Qonaq Kitabı
Bir aktyorun xatirələri

Dedim: “Əmioğlu, bilməyirəm nə edim”. Dedi: “Gəmilər açılır. Mən də işçi tutacağam. Səni də gəmiyə götürərəm. Yayda gəmidə işlərsən, gəmi bağlanandan sonra səni bəhriyyə məktəbinə qoyaram”. Razı oldum. Bayram qurtardı. Əmim oğlu məni gəmiyə işçi yazdırıb özümə paltar almaq üçün pul da verdi. Bir qədər də mənə kitab verdi ki, həm işlə, həm də oxu. Bir-iki ay işlədim, gəmi fəhlələrinin pis-pis hərəkətləri, yersiz danışıqları və bir soğandan ötrü vuruşmaları məni düşünülməyən bir hala salmışdı. Hərçənd, dəniz həyatı mənim heç xoşuma gəlməyirdi, lakin bununla belə işimdə yenə sabitqədəm idim. Hərdən kitablara baxıb oxuduqda, dərin bir fikir məni alardı: “Yaxşı, mən məktəbi bitirdim, oldum komandir. O vaxt gərək bütün dünya ləzzətindən, ziyalılardan və teatrdan uzaq olam”. Bu cür düşüncələr məni sıxırdı. Amma işimdə diqqətli olmağım əmim oğlunun artıq dərəcədə xoşuna gələrdi və deyərdi: “Səndən yaxşı bir komandir çıxacaq”. Lakin mən qət etmişdim: payızda daha gəmidə işləməyəcəyəm.

Payızın axır ayı doqquz funtda nefti boşaldıb Bakıya qayıdırdıq. Çeçen deyilən bir yerin qabağında bizi elə bir külək tutdu ki, hər yerdən ümidimizi kəsdik, ölüm gözümüzün qabağında durmuşdu. Kimsənin bir-birindən xəbəri yox idi. İki dalğa biri-birilə toqquşduqda su üzündə tütündən başqa bir şey görünməyirdi və gəminin baş tərəfi suya gedəndə güman edirdik ki, gəmi batdı. Əmim oğlu komandir olduğuna görə rəngi saralmış, əynində dəridən paltar, başında bir şələpapaq sükançının yanında durmuşdu. Gah sükançıya kömək edir, gah da bizə ürək verirdi. Hərdənbir yüyürüb mexanikə yanacağı qənaətlə işlətməsini tapşırırdı. Fırtına iki gün davam etdi. Bu iki günü ac-susuz qaldıq.

Yavaş-yavaş külək sakitləşirdi. Gəmi var qüvvəsilə gedirdi. Ac və yorğun idik, aşağı enib dincəldik. O gecəni sabaha qədər yol gedib günorta Bakıya yanaşdıq. Mən hamıdan qabaq körpüyə atıldım və qaçdım. Daha gəmiyə qayıtmayacağımı bildirdim... Əmim oğlu evə gəlib mənə çox nəsihət etdi, acıqlandı. Lakin hər nə etdisə, bir daha gəmiyə qayıtmayacağımı dedim. Nəhayət küsüb dedi: “Veyl-veyl gəzməyə adət etmisən. Daha səndən adam olmaz. Gəl şeylərini gəmidən apar... İki saatdan sonra yola düşürük”. Evdəkilər məni danlamağa başladılar: “Nə işə gedirsən, iki-üç işləyib qaçrsan”.

Işsiz qaldım. Gəmidən aldığım pullar az vaxtda qurtardı. Üç gündən qalan quru çörəyi isladıb iki qəpiyə aldığım soğanla yemək dərəcəsinə gəldim. Bir gün çox pərişan halda gələcəyimi düşünə-düşünə gəzirdim. Yorulub bir yerdə oturdum. Dərin bir fikirdə axırımı düşünürdüm. Ac qalmağıma səbəb təzədən fəhləliyə və daş yonmağa gedə bilməməyim idi. Çünki bir qədər ziyalılaşmışdım. İşçiliyə getmək mənə ar gəlirdi. Bu fikirdə idim ki, bir də gördüm biri məni çağırır. Baxdım, podratçı Mirismayıl. Daş yonan vaxt onun üçün çox işləmişdim. Məni çox yaxşı tanıyırdı. Rusca oxumağımı da bilirdi. Ağşəhərdə elektrik stansiyası tikirdi. Bənna-fəhlə işini də podrata götürmüşdü. Dedi: “Bu saat şeylərini yığ, min faytona, get Ağşəhərdə işin üstünə. Orada bənna-fəhlənin üstündə olacaqsan. Vəzifə ağır deyil. Mühəndisə kömək etməyi bacararsanmı?” Dedim: “Bacararsan da sözdür? Lap atasını da yandıraram”. Mirismayıl əlini cibinə salıb 15 manat pul verdi, dedi: “hələlik bunu xərclik elə, gəlib işinə baxıb sənə məvacib kəsərəm”. İndi pul əlimdə, özüm qulluqda. Şadlıqdan ağladım. Xudahafizləşib stansiyaya getdim. Bina tikilib qurtarana qədər orada qulluq elədim. Yaxşı pul qazandım. Mən təmiz və yaxşı geyinməyi sevərdim. Ona görə özümə bir dəst yaxşı paltar tikdirdim. Evimizi təmir elədim. Otağımı bir ziyalı evi kimi bəzədim.

Həftədə bir dəfə şəhərə gələrdim. Rus teatrosuna gedərdim. Niyə türk teatrı olmadığını soruşardım. Mənə deyərdilər: “Filan gün olacaqdır”. Türk teatrı olan gecə Ağşəhərdən teatra gəlib dübarə qayıdardım. Stansiya tikilib tamam oldu. Mən də haqq-hesabımı alıb şəhərə gəldim. O vaxt türk teatrı həvəskarları hamısı məni tanıyırdı. Mən də yavaş-yavaş camaat içinə çıxırdım. Mənim bu hərəkətlərimi qohum-əqrəbalarım özləri üçün əskiklik bilirdilər.

Bir dəfə axşam üstü Murad Muradov və Cabbarlinskiylə rastlaşdım. Dedilər ki, “Rzayev, sabah axşam saat 6-da gələrsən Təzəpirin üstündə – Rəhim bəy Məlikovgilə. Orada rol bölüb məşq edəcəyik”.

Səhər ora getdim.

Nəriman Nərimanov, Rəhim Məlikov, Kərim Məlikov, Murad Muradov, Cabbarlinski, Məhəmməd Məlikov (Əlvəndi), Şəkixanov, Mahmud Məlikov, Ismayılbəy Rüstəmbəyov, Mirmahmud Kazımovski, Midhəd Məlikov, Məhəmməd Ismayılbəyov, Əbülfət Vəliyev (Vəli), Hacıbəy Axundov (Lalə), Tofik, Mahmud Bədəlbəyov, Əvəz, Bədəlbəy Bədəlbəyov, Mirzə Muxtar Məmmədov, Qamboy Məlikov, Cahangir Zeynalov, Məhəmmədəlibəy Səlimbəyov, A.Fərzəlibəyov, Nataliya Lizina, Stepanova, Süleyman Səlimbəyov. – Hamı cəm olduqdan sonra Məhəmmədəlibəy izahat verdi ki, bir neçə yoxsul tələbələrin nəfinə bir tamaşa vermək istəyirlər. Hamı razı oldu. Yoldaş Nərimanın (N.Nərimanov – red.) rejissorluğu ilə onun pyesası olan “Dilin bəlası” komediyasını oynamağı qərara aldıq. Rollar paylandı. Rəsulun rolunu mənə verdilər. Bu roldan əlavə pyesə lazım olan paltarların tapılmasını da mənə həvalə etdilər. (Paltar barəsindən səhnəmiz olduqca əziyyət çəkirdi. Qadın paltarı nə teatrda var idi, nə də bir yerdən tapmaq olurdu. Çünki arvad paltarını səhnəyə verənlər dindən çıxmış hesab olunurdular). Kişi paltarlarını birtəhər əldə edə bildim. Arvad paltarlarından ötrü heç kəsə müraciət etmək olmazdı. Çox fikirdən sonra ümidim hər yerdən kəsildi. Odur ki, gedib evdən nənəmin və xalalarımın paltarlarını gizli surətdə oğurlayıb aparmaq fikrinə düşdüm. Gecə onların paltarlarını oğurlayıb başımın altında gizlətdim və sabahı teatra apardım...

1902-ci il iyul ayının birində, “Dilin bəlası” komediyasında, birinci dəfə Rəsul rolunda səhnəyə çıxdım. Teatr müvəffəqiyyətlə keçdi. Tamaşa bitdi. Lakin mənim işim bitməmişdi. Evə gəlib istədim gizlincə paltarları yerinə qoyam. Demə onlar məsələni biliblərmiş. Odur ki, qapını açar-açmaz mənim üstümə hücum elədilər: “Elə bu qalmışdı ki, bizim paltarlarımızı oyunbazxanalara aparıb, xalqın qabağında göstərəsən? Barakallah sənə! Tfu sənin üzünə! Utanmaz, həyasız, yolsuz, dinsiz!..” İşi şuluq görüb yalvarmağa başladım. Teatrın müvəffəqiyyətlə keçməsi və birinci dəfə səhnəyə çıxmağım məni çox sevindirirdi. Amma evdə abrımı almaları ovqatıma soğan doğradı. Nə isə, yatdım. Səhər məni çağırdılar. Dayım oğlanları, atalığım və xalalarım bir yerdə məni danlamağa başladılar. Əvvəl dayım oğlu Nemət başladı:

– Hüseynqulu, indiyə qədər hər nə eləmisən, biz sənin üçün keçirik. Atam, qardaşım, bu bir yol deyil ki, sən gedirsən. Ana-bacının paltarını aparıb xalqa göstərmək bir kişilik deyil. Sabah xalq eşidib bizə nə deyər? Burada başqa adam yoxdur, özümüzük: əgər istəyirsən özünə bir gün qazanasan, camaat arasında hörmətin olsun, ev-eşik sahibi olasan, gərək məscidə gedəsən, qiraət öyrənəsən, şəriətə və Allah buyruğuna əməl edəsən, düz yola qayıdıb teatrdan əl çəkəsən. Axırıncı sözümüzdür, sənə deyirik: əgər bunlara əməl etməsən, bizim Hüseynqulu adlı qohumumuz yoxdur.

