Qonaq Kitabı
ƏBDÜRRƏZZAQ BƏY GƏLDİ

Əbdürrəzzaq bəy Bədirxan Paşazadənin Urmiya səfərindən qayıtdığını Hacı Həsənağa tacirbaşı bizə xəbər verdi. Xeyrəddin bəy ilə bərabər, görüşünə getdik. Xeyrəddin bəylə öpüşdülər. Məni də çox məhəbbətlə qəbul etdi, qafqazlılara İstambulda ikən səmimiyyət bəslədiyini və onların səmimi adamlar olduğunu söylədi.

Qəhvə içdik. Gözəl bir imarətdə yaşayırdı. Evdə kişi və qadın qulluqçuları nəzərə çarpırdı. Səfərdən üç saat əvvəl gəldiyini və qayət yorğun olduğunu söz arasında işarə vurduğundan biz qalxdıq. O, axşam Xeyrəddin bəyin öz yanına getməsini tövsiyə etdi. Axşam Xeyrəddin bəy Əbdürrəzzaq yanına gedəcəyini, bəlkə də, gec qayıdacağını xəbər verib, pul qabını çıxartdı. Onu masanın üzərinə qoyaraq əlavə etdi:

- Mənsiz sizə kəsalət keçəcəyi şübhəsizdir. Para sərf etməkdən çəkinməyin. Bəlkə, siz də Aleksandr ilə bir iş düzəldə bilərsiniz, - deyib məni öpdü və əlimi sıxaraq getdi.

Biz o gecəni Abihəyat xanımı çağırdıq. O, az içdi. Gecəni saat 2-yə qədər çalıb oxudu. Qalxıb getdikdə bu müsahibədən məmnun qaldığını və Xoyda olduğum zaman yenə də belə əyləncələr düzəlməsini rica etdi.

***

Əbdürrəzzaq bəy gələndən bəri Xeyrəddin bəy ilə mənim aramda olan sıx rabitənin şəkli tamamilə dəyişmişdi. Heç şübhə yoxdur ki, həm Hacı Həsənağa tacirbaşı, həm də Əbdürrəzzaq bəy məndən şübhələnirdi. Bunu Xeyrəddin bəyə də söyləməmiş deyildilər, bunu mən lazımınca hiss edirdim. Mən Hacı Həsənağanın hücrəsinə girdikdə onlar söhbətin şəklini dəyişirdi.

Nəhayət, günlərin birində Xeyrəddin bəy Əbdürrəzzaq bəyin yanına köçəcəyini və mehmanxanada narahat olduğunu mənə söylədi. Bu söz məndən uzaqlaşmağın birincı siqnalı idi. Zatən mən özüm də Xoy şəhərindən çıxmağı qərara almışdım. Çünki həm Əbdürrəzzaq bəyin, həm də Xeyrəddin bəyin həqiqi simasını təyin etmişdim. Əbdürrəzzaq çar Rusiyasının təhrikilə Bitlisdə kürd üsyanı qaldırmaq və bununla da rusların Anadolu içərisinə soxulmasına imkan vermək işinə xidmət edirdi. Bu məqsədlə Xoy şəhərində könüllü kürd dəstələri düzəldirdi. Əbdülhəmidin xəlindən sonra “İttihadi-tərəqqi”-yə qarşı nifrət bəsləməklə başı pozuqluğa başlamış Kürdüstan feodalları rusların hiyləsinə çox tez satılmışdılar. Bitlisli Molla Səlim və başqa kürd şeyxlərinin təhrikilə üsyan hazırlandığını Xeyrəddin bəyin özündən öyrənmişdim. Xeyrəddin bəy könüllü dəstələrə komanda edəcək idi.1

Xeyrəddin bəyi öyrənmək məsələsi bizim Culfada çalışan yoldaşların proqramına daxil deyildi. Bizim qrup yalnız İran işləri ilə əlaqədar məsələlərlə məşğul idi. Ona görə də mən Xoydan tez qayıtmağa tələsirdim. Pasportsuz gəldiyimdən də bəzi qorxular hiss edirdim.

