Qonaq Kitabı
RUS MƏKTƏBİ, RUS İDARƏSİ

Ordubadda rus mədəniyyəti yerləşməyə başladı. Məktəb səhv etmirəmsə, 1839-cu ildə açılmışdı. Deyilənlərə görə, bu məktəbə əvvəlcə heç kəs getməmişdi. Yalnız ermənilər oxuyurmuş. Birinci ildən sonra ermənilərin hökumət işlərinə təyin olunduqlarını görüb, müsəlmanlarda da rus məktəbinə maraq oyanmışdı. Müsəlmanlardan birinci oxuyan Ağarəzi oğlu Mirzə Mehdi, Soltan bəy Abbasqulu bəy oğlu, Nəcəf bəy Balabəy oğlu, Mirzə Sadıq Mənsur Ağa, Balasoltan Kəngərli, Rzaqulu Hacı Məmmədhüseyn oğlu idi. Müsəlmanlar rus məktəbini bitirdikdən sonra yenə də birinci dərəcəli işlərə qəbul edilmirdilər. Məsələn, 1880-ci ildə şəhərdə poçt-teleqraf idarəsi düzəldikdə müdiri, müdir müavini Rusiyadan gəldi. Şəhərin əyanlarından Abbasqulu bəyin oğlu Soltan bəy isə dəftərxana qulluqçusu götürüldü. Mirzə Mehdi pristav dilmancı, Mirzə Sadıq qlava mirzəsi təyin olundu. Məktəbin qulluqçularına qədər Rusiyadan gəldilər. Elmi-ilahi müəllimi Miryəhya Mirməhəmməd oğlu idi. Rus qulluğuna girmək üçün şəhərin bəyləri və əyanları can atırdılar. Desyatnik deyilən polis qulluqçuları ləğv olunub yerlərinə qaradavoy qoyulanda Ordubad əyan və bəylərindən bir çoxu ərizə vermişdi. Desyatnik deyilən yerli müsəlmanlar polis işlərini yerbəyer edirdi. Bunlardan əlavə, ayda atı ilə özü 14 manata qulluq edən polis atlıları da var idi. Bunların vəzifəsi poçt aparmaq, qaçaq dalınca getmək, kəndlərdən cəbri vergiləri toplamaq, cəza qanunlarını həyata keçirməkdən ibarət idi. Bəylərin hamısı bu vəzifədə idi. Maaşın az olduğuna baxmayaraq, gəlirləri çox idi. Çünki daima kəndlərdə olurdular. Məsələn, Fərəc bəy, Şükür bəy, Baxşəli bəy, Rəsul bəy, Canbaxış bəy, Əlağa bəy kimilər polis atlısı idi. Bu vaxtlar hökumət qulluğunda olmayan əyanın şəhərdə etibarı yox idi. Hacı Məhəmmədsadıq kimi böyük mülkədar və varlı adamın oğlu Əliqulu ağa həbsxana müdirinin müavini olmuşdu. Müdir ola bilməzdi, çünki müdir Rusiyadan gəlirdi. Qaradavoylar da vaxtını bitirmiş rus əsgərlərindən təyin olunurdu. Lakin son vaxtlar şəhərin məşhur bəylərindən Məhəmməd bəy Ağalarov qaradavoy olmağa müvəffəq olmuşdu. Bununla bərabər, imtiyaz tamamilə bəylərin və əyanların əlində idi. Bunlardan əsgərlik vergisi və sairə vergilər alınmırdı. Məktəbdə oxuyanlar tamamilə bəy uşaqları idi. Əmimgil məni neçə dəfə rus məktəbinə sala bildilərsə də, axıra qədər davam eləmədim. Çünki bütün skamyaları bəylərin və tacir ermənilərin uşaqları doldurmuşdu.