Bu sözləri deyib getdi. Mən durduğum yerdə dərin xəyalata getdim, heç bilmədim hardayam. İki gün bu söz məni götürdü. Təsadüfən yoldaş Nərimana rast gəldim və dayım oğlu deyən sözləri ona söylədim. Nəriman nəsihətə başladı:

– Hüseynqulu, sən əgər istəyirsən camaat arasında adın olsun, mətbuatdan xəbərdar olub camaatına qulluq eləyəsən, gərək ziyalılardan əl çəkməyib heç bir boş sözə qulaq asmayasan. Avam camaatın və qohumların zərbəsinə davam edib səhnədə çalışmalısan. Bizim teatrımız belə qalmayacaq, bizim səhnəmiz yüksələcəkdir. Bir gün gələcək səni vurub, döyüb-söyən camaat səni alqışlayacaq, buna inan və məsləkində möhkəm dur!

İki xeyirxah! Dayım oğlu, əlbəttə mənim pisliyimi istəməyəcəkdir! Bir də mənim müəllimim: o da həmçinin. Bəs necə olsun? Bu sözlərin hansı düzdür? Əlbəttə, bu sözlərin biri düzdür. O hansıdır? Hansına əməl edim? Bir halda ki, camaat teatr və artistin nə olduğunu bilməyir, bir halda ki, avam mollaların təsiri altında teatr xalqın gözündə bir fisqü-fücur ocağı, artistlər qafil hesab olunur, o halda məktəb və tərbiyə görməmiş, maarif və mədəniyyətdən uzaq bir gənc nə edə bilər? Və hansı yolu qəbul edə bilər?

Çox düşündükdən sonra bu qərara gəldim ki, bu iki xeyirxahın ikisinin də dediyinə əməl edərəm, hansı yaxşı olsa, o yol ilə gedərəm.

Məscidə və axund otağına getdim. Nə gördüm? “Məczubi” deyib qiraət öyrənənlər, başlarına xətt başı qoyanlar axund otağından çıxdıqdan sonra nahaq qana fitva verirlər. Yetimlərin malını yeyib, ananı balasız, balanı anasız qoyurlar. Bir dəqiqədə dini, imanı yandırıb məhkəmələr qarşısında yalandan şəhadət verib and içirlər. Amma ziyalılar bu kimi hərəkətləri tamaşa şəklinə salıb, camaata göstərirlər. Camaat isə, səhnədə zalımın zülmünü, məzlumun əzilməsini görüb yavaş-yavaş öz hüququnu düşünür və bu işləri alqışlayır. Ziyalılar xam, təcrübəsiz adama bilmədiyini öyrədirlər. İnranlarla şirin-şirin danışır, səhvlərini düzəldirlər. Bunlarda nə söyüş var, nə dalaşmaq. Bunları gördükdə dedim: “Yoldaş Nəriman deyən yol doğrudur. Teatr gələcəkdə bağlı gözləri, lal dilləri, eşitməyən qulaqları açacaq və anlamayan beyini anladacaqdır”. Odur ki, mövhumatı buraxıb, incəsənət cəbhəsində çalışmağa başladım.

...1902-ci ildən 1906-çı ilə qədər türk səhnəsində işlər belə getmişdir. Hər 2-3 ayda bir dəfə bir yerə cəm olub yoxsul məktəblilər üçün tamaşa verərdik. Hasil olan pullar onların xeyrinə xərclənərdi. 1903-cü il yanvarın 27-də sabiq Tağıyev teatrında (indiki Ş.Qurbanov adına. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binası – red.) Əbdürrəhimbəy Haqverdiyev Azərbaycanda ikinci dəfə olaraq Şərq konserti düzəltdi. O konsertdə iştirak edənlər bunlar idi:

Xanəndələr: Cabbar, Seyid Mirbabayev, Ələsgər, Kazım və Aşıq Abbasqulu, Aşıq Nəcəfqulu (O, ney çalırdı).

Tar çalanlar: Arsen, Mərdi, Qriqor.

Kaman çalanlar: Avanes, Moses, Kostiya.

Azərbaycanda ikinci dəfə təşkil olunan Şərq konserti çox təntənəli keçdi.

1904-cü ilin əvvəllərində Cahangir Zeynalov mənə rast gəlib, İsgəndər bəy İsgəndərbəyovun evinə dəvət elədi. Gedib gördüm hamı yığılıb. Bir tələbənin nəfinə Nəcəfbəy Vəzirovun “Müsibəti-Fəxrəddin” adlı əsərini oynamaq məsələsi həll olundu. Orada Sadıqbəy Zahidbəyov adlı bir nəfərlə tanış oldum. O da səhnə işlərinə qarışırdı. Sonralar bir neçə dəfə o, bizi evinə çağıraraq şəhər klublarında və sirkdə tamaşalar verdirər, hasil olan pulları cibinə qoyardı. Biz ondan haqq-hesab istədikdə, barmaq hesabı verərdi.

Barmaq hesabı nədir?

Bir kişinin yüz qoyunu var idi. Bir ilin müddətində qoyunları bir çobana tapşırır. Çoban il tamam olanacan qoyunların başına daş salır. Yüz qoyundan biri qalır. Onun da başını kəsib, ətini yedikdən sonra dərisini çiyninə salıb qoyun sahibinin yanına gəlir. Qoyun sahibi çobanı görcək sevinir. Yüz qoyunun indi 150 olduğunu düşünür. Çobanı gülər üzlə qəbul edib, hesab istəyir. Çoban isə belə hesab verməyə başlayır:

                   Dolamadan doydaq uçdu,

                   Səksəni üsküyə düşdü,

                   Qayadan uçdu dörd toğlu,

                   Dalınca bir beş toğlu.

                   Burdan getdik Muğana,

                   Üçünü verdik soğana.

                   Beşin Fatı üçün tumana.

                   Biri yanı üstə yatdı,

                   Biri də palçığa batdı.

                   Dünən ölüb birisi

                   Bu da onun dərisi.

Barmaq hesabı bu deməkdir. Sadıq bəy də teatrdan hasil olan pullara belə, barmaq hesabı verərdi. İşləri belə gördükdə biz də həvəsdən düşdük. Daha bizi çağırdıqda çoxumuz getmədi. Sadıq bəy də meydanı boş görüb “Axşam səbri xeyir olar” komediyasındakı Məşədi Şəban kimi səhnədən xəbəri olmayan şəxsləri başına yığıb tamaşalar verməyə başladı. Sadıq bəy bu cür hərəkətilə teatrı hörmətdən salırdı.

1906-cı ildə 3 pyes yazdım: “Axtaran tapar”, “Cəhalət”, “Nə doğrasan aşına, o çıxar qaşığına”.

Mənim kimi təcrübəsiz gənc bir həvəskar necə oldu ki, üç pyes yazdı? Əvvələn repertuar yoxluğu və mənim səhnəyə olan həvəsimin çoxluğu. Birpərdəli bir vodevil belə yazılsaydı təzə olduğundan çox şadlıqda oynardıq. Mənim də pyeslərim təzədir – deyə əyri-düzlüyünə baxmayaraq oynardıq.

Bu zaman Sadıq bəyin köməkliyi ilə bir dəstə düzəldib Lənkərana qastrola getdik. Dəstə bunlardan ibarət idi: Hüseyn Xələfov (Ərəblinski), Murad Muradov, Şəkixanov, Rəhim Məlikov, Əbülfət Vəliyev (Vəli), Məhəmməd İsmayılov, Cabbarlinski və Mahmud Məlikov.

Lənkaranda, yay klubunda, “Müsibəti-Fəxrəddin”i oynadıq. Rüstəm bəyin rolunu Ərəblinski oynayırdı. Tamaşa Lənkəran camaatını son dərəcə xoşlandırdı. Orada bir neçə tamaşa verdikdən sonra Lənkəran ziyalıları bizi sevinclə yola saldılar. Bakıya qayıtdıqdan sonra dəstəmizə bir qədər də qüvvə artırıb, oktyabr ayında Dərbəndə getdik. Artırılan bunlar idi: Midhət Məlikov, Hacıbəy Axundov, Qamboy Məlikov, Kərimbəy Məlikov, Mirmahmud Kazımovski.

Dərbəndə axşam çatdıq, yatmağa yer tapılmadı. Küçələri çox gəzdikdən sonra Kazım bəy Heydərov adlı bir nəfəri nişan verdilər. Gedib tapdıq. Kim olduğumuzu ona dedik. Çox fikirdən sonra bizə bir otaq və iki dəst yorğan-döşək verdi. Hər kəs zirək idi, özünə yatacaq düzəltdi. Heç bir şeyim olmadığına görə mən də bir çarpayı döşəyini üstümə salıb gecəni sabah elədim. Küçəyə çıxdıqda bizi görən ələ salıb deyirdi: “Bax, İran lotuları gəliblər. Yaxşı, özünüzlə meymundan, ayıdan nə gətirmişsiniz?”

Ərəblinski bu sözləri eşidəndə əsəbləşirdi. Nə isə, onu birtəhər sakit edib yolumuza davam edirdik. Birinci tamaşamız “Dağılan tifaq” oldu, sonra “Dursunəli və ballıbadı” əsərini oynadıq. “Dursunli”yə adam tapılmadığına görə mən oynadım. Məndən sual eyləyirlər: “Bir tragik komik rolu oynaya bilərmi?” Artistlər ampluanın nə olduğunu bilmədiyi bir halda, artist “hər nə verirsən ver, çıxım oynayım” deyən, ara qarışıb məzhəb itən bir yerdə, əlbəttə, oynamaq olar.