***

Bazardan Culfaya götürmək üçün bəzi şeylər alıb mehmanxanaya qayıtmışdım. Molla Hüseyn və oğlu Ziyaullahın bir nəfər gənc ilə qapıda durduqlarını gördüm. Doğrudan da, mən həyəcana düşdüm. Onların Bəhiyyə xanımın dalınca gəldiklərini və onu qaçırdığım üçün məni təhqir edəcəklərini zənn etdim. Lakin iş belə deyildi. Molla Hüseyn məni qucaqlayıb öpdü:

- Doğrudan da qafqazlısan, bacarıqlısan və namuslu adamsan, - dedikdən sonra Ziyaullah da əlimi iki əlləri ilə sıxaraq dedi:

- Əmim oğlu Ələkbərlə tanış ol!

Mən əlimi uzatdım. Ələkbər mənim əlimi öpdü. O, Bəhiyyənin sevgilisi və nişanlısı idi. Mən onları içəri dəvət etdim. Molla Hüseyn məni aparmaq üçün gəldiklərini söylədi. Şeyləri mənzilə qoyub Aleksandrın yanına gəldim və qonaq gedəcəyimi xəbər verdim. Bəhiyyənin əmisi evinə gəldik. Qızın əmisinin adı Usta Həsən sərrac idi. Sənəti at yəhəri və at cilovu qayırmaq idi. İçəri girdikdə bizi bir dəstə qadın qarşıladı. Bunlar Bəhiyyənin əmisi arvadı, yəni onun gələcək qayı nanası və onun qızları idi. Bəhiyyədən başqa, hamısı başı ortülü idi. Bəhiyyənin qayınanası yaşlı bir qadın idi. O, məni görən kimi “Boyuna qurban olum, oğul!” - deyib ayaqlarıma düşdü. Mən onu qaldırdım: “Bunlar lazım deyil”, - dedim. Qadın isə:

- Mənim balamı ölümdən qurtardın, yoxsa Ələkbər özünü öldürəcəkdi, - deyərək ağladı.

Mən kişilərin və qadınların arasında içəri girdim. Otaq gözəl döşənmişdi. Başqa İran evləri kimi bu ev dəxi əski İranın əfsanəvi qəhrəmanlarının təsvirləri ilə bəzənmişdi. Çay gətirdilər. Bəhiyyə çay gətirənin əlindən çayı alıb, mənim qabağıma özü qoydu. Rəngi qızardı. Mən ona müraciətlə:

- Bəhiyyə bacı, kefin necədir? Bizim yoldaşlığımızdan razı qaldınızmı? - dedikdən sonra o, çiyninin üstündən baxıb:

- Ölüncə unutmayacağam! - deyib qapıdan çıxdı.

Qızlar, qadınlar getdi. Yalnız Bəhiyyənin qayınanası qaldı. O, mənim tərcümeyi-halımı soruşmağa çalışırdı. Anamın sağ olduğunu, qardaşımın, bacımın olduğunu soruşurdu. Hamısına cavab verdim. Bundan sonra o, yenə də sözə  başlayıb dedi:

-          Hərgah muradına yetişməmisən, Allah səni muradına yetirsin.

Mən buna xəfifcə güldüm. Daha başqa cavab vermədim. Hələ çayı içib bitirməmişdik. İki nəfər molla içəri girdi.

Oturdular. Məndən əhval soruşdular. Lazımi suallarının cavabını verdim. Usta Həsən Sərrac mənim kim olduğumu onlara söylədi. Məni çox təqdir etdilər. Sonra bir neçə nəfər də gəldi. Bundan sonra Bəhiyyə xanıma kəbin kəsiləcəyi bəlli oldu. Mollalar məsələyə başladılar. Qızın və oğlanın vəkillərini soruşdular. Oğlan tərəfdən atası vəkil oldu. Qız tərəfdən vəkil yox idi. Bəhiyyənin özünü çağırdılar. Bəhiyyə anası ilə bərabər başında çarşab içəri girib, mollalara baş əydi. Molla ona kəbin kəsiləcəyini və Ələkbərə getməyə razı olub-olmamasını soruşdu. Bəhiyyə başı ilə razı olduğunu bildirdi. Molla yenə də müraciətlə:

-          Kimi vəkil edirsən? - dedikdə Bəhiyyə barmağı ilə məni göstərib getdi.

Kəbin kəsildi. Plov gətirdilər. Mollalar yedikdən sonra tez getdilər. Başqa yerə vədələri olduğunu söylədilər. Biz çox oturduq. Gecə saat 12-nin yarısında fənəri yandırıb məni mehmanxanaya yola saldılar. Sabah nahara gedəcəyimi təkidlə rica etdilər. “Yarın gedəcəyəm”, - dedimsə də, razı olmadılar. Nəhayət, onlara söz verdim.

