə olursa, verərəm.

- Eyb etməz, yaxşı bir xalça almağa söz verirəm.

Rauf bəy qayıdıb gəldi. Polkovnikin gələcəyini xəbər verdi. O, mənə göz basdı. Razı saldığını anlatdı. Mən polkovnik içəri girəndə ayağa qalxmamaq üçün o gəlməmişdən ayağa qalxdım. Polkovnik salona daxil oldu və mənə baxaraq:

- Sizin yuvanızı dağıdacağam. İndi daha 8-9-cu illərə bənzəməz. Peşəniz axşama kimi bir-birinizlə burunlaşmaq və əhalinin fikrini korlamaq olmuşdur. İndi məmləkətin o vaxtı deyildir. Sizi bir neçə dəfə xəbərdar etdiyimizə baxmayaraq, yenə də dinc oturmursunuz.

Polkovnik acıqlandıqca Rauf bəy əllərini bir-birinə sürtüb qorxaq tula kimi quyruğunu bulayırdı. Mən cavab verdim:

-          Cənab polkovnik, bəlkə də, haqqımızda sizə verilən xəbərlərin əsli yoxdur.

O, yaxına gəldi:

- Əsli yoxdurmu? Siz gəncəliləri tanıyırsınızmı?

- Uzaqdan tanıyıram. Fəqət, onlarla heç də əlaqəm yoxdur.

- Əlaqəniz yoxdursa, nə üçün onların əleyhinə çalışırsınız?

- Heç vaxt!

- Siz Ələmdar kəndlilərini öyrədirsiniz. Siz onları gəncəlilərə qarşı üsyana çağırırsınız. Ələmdarın rus təbəəliyinə keçməsi nə üçün sizə ağır gəlir?

- Belə iş yoxdur!

- Vardır. Bu da xainlikdir. Siz təbrizli Mirzə Məsud ağanın1 imperator tərəfdarı olduğunu bilirsinizmi?

Mən özümü bilməzliyə vurub soruşdum:

- Mirzə Məsud kimdir?

- Özünü tülkülüyə vurma! Sui-qəsd düzəltdiyin və bütün şeylərini apartdırdığın adamı məndən yaxşı tanıyırsan. Kəblə Əkbər Şücalıya arxa çıxıb, imperator tərəfdarı olan Hacı Hüseyn ağaya üsyan hazırlayırsınız.2 Bunlar sizin üstünüzə ucuz oturmayacaqdır. Sizin hamınızı buradan köçürəcəyəm. Sənin izin dəxi burada qalmayacaqdır.

Mən bir an sakit olduqdan sonra dedim:

- Cənab polkovnik, ixtiyar sizindir. Bununla bərabər, dediklərinizin heç birisindən xəbərim yoxdur.

- Hamısını bilirəm!

Rauf bəy:

-          Cənab polkovnik doğru buyurur, - deyə yaltaqlanır və evi dolaşırdı.

Polkovnik bir də başını qaldırıb:

-          Get! Sənə üç gün möhlət verirəm, - dedi.

Mən qapıdan çıxdıqda Rauf bəy bir də göz basdı. Mən artıq onun məni köçürmək üçün deyil, xalçaları gətirmək üçün üç gün möhlət verdiyini anladım.

Xalçaları Səttar Zeynalabdinov verdi. Bir neçə gün sonra həmin xalçaların birisini Rauf bəyin salonunda gördüm.



1 Kürd üsyanı 12-ci ildə başladı. Xeyrəddin bəy Saray dağından aşıb başqa qalaya girmək istədikdə Türkiyə jandarm dəstələri tərəfindən öldürüldü. Molla Səlim və başqaları da həbs edildikdən sonra üsyan nəticəsiz qaldı. Çünki bu üsyanda daşnaqlar da kürdləri döydülər. (Müəllifin qeydi).

 

1 14-cü ilin əvvəliııə qədər onlardan məktub alıb, məktub göndərirdim. Bəhiyyə oğlunun balaca barmağını kağıza basıb göndərmiş və bununla da oğlu olduğunu bildirmişdi (müəllifin qeydi).

 

1 Mirzə Həsən müctəhidin oğludur (müəllifin qeydi).

2 Türklər 17-ci illərdə İrana gəldikdə Hacı Hüseyn ağa Ələkbəri “bolşeviklər” deyə Xoy şəhərində dara çəkirdilər (müəllifin qeydi).

 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info