Qonaq Kitabı
Bir aktyorun xatirələri

Qışın uzun gecələrində nənəm kürsüyə od töküb, kürsü qızandan sonra bizi başına cəm edib incil qurusu, mövüc, qovurğa və bu kimi çərəz payladıqdan sonra bizlərə qaravəlli və nağıl danışıb, hərdənbir tərcümeyi-halımdan da mənə söhbət elərdi. Mən 1879-cu ildə Bakıda – İçərişəhərin Yeddilər məhəlləsində, Gilək məscidinin üstündə, ana babamın mülkündə, Məşədi Rəhim Hüseyn oğlunun 123 nömrəli evində dünyaya gəlmişəm. Anam qarabuğdayı, ucaboylu, qaragözlü, uzunsaçlı, əsəbi bir qadın idi. Atam kapitan Hacı Rza oğlu Məlik İçərişəhərdə, Doqquzlar məhəlləsindəki Məmmədyar məscidinin üstündən idi. Atam əliaçıq, üzügülər, rəhimdil və zarafatcıl bir adam idi. O zaman kapitanlara Bakı müsəlmanları puşgah deyərdilər. Ona görə atama da puşgah Rza oğlu puşgah Məlik deyərdilər. Atam gəmiylə İran, Həştərxan və Təzəşəhərə səfərə çıxardı. Həmişə İran səfərindən qayıtdıqda heyva, nar, portağal, limon, düyü və xuşgəbar gətirərdi. Anamın iki balaca yetim bacısı var idi, onlar da bizdə yaşayırdılar.

Bir dəfə atam zarafata salıb anama deyir ki, axşam qonağım var, bir yaxşı plov bişir. Anam səliqəli, evdar bir qadın olduğundan yaxşı xörəklər bişirərdi. Haman gün anam əl-qolunu çırmayıb plov hazırlayır. Atam axşam təkrar evə qayıdıb anama: – Cəvahir, – anamın adı Cəvahir idi, – evi sazla! Süfrəni düzəlt! Indi qonaqların gələn vaxtıdır! – deyir və balaca baldızlarının əl-üzünü yuyub, üst-başlarını təmizləməyə başlayayır. Fəqət anam qonaqların gəlmədiyini görüb soruşur:

– Bəs qonaqların necə oldu?

Atam cavabında:

– Sən xörəyi çək, apar otağa, qonaqlar bu saat gələcəklər.

Anam süfrəni düzəltməyə başlayır. Atam isə iki balaca baldızını, anamın qoca anasını və öz qardaşı qızı ilə qardaşı oğlunu qabağına salıb həmin süfrə olan otağa aparıb hamısını oturtduqdan sonra anama da oturub xörək yeməyi təklif edir.

Anam: – Bəs sənin qonaqların necə oldu? – deyə soruşur.

Atam: – Mənim bunlardan əziz qonağım kim ola bilər? – deyir.

Anam aldanıldığı üçün hirsindən ağlamağa başlayır. “Əgər mənə desəydin plov bişirməzdim...” deyir. Bu əhvalatdan sonra anam atamdan küsür. Atam anamın könlünü almaq üçün bir səbəb axtarır, axırda deyir: “Səni gəzməgə aparacağam”. Anam hara aparacağını sorduqda, atam dəniz kənarına və gəmiyə aparmağı vəd edir.

– Mən arvad xaylağı necə gedim?

– Getmək istəyirsənsə, dur ayağa, boğçanı aç, mənim paltarlarımdan bir dəst gey gedək.