Usta Həsənin nahar süfrəsində məndən başqa adam yox idi. Nahara badımcan dolması və kükü bişirmişdilər. Başqa yeməklər də var idi ki, mən onları birinci kərə gördüyümdən adlarını bilmirdim. Mənə olmazın hörmətlər etdilər. Molla Hüseyn gülərək əlavə etdi:

Evoğluda hər kəs elə bilirdi ki, Bəhiyyəni qonaq götürüb qaçmışdı. Biz özümüz də elə bilirdik. Lakin Ziyaullah buna inanmırdı. Yaxşı olardı, siz qayıdanda Evoğluda mənzil etməyəsiniz. Bəhiyyə qaçırıldığı üçün, bəlkə də, sizə əziyyət verdilər.

Mən buna güldüm: “Mənə heç bir şey etməzlər”, - deyərək onlan sakit etdim.

Nahardan sonra Usta Həsən məni öz bağlarına apardı və bir çox yerləri mənə göstərdi. Axşam vaxtı yenə də onların evinə gəlib çay içdim və rahat oldum. Faytonu vaxtkən görmüşdiim. Səhər azan vaxtı qoşub mehmanxananın qarşısına gələcək idi. Bunu Usta Həsənə xəbər verdim. Axşam saat 10-da vidalaşıb qapıdan çıxdıqda məni bütün ailə yola salırdı. Onlar tezdən məni ötürmək üçün gələcəklərini söylədilər. Mən bunun artıq olduğunu dedim. “Xudahafiz”, - dedikdə arxadan bir səs eşitdim:

-          Salamat get, qardaş!

Mən dönüb baxdım. Bəhiyyənin ağladığını gördüm.

***

Bəstin əncümən minarəsində sabah azanı çəkilməyə başladıqda fayton atlarının zəng səsləri də eşidilirdi. Şeylərimi götürüb bayıra çıxdıqda Usta Həsənin məni yola salmağa gələcəyinə inanmırdım. Lakin bayıra çıxdıqda Usta Həsəni, Molla Hüseyni, Ziyaullahı və Bəhiyyənin əri Ələkbəri qapıda gördüm. Şeylər yerbəyer oldu. Mən görüşüb faytona oturdum. Ələkbər bir bağlını faytonun dalına qoydu. Fayton dar küçənin döngəsini keçənə qədər dönüb baxırdım. Onlar hələ mənim dalıınca baxırdılar.1

Usta Həsənin oğlu Ələkbərin faytona qoyduğu bağlmın içində corablar, alt paltarları, yol üçün yemək şeyləri var idi.

***

Mən Xoy şəhərindən qayıdıb İran Culfasında gecələyəcəkdim. Gündüz saat 2-də Culfaya yetişdim. Mən daima İran Culfasına keçdikdə tanışların hər birisi məni öz mənzillərinə qonaq aparmaq üçün bir-birlərinə macal verməzdilər. Lakin bu gün rastıma çıxan tanışlar salam verib, kefimi soruşub keçdilər. Mən isə Rusiya sahilinin vəziyyətini öyrənməmiş o tərəfə keçmək istəmirdim. İran sahilində qalıb Baxşəli ağa və Şeyxov ilə məsləhət etdikdən sonra Rusiya sahilinə keçməyi qərar vermişdim. Baxşəli ağanın arabaları Təbrizdən qayıtmışdı. Onlarla məktub göndərdim. Gecəni qalmaq üçün yoldaşlardan Ələkbər Şücalının mənzilinə getdim. Ələkbər yoldaş Rusiya sahilində işlərin dəyişdiyini, bizi lazımi surətdə təqib etmək üçün Rzaqulu bəy Teymurbəyovun Ordubaddan Culfaya gətirildiyini xəbər verdi. Mən müvəqqəti olaraq Təbrizə getmək və işlər düzəlincəyə qədər orada qalmağı düşünürdüm. Hər halda Xeyrəddin bəyi təqib etmək üçün mənim Xoy şəhərinə getməyim böyük bir səhv idi. Bu bizim qrupun proqramına daxil deyildi.