 Arada naxoşladım. Odur ki, Bakıya qayıtdım, lakin yoldaşlarım məndən sonra neçə tamaşa verib yol xərclərini düzəltdikdən sonra Bakıya gəldilər.

 Bir gün evdə oturmuşdum. Yoldaşlarımdan biri yanıma gəlib dedi: “Artistləri cümə günü axşam saat 6-da, Şamaxı yolunda, Sultan Məcid Qəniyevin məktəbində Nəriman Nərimanov çağırır. Artistlər cəmiyyəti düzəltmək istəyirik, sən də gəl”. Bu xəbər bir az məni sevindirdi. Cümə günü məktəbə yığıldıq. Yoldaş Nəriman teatr haqqında və gələcək işlər barəsində bir qədər izahat verdi. Axırda natarius əli ilə artistlər cəmiyyəti düzəltməyə qərar verdik. Buna hamı razı oldu. Bir neçə vaxt nizamnamə maddələrinin düzəlməsinə getdi. Sənədləri aparıb natariusa verdik. Bir çox vaxtımızı da orada sərf elədik. Onun da səbəbi Sadıq bəy oldu. Onun sənəti natariusda, məhkəmədə ərizə yazmaq, şahid tutmaq, yeri düşdükdə vəkil olmaq idi. Bütün Bakıda olan natariuslar onu tanıyırdılar. O bizdən gizli çalışırdı ki, nizamnamə təsdiq olunmasın. Çünki bizim işimiz düzəlsəydi, teatr qaydaya düşər və onun bu hərəkətlərinə yol verməzdi. Bu əhvalatı bizə dedilər. Lazım olan yerlərə gedib çox zəhmətdən sonra nizamnaməni təsdiq etdirdik: Nizamnaməyə qol çəkənlər və birinci “Türk artistləri ittifaqı” üzvləri bunlar idi:

 Murad Muradov, İsmayılbəy Rüstəmbəyov, mən, Mehdi Cabbarlinski, Bəhram ağa Şəkixanov, Kərimbəy Məlikov, Əbülfət Vəli, Məhəmməd Məlikov (Əlvəndi), Rəhimbəy Məlikov, Hacıbəy Axundov, Mahmud İsmayılov, Ə.Şərifov.

İttifaqı düzəldən yoldaş Nərimanın nizamnamədə adı yox idi. Çünki Nərimanov o vaxt tələbə idi. Rusiyadan Bakıya təzə gəlmişdi. İşsiz idi. Artistlər cəmiyyətini düzəltməyə yaxın onu “İrşad” qəzetinə müdir təyin etdilər. Odur ki, Nəriman bizə dedi: “Daha bundan sonra truppada işləməyə vaxtım çatmaz. Qəzet idarəsində işim çoxdur. Siz işləyiniz, mən də əlimdən gələn qədər sizə kömək edərəm”.

Nizamnaməmiz tamam bir il hökümət idarələrində yatıb qaldı. Səbəb bu idi ki, nizamnamədə “Türk artislər ittifaqı” deyilirdi. Hökumət “türk” sözünə izin vermirdi. Bir ildən sonra çox çətinliklə “Müsəlman dram ittifaqı” nizamnaməsini düzəldə bildik və tamaşalar verməyə başladıq. 1902-ci ildən ta 1906-cı ilədək işlər çox çətin getdi. Yoldaşlar arasında narazılıq, səhnə yox, rejissor yox... bir pyesi bir ay məşqdən sonra çox çətinliklə oynayırdıq. Heç kəs rolunu öyrənməzdi, rol üstə dava düşərdi. Bu davanın olmaması üçün nə etmək lazım gəldiyi bizi çox düşündürürdü. Axırda belə qət etdik: gedib bir rus rejissoru çağıraq, rolu o bölsün. Bu, fikir ilə rus truppasından Stepan İvanoviç Valentinovu gətirib özümüzə rejissor təyin etdik. Məşqləri Ərəblinskinin qaranlıq zirzəmisində edərdik. Nə üçün? Çünki bizə heç bir yerdə otaq verməzdilər. Sözləri bu olardı: siz artistsiniz, həyanız yox, abrınız yox, səs salırsınız. Arvad-uşaqlarımız gəzə bilmir. Naməhrəmsiniz... Lap axırı ev kirayəsindən qorxurdular ki, bəlkə vermədik. Odur ki, məcburiyyət bizi gündüz lampa işığı ilə məşq etməya vadar edərdi.

 Stepan İvanoviçin köməyilə Şillerin rus dilindən tərcümə olunmuş “Qaçaqlar” adlı əsərinin tamaşasını hazırladıq. Əvvəl mən Şveytserin rolunu, sonralar Karlı oynayırdım. İkinci tamaşa Şekspirin “Otello”su oldu. Otello rolunda Ərəblinski böyük məharət göstərdi. Onda mən Yaqonu oynayırdım. Sonra “Əlmənsur”u oynadıq. Bu əsərdə mən İspaniya xanəndəsi və bir də ərəbin rolunu oynayırdım. Stepan İvanoviç rus teatrlarına tamaşa etmək üçün bizə kontramarkalar gətirərdi. Mən də gündə Ərəblinski ilə teatra gedərdim. Ərəblinski bir dəfə məni bir rus artisti ilə tanış elədi. O artist mənim üzümə baxıb gülərək dedi: “Bu necə artistdir? Bu boyda bığı var!”. Tamaşa bitdikdən sonra yol uzunu Ərəblinski dava eləməyə başladı: “Eşitdin rus artisti nə dedi? Heç utanmırsan? Deyirsən mən artistəm! Qırxdırmırsan, barı üstdən vurdur. Bığlı da artist olar?” Mən ona bir az bığlarımın üstündən vurdurmağa söz verdim və bığlarımı qısaltdım. Hər kəs məni gördü ələ salmağa başladı. Qohum, yad, hər kəs bığıma baxıb deyirdi: “Eyib deyil, özünü bu şəklə salmısan?”. Mən bığlarımı bir az qısaltmışdım, başıma bu oyunu gətirdilər. Bəs yazıq Ərəblinski və Hənifə Əliyevin ki bığları qırxıq idi. Görün onların başına nə gətirirdilər! Nə isə, bunlara baxmayaraq işimizə davam edirdik. Bu zaman dəstəmiz artıq böyüyür, yeni-yeni adamlar gəlirdi. Dəstəmizə yeni daxil olmaq istəyənlər bunlar idi: Cəlil Bağdadbəyov, Hacağa Abasov, Rəcəbov, Süleyman Səlimbəyov, Ağahüseyn Rzayev, Xəlil Hüseynov, Hacıbaba Şərifov, Ələkbər Süheyli, Məlik, Hacı Hacınski, Məhəmməd İsmayılov, Məhəmmədhəsən Həsənov, Məhəmmədhaşım Əliyev, Abbas Mirzə Şərifov (A. M. Şərifzadə – red.), Sidqi Ruhulla, Bağır Cabbarov, Əhməd Qəmərlinski.

Arada yenə işlərimiz yavaş-yavaş axsamağa başladı: repertuar yox, artist yox, aktrisa yox, teatr yox, səhnə yox, ittifaqın bir məkanı yox. Amma. düşmən çox! Bir tərəfdən mollalar, bir tərəfdən çar hökuməti, bir tərəfdən bəzi tapançalı müsəlmanlar! Bizim üstümüzdə üç senzor var idi. Bir tamaşa vermək üçün hökumətdən, mollalardan, axırda da tapançalı müsəlmanlardan icazə almalı idik. Min zəhmət və məşəqqətlə bunu aldıqdan sonra tamaşa vermək üçün səhnə lazım idi. Sabiq Tağıyev teatrın icarədarlarının qapısında bir neçə gün boynumuzu burub dayanardıq. Vasitə, minnət və rica ilə ayda 2-3 dəfə teatr verərdik. Oyun günü salondan ayaqaltılarını yığar, səhnə və salonun işığını azaldar, layiqli və təzə dekorları verməz, pullarını almamış tamaşanı başlamağa qoymazdılar. Odur ki, biz də kassada pulun düzəlməsini gözlərdik. Pulu düzəldib verəndən sonra tamaşanı saat 10-da başlardıq. Piyes seçildikdə elə pyes seçilirdi ki, arvad rolu az olsun. Çünki arvad məsələsi gözümüzün qabağında bir dağ kimi durmuşdu. Hansı pyesdə arvad rolu çox olsa, kişilərə arvad rolu verib, o tamaşanı çətinliklə oynardıq. Bizim yoldaşlardan Hacıbəy Axundov arvad rolunun çoxunu oynayıb qanımızın arasına girərdi.

Bir dəfə Nəcəfbəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” adlı komediyasını oynayırdıq. O komediyada Hacı Qənbər nökərinə deyir: “Cəbi, get molla Səfini çağır gəlsin!” Hacı Qənbər rolunu o zaman mən oynayırdım. Günahkar oldum bu sözü dedim. O günün sabahı İçərişəhərdə Qala küçəsi ilə gedirdim. Bir nəfər şişpapaq qabağımı kəsdi. Məndən soruşdu:

– Keçən gecə teatrda Hacı Qənbər olan sən idin?

– Dedim: – Bəli!

– Balam, teatr oynamağınız bəs deyil, bizim mollalarımızın adını niyə çəkirsiniz? – deyə mənə bir silla vurub qaçdı. Nə qədər yüyürdüm dalınca çata bilmədim. İkinci dəfə həmən komediyanı oynayanda sillənin qorxusundan molla Səfi əvəzinə Mirzə Səfi dedik.