Anam əvvəl razı olmayıb, sonra atam onu dilə tutub, anam kişi paltarı geyindikdən sonra bir-birinə qoşulub gəzməyə gedirlər. Valideynlərim mənim təvəllüdümdən iki il sonra xoşbaxt gün keçiriblər. Məndən bir il sonra Dürsədəf adlı bir bacım olmuşdur. 1881-ci ildə Türküstanda dəmir yolu çəkiləndə yollar üçün Bakıdan paraxodla şpal göndərirdilər. Atam da gəmisinə şpal yükü vurub Krasnovodskiyə gedəndə böyük bir fırtına düşüb gəmi qərq olmuşdur. Atam da orada qərq olur. Anam iki yetimlə başsız qalır. Bir neçə vaxtdan sonra o, bir kişiyə ərə gedir. O ailədə mən bir gülər üz görmədim. Həmişə ögey atamın qışqırmasını və anamın ağlamasını görərdim. Atalığım evdən getdikdə mən anamın yanına gələrək:

– Ana, bu kişi kimdir? Bizim evə nə üçün gəlir? Bir də sənin üstünə qışqırdıqda onu evdən qov getsin, qorxma! – deyə bu kimi sözlərlə ona təsəlli verərdim.

Anam məni qucaqlayıb öpərək deyərdi: – Sən bir az böyü, gündə bircə abbası pul qazan, onda bu kişini evə qoymaram.

Nə isə, ögey atamın anamı incitməsini görüb mən də ürəyimdə o kişiyə qarşı ədavət bəslərdim. Qapıya çıxdıqda məhəllə uşaqlarının qoltuqlarında Quran, əllərində heybə və rəhl dəstə-dəstə məktəbə getdiklərini görər və evə qayıdıb anama deyərdim:

– Ana, məni də məktəbə qoy. Mən də oxumaq istəyirəm.

Anam cavab verərdi ki, əgər səni məktəbə qoysam, gərək ayda 3 abbası pul verəm. O da ki, yoxdur!

Bir qoca nənəm var idi. O, anama dedi ki, bir arvad var, ayda bir abbasıya Qurandan dərs verir. Mənim toyuqlarım yumurtlayır, yığıb satdıqdan sonra bir abbasını mən verərəm. Anam da razı oldu. Sabahı gün nənəm əlimdən yapışıb məni İçərişəhərdə, Şah məscidinin yanında, 9 nömrəli evdə yaşayan molla Anaqız adlı bir arvadın yanına apardı. Mən çox sevinirdim. Məndən ötrü bir əlifba çərəkəsi də aldılar. Beş ay o molla mənə dərs verdi, amma bir kəlmə də olsun öyrənə bilmədim. Dərs əvəzinə döyülmək və qışqırıq eşitdim. Evdə həmişə molladan şikayət edərdim. Beş aydan sonra məni bu mollanın yanından çıxarıb İçərişəhərdə, Kazımbəy hamamının yanında, 80 nömrəli evdə yaşayan Məsməxanım adlı ikinci bir arvad mollasına tapşırdılar. Ayda 6 şahı dərs haqqı kəsildi. Yeddi ay da orada oxudum. Səhər saat səkkizdə gedib, saat on ikiyədək orada olardım. Məsməxanım iki saat bizimlə məşğul olub sonra bizə ev işi gördürərdi. Bir mən deyildim, məndən başqa iki qız, iki oğlan şəyirdi də var idi. Bizi gah dənizə göndərər, gah ev süpürtdürər, qab yudurdar, samovar sürtdürərdi... Mən gördüm ki, biz burada dərs oxumayır, nökər, qulluqçu kimi işləyirik. Bir gün molla mənə dedi: “Oğlum, mən hamama gedirəm, bu satıl və boğçanı mənim üçün hamama apar, bir-iki saatdan sonra da gəl, evə gətir”. Mən ona dedim ki, “ay mollabacı, mən dərs oxumağa gəlmişəm, nökər olmağa gəlməmişəm ki?!” Molla bunu eşitdikdə çubuğu kürəyimə çəkib dedi: “Sənin borcundur mollaya nökər də olasan, qulluqçu da, hələ cavab da qaytarırsan?” Baxdım ki, əgər dayansam mükəmməl döyüləcəyəm, çərəkəmlə Quranımı qapıb qaçdım. Evdə əhvalatı nəql elədim. Atalığım bunu eşitdikdə durdu məni təpiyinin altına saldı və başladı: “Bir il deyil ki, sən iki molla dəyişmisən. Nə oldu elə bunların ikisi də pis oldu? Görünür sən özün tənbəl, korazehinsən!...” 