Səhər saat 11-də Baxşəli ağa və Şeyxovun məktubunu aldım. Məktubda jandarm idarəsinin şübhələndiyi Yeşşoltun məni bir daha İran tərəfə buraxmayacağı, eyni zamanda başqa bir təhlükə olmadığı yazılmışdı. Xeyrəddin bəyi təqib etmək işinin səhv olduğunu da yazmışdılar. Lakin bizim bu səhvi buraxmağa məcbur edən başqa bir məsələ dəxi var idi. Bir neçə ay əvvəl İran kürd ağalarından Sitmenkonun Culfa təriqi ilə Qafqaz canişini Vorontsov-Daşkovun yanına getməsi və ondan sonra İran kürdlərinin Rusiya tərəfindən istifadə edilməsi bizi Xeyrəddin bəyi təqib etməyə məcbur elədi. Mən saat 4-də Rusiya sahilinə getdim. Araz körpüsündə jandarm mütərcimlərindən Əli bəyi gördüm. Məni görən kimi İrana getməyərək dala qayıtdı. Mən evə gəldim. Paltarlarımı dəyişib yoldaşlarla görüşməyə hazırlanırdım. Bir stəkan çayı içib bitirməmiş qapı vuruldu. Jandarm onbaşısı Xramtsovun məni çağırdığını söylədilər. Xramtsov içəri girdi. Polkovnik Ştraubenin məni yanma istədiyini söylədi. Xramtsov oturub bir çay içdi. On manat da pul aldı. Nə üçün çağırdığını və buna kimlərin səbəb olduğunu xəbər verdi. Xramtsov bu kimi sözləri para alıb söyləməkdən heç vaxt boyun qaçırmazdı. Mən Xramtsov ilə bərabər getdikdə qaranlıq düşmüşdü. Məsələni yoldaşlara xəbər vermək üçün evə tapşırdım. Biz jandarm idarəsinə deyil, düz-doğru polkovnikin oturduğu evə gəldik. Polkovnik yuxudan təzəcə durmuşdu. O, məni görərkən Xramtsova müraciətlə dedi:

-          Get! Daha lazım deyilsən.

Mən bunu eşidərkən həbs edilmək qorxusundan çıxdım. Sonra polkovnik istehza ilə:

- Xoy səfərində müvəffəq olub-olmadığını bilmək üçün çağırmışam, - deyib gülümsündü.

O, məni tanıyırdı. Klubda dəfələrlə görmüşdü. Buna görə də mən o qədər çəkinmirdim. Onun sözünə cavab olaraq:

- Xoydan müvəffəqiyyətlə qayıtdım. Səfərimdən razı qaldım, - dedim.

- Elə isə əldə etdiyin müvəffəqiyyətləri nəql et. Çünki mən sənin həqiqi siman haqqında müəyyən izlər əldə etməyə müvəffəq olmuşam, - deyib yanındakı kiçik kitab etajerkasına baxdı. O baxan yerə mən də baxdım. Orada bir yığın qəzetlər gördüm. Qəzetlər İstanbulda çıxan “Sabah” qəzetləri idi. Qəzetlərin mənzilimdən götürüldüyünü bilirdim. Kimlər tərəfindən aparıldığı məlum deyildi. Hər halda iş işdən keçmişdi. Vəziyyətdən çıxmaq lazım idi. Polkovnik məndən cavab gözləyirdi.

- Mən İranın çox yerlərini görmüşdüm. Lakin Xoy şəhərini görməmişdim. Oranın təbiət və iqlimcə gözəl olduğunu oxumuşdum.

Polkovnik sözümü kəsib:

-          Sən bir çox şeylər oxumusan, - dedi.

Mən yenə də sözümə davam etdim:

- Mən icazəsiz getmək istəmirdim. Lakin Xeyrəddin bəy məni bu səfərə məcbur etdi. Xatirini sındırmaq istəmədim. Bu şəhərdə bir çox şeylər gördüm. Bir çoxları ilə tanış oldum.

Polkovnik tələsik soruşdu:

-          Nə gördün? Kimlərlə tanış oldun? - deyib gözlərini gözümə zillədi.

Bu vaxt qulluqçu çay gətirib qarşıma qoydu. Qarışdırıb içdim. Yerə qoydum və sözümə davam etdim:

- Mən Xeyrəddin bəylə buradan getdikdə o mənə bir nəfər dostunu və İstanbulda tanış olduğu bir zatı tərif eləyirdi. Məni onunla tanış etməyi vəd etmişdi. Lakin təəssüflər olsun ki, biz Xoy şəhərinə getdikdə o zat Urmiya şəhərinə getmişdi.