1885-ci ildə bəylərin arasında təmizlik aparmaq üçün bir əmmamə gəldi. Çünki əsgərlik vergisindən qurtarmaq və imtiyazları mənimsəmək üçün yerindən qalxan bəy olmuşdu. Bəylərdən bir çoxları təmizliyə düşdü. Bununla belə, tarixi sənədlər də meydana çıxdı. Nəsrabad bəylərindən bəylik vəsiqəsi istənildikdə Kufə hakimi Abdulla ibn Ziyadın möhrü və imzası ilə verilmiş bəylik vəsiqəsini göstərdilər. Bu kimi vəsiqələr aralığa çıxdıqdan sonra yavaş-yavaş bəylərdən pristav və müavinləri də aralığa çıxdı. Buna baxmayaraq, böyük qulluqçular yenə də Rusiyadan gəlirdilər. Yerli camaata lazımi işlər verilmirdi. Sud pristavı, həbsxana müdiri, polis atlılarının başçısı da (buna “atlı vəkili” deyirlərdi) Rusiyadan gəlirdi. Məktəb müəllimləri də ruslar idi. Bu cür müəllimlər müsəlmanların dillərini təhqir etdiklərindən camaatın nifrətini qazanırdılar. Gözüaçıq bəylərə, əyanlara gəldikdə, bunlar dini işə əhəmiyyət vermirdilər. Onlar üçün elm və mənsəb hamıdan əhəmiyyətli idi. Ordubad bəylərindən bir çoxu mülkədar olduqlarına baxmayaraq, özləri işlərdi. Rəncbər saxlasalar da, özləri onlarla bərabər çalışardılar. Bunlar Ağalarov familiyalı Rəsul bəy, İsgəndər bəy və Rəzi bəy1 idi.

Ordubada çox çəyirtkə gəlirdi. Evlərə dolub əhalinin yorğan-döşəyinə qədər tələf edirdi. Hökumət çəyirtkə ilə mübarizə üçün Ordubada 10 min manat pul, bir çox bez və s. şeylər göndərmişdi. Göndərilən pulları Mehdi xan ilə pristav Sneqirov öz aralarında bölüşüb, çəyirtkəni camaata yığdırırdılar. Rəsul bəy bu məsələni açdı. Qubernatora yazdı. Ordubada komisyon gəlib, işi yerində təhqiq etdirmək istədikdə Rəsul bəyi gecələrin birində öz bağını suvardığı yerdə öldürdülər. Öldürənlər Məşədi Kərim Həsən oğlu, onun oğlu Kəblə Zeynal Yusifov və başqaları idi. Fəqət, pristav bir nəfəri də olsa həbsə almadı.

Rus hökuməti, hər yerdə olduğu kimi, Ordubad şəhərində də deputat təyin edirdi. Deputat, xalqın nümayəndəsi olaraq, hökumət yanında təşəbbüsdə bulunurdu. Bundan əlavə, xalqdan bir də mirab (suyun əmrini verən) seçirdilər.

Ordubadda bütün mənim yaşadığım zamanda iki nəfər deputat olmuşdu. Birisi Hacı Rəhim, o birisi Hacı İsgəndər ağa. Bunun üstündə çox böyük mübarizə gedirdi. Deputat seçkisində çox vuruşmalar olurdu. Buna baxmayaraq, Hacı İsgəndər ağa həmişə deputat seçilirdi. Çünki onun qardaşı Mirzə Mehdi pristav müavini idi. Camaat onun qorxusundan başqa adama səs verə bilmirdi. Mirablığı da öz əlinə almışdı. Çünki Ordubadın suyu yayda az olduğundan bu işdən yaxşı qazanc götürmək olurdu. Hacı İsgəndər ağa çox hörmət sahibi idi. O, bazardan keçəndə ayağa qalxmamış adam tapılmazdı. Çar hökuməti ona böyük qızıl medal vermişdi. Həmişə şəhərə qubernator gələndə Hacı İsgəndər ağa nişanını vurub, qubernatorun görüşünə gedərdi. Mən özüm bir neçə kərə qubernator gələndə Hacı İsgəndər ağanın gözlərinə sürmə çəkdiyini gördüm. Hacı İsgəndər ağa deputatlıq və mirablıqdan bir çox dükanlar tikdirmişdi ki, o dükanlar indi də qalır.

BU DÖVRDƏ ŞƏHƏRİN ƏYAN VƏ NÜCƏBASI BUNLARDAN İBARƏT İDİ:

Hacı İsgəndər ağa;

Məşədi Zeynalabdin;

Hacı Mirhaşım Ağa;

Ağa Lətif;

Hacı Əliqulu ağa Əbutalıbov;

Əhməd ağa “Şəmi” təxəllüslü;

Hüseyn Soltan;

Hacı Məhəmmədqulu Hacı Abdulla oğlu;

Abbasqulu bəy Məğzələddin bəy oğlu;

Məşədi Yusif Hacı Əbutalıb oğlu.

Bunlardan əlavə, şəhərdə mötəbər seyidlər və mollalar var idi. Bu saydıqlarımın bir çoxu ayda bir həftə də olsa, öz evlərində çörək yeməzdilər. Bütün xeyirdə, ehsanda yemək siyahısının əvvəlində bu adamlar yazılardı. 

ORDUBADDA BAŞQA ŞƏHƏRLƏRƏ GÖRƏ DƏRVİŞ DƏ ÇOX İDİ:

Şükür dərviş;

Hacı (yaxud Qara) dərviş;

Talıb dərviş;

Əli dərviş;

Dərviş Abbas və s.

Çox təəccüb ediləcək bir şey var idi ki, o da bütün dərvişlərin Mingiz məhəlləsindən çıxmasıdır. Bunların içində ən savadsız, ən də kamallısı Dərviş Şükür idi. Ordubad pristavı Fanzayski zavodun döngəsində öz balaları ilə durub  çaya baxdığı zaman Dərviş Şükür yetişib, ona bu şeiri oxumuşdu:

Əl nəzər, həq nəzər, göl nəzər

Sək beçe qanənd dər in rəh gəzər.

Pristav Xorasanda rus konsulxanasında xidmət etdiyindən farsca kamil bilirdi. Ona görə də Dərviş Şükürə bir manat bağışlayıb bir daha bu kimi şeirlər oxumamasını tövsiyə etmişdi. Bu pristav çox zalım idi, buna görə də şəhər camaatı Ordubaddan getməyə məcbur oldu. Bu da hökumət əleyhinə birinci çıxışdan ibarət oldu. 1882-ci ildə. 

BÖYÜK MƏSCİDLƏR:

Sərşəhr məscidi;

Şoturləngə məscidi;

Əngənc məscidi;

Mingis məscidi;

Yəhya bəy məscidi;

Kürdətal məscidi;

Yuxarı Anbaras məscidi;

Came məscidi.

KİÇİK MƏSCİDLƏR:

Həkim məscidi;

Hacı Sadıq məscidi;

Ağa Lətif məscidi;

Şükür bəy məscidi;

Füqəra məscidi;

Boyaqçılar məscidi;

Molla Lütfəli məscidı;

Müzzələtdin məscidı;

Bazar məscidi;

Başmaqçı bazar məscidi;

Hacı Molla Hüseynin məscidi;

Balabəy məscidi;

Hacı Əli məscidi;

Pireyvəz məscidi;

Aşağı Anbaras məscidi;

Mirzə Baxşı məscidi;

Çayüstü məscidi;

Qarahovuz məscidi;

Yetimlər məscidi;

Naharbaşı məscidi;

Hacı Əbutalıb məscidi;

Balağa məscidi;

Dilbər məscidi.

Bunların bir çoxu əyanların özlərinə məxsus məscidləridir. Burada gündüzlər müəllim uşaqlara dərs verərdı, gecələr isə tanışları yığılıb söhbət edərdilər. 

QOÇULAR VƏ ADAM ÖLDÜRƏNLƏR

Teymur Ələsgər oğlu;

Musa Qulu oğlu;

Məhərrəm başmaqçı;

Məhəmmədhüseyn xarrat;

Kəblə İsgəndər çayçı;

Məşədi Müseyib Həsən oğlu;

Məşədi Cavad Varsanlı;

Qəssab Məşədi Hüseyn;

Nəzər Şuturləngəli.

SEYİDLƏR VƏ ONLARIN GƏZİB SEYİD MALI TOPLADIĞI MAHALLAR:

Hacı Mirhaşım Ağa - Zəngilan, Mincivan tərəflərini gəzirdi;

Mirməhəmməd ağa (Ağ Seyid) - Sisyan mahalını;

Mirmahmud ağa - Ordubad, Yuxarı Əndəmic kəndini;

Mirmehdi ağa - Yəhya bəy məscidində para toplar və xalqı bazarda döyüb pul alardı;

Mirmüfid ağa - Yayçı kəndini, Aşağı Aza kəndini;

Mirismayıl ağa - Sumbatan və Qoşa Dizələri;

Miryusif ağa - (“Div” ləqəbli) - Yuxarı Dizə, Vənənd və s.;

Seyid Mirağa - Qarabağ;

Seyid Kazım Çavuş - Ordubad;

Mirşüca - Bist və Tivi mahalını,  Kilsə seyidi - dilənçi idi  -  bunların seyidliyi davamlı idi;

 Miradil

Mirmöhsün                                        

Nalbənd seyidlər - Yuxarı Dizələr;

Bala ağa - Cəhri kəndi;

Mirrəsul - Kilit, Kotam kəndləri;

Mirsadıq - Yayçı və Kərimqulu Dizə.

Qəribə burasındadır ki, Ordubad seyidləri Ordubad mahalını öz aralarında lazım qədər təqsim etmişdilər. Bu seyid gedən kənddən o biri seyid daha getməzdi.

1883-cü ildə çar hökuməti nikah və talaq işinə müdaxilə etdiyi vaxt Mirmüfid ağa məmləkəti küfr tutdu: “Daha burada yaşamaq olmaz”, deyə öz ailəsi ilə yığışıb Xorasana getdi. Onu yola salmaq üçün Ordubad şəhərinin xalqı və kəndlərdən gələnlər üç gün tamam məscidlərdə və küçələrdə vaxtlarını keçirdilər. Üç gün bütün dükanlar bağlandı. Ağanı 10 minə qədər kəndli və şəhərli yola saldı. Ağaya o zamanın pulu ilə 20 min manat nəzir verdilər. 

ŞƏHƏRİN MƏZHƏKƏÇİ VƏ ZARAFATCIL ADAMLARI:

Mirzə Əbdülkərim;

Abbas Hacı Tağı oğlu;

Məşədi Əli Hacı Tağı oğlu;

Hacağa Abbas oğlu;

Həsən dəyirmançı Rəcəb oğlu;

Həsənəli Nadir oğlu;

İdili Haşım;

Həsən Məşədi Məhəmməd oğlu;

Bic Məmi.

ŞƏHƏRİN HƏKİMLƏRİ:

Fətəlibəy həkim;

Hacıbəy həkim;

Mirzə Fəttah həkim.

MƏRSİYƏXANLAR:

Hacı Molla Hüseyn tacir;

Hacı Rəsul tacir;

Hacı Molla Rəsul tacir;

Molla Cabbar;

Məşədi Haşım;

Molla Məcid;

Molla Ağa;

Miryəhya Ağ Seyid oğlu. 

ORDUBADDA LƏQƏBLƏR:

Səttarbaşı Kəblə Yusif;

Şəhrəbanu oğlu Hüseyn;

Nənəxanım oğlu Abbas;

Şafar oğlu Hacı;

Şahkərim oğlu Hüseynəli;

Cingiş Əhməd;

Şair Hacağa;



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info