Səhər atalığım məni dübarə həmin mollanın yanına göndərdi. Anam və nənəm qorxularından bir söz deyə bilmədilər. Mən də evdəki döyülməkdən mollabacıya bir söz deməyib dərsi qanar-qanmaz oxumağa başladım. Bu əhvalatdan sonra mollabacı acığa düşüb evin çox işini mənə gördürərdi. Bu şəraitlə iki aydan sonra, qanar-qanmaz, Quranı xətm elədim. O vaxtın qaydası idi, uşaq Quranı başa çıxardısa, anası, ya nənəsi ona güləbətindən araqçın bağışlardı. Mənim üçün bunların heç biri olmadı. Mən də Qurandan heç bir şey bilmədiyimi nəzərə alıb danışmadım. Məndən sual edilsə, ailədə bir savadlı yox idi ki, mənim bilmədiyimi aşkara çıxarsın? Deyərəm: – “Nəinki bizim ailədə, hətta məhəlləmizdə bir savadlı adam yox idi”. Nə isə, hər cümə axşamı nənəm məni çağırıb deyərdi: “Bala, gəl ölülərimiz üçün Yasin oxu.” Mənə yaxşı hörmət edib doyuzdurardılar, mən də Quranı açıb çox çətinliklə Yasin surəsini tapıb ağzıma hər nə gəlsə idi deyərdim, heç kəs nə oxuduğumu bilməzdi. Bir dəfə cümə axşamı anam və nənəm çox çətinliklə bir az düyü alıb, plov bişirib həmin mollabacını qonaq çağırdılar. Axşam mollabacı gəldi, mən də qorxumdan heç dinməyib evin bir guşəsində əyləşib fikir edirdim ki, birdən mollabacı dedi “gətir Quranı, mənimlə bərabər Yasin oxu – onda mən nə edəcəyəm?”. Bu fikirdə idim ki, mollabacı üzünü mənə tutub dedi: – Oğlum, Quranı yadından çıxarmayıbsan ki? – Anam ilə nənəm ağzımı açmağa qoymadılar: “Maşallah, ay mollabacı, Allah atana rəhmət eləsin, ona yaxşı dərs vermisən. Hər cümə axşamı ölülərimiz üçün Yasin oxuyur”.

Mollabacı: – Hə, hə, heç bilməyirsiniz ki, onun üstündə mən nə zəhmət çəkmişəm. Qaraları bir-bir ona tanıtmışam! – dedi. Anam dedi ki, özü də tez-tez oxuyur, rəvan oxuyur, hər cümə axşamı yarım saatda on dənə Yasin oxuyur.

Mollabacı üzünü mənə tutub dedi:

– Oğlum, Quranını gətir, Yasin oxu, qulaq asım.

Bu sözləri eşitcək dizlərim titrədi. Bədənim yarpaq kimi əsməyə başladı. İstər-istəməz gedib Quranı gətirdim. Eyni zamanda bu fikir beynimi partladırdı; “Yaman yerdə axşamladım. Kələyimin üstü açılsa nə deyərəm?”

Döyülməyimi gözümün qabağına aldıqdan sonra Quranı açıb Yasini başladım. Ağzıma hər nə gəldi söyləyirdim. Mollabacı bir az qulaq asandan sonra dedi: “A balam! Bu Yasin oxumayır, dərədən, təpədən, hər nə ağzına gəlir deyir”. – Bu sözləri dedikdən sonra qulağımdan tutub şapalaqlamağa başladı. Atam gəlib əhvalatın nə olduğunu eşitdi, hər üçü məni döyməyə başladılar. Birtəhər bunların əlindən qurtarıb getdim qonşumuz Ağabacı arvadın evində gizləndim. Qoca nənəmin ürəyi yanır, gecənin yarısı qonşulardan soraqlaşıb məni Ağabacının evində tapdı, öz evimizə gətirdi. Bir neçə gün atalığımın qorxusundan nənəmin yanından heç bir yerə çıxmadım. Gecələr nənəm mənə nağıl danışırdı, mən də qulaq isıb ağlar və nənəmə deyərdim: “Mən də o pəhləvanlar kimi ad çıxarmaq, məşhur olmaq istəyirəm”. Nənəm deyərdi: “Əgər sən də dərs oxumağa tənbəllik etməsən, əlbəttə, məşhur olarsan. Biz səni dərsə qoyuruq, sən fikir verməyirsən, mollanı aldadırsan, ona cavab qaytarırsan”. Mən nənəmə deyərdim ki, bu arvad mollaları heç bir şey bilməyir, dərsi mənə o qayda ilə verir ki, mən bir şey qana bilmirəm.