- Onun tanışı kimdir, əcəba?

- Əbdürrəzzaq bəy Bədirxan Paşazadə.

- Çox əcəb! Sonra?

- Birinci gün heç kəsi görə bilmədik. Qafqaz mehmanxanasında mənzil etdik.

- Xeyrəddin bəy ilə bir yerdəmi?

- Bəli, qayıdana qədər bir yerdə qaldıq. Birlikdə yedik, birlikdə içdik.

- Bunu Xeyrəddin bəyin özü də təsdiq edərmi?

- Zənnimcə, təsdiq edər. Çünki inkar etməsi üçün heç bir səbəb yoxdur.

- Çox əcəb, söylə baxım!

- Yarın biz tacirbaşı Həsənağa ilə görüşdük. O, Xeyrəddin bəyi bu səfərdə yalnız buraxmamağım üçün mənə razılıq verdi.

Bu sözlərə polkovnikin çöhrəsi azca dəyişildi.

- Əbdürrəzzaq bəylə tanış olmaq sənə mümkün olmadımı? - deyə əcələ ilə soruşdu.

- Son günlər görüşdüm. Bu görüşdən məmnun qaldım. Simaca çox gözəl, danışıq və şivəcə qayət sevimlı bır adamdır. Onu tam mənası ilə bir ədib kimi gördum. Qəhvəsini içdik. Az da olsa söhbətində bulunduq.

- Əcəba, Xoyda nə iş görürdü?

- Orasını bilmədim. Soruşmağa da lüzum görmədim. Hər nə isə Hacı Həsənağa tacirbaşı ona çox böyük hörmət bəsləyir.

 Polkovnik bu sözlərdən sonra çox mülayim bır surətdə soruşdu.

- Səni bura çağırmaqdan məqsədim bu maraqlı səfərdən razı qalıb-qalmadığını bilmək deyildir. Mənə lazım olacaq bir şey varsa, o da Xeyrəddin bəyin simasını bəlli etməkdən ibarətdir. De görüm, o, Xoyda nə kimi işlər ilə məşğul idi? Yanına kimlər gəlirdi? Nə söhbət edirdi? Nələrin barəsində danışırdı?

Mən artıq polkovnikin məqsədini anlamışdım. O, mənim Xeyrəddin bəyin hərəkətlərini təqib edib-etmədiyimi öyrənmək istəyirmiş. Buna görə də onu əmin etmək üçün sözümə davam etdim:

- Mən Xeyrəddin bəylə olduğum vaxt onun bir kəslə dostluğunu və əlaqəsini görmədim. O, daima mənə öz gənclik və zabitlik həyatından danışırdı. Bəzən kürdlərin xasiyyətləri, adət və ənənələri haqqında da söhbət edirdı.

Polkovnik əlini uzadıb “Sabah” qəzetlərini götürdü. Qabağıma qoydu.

- Bu qəzetləri oxuyursanmı - dedikdə qəzetlərın sərlövhələrindən tanıdım. Onlar mənim mənzilimdən götürülən qəzetlər idi.

Polkovnik qəzetləri qarşıma atıb soruşduqda mənə çox diqqətlə baxırdı. Mən inkar etmədım:

- Daima oxuyuram, - dedım.

- Nə vasitə ilə alırsan?

- Hərgah bundan ikinci bir adamın zərər çəkməyəcəyini bilsəydim, doğrusunu söyləyərdim.

- Sənə söz verirəm ki, heç kəsə zərər toxunmayacaqdır.

- Mən həmin qəzetləri poçt qulluqçularından alıb oxuyuram, yenə də özlərinə qaytarıram. Onları sonra öz sahiblərinə göndərirlər. Qəzetlər İrana gedir. Üstlərinə baxa bilərsiniz.

Polkovnik fransızca yazılmış ünvanları gözdən keçirib sözlərimə inandı. Doğrudan da, məsələnin əsası bundan ibarət idi. Mən qəzetləri İrana yazdırmışdım. Mümkün olduqca poçtdan götürürdüm. Mümkün olmadıqda İrandan gələnlər əldə gətirirdilər.

Polkovnik bir neçə saniyə fikrə getdikdən sonra başını qaldırıb dedi:

- Sənə Xoy şəhərinə getməyə icazə verilməmişdi. Sənin bu səfərin haqqında təhqiqat aparılacaqdır. Lakin pristav Yeşşolta da tapşırılmışdır ki, sənə İrana keçməyə icazə verməsin. İndi gedə bilərsən. Rahatsız etdiyim üçün bağışlayın.

***

Dünya müharibəsi hələ başlamamışdı. Çar orduları İrana və Türkiyə hüduduna vaqe Xoy şəhərinə sel kimi axışıb gedirdi. Türkiyə hüduduna göndərilənlərin əksəriyyəti erməni könüllülərindən ibarət idi. Culfada olan erməni gənclərindən də könüllü yazılanlar var idi. İran ilə həmhüdud olan şəhərlərdə yenə də 6-cı illərdə baş verən erməni-müsəlman ixtilafının və milli vuruşmaların qoxusu gəlməyə başlamışdı. Çar hökuməti Türkiyəyə qarşı açacağı müharibədə yerli müsəlmanların Türkiyə lehinə işləyəcəklərindən qorxurdu. Buna görə də yerli ermənilərdən müsəlmanlara qarşı istifadəyə hazırlanırdı. Daşnaqlar Naxçıvan ilə Culfa arasında, Ordubad ilə Naxçıvan arasında yenə də yol ilə gedən müsəlmanları söyür, döyür və təhqir edirdi. Hələ Türkiyə hüduduna göndərilən erməni könüllülərinin rastına keçən müsəlmanın dinini və müqəddəs şeylərini söyməsi də bura əlavə olunarsa, çar hökuməti, demək olar ki, yenə də mütəşəkkil bir avantüra hazırlayırdı. Erməni xuliqanları tərəfindən zərərdidə olanlara və Culfa pristavı Yeşşolta şikayətdə bulunanlara heç də əhəmiyyət verilmirdi. Milli ixtilafın alovlanmasına az qalırdı. Bizim yoldaşlar çar siyasətinin dəyişdiyini əllərində ünvan tutub hökumətin bir daha milli ixtilafa səbəb olmasına inanmırdılar.

***

Sərnişin qatarının islığı eşidilən kimi birinci dərəcəli vaqon duran yer faytonların yanına qədər polis və jandarm tərəfindən əhatə edilmişdi. Kimsə buraxılmırdı. Mən müsafirin vağzaldan düşəcəyi pilləkənin qarşısında duran ikinci faytonda onu görməyə tələsirdim. Müsafir vağzaldan çıxdı. Bu zat məşhur erməni çitehçisi Andronik idi. Müsafir vağzaldan çıxar-çıxmaz daşnaqlar əski erməni padşahları vaxtının milli bayrağını qaldırdılar. “Yaşasın! Yaşasın!” səslərinə rus  jandarm və zabitlərinin səsi qarışmışdı. Müsafir hərbi avtomobildə oturub Abramovun evində hazırlanmış mənzilinə getdi.

Biz yarın bu məsələni müzakirəyə qoyduq. İclasda Nəsrulla Şeyxov, Baxşəli ağa Şahtaxtlı, Ağa Məhəmmədhüseyn Sahibov, İsmayıl Bolqanlı, Arsen və Aleksandr iştirak etdilər. Bu iki erməninin əvvəlincisi Culfa kəndlisi, ikincisi isə İrəvandan Culfaya ticarət üçün gəlmiş neft taciri idi. İclasda bədbəxt hadisəyə imkan verməmək üçün geniş müzakirə açılmışdı. Müzakirədən sonra Andronik ilə görüşmək, ondan erməni-müsəlman ixtilafına yol verilməməsi üçün rica etmək, ermənilərlə müsəlmanları qandırmaq, daşnaqların fitnələrinə soyuqqanlılıqla baxmaq üçün müsəlmanları başa salmaq və s. bu kimi məsələlər qərara alındı.

***

Mühüm müsafirlər ilə müsahibə etmək üçün Haşım bəy Vəzirov mənə müxbirlik vəsiqəsi göndərmişdi. Mən həmin vəsiqə ilə Andronik ilə müsahibə üçün Abramovun mülkünə getdim. Qapının qabağında dərzi Karapet fəxri qaravul durmuşdu. Karapet məni çox yaxşı tanıyırdı. Mən ona Andronik paşanı görmək və qəzet üçün müsahibə etmək istədiyimi söyləyərək vəsiqəmi göstərdim. Karapet nədənsə özünü itirmiş kimi nə deyəcəyini bilmədi. Azdan sonra:

- Yanında mühüm bir adam vardır. Gedin, yarım saatdan sonra gəlin.

- Eybi yoxdur, gözləyərəm. Qorxuram mən gedəndən sonra başqası gəlsin.

- Sizi əmin edirəm ki, elə iş olmaz. Mən özüm gəlib sizə xəbər verərəm.

- Yox, sizin zəhmətinizə razı deyiləm. Bir az gözləməklə insan ölməz ki, - dedim.

Mən dedikcə Karapet də bəhanə gətirib məni kabinetin qabağından uzaqlaşdırmaq istəyirdi. Nəhayət, mən heç vəcdlə qapıdan uzaqlaşmadım. Çünki içəridə olanlar ilə maraqlanırdım. Çox bəhanə və üzlərdən sonra Karapet yenə mənə müraciət etdi:

- Elə isə gəlin otaqda oturub bir çay için. Andronik paşa sizi qapıda saxladığımı bilsə, bəlkə də, razı qalmaz.

- Şübhəsizdir ki, bunu paşaya bildirməməlisiniz, - dedim.

Biz bu danışıqda ikən Haykın qadını, yəni məşhur Culfa taciri Safrazyansın qızı rəngi qızarmış bir halda Andronik paşanın otağından çıxdı. Qadın 10 dəqiqə idi ki, getmişdi. Mən hələ qapıda durmuşdum. Yan otaqda erməni aristokrat qadınlarından daha bir neçəsinin oturduğunu və paşanı ziyarət etmək istədiklərini gördüm. Karapet içəri girdi. Qəzet müxbirinin gəldiyini söylədi. Mən içəri girdim. Furaşkamı götürdüm. Sözümü nə ilə başlamağım haqqında düşünərkən Andronik “Mərhəba”, - deyərək yumşaq bir səndəldə oturmağımı rica etdi. Özü də əlini çiynimə qoyub bərabərimdə əyləşdi:

- Söhbətə başlamazdan əvvəl bir qəhvə içsək olmazmı?

- Zəhmətinizə razı deyiləm.

- Burada Türkiyə qəhvəsi hazırlamırlar. Özüm hazırlamışam. Türkiyə qəhvəsinə adətiniz yoxsa, yenə də arkadaşlıq etməyinizi arzu edirəm.

- Məmnuniyyətlə bu arkadaşlığı qəbul edirəm.

Andronik ayağa qalxdı. Spirt ilə qaynayan qəhvədandan iki fincan qəhvə töküb gətirdi və əyləşdi:

- Türkiyədə bu vəziyyətləri yaradanların Allah bəlasını versin. Mən ən sevdiyim Osmanlı məmləkətinin yabaçısı, kim bilir, bəlkə də, xaini kəsildim. Ölkədə görüb öyrəndiyim adətlərin heç birisindən əl çəkə bilmərəm. Qəhvədən, qəlyandan heç əl götürə bilmərəm.

Mən gülümsünərək:

- Osmanlı məmləkətini çoxmu sevirsiniz?

- Sevirəm. Orada seviləcək bir şey yoxdursa, mən yenə də sevirəm. Zira mənim çocuqluğum, gəncliyim orada keçmişdir.

Mən qəhvəni əlimə aldıqda o:

- Əfv edərsiniz. Əcəmmisiniz? Qafqazlımısınız?

- Qafqazlıyam, qafqazlı olduğum üçün də yanınıza gəlmişəm.

- Qafqaz hüduduna keçdiyimdən bəri birinci olaraq görüşümə bir türkün gəldiyindən ziyadəsilə məmnunam. Bununla bərabər, etdiyimiz müsahibənin qəzetə göndərilməsini də arzu edirəm. Söhbətimizdə mətbuata yarayacaq bir mahiyyət olmadığı bəllidir.

- Əcəba, mühüm müsahibədə bulunmaq olmazmı?

- İştə mənim dediyim budur. Mühüm söhbətlərin mətbuat səhifəsinə girməyin vaxtı hələ yetişməmişdir.

Mən söhbəti uzatmaq istəmədim. Çünki Karapet içəri girib pristavın görüşə gəlmək istədiyini bildirdi və nə vaxt təyin edəcəyini soruşdu. Andronik isə bir saatdan sonra qəbul edəcəyini söylədi. Demək, mənim oturmaq vaxtım azalırdı. Ona görə də dedim:

- Andronik paşa! Mən qəzet müxbiriyəm. Lakin sizinlə yalnız qəzet müsahibəsi üçün deyil, mühüm bir iş üçün gəlmişəm.

Andronik özünü yığışdıraraq mənə diqqətlə baxdı.

- Dinləyirəm! Dinləyirəm!

- Mən bu yerlərdə çoxdan bəri yaşayıram. 1905-1906-cı illərdə baş verən erməni-müsəlman ixtilafından törənmiş faciələrin bir çoxunu öz gözümlə görmüşəm. Mən hər iki tərəfdə dağılan kəndlər, yanan evlər, günahsız öldürülən sürülərlə cocuqlar və qadınlar görmüşəm. İndi də onları düşünərkən ürəyim ağrıyır. Hazırda Osmanlı-Rusiya münasibətinin pozulması nəticəsində əski faciələrin yenidən başlanması qorxusu meydandadır. Bu faciələrin zəmini hazırlanır. Zənnimcə, bunların qarşısını almış olarsınızsa, öz xalqınıza da böyük bir atalıq etmiş olarsınız.

- Nə olmuşdur? Hələ ki, bir hadisə baş verməmişdir.

Mən Naxçıvan, Culfa, Ordubad arasında olan bütün xırda hadisələri saydım. Paşa gözlərimin içinə baxırdı. Əlini çiynimə qoyub sözə başladı:

- Yavrum! Mənim saçlarım mübarizədə ağarmışdır. Mən mübarizəsiz yaşaya bilmərəm. Mübarizədə bir çox səhvlər də buraxmışam. Bir çox hadisələrdə isə bilərkən aldanmışam. Artıq ixtiyarlaşdım. Daha səhv etməməyə çalışacağam. Bu mübarizə “İttihadi-tərəqqi” firqəsilə başladığım son mübarizədir. Bu mübarizənin planı bir dövlətin, yaxud bir diplomatın planı deyildir. Bu planı şəxsən mən özüm düzəltmişəm. Bunun üçün siz məhəlli türkləri, bəlkə də, tanışınız olursa, ağıllı bildiyiniz erməniləri əmin edə bilərsiniz. Bu mübarizə türklər əleyhinə deyil, Osmanlı dövləti, daha açığı ittihadi-tərəqqiçilərin əleyhinədir. Əleyhimə çıxmayan hər bir türkün gözünü bağlayan erməni bizim hazırkı məqsədimizin düşmənidir. Mən bunu sözdə yox, işdə də göstərəcəyəm. Lakin siz türklərlə danışın. Onlar da ofaq-tüfək işlərə əhəmiyyət verməsinlər. Düşüncəm sizi qane etdimi? Siyasətlə işimiz yoxdur. Bizim üçün “İttihadi-tərəqqi” firqəsi də, daşnaksütyun firqəsi də firqəsizdir. Çünki onların hər ikisi bir sözü deyir. Bu firqələr ətrafında toplananların hər ikisi bir millət olsaydı, bu iki firqənin kölgəsində sərvət qazanan burjuaziya birləşə bilsəydi, bu iki firqənin cəbhədən işləyəcəyi şübhəsiz idi. Çünki dedikləri, düşüncələri birdir. Hər birisi bir milləti hakim çıxarmağa çalışır. Halbuki bu xalqın hər ikisi birlikdə başqa bir vasitə ilə də hakim çıxa bilərdi. Doğrudur, arkadaş, məsləkiniz müqəddəsdir. Lakin onu xəyal şəklindən çıxarıb həyata keçirmək olsaydı, bəlkə, mən sizinlə razılaşa bilərdim. Lakin bu müqəddəs düşüncəni Anadolu kürdlərinin başına yerləşdirmək və erməni ailələrini onların pəncəsindən qurtarmaq mümkün deyildir.

Mən qalxdım. O, əlimi sıxaraq:

- Bu əvvəlinci və son görüşdür. Axşam getməliyəm, yenə də söhbət edərik. Lakin siz əmin olun ki, keçmiş xətaların təkrar olunmamasına çalışacağam. Bilirəm, fikriniz bir cəmiyyətin fikridir. Onlara salam söyləyin.

Paşa bu sözləri dedikdən sonra qalxdım. Əllərini belinə qoydu. Alnının yuxarı qırışıqları yuxarı qalxdı, kaman şəklini aldı. Gözlərindən dərin bir düşüncə parladı...



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info