Səhnədə qadın olmadığından qadınların azad olmaq məsələsi bizim birinci fikrimiz idi. Bir dəfə yığılıb çox söhbətdən sonra qət elədik afişalarda yazaq ki, xanımlara məxsus örtülü lojalar var. Qərarımızı birinci dəfə həyata keçirib, afişalarımıza yazdıq. Bunun üstündə Bakıda böyük bir qalmaqal düşdü. Bazara, küçəyə çıxa bilmirdik. Hər kəs rast gələrdi, başlardı: “Bacı oğlu! Cavanlarımızı laməzhəb elədiniz, danışmadıq, indi də arvadlarımızı pozğun eləmək istəyirsiniz?” Bizdə sağ yer qoymazdılar. Elə söyüşlərlə bihörmət edərdilər ki, onu yazmaqdan həya edirəm. Hamıdan da artıq məni məzəmmət edərdilər. Məndən soruşa bilərlər ki, nə səbəbə məzəmməti sən hamıdan artıq eşidirdin? Əvvələn: bakılıyam və Bakı camaatı də məni tanıyır, odur ki, hər kəs nə eləsəydi həmən saat mənim üstümə yüyürərdilər. Teatrda bir iş olsaydı, o saat mənə deyərdilər.

Yoldaşlarımızdan İsmayılbəy Rüstəmbəyov “Dövləti-bisəmər” adlı bir pyes yazmışdı. O faciədə 3 mühüm qadın rolu var idi. İstəyirdik ki, qadın rolunu kişilər deyil, qadınlar oynasınlar. Kişidən xilas olmaq üçün gedib axtardıq, axtardıq Mislavskaya adlı türk dili bilən bir qadın tapdıq. Onun rolunu yazardıq, sonra evinə gedib kəlmə-kəlmə rolunu ona öyrədərdik. Əlimizdən gələn qədər ona hörmət edərdik... Oynaya-oynaya bir az ustalaşdı. Bizim üçün 5 yerinə 10, on yerinə 15, on beş yerinə 20 manat pul istəməyə başladı. Biz də məcbur olub istədiyini verərdik. Sonralar bizdən pulu qabaqca almamış qrim eləməzdi. Ona görə pulunu qabaqca verərdik. Rejissor sözünə qulaq asmaz, öz bildiyini edərdi. Rejissor bir dəfə bilməyirəm nə demişdisə, Mislavskaya acıq edib getdi. Axşam gəlib qrimə başladıq. Qrim qurtardı, istədik başlayaq, dedilər ki, hara başlayırsınız, Mislavskaya gəlməyibdir. Çarə kəsildi, qrimdə teatronun dal qapısından faytona minib evlərinə getdim. Yalvar-yaxarla könlünü alıb teatra gətirdim. Tamaşanı başladıq. Aktrisa məsələsi və teatrda camaatın özünü apara bilməməsi məni o qədər qəzəbləndirmişdi ki, oyunun necə başlanıb necə qurtardığını bilmədim.

Həmişə tamaşadan əvvəl teatrın nə olduğundan danışmaq üçün bir məruzəçi çıxarardıq. Yazıq məruzəçi pərdə qabağına çıxıb ağzını açmamış yerbə-yerdən cürbəcür sözlər deyərdilər. Şəkki buraxar masqara edərdilər. Biri deyərdi: “Oho!” Biri deyərdi “Qazları nə elədin?” Biri deyərdi: “Aşını yeyim, a dayı!” Biri deyərdi: “Bığına...!” Odur ki, hər kəsə deyərdik, “çıx məruzə elə!” Deyərdi hər iş deyirsiniz eləyim, məni ölümə göndərin, amma pərdə qabağına çıxarmayın. Nə isə, yalvar-yaxar bir xam adam tapdıq. Bilmirəm hansı müəllim idi. Səhnə qabağına çıxıb sözünü dedi. Camaatdan bir səs çıxmadı. Biz sevindik və fikir elədik ki, camaatımız teatra yavaş-yavaş alışır. Birdən bir mərəkə qopdu. Yazıq məruzəçinin sözü ağzında qaldı, üstümə yüyürdülər ki, zalda şuluqluqdur. Qrimi silib paltarımı geydikdən sonra amfiteatra yüyürdüm. O gecə “Dövləti-bisəmər”də vəkil Vəli bəyin rolunu mən oynayırdım. Gedib gördüm polis, qapeldiner və camaat əlbəyaxadır. Mən nə qədər çığırıb-bağırdım sözümə qulaq asan olmadı. Dayandıq. Balkon camaatı amfiteatra dolandan sonra tamaşanı başladıq. Tamaşadan sonra sağ-salamat qurtardıq deyə hər kəs şükür edə-edə evə getmək istəyirdi. Teatr xidmətçiləri qabağımızı kəsib həmişəki kimi bizi salona aparır, işığı yandırırdılar. Nə görürdük: yerdə fındıq, alma və partağal qabığı. Salonda o qədər tüstü olardı ki, daha nə bilim.

 Hərdən bir stul sınıb, baş da yarılardı. Bunları bizə göstərərdilər. Teatr müdiriyyəti pulunu alandan sonra bizə deyərdi ki, daha bir də sizə yer verməyəcəyəm. Siz abadanlığa yaxın buraxılası şey deyilsiniz. Mən əsəbiləşirdim. Həm pul verib, həm də töhmət eşidirdik. Özüm özümə deyirdim: “nə vaxt biz də qeyriləri kimi teatra gəlməyin qaydasını öyrənəcəyik”.

 Bir dəfə teatr gecəsi tamaşadan sonra evlərdən gətirdiyimiz paltarları yoldaşlarım ilə bərabər yığırdıq. Kassir dedi ki, iyirmi manat pul çatmayır, müdriyyət pulun indi istəyir. Hamı bir-birinin üzünə baxandan sonra mən Cahangirə dedim: “10 manat sən ver, 10 manat da mən, gələn teatrdan yaxşı pul yığılsa götürərik.” Bir tərəfdən yorğunluq, bir yandan 20 manatın ləzzəti damağımızdan getməmiş xəbər gəldi ki, dal qapıdan qaçın, sizi döyəcəklər. Paltarları dalıma alıb uşaqlara dedim heç ehtiyat etməyin, düşün qabağıma gedək.

Tapançamı əlimə aldım, bayıra çıxdıq. “Qafqaz Merkuri” emalatxanasının iki qapısı var idi. Bu qapıdan girib, o biri qapıdan çıxanda bizi saxladılar: “Sizi bura kim buraxıb? Bu şələ nədir?” Elə bildilər biz ambarı açıb oradan tay-zad aparırıq. Birincidən qurtarıb ikinciyə düşdük. Bizi kontora apardılar. Şələni dalımdan alıb yerə qoydular və teatrdan gəldiyimizi başa düşdülər. O gün mənim adımı artistlər qorucusu qoydular.

Bu cür hallara baxmayaraq biz işimizə davam edərdik. Odur ki, yazıçılarımız bizim oynamağımızı görüb yeni pyeslər yazmağa başladılar. Bu vaxt iki təzə pyes var idi: biri “Gaveyi-ahəngər”, təbdil edəni Süleyman Sani (Axundov – red.), biri də “Ağa Məhəmmad şah Qacar”, müəllifi Əbdürrəhimbəy Haqverdiyev idi. Bu iki pyesi oynamaq istəyirdiksə də qüvvəmiz çatmayırdı. Ona görə Mehdi bəy Hacınski, Mirzağa Əliyev, İmran Qasımov və Mehdi bəy Hacıbababəyovu dəstəmizə çağırdıq.

Bu vaxt “Nicat” cəmiyyəti bizə rus ədiblərindən Qoqolun “Müfəttiş”ini oynamağı təklif etdi. Mükafat olaraq 100 manat pul verdilər. Biz də “Müfəttiş”i oynadıq, cəmiyyət və ziyalılarımızın bizimlə hesablaşdığını təsdiq etdik. “Nicat”ın bizə bir təklifi də oldu. Dedilər: “Həmişə bizdən ötrü oynayınız. Biz sizə mükafat verərik”. Lakin biz bir yerə cəm olub danışdıqdan sonra razı olmadığımızı bildirdik. Özümüz azad oynamaq istəyirdik. Böyük hazırlıqdan sonra “Ağa Məhəmməd şah Qaçar”ı oynadıq. Tamaşa çox gözəl keçdi. Salon camaatla dolu idi. “Nicat” Maarif Cəmiyyətinin nizamnaməsində teatr dəstəsi saxlamaq var idi. Lakin Bakıda bizim dəstədən başqa bir dəstə yox idi. “Nicat” Maarif Cəmiyyəti çox əlləşdikdən sonra artistlər cəmiyyəti ilə maarif cəmiyyətini birləşdirib tamaşalar verməyə başladı.

“Gaveyi-ahəngər”də Fərhadı mən oynayırdım. Fərhad rolunda çox məharət qazandım. “Gavə”dən sonra “Əlmənsur”u oynadıq. Axırıncı pərdəsində bir ərəb sədayi-qayibanə oxuyur. O rolu mən oynayırdım. Ərəb qiyafəsində Hicaz üstündə oxudum və o Hicazdan sonra çox hörmət qazandım.

 O gecə Üzeyirbəy Hacıbəyov teatrda imiş. Səhnədə mənim Hicaz oxumağımı görüb xoşladıqda fikrində olan “Leyli və Məcnun” operasını yazmağa başlayır. Bir gün “Nicat”a getdiyim yerdə rast gəldi və mənə dedi: “Nə gözəl Hicaz oxudun.. Çox xoşuma gəldi. Mən bir “Leyli və Məcnun” operası başlamışam”. Dedim: “Oynaram”. O vaxtlar Üzeyir sabiq “İslamiyyə” mehmanxanasında yaşardı, adresini mənə verib dedi: “İki gündən sonra yanıma gələrsən”. İki gün sonra getdim, yazdığı əsərin havalarından mənə oxutdurdu, çox asanlıqla oxudum. Üzeyir daha da həvəsləndi. Ondan sonra hər gün onun yanına gedib Məcnun roluna hazırlaşırdım. “Leyli və Məcnun” hazır oldu. Əsəri “Nicat”a gətirdik. Çünki artistlar hamısı orada oynayırdı. Bir də “Nicat” bir cəmiyyət olduğuna görə teatr tutmaq, paltar hasil etmək, məşq eləmək və hökumətdən icazə almaq onlar üçün asan idi. İşə başladıq. Xor, İbn Səlam, Nofəl, Leylinin və Məcnunun atası və anasını oynayanları birtəhər tapdıq. Amma Leyli tapılmadı. O yan-bu yanı axtardıqdan sonra bizə bir aşpaz şəyirdi rast gəldi, familiyası Fərəcov, adı Əbdürrəhim idi. Buna çox yalvarandan sonra Leyli rolunu oynamağa razı oldu: bu şərtlə ki, heç kəs onun Leyli oynadığını bilməsin. Bir ay məşq elədik. Bir adam yox idi ki, bunun yaxşı olacağını söyləsin. Hamı bizi peşiman edir və qorxuzurdu! “Bundan bir şey çıxmaz. Özünüzü biyabır edərsiniz”. Mən də çox qorxardım. Gah qaçardım, gah həvəsim vadar edərdi yenə məşqə gələrdim. Bir dəfə İmran Qasımovgildə məşq idi. Məni o qədər qorxutdular ki, oradan məşqi yarmçıq qoyub qaçdım. İmran mənim qaçdığımı başa düşüb dalımca yüyürərək küçə qapısında tutdu: “Axmaq olma, yaxşı oynaya bilməsən çinini, nişanını almayacaqlar! Bunların sözünə qulaq asma! Oynayıb yaxşı da ad qazanacaqsan!” – deyə məni qaytardı. Bir çox zəhmətdən sonra teatrda axırıncı məşqi edirdik. Müəllimlərdən və mətbuatçılardan bir çoxları da var idi. Rejissor Hüseyn Ərəblinski, dirijor Əbdürəhimbəy Haqverdiyev, suflyor Əlabbas Rzayev idi. Üzeyir isə orkestrda skripka çalırdı. Xorda və orkestrda iştirak edənlər türk müəllimləri idi. Məşq zamanı Üzeyir bilmərrə başını itirmişdi. Çünki bir adam demirdi ki, oyun yaxşı gedəcəkdir. Axşam teatra gələnda gördüm qapının qabağında o qədər adam var, içəri keçmək mümkün deyil. Dal qapıya keçdim, gördüm ora bundan bədtərdir. O gecə binanın dörd bir tərəfi camaatla dolu idi. Teatr qapılarında və foyedə səs-küydən qulaq tutulurdu. Biletlər saat 4-dən qurtardığına görə camaat biletsiz içəri doluşurdu. “Nicat” cəmiyyəti üzvlərinin hamısı şaşırmışdı, nə edəcəklərini bilmirdilər. Ərəblinski əsəbiləşib artistlərin üstünə qışqırırdı! “Tez olun, qrimə gedin!” Artistlər dalbadal gəlib soruşurdu: “Mən hansı paltarı geyim? Nə qrim eləyim?” Hüseyn gah səhnəyə gəlib səhnə maşinistləri ilə dava edir, tələsdirir, gah da artistlərin yanına gəlib onların qrim və paltarlarını göstərirdi. Bir də eşitdim ki, Leylinin qrim otağında qalmaqaldır. Getdim. Nə gördüm? Leyli rolunu oynayan deyir ki: “O rəngdir, nədir, mən onu üzümə sürtmərəm”. Yalvar-yaxarla onu birtəhər razı edib qrimə başladıq. Mən özümü bir qara qul eləmişdim. Çünki bir dəfə Hacılardan birisi Məkkədən gələndə özü ilə bir qara qul gətirmişdi. Mən də bütün ərəbləri qara hesab edərək özümü bu şəklə salmışdım. İnsanın başının tükü uzandıqda, təbii, üzünü də tük basar. Amma mənim cununluqda başımın tükü uzun, bığım öz qaydasında olduğu halda, üzümdə bir dənə də olsun tük yox idi.

 Camaatı çox çətinliklə sakit etdikdən sonra tamaşanı başladıq, türk səhnəsində birinci dəfə olaraq 1908-ci ildə, şənbə günü, yanvarın 12-də “Leyli və Məcnun” operası tamaşaya qoyuldu. Tamaşa başladıqda o qədər camaatla dolu olan salonda elə bir sakitlik əmələ gəldi ki, guya burda kimsə yoxmuş. Oyunun birinci, ikinci pərdələrini qorxudan var qüvvəmlə oynayırdım. İkinci pərdə düşdükdən sonra yoldaşlarım və teatrda iştirak edənlər mənim başıma yığılıb – “Afərin! Afərin!” – deyə təbrik etdilər və bu alqışlarla daha da mənə qüvvət verib deyirdilər: “Hüseynqulu, əgər üçüncü pərdəni də yaratsan, artistlik adı alacaqsan!” Üçüncü pərdəni başladıqda mən cəsarətlə onlara dedim: “Gedin, tamaşa edin, görərsiniz!” O pərdədə məndə elə bir hiss oyandı ki, tamam Hüseynqululuğumu unudub bir Məcnun kəsilmişdim. Səhnə mənim üçün elə bil bir səhra idi. Mənimlə iştirak edənləri tanımırdım, gözlərim heç bir şey görmürdü. Pərdə düşdükdən sonra camaatın məni dəfələrlə sürəkli alqışlar içərisində pərdə qabağına çağırması və yoldaşlarımın pərdə dalında məni əhatə edib öpmələri mənə o qədər təsir etdi ki, biixtiyar ağladım.

Sonra bir qışqırıq eşitdim: “Bəs mən üzümdəki rəngi necə silim?” Səsindən Leyli rolunu oynayan Fərəcovun qışqırdığını anladım. Gedib gördüm su kranının qabağında durub üzünü su ilə yuyur. Qaydadır, laka su dəydikdə daha da bərk olar. Biz onun bığlarını görünməmək üçün lak ilə yapışdırmışdıq. O da üzünə su vurduqca, lak bərkiyib qrim getmirdi və lak quruduqca onu incidirdi. İşi belə gördükdə qolundan yapışıb apardım, qrimini vazelin ilə təmizləmək istədim. İyrənə-iyrənə mənim üzümə baxıb dedi: “O donuz yağını qoymaram mənim üzümə sürtəsən” Çox müsibətlə bunun üzünü təmizlədik və şad xürrəm hamı öz evinə getdi.

Bu oyundan sonra camaat və səhnə yoldaşlarım məni Məcnun deyə çağırırdılar. O ad mənə o qədər əziz idi ki, hər kəs bu adla çağırdıqda fərəhlənirdim. Küçədən keçdikdə keçmişdə məni barmaqla hədələyən camaat indi məni hörmət və məhəbbətlə göstərirdi. Oyunun belə müvəffəqiyyətlə keçməsindən ürəklənib təkrar etmək istədik. Leyli rolunu oynayan Fərocovun yanına getdik, dedi ki, “mən bir də qələt elərəm oynaram!” Çox danışdıqdan sonra bir növ onu razı elədim. Amma yenə şərt bağladı ki, o rəngi-yağı üzünə sürtməyək. Odur ki, qadın məsələsi çox çətin idi. Biz də təkrar oynamalı idik. Nə eləyək, nə eləyək, bizə Əhməd Bədəlbəyovun (Ə. Ağdamski – red.) yaxşı səsi olmasını dedilər. Gedib onu tapıb razı elədik. Əhməd Ağdamski bir neçə vaxt Leyli rolunu müvəffəqiyyətlə ifa elədi. “Leyli və Məcnun”u hər dəfə təkrar oynadıqda Azərbaycan qəzalarından teleqrafla “Nicat” cəmiyyətinə biletlər tapşırardılar. Bir tamaşadan sonra teatr mövsümü bitdi. Haman il Şəki şəhərinə qastrola getdim. Yerli həvəskarlar ilə bir neçə tamaşa verib, böyük müvəffəqiyyət qazandım.Şəki camaatı mənə bir qızıl nişan hədiyyə verərək, kamali-hörmətlə Bakıya yola saldılar. “Leyli və Məcnun” operası belə müvəffəqiyyətlərə nail olandan sonra Üzeyir “Ər və arvad” adlı bir operetta yazdı. 1909-cu il, cümə günü, mart ayının 14-də bayram münasibətilə sirkdə birinci dəfə türk səhnəsində “Ər və arvad” operettası oynandı.1 Mərcan bəyi mən oynayırdım. Kəblə Qubadı Mirzağa Əliyev oynadı.

Mən həm dramda, həm də operada iştirak edərdim. Haman il noyabrın 30-da “Şeyx Sənan” adlı bir opera oynadıq. Şeyx Sənanı mən oynadım. 1910-cu il noyabrın 12-də, cümə günü 1-ci dəfə Üzeyirin yeni yazmış olduğu “Rüstəm və Söhrab” adlı operasını oynadıq. Söhrabın rolunu mən ifa etdim. Haman il sentyabrın 12-də məişətimizdən götürülmüş və Üzeyir tərəfindən yazılmış “O olmasın, bu olsun” operettasını oynadıq. Sərvəri mən oynadım. 1912-ci il martın 15-də1 sirkdə, yeni yazılmış olan “Şah Abbas və Xurşudbanu” oynanıldı. Şah Abbası mən, Məstavərin rolunu isə Terequlov oynadı. Yenə haman il sabiq Mayilov teatrında (indiki M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası – red.) birinci dəfə operalardan “Əsli və Kərəm” oynandı. Kərəmin rolunu mən, keşişin rolunu isə Terequlov oynadı. Bu qayda ilə opera repertuarı bir az düzəldi. O vaxtlar Üzeyir bəy musiqi elmindən o qədər mükəmməl deyildi. Leninqradda musiqi məktəbinə getmək istəyirdi. Lakin maddi cəhətdən işi zəif idi. Çox fikir elədikdən sonra mən, Terequlov və Müslüm Maqomayev qət elədik ki, Üzeyirin pyeslərini götürək mövsümdə oynayaq, nə qədər mənfəət olsa, yarısı bizim olsun, yarısını da ona göndərək. Hamı razı oldu. Üzeyiri Leninqrada yola saldıq. Biz də işləməyə başladıq. Üzeyir “Arşın mal alan” operettasını Leninqradda yazıb göndərdi. Üzeyir Leninqrad səfərindən qayıdıb yenə bizimlə bərabar çalışmağa başladı.

1913-cü ildə birinci dəfə Qarabağa qastrola getdim. Getməyim bu təhər oldu. Mən Z.Hacıbəyova rast gəldim. Əhvalpürsan olandan sonra Qarabağa getməmi təklif elədi və Ağdamski ilə Əbülfət Vəliyevin (Vəli) orada olduğunu bildirdi. Dedi mən gedib ordakı həvəskarları hazırlayıb sənə teleqram vuraram, sən də gələrsən. Razı oldum. Sonra Zülfüqar yola düşdü. Mən Qarabağa getmək istədiyimi Mehdi bəy Hacınskiyə demişdim. O da qəzetdə yazmışdı. Zülfüqarın teleqramını aldıqda hərəkət etdim. Qarabağa çatdıq. Şəhərin ziyalıları, tələbələri, şəyirtləri mənim istiqbalıma çıxmışdılar. O günün sabahı mənim Qarabağda olmağım əhaliyə məlum idi. Tamaşadan iki gün qabaq iki oyunun biletləri qurtarmışdı. Tamaşadan yarım saat qabaq salonda va salonun ətrafında camaat əlindən yer yox idi. Hər kəsdən bilet sorduqda, bilet əvəzinə 5-lik və 10-luq göstərirdi. Deyirdik ki, “yerlər satılıb”, deyirdilər: “biz bilməyirik, teatr oynayırsınız, bu da sizin pulunuz. Bakıdan artist onlar üçün gəlməyib ki, biz də görmək istəyirik”. Müdir gəldi ki, “nə etməli, aləm biletli-biletsiz dolub teatra”. Dedim gedin zalın pəncərələrini açın. Hamı da sakit olsun, tamaşanı başlayaq. Pərdə açıldı. “Şəbi-hicran” oxundu. Camaat sakit idi. Mən səhnəyə çıxdım, oxumaq istədim, camaat tərəfindən gurultulu alqış qopdu və gül-çiçək səhnəyə töküldü. Mən təzimdən sonra alqışın kəsilməsini gözləyirdim. Amma alqış davam edirdi. Bu halda pərdə tərəfdən Əbülfət Vəlini gördükdə nə etmək lazım olduğunu sordum. Əbülfət mənə tez-tez dedi: “Qaç, qaç səhnədən çıx!”

 Dedim: “Nədən ötrü?”

 Dedi: “Gəl bu tərəfə, deyim”. Gedib Əbülfətə yanaşdıqda qolumdan tutub özünə tərəf dartdı. Əbülfət sözünü qurtarmamış yerli gənclər gəlib məni səhnədə atıb-tutmağa başladılar. Əbülfət pərdəni saldı. Camaatı sakit etdi. Leyli rolunu oynayan yoldaşım Ağdamskiyə dedim: “Əhməd, mən bu gecə oxumayacağam, ağlaya-ağlaya oynayacağam. Amma sən oxumalısan”. O gecə oynadığım Məcnunu deyə bilərəm ki, nə oynamışam, nə də oynayacağam. Qarabağda 3 tamaşa verdik.. Əhali tərəfindən mənə və yoldaşım Ağdamskiyə bir çay dəsti təqdim etdilər, sonra Bakıya gəldim.

...Bir zaman var idi musiqi elə bir alçaq mövqe tuturdu ki, oxuyan-çalanları insan cərgəsinə qoymayırdılar. Toyda, qonaqlıqda keflənib mütrüb oynadıb onlara pul bağışlardılar. Süfrə düzəldəndə isə onları özləri ilə deyil, başqa bir yerdə oturdardılar. Tar çalan həvəsli gənclərimiz öz çalmaqlarını gizlədərdilər. Bir dəfə mən dostlarımdan birinin evində qonaq idim. Orada bir nəfər var idi. Mən ona dedim: “Bir qədər tar çal, oxumaq istəyirəm!” O məndən inciyib acıq elədi, çıxıb məclisdən getdi. Bir neçə ay mənimlə danışmadı. Sonra mənə belə bir söz dedi: “Sənin üçün eyib deyilmi? Mən çalanam ki, o qədər camaatın arasında məni biyabır edib dedin tar çal?”

...Şamaxı qəzasında Eynal dağı deyilən bir yer var (Ora çox dik olduğundan çıxmaq çətindir). Yay fəsli idi. Oradan çıxıb Lahıca gedirdik. O dağın üstü yaylaqdır. Bir neçə alaçıq var idi. Bu mənzərə mənim çox xoşuma gəldi. İki ağız şikəstə oxudum. Alaçığın birindən bir qadın çıxıb dedi:

– Ədə, ədə, eyib deyilmi burada oxuyursan? Bilmirsənmi burada arvad-uşaq var? Adam oğlu olan burada oxumaz!

– Mən o qadını taqsırlandırmayıram. Ruhanilər musiqini haram buyuraraq camaat arasında o qədər pisləmişdilər ki, qadınlarımız musiqini bir günah və şeytan əməli hesab edirdilər.

...Yenə Bakı bağlarının birində böyük bir qonaqlıqda idim. Oraya çalan-oxuyan bir qədər gec gəldi. Onları pis söyüşlərlə qarşılayıb mükəmməl döydükdən sonra çalmağı əmr etdilər.

Mənim babam oxuyan-çalana çox hörmət edərdi. Mən ona dedim: “Ağa, sən bu çalan-oxuyana nə səbəbə belə hörmət edirsən?” Dedi: “Oğlum! Musiqi çox zərif, lətif bir sənətdir. Musiqi sənətkarlarının ürəklərinin telləri çaldıqları kamanın telindən zərifdir. Cəhd elə qırma, əgər qırsan, o bir daha çalınmaz”. Görəsən qonaqlıqda döyülən sənətkarların ürəyi qırıldı, ya yox? Bir qədər düşünsəniz özünüz bilərsiniz. Artıq yazmaq istəmirəm, musiqi bu halda ikən, opera meydana çıxdı. İndi gənclərimiz tar çalmaqlarını gizlətməyib onunla fəxr edirlər. Səsli uşaqlarımız musiqi məktəbinə təhsil almağa gedirlər. Min xahiş və rica ilə teatra cəlb edilən camaat indi axın-axın teatrlara dolurlar. Aktyorlarımızı sənətkar cərgəsində tutub onlara hörmət bəsləyirlər. Camaatımız operanın köməyilə teatra alışıb, hətta dramlara da axın-axın gəlirlər. Deməli, opera musiqini yüksəldib camaatımıza bu mənfəəti verdi.

“Nicat” cəmiyyəti daha sonra dəstə saxlamadı. Artistlərin hərəsi bir yerə getdi. O zaman mənim də həyatım çətin keçdiyinə görə qulluq etməyə məcbur oldum. Şəhər dumasında mənə bir qulluq verdilər. Vəzifəm su budkalarından hasil olan pulları yığmaq idi. Bir müddət keçdikdən sonra yenə təzədən artistlər bir yerə yığılıb özləri üçün bir kiçik truppa düzəltdilər. O vaxt arabir Üzeyir bəy də artistləri cəm edib, tamaşalar verərdi. O idi ki, opera qarşısında dramın mədaxili az olduğuna görə iki truppa birləşdi. Yenə Bakıda hər tin başı bir truppa əmələ gəldi.

O zamanlar bir də “Səfa” maarif cəmiyyəti var idi. “Səfa” cəmiyyəti 1913-cü ildə sabiq Tağıyev teatrında, Nəcəfbəy Vəzirovun ədəbi-bədii, “Nicat” Maarif Cəmiyyəti isə Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illik yubileyini keçirdi. Belə bayramları gördükdə biz bir az da həvəslə işləyirdik. Yeni pyes axtardığımız halda Mehdi bəy Hacıbababəyov “Yezid ibn Müaviyə” adlı pyes yazıb qurtardığını bizə söylədi. Məhərrəm ayı münasibətilə opera oynaya bilmirdik. Yoldaşları yığıb dedim, bu tarixi pyesdir. Özünün də məhərrəmliklə münasibəti var. Nə vaxta qədər iki ay gözləyib oynamayacayıq? Gəliniz biz bu pyesi tezliklə hazırlayıb məhərrəmdə oynamağın binasın qoyaq. Yoldaşlarım razı oldular. Mehdi bəydən pyesi alıb məşqə başladıq. O vaxt Əbdürrəhimin rolunu Abbas Mirzə Şərifov oynadı. Salmanın rolunu Şura Olenskayaya verdik. Yezidin rolunu Bağdadbəy oynadı. Rejissorluğu mən aparırdım. Afişalar yapışdırıldı. Camaatın bir parasının xoşuna gəlmədi. Bizi hədələməyə başladılar. Bir-iki nəfər aranı qatmaq üçün hökumətə danos verdi. Qradonaçalnik məni çağırıb pyesin məzmununu soruşub dedi: “Dinə, şəriətə zidd olan bir şey yoxdur ki?” Mən onu pyesdə heç bir şey olmadığına inandırdım və çox yalvardım ki, əgər oynamasaq camaat deyər bir şey var ki, oynamadılar. Amma oyunu görsələr sakit olar və məndən şübhəli qalmazlar. Qradonaçalnik icazə verdi. Bu tərəfdən də tapançalı qoçular və mollalar bizim üstümüzə hücum elədi. Əhvalatı belə gördükdə artistlərdən bir neçəsi rolunu geri qaytardı. Çarəsiz qalıb Yezidin rolunu özüm götürdüm. Camaat arasında cürbəcür sözlər eşidərək kitabdan iki nüsxə aparıb məhəllə mollalarına verdik. Onlara çox yalvarandan sonra məsciddə camaata dedilər: “Pyesdə şəriətə toxunan bir şey yoxdur”. Oyun günü teatra elə adamlar gəlmişdi ki, papağını teatra atsaydılar dalınca gəlməzdi. Oyundan əvvəl bəzi adamlar bizə ürək vermək əvəzinə daha da qorxudurdular. Qorxa-qorxa oyunu başladıq. Qeyri millətlər səhnəyə çıxdıqda camaatdan gurultulu alqış gözləyirlər. Amma biz alqış əvəzinə gözümüz o tərəf-bu tərəfdə idi ki, görək güllə hansı tərəfdən üstümüzə gələcəkdir. Birinci pərdədə o qədər qorxu çəkdik, heç bilmədik necə başlayıb, necə qurtardıq. Bizi bir az alqışladılar. Bu, bizə bir az təsəlli oldu. İkinci pərdə bir az ondan yaxşı keçdi. Dördüncü və beşinci pərdələrdə camaatdan əmin olandan sonra sakit ürəklə oyunu qurtardıq. Sabahısı evdən çıxanda ürəyim səksəkədə, qulağım dörd idi: görək camaat nə deyəcək? Nə isə, bizə dəyib dolaşan olmadı. Hətta camaatın bir qədərinin də xoşuna gəlmişdi. Odur ki, məhərrəmlikdə tamaşa verməyin binasını çox çətinliklə qoyduq.

1914-cü ildə birinci dəfə opera truppamız Tiflisə qastrola getdi. Tiflisdə oynadığımız “Leyli və Məcnun” mənim yadıma Bakıda birinci dəfə oynadığımız “Leyli və Məcnun”u saldı. İki gün əvvəl biletlər qurtarmışdı. Tamaşa çox gözəl keçdi. Camaat məni dəfələrlə alqışladı. Tiflisdən qayıtdıqdan sonra haman il Dərbəndə qastrola getdik. Birinci dəfə Dərbəndə gedəndə ziyalılar camaata bilet təklif etdikdə utanırdı. Amma bu dəfə biz Dərbəndə çatmamış biletlərimiz qurtarmışdı. Biz qayıtmaq istədikdə camaat razı deyildi. Deyirdilər: “Qalın, bir neçə tamaşa da verib gedin”. Vəziyyəti belə gördükdə şadlığımdan deyirdim: bir zaman gələcək maarif işlərində teatr böyük bir mövqe tutacaqdır.

1916-cı ildə ilk dəfə “Aşıq Qərib”i oynadıq. Qəribin rolunu mən oynadım. Dram yenə zəifləməyə başladı. Cahan müharibəsi münasibətilə gündən-günə incəsənət işləri, ümumiyyətlə, zəifləməyə başladı. O vaxtlar qulluğu olmayan aktyorlar üçün çox pis keçirdi. Səhnəmiz bir toyxana şəkli almışdı. Hər yerindən duran artist olmuşdu: “Oğlum üçün toy eləyirəm, bir teatr qoyaq”, “qızımızı köçürdürəm, bir teatr qoyaq”.

Hər kəsin gücü var idi, sözü keçirdi, gedib teatrı tutur, artistləri çağıraraq bir teatr verirdi. Artistlərə cüzi bir zəhmət haqqı verib yola salardı. Artistlər dərbədər düşdülər. Dramın zəifləməsi və operanın gündən-günə artması münasibətilə artistlərin çoxu dönüb opera aktyoru oldu. 1917-18-ci illərdə Bakıda aktyorlar bir yerə yığılıb, özləri üçün artistlər ittifaqı düzəldərək bir neçə gözəl dram oynadılar. O zaman mən bir neçə yoldaşım ilə İrana getdim. Yoldaşlarım bunlar idi. Mirzağa Əliyev, Hüseynağa Hacıbababəyov, Nurməhəmməd Məhəmmədov, Mustafa Mərdanov, Tanailidi xanım, Başmanova, Asya xanım və tar çalan Vartan.

Ənzəlidə çox əziyyətdən sonra bir həftəyə “Arşın mal alan” operettasını oynadıq. Oradan Rəştə getdik. Rəştdə bir “Füqara ocağı” var idi. Onlar bizi çağırdı, birinci dəfə orada “O olmasın, bu olsun” operettasını onların nəfinə oynadıq. Sonra İran camaatı bizdən “Gaveyi-ahəngər”i oynamağı xahiş etdi. Bizə həvəskarlar verdilər. “Gavə”yə hazırlaşırdıq. Bizim İran qastrolumuza Tehranda başqa nəzərlə baxaraq “Gavə”ni oynamağa icazə vermədilər. Camaat oynamağımızı tələb edirdi. Bir növ ila icazə aldıq. Hamımız qrim eləmişdik. Tamaşanı başlamağa gəldikdə gördüm bir nəfər çar zabiti ilə İran məmuru gəlib müdiri xəbər alır. Onlar “Gaveyi-ahəngər”i oynamağa icazə verilmədiyini bildirərək başqa şey oynamağı təklif etdilər. Əvvələn, başqa şey hazırlamamış olduğumuzu, ikincisi də, camaat “Gaveyi-ahəngər”ə bilet almış olduğunu göstərdikdə Nikolay zabiti bir az mənimlə hirsli danışdı, hətta dedi: “Əgər “Gavə”ni oynasanız hamınızı həbs edib Bakıya göndərərəm”. Mübahisəmizdən xəbərdar olan camaat “Gavə” oynanılsın”. Lakin “Gavə” o gün oynanmadı. Camaat çox narazı getdi. O biri gün oynamağımıza icazə verildi və “Gavə”ni oynadıq. Həddən artıq camaat gəlmişdi. “Gaveyi-ahəngər”i oynamağımız camaatda yenidən bir inqilab ruhu yaratdı. Mərkəzi qəzetdə bizim barəmizdə böyük bir məqalə getmişdi. Bizim aktyor olmağımız inkar edilib, bizə təbliğatçı adı verilmişdi. Odur ki, bizə bir inqilabçı gözü ilə baxırdılar. İkinci tamaşanı verdikdən sonra İranı tərk etməmizi təklif etdilər. Bakıya qayıtdıqda sabiq Tağıyev teartrında yanğın oldu. Teatr tamam yandı. Bundan sonra incəsənət işi Bakıda tamam yatdı. Bahalıq, dolanacaq çətinliyi, bina olmaması... Artistlərin hərəsi bir tərəfə getdi. Mən heç yerə getməyərək evdən avadanlıq satmağa başladım. Hərdənbir teatr tutub opera və operetta oynayırdıq. Ondan da bir şey çıxmırdı. O vaxtlar Bakı camaatının çoxu ayaqüstə alış-verişlə məşğul idi. Tanışlardan bəziləri mənə də alış-veriş etməyi təklif edirdi. Mən öz-özümə deyirdim: “Artist alış-veriş eləməz. Onun üçün ayıbdır”.

1928-ci ilin axırlarında aclıq üzündən dübarə İrana getdim. İran – qərib yer, heç kəsi tanımıran. Yaşamaq Bakıdakından çətin, camaat küçədə milçək kimi tələf olub gedir. Orada işsiz qaldım, yenə Bakıdan apadığım şeylərdən satmağa başladım. O qədər əziyyət çəkdim, o qədər çətinliklə dolandıq ki, yazmaqda acizəm. Bir qədər qaldıqdan sonra qızdırma yaxamdan yapışdı. Nə həkim, nə dərman var, nə müalicə. Acından, qızdırmadan, həkimsizlikdən, dərmansızlıqdan o qədər adam ölürdü... əsla ölənin bir qədir-qiyməti yox idi. Öləni oradaca, qumu o tərəf-bu tərəfə eləyib basdırırdılar. Bir neçəsini öz gözlümlə gördüm ki, basdırıldıqdan sonra üstünə tökülən torpağı külək aparmışdı, qıçları görünürdü.

Çox fikirdən sonra burada bu, cür məşəqqətlə ölməkdənsə Bakıya qayıymağı qət etdim: öləndə heç olmasa vətənimdə ölüm. Nə isə, çox çətinliklə bilet alıb ailəm ilə bərabər Bakıya qayıdırdıq: dənizin ortasında gəmimiz tufana düşdü. Bakıya salamat çıxmağımıza ümidimiz qalmamışdı. Ərzaq yox idi. Dörd gün su üzündə min əzab-əziyyətdən sonra axırda gəlib Bakıya elə bir halda çıxdıq ki, məni görən tanımadı. Bakıya qayıtdıqdan 3 gün sonra bir ay yarım bərk xəstələndim. Mən birtəhər yaxşı oldum. Məndən sonra əyalım bu çətinliyə davam gətirə bilməyib vərəm xəstəliyinə mübtəla oldu. Özüm naxoşluqdan təzə durmuş, əyalım xəstə, cibimdə pul yox, evdə də bir şey qalmamış... Dost-əqrəbadan borc almağa başladım.

İki ay yarım xəstə qaldıqdan sonra axırda sağalda bilmədim, yoldaşım öldü.

Bir az sonra Hacıbəyov qardaşları bir yerə yığılıb bir artistlər kollektivi düzəltdilər. Yoldaşalarımı və məni ora dəvət etdilər. Mən gah oynayıb, gah oynamazdım. Lakin yoldaşlarım mənə düşən pulu verərdilər. 1919-cu ilin əvvəllərində işçilər məni Bakıdakı İşçi klubuna rejissor çağırdılar. Gedib onlarla işləməyə başladım. Orada yavaş-yavaş işlərim düzəlməyə başladı, hər nə istəyirdim mənim üçün mümkün idi. Tamaşalarda həm artistlərlə bərabər oynayırdım, həm də işçi klubunun işçilərilə əl-ələ verib çalışırdım. İşçi klubunun köməyi ilə evimə lazım olan şeyləri aldım. Haman il Müslüm Maqomayevin yeni yazmış olduğu “Şah İsmayıl” operasını oynadıq. Şah İsmayıl rolunu mən, Aslan şahın rolunu Hənifə Terequlov oynadı.

...Bakıda Şura hökuməti quruldu. Əgər məndən sual olunsa ki, Şuralardan qabaq artistin, incəsənətin işi nə yerdə idi və nəyi var idi? Mən cavab verərəm ki, incəsənət işləri çox fəna, aktyorların isə heç bir şeyi yox idi. Repertuar yox, rejissor yox, aktirisa yox, səhnə bərbad, məktəb yox, maaş yox, aktyorlar isə sahibsiz, ata-anasız, küçədə qalmış sərgərdan bir uşaq kimi idilər. Şuralar incəsənətə nə verdi? – sualına cavabən deyə bilərəm ki, az bir zamanda türk teatrını tikdi, aktyorları bir yerə cəm edib maaş təyin etdi, yeni aktyorlar yetişdirmək üçün teatr məktəbi açdı. Repertuarı artırdı. Çoxdan bəri həsrətini çəkdiyimiz türk qızlarını səhnəyə çıxardı (bir vaxt teatra belə gəlməzdilər), bütün qadınlarımıza azadlıq verib onları mədəniyyətə doğru apardı, səhnəyə layiq olmayan şəxsləri kənar etdi.

 1923-cü il fevralın 7-də, 20 ildən bəri çəkdiyim zəhmətlərə mükafat olaraq Maarif Komissarlığı təntənəli bir surətdə mənim səhnə fəaliyyətimin 20 illik yubileyini keçirdi.

Aktyorlar da onlara göstərilən məhəbbətə qarşı hörmət bəsləyib, səmimiyyətlə işçi-kəndli səhnəsi üçün çalışmağa başladılar. Aktyorların tərcümeyi-halına baxılarsa, hamısının zəhmətkeş balaları olması meydana çıxar.

Azərbaycan səhnəsinin iki sevimli, Dobçinski-Bobçinskisi var idi: biri Anaplı, o birisi Darablı, Qarabağa təbliğata getdikdə Dobçinski Bobçinskisiz qaldı. Anaplı öz yoldaşı Mirpaşa ilə əksinqilablarçılar tərəfindən öldürüldü. Belə səhnə qurbanları çoxdur. Artistlər Şuraların nə olmasını düşünüb öz sənətlərində möhkəm durdular.

Yenə haman il Türküstana turneyə getdim. Səyahətimiz tamam 3 ay çəkdi. Buxarada məni bir nəfər yerli ziyalı ilə tanış etdilər. Mənə dedilər buranın ziyalılarındandır və sözü keçən adamdır. Mən özlüyümdə xəyal etdim ki, bu adam bizi düşünər və çox köməyi dəyər. O günün sabahı o adamın yanına getdim. Məni görcək nə üçün gəldiyimi və nə eləmək istədiyimizi soruşdu.

– Biz aktyoruq, bir neçə tamaşa verəcəyik, gərək bizə kömək edəsiniz.

– Aktyor nəmə? Tamaşa nəmə? Burada teatr oynayarlarmı?

– Tamaşa etmişsinizmi? – O mənə “Yox, yox” cavabilə:

– Mütrübmüsünüz? Rəqsmi edəcəksiniz? – deyə sordu.

Mən bunun üçün teatrın nə olduğundan danışandan sonra bilmirəm başa düşdü, ya düşmədi, ancaq – hə, hə, yaxşı olar – dedi – indi mən sizin üçün nə etməliyəm?

Dedim ki, bizim üçün bir az bilet satacaqsan.

– Yaxşı, yaxşı, sataram, sataram.

Xüdahafizləşib ayrıldıq. O gündən mən o adamın üzünü görə bilmədim. Deməli, bilet satmağın qorxusundan daha gözümə görünmədi.

...Buxaranın küçəsi ilə gəlirdim. Onu da deməliyəm ki, küçələr darısqaldır. O tərəfdən fayton gəldikdə bu yandan gələn fayton geri qayıdaraq o birinə yol verməli idi. Gözüm divara sataşdı. Gördüm divara şey söykənmişdir. Adama oxşayır, amma üzü-gözü bağlıdır. Mən bunu bir qadın hesab etdim. Deməli bunların da qadınları həmişəlik həbsə məhkumdur. Buxaranın bir neçə yerində böyük göllər var. Onlara “ləbhouz” deyirlər. Bütün şəhərin çirkli suları oraya tökülür orada əl-ayaq yuyulduğu kimi, ələ gələn zibili də atılar. Su rəngini itirib yamyaşıl olur. Əhalinin çoxunu o sudan içən gördükdə, yanaşıb dedim: “Bu sudan nə üçün içirsiniz? Bu su sizi naxoş edər, yaxşı quyularınız var. Quyuda təmiz gözəl sular var. Onlardan içiniz”. Mənə sual verdilər: “Qoduq suyumu? (Onlar quyuya qoduq deyirlər). Ona ki, gün düşməmişdir, o bişməmişdir”. Mən başa düşdüm ki, bir su pak və təmiz olsa da, ona gün dəyməsə içmək, olmaz.

Bu mollaların hiyləsi idi. Yazıqların qadınları həbsdə, özləri də incəsənətdən bir şey qanmırlar. Bir şəhərdə ki, 450 məscid ola – özüm saymışam, əlbəttə ki, bu camaat cəhalət quyusunun təkində olacaq. Belə bir camaatın dadına kim çata bilər?

Əlbəttə, Oktyabr inqilabı!

İndi o şəhərdə o avam qadınlar özləri üçün qadınlar şöbəsi düzəltmişlər. Onlar incəsənəti anlayır, özlərinin aktyor və aktirisaları vardır, Buxarada bir böyük saray tikdirmişlər. Hətta qız məktəbi də açılmışdır. Bütün bunlar Şərq əhalisini işığa çıxaran Oktyabr inqilabının meyvələridir.

Oradan Səmərqəndə gedərək böyük müvəfəqqiyyətlərə nail olduq.

Türküstandan Bakıya qayıtdım. Sabiq vəzifəmdə işlədikdən sonra 1926-cı ildə yenə Xalq Maarif Komisarlığı məni yaddan çıxarmayıb, Məcnun rolunu oynadığım zaman, camaat qarşısında mənə əməkdar artist fəxri adını verdi.

İllərdən bəri mənim ürəyimdə bir arzu var idi, o da Rusiyaya səfər edib, rus xalqını və musiqiçilərini azacıqda olsa Şərq el mahnı və musiqisi ilə aşina etməkdən ibarət idi. Lakin bu, mənə keçmişdə müyəssər olmayırdı.. Xalq Maarif Komissarlığının köməyilə 1926-cı ilin may ayında 36 nəfərlik Şərq simli simfoniya orkestrosu (Azərbaycan Dövlət Şərq Orkestri – red) düzəldib, doktor İoanesyanın dirijorluğu ilə Moskvaya gedib bir ay Rusiyada qaldıq. Birinci dəfə olaraq bir neçə konsert verməklə böyük müvəffəqiyyətlərə nail olduq. Moskva mətbuatı, “Pravda” qəzetindən başlamış, ta həftəlik qəzetlərə və jurnallaracan bizim haqqımızda gözəl tənqidlər (məqalələr – red) yazdılar. Bizim bir neçə Şərq konsertimiz Moskva kompozitor və musiqişünaslarını artıq dərəcədə xoşlandırmış və maraqlandırmışdı.

 Bu günə qədər tərcümeyi-halım bitdi. Oxuyanlar nə kimi şərait altında səhnədə işlədiyimizi biləcək. Təkrarə hacət yox. Bizlər boş səhrada toxum əkmişik. Lakin onu suvarmağa və göyərtməyə qüvvə lazım idi. Bu qüvvəni bizə car hökuməti də verməyən kimi, özünü millətpərəst adlandıran, guya millət üçün çalışdığını söyləyən müsavat hökuməti də vermədi. Yenə bucaqlarda atılmış qaldıq, yenə səhnədə sıxıntı çəkdik, yenə aktyora yabançı gözlərlə baxıldı. Səhnənin ehtiyacı təmin edilmədən, aktyor başlı-başına buraxıldı, qadın rolunu kişilər oynadı, türk qadınları səhnəyə cəlb edilmədi... Səhnə və aktyor köhnə halında qaldı.

Ancaq 1920-ci ildə, hökumət işçi-kəndlilər əlinə keçdikdən sonra Şura hökuməti incəsənət işlərini qaydaya saldı. Səhv etmədən deyə bilərəm ki, incəsənət tarixi Azərbaycanda 1920-ci ildən başlamışdır.

Bunu tək mən demirəm. Gün kimi aşkardır. Bütün əməkçilər bilirlər. Əməkçi kütlənin öz aktyorunu tanımayıb, ona qiymət qoyması üçün maarif, mədəniyyət və məktəb lazım idi. 20-ci ildən sonra Azərbaycanın hər güşəsində məktəb və savadsızlığı ləğv edən kurslar açıldı. Gecə və gündüz Maarif Komissarlığı camaatı məktəblərə doğru çağırır. Camaatımız böyük həvəslə, qadınlı-kişili, maarifə doğru gedir. Keçmişdə bir uşağı məktəbə aparanda məktəbdə o qədər çubuq yeyərdi ki, məktəb adı gələndə qorxudan ağlardı. İndi məktəbə qəbul olmayan çocuq ağlayır. Deməli indi əməkçi kütlə maarif və mədəniyyəti düşünür.

İncəsənətin yüksəlişi ilə ümumi yüksəliş bir-birilə ayrılmaz sürətdə bağlıdır. Kütlə mədəniləşdikcə incəsənət də yüksəlir.



[1] M.F.Axundovun “Səgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının ilk adı – (red).

1 Ü.Hacıbəyovun “Əsərləri”nə (1964) yazılmış Qeydlərdə göstərilir ki, “Ər və arvad” operettası ilk dəfə 1910-cu il mayın 24-də oynanılmışdır. – red

1 Martın 15-də deyil, 10-da oynanılmışdır –red.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info