Bir səhər atalığım məni çağırıb dedi: “Düş qabağıma!” Qorxa-qorxa məni hara apardığını soruşdum. Dedi “gedək, səni papaqçı dükanına şəyird qoyacağam. Oxumadın, barı sənət öyrən”. Qorxumdan danışmadım. Aparıb Içərişəhərdə, üstüörtülü bazarda məni bir nəfər papaqçıya tapşırdı və dedi: “Məşədi Baba, bu uşağı sənə tapşırıram. Buna sənət öyrədərsən, əgər sözünə qulaq asmasa, döy! Əti sənin sümuyü mənim!” Bu sözü eşitcək daha betər bəlaya rast gəldiyimi düşünür və fikir edirdim: “Adamı mollaxanada döyərlər. Əgər burada da döyülsəm, deməli, hara getsəm döyüləcəm”. Məşədi Baba dedi: “Adın nədir?” Başımı yuxarı qaldırıb cavab verdim. Bu dəmdə gözüm dükanın dibinə sataşdı. Gördüm mollaxanada olan çubuqdan biri də orada divara söykənmişdir. “Allaha pənah” deyib əyləşdim. Beləliklə, səhər tezdən gəlib axşamadək dükanda oturardım. Özləri papaq tikib, mənə də əllərinə baxmağı tapşırardılar. Bir gün səhər dalıma bir tay verib, ustanın oğlunu da mənə qoşub dedilər aparın dənizdə yuyun. Mən dəri tayına baxdım, öz gücümə baxdım, istədim deyəm “Usta gücüm çatmaz!” Çubuq və atamın sözü yadıma düşdü, boğazım qurudu. Dəniz kənarında bir yer vardı onun adına “Gülümşur” (Qilimşur) deyərdilər. Orada xalça, palaz və dəri yuyardılar. Dəri tayını çox çətinliklə aparıb Gülümşura çıxartdım. Axşamadək ac-susuz, yorğun, dəriləri yuyub qurutduqdan sonra ala-nəm yığdıq. Tay bir az da ağırlaşdı. Yenə yun tayını dalıma qovzayıb min müsibətlə gətirdim dükana. Bu əziyyətin qarşısında ustam razılıq əvəzinə başladı: – İndiyə qədər haradasınız? Mənim namazımın vaxtı keçdi. Cəhənnəm olsun sizin dəri yumağınız! Yaxşı deyiblər ki, uşağı buyur, dalınca yüyür. Mən çubuğun qorxusundan dinmədim. Ustamın oğlu dedi: “Ata, bir fikir elə, otuz dərini yuyub, sərib qurutmaq asandırmı? Biz ki, orada oynamırdıq!” Oğlu sözünü qurtarmamış atası irəli gəlib dərini əlləşdirdi və:

– Ay köpək oğlu, bunlar ki, heç qurumayıb? – deyə qışqırdı. Usta hirsləndi. Çubuğunun üstünə yüyürüb oğlunu döyməyə başladı. Qonşu dükançılar haraya gəlib uşağı onun əlindən aldılar. Mən işi belə görüb bir küncə qısılaraq öz döyülmək növbəmi gözləyib ağlayırdım. Nə isə, usta sakit olub üzünü mənə çevirib dedi: “Sən də itil get, səhər gələrsən”. Çubuqdan canımın qurtarması aclıq və yorğunluğumu unutdurdu.

Dörd ay yarım papaqçı dükanında iki iynə vurmayıb sənətim dəri yumaq oldu. Bir gün lap sapa dayandım, evə gəldikdə qoca nənəmin ayaqlarına yıxılaraq yalvardım ki, məni orada hambal kimi işlədirlər. İşləmək işləməkdir, mən gedirəm fəhləliyə. Heç təfavüt eləməz, əgər dükana getsəm heç bir şey öyrənməyəcəyəm. Atalığıma deyinən məni də özü ilə aparsın. Nənəmin əlacı kəsilib axşam atalığım evə gələndə əhvalatı ona nəql elədi. Atalığım razı olub məni də özü ilə bərabər fəhləliyə apardı. Beş gün dalbadal mənim başıma bir palçıq tabağı verib palçıq daşıtdılar. Gündə bir abbasıdan beş günün muzdunu atalığım aldı, bərabər evə gəldik. Ertəsi gün cümə olduğuna görə işə getməyəcəkdik. O gecə mən əlimin sızıltısından və qıçlarımın ağrısından yata bilmədim. Nənəm xına isladıb əllərimə yaxdı. Xına əllərimə dəydikcə daha da sızıldamağa başladı. O günün sabahı işə getdim, bir neçə vaxt işlədikdən sonra palçıq daşımağın qaydasını öyrəndim. Beləliklə, bir il palçıqçılıq elədim.

1891-ci ildə naxoşluğa düşdüm. Ata babam sağ idi. Babam anamı çağırıb danışdı, məni də özləri ilə Pirşağı bağlarına apardı. İki ay bağda qalıb dincəldim, naxoşluq keçdi. Payızda bağdan köçdük.

...Axşam oldu. Atalığım evə gəlib məni gördü, gözlərini üstümə ağardıb başladı: “Daha niyə gəlmisən? Mənim havayı çörəyim yoxdur ki, səni saxlayım. Necə ki, gəlmisən elə də çıx get babangilə!” Nənəm atalığıma dedi: “Babasının evindən haraya getsin? Eyibdir sənin üçün! Onun atasının dir-dirriyini, müxəlləfatını dağıtdığın bəs deyil, öz evindən da qovursan? Biz sənə hörmət edirik, sən niyə öz hörmətini bilməyirsən, necə ki, gəlmisən, elə də sən özün gedə bilərsən!” Atalığım nənəmə dedi ki, “nə sənin, nə də uşağının burada heç bir şeyi yoxdur. Çox danışarsınız, hamınızı qovaram”. Az qaldı hirsdən bağrım çartlasın. Hönkür-hönkür ağlamağa başladım və cürətlənib dedim: “Köpək oğlu, nə cürət edib mənim nənəmi qovursan! Özün çıx get!” Atalığım bu hərəkəti məndə görən kimi pis-pis söyüşlərlə məni hədələməyə başladı və üstümə gəlib mənə elə bir sillə vurdu ki, biixtiyar yerə yıxıldım. Anam və nənəm qışqırdılar. Evimizdə böyük bir mərəkə qopdu. Qonşular səsə gəlib bizi sakit etdilər. Bu qalmaqaldan sonra nənəmi, bacımı bir yerə yığıb başladıq gələcək günümüz üçün fikir etməyə. Mən nənəmə dedim: “gərək iş bu yerə çıxmaya idi, indi ki, bu qalmaqal başlandı, həmişə olacaq. Bir də mən daha onunla bir yerdə yaşamaq istəmirəm”. Nənəm və bacım razı oldular, ayrı bir evdə yaşamağa başladıq. Bu zaman mənim 11 yaşım var idi.

O günün sabahı gedib, özümə iş tapdım. Sevinə-sevinə evə qayıdıb nənəmə dedim: “Sabahdan mən işa gedəcəyəm, özümə iş tapmışam”. Qoca nənəm ağlaya-ağlaya dedi: “Sən nə pul qazanacaqsan ki, biz də onunla dolanaq?!” Ona təsəlli verərək dedim: “Qorxma, ac qalmazsan, hər nə pul qazandım gətirib sənə verərəm. Bayırda bir qəpik də xərcləmərəm”. Nənəm gecəni yatmayıb iki kisədən mənə bir şalvar, bir də köynək tikdi. Səhər bir qədər çörək və bir az da qara şəkər bağlayıb mənə verdi. Mən də birinci dəfə olaraq işə getdim.

Səkkiz ay palçıqçılıq elədim, bütün həftəni işlədim, gündə mənə 25 qəpik verərdilər. Hərdənbir isə işə getməyib dincəlmək istərdim. Lakin atalığımın sözü yadıma düşər, fikrimdən daşınardım. Həftə başında yoldaşlarımdan çox pul alırdım. Evə qayıtdıqda yoldaşlarım dayanıb baqqal dükanlarından şirniyyat alar və mənə sual verərdilər ki, “Hüseynqulu, sən niyə almayırsan?” Mən də almaq istərdim. Birdən yadıma atalığımın açı tənələri düşürdü, deyirdim: “Aparıb pulları verərəm nənəmə. Nə ki, lazımdır özü alar”. Nənəm məndən bu hərəkətləri gördükdə o qədər şad olardı ki, yazıq arvad ağlardı. Sonra bir balaca uşaq kimi məni soyundurub yuyundurduqdan sonra yerimə salıb yatırdardı. Ustalarım qəlbən məni sevər və digər tərəfdən işlədiyimi görüb atamın xatirinə mənə hörmət edib çox bərkə salmazdılar. Gündədik maaşıma da bir şahı artırdılar. Nənəmin toyuqları yumurtalardı. Yumurtasını aparıb baqqal Əbdülkərimə verər, amma pulunu almazdıq və dolanacağımıza qənaət edərdik. Az bir müddətdə otuz manat pul düzəltdik. Əbdülkərim nənəm üçün Qobu kəndindən yanı balalı bir inək aldı. Nənəm inəyin südünü kasamast (kasada çalınmış qatıq – red.) qoyub Əbdülkərimin dükanında satdırırdı.

...Novruz bayramı yaxınlaşırdı. O vaxtlar novruz bayramı çox təntənəli keçərdi. Novruza bir həftə qalmış baqqal dükanlarının qabağını ayna, xalça və cürbəcür şəkillərlə bəzərdilər. Dükanların qapısının üstündən bir zəng asardılar və bayram yemişi satıldıqca o zəngi vurardılar. Rəngbərəng xırda şamlar da satardılar. Onu da çərşənbə və bayram axşamları alıb ayrı-ayrı şam yandırardılar. Bundan başqa, bayram axşamı kasıb, dövlətli gərək hamı plov bişirə idi. Bizim inəyimiz olduğundan nənəm südlüplov bişirərdi. Qonşumuzda Şərəf xala adlı bir dul qarı vardı. Bunun heç bir kəsi yox idi. Nənəm dedi: “Ay balam, Şərəf xalanı da çağır, oğulsuz arvaddır, bizimlə bir yerdə bayram etsin”. Bu sözü eşitcək tez Şərəf xalanın evinə gedib gördüm tovun çinidə bir qaraçıraq yanır. Ev qaranlıq, Şərəf xala döşək üstündə oturub, əlində təsbeh nə isə oxuyur. Bu halı görcək ürəyim yanıb dedim: “Ay Şərəf xala, niyə bir lampa yandırmayırsan, ev bir az işıq olsun”.

– “Qadam! Qəbir üstünə getmişdim. Gec qayıtdım. Cövhər ala bilmədim, dükanlar bağlı idi. Odur ki, qaraçıraq yandırdım...” Əvvəlcə Şərəf xala getməya razı olmadı, çox yalvardıqdan sonra ayağa durdu, çırağı söndürüb qapını bağladı, əlimdən tutub bizə gəldi. Keçmişin adətinə görə hamı gərək əlvan süfrə aça idi. Balaca uşaqlar təzə paltar geyərdilər və bayrama məxsus kosa-kosa oyununu oynardılar. Gənclər isə atəşbazlıq edərdilər. Nənəm mənə təzə başmaq, corab, şalvar, don tikmişdi. Amma vaxt çatmamışdı ki, düyməsini qoysun. Odur ki, donu əynimə geydirib yaxasını sapla bəndlədi. Bir tüklü papaq da almışdı, papağı başıma qoyub küçəyə çıxdım ki, məhəllə uşaqları mənim paltarımı görsünlər. Uşaqlar məni araya alıb bir-birinə göz-qaş elədikdən sonra dedilər. “Yaxşı qapaz papağıdır”. Bunu deyib məni qapazlamağa başladılar. Gördüm ki, bunlar çox, mən tək. Qaçıb evə girdim. Abasqulu adlı bir ögey qardaşım vardı. Onun da papağı mənimkindən idi. O da qapaz yemişdi. İkimiz məsləhətləşdik. Gördük yox, bu papaqla bayıra çıxa bilməyəcəyik. Bəs nə eləyək? Keçmişdə papaqçı dükanında işləmək mənə kömək etdi; əlimə bir qayçı alıb papaqları qayçılamağa başladım... Çünki ustam qalın tüklü papaqları qayçılayanda görmüşdüm...

Evdə oturmuşduq. Kosa-kosa gəldi. Kosa-kosa oyunu qədim bir oyun idi. Kosaya sual verdikdən sonra uşaqlar ağız-ağıza verib bu mahnını oxuyardılar:

Bazarda həsir mülki-Süleymanı,

Göydə yel əsir mülki-Süleymanı,

Kosam tələsir mülki-Süleymanı.

 

Bazarda üzüm mülki-Süleymanı,

Nimçəyə düzüm mülki-Süleymanı,

Bir ala gözüm mülki-Süleymanı.

 

Bazarda dibçək mülki-Süleymanı,

Al suyun içək, mülki-Süleymanı,

Sallama birçək mülki-Süleymanı.

 

Bu mahnıdan sonra ev sahibləri gedib kosaya pay gətirərdilər. Payı aldıqdan sonra hamı ağız-ağıza verib deyərdi:

                   Üzü şəhla, gözü şəhla gözəllər,

                   Durarlar səhnəxananı gəzərlər,

                   Olanda il təhvil xonça bəzərlər,

                   Sizin bu təzə bayramınız mübarək.

                   Ayız, iliz, günüz, həftəz mübarək.

Bayramı təbrik etdikdən sonra kosa oynayıb dayanardı. Al-əlvan bəzənmiş qızlar, gəlinlər, əllərində xına, gözlərində sürmə, qaşlarında vəsmə, şad-xürrəm hər kəs özünə görə kosaya pay verərdi. Gecələr isə beş-altı uşaq bir yerə yığılıb, bir kisənin ucuna ip bağlayıb damdan-dama gəzib bacadan kisəni sallayar və yavaşdan bu sözləri deyərdilər:

                   Verin bizim payımızı,

                   Aparaq ustadımıza,

                   Ustadımız bizi azad eləsin!

                   Nınnını, nınnını, nınnını-nı.

 

Bu oyunun adına Ninnini deyərdilər. Uşaqlığımda çox şirni sevərdim. Gördüm ki, kosa çox şirni yığır. Kosa olmaq arzusuna düşdüm. Bəxtimdən kosa ilə məhəllə uşaqlarının davası düşmüşdü. Odur ki, özlərinə kosa axtarırdılar. Onlara yanaşıb dedim, mən sizə kosa ola bilərəm. Hamısı mənim kosa olmağıma razı oldu və məni geyindirib kosa etdilər. Mənim kosalığım əvvəlki kosadan yaxşı oldu. Çoxlu şirniyyat yığdıq. O gündən kosalıqda adım çıxdı. Məhəllə uşaqları məndən əl çəkmədi, həmişəlik kosaları oldum.

Kosa-kosa oyununun mövsümü bitdikdən sonra orucluq ayı gələrdi. Orucluqda Bakıda belə bir qayda var idi: günorta üstü məscidə yığılıb camaat namazı qılar və axundun moizəsinə qulaq asardılar. Moizədən sonra mərsiyəxan oxuyardı. Mərsiyə bitdikdən sonra hamı dağılar, məsciddə ancaq Quran oxuyanlar qalar və dövrə vurub məscidin ortasında üç-dörd nəfər səsli uşaq oturdardılar. Qarei-Quranlardan birisi uca sövt ilə Quran oxuyar, yerdə qalanları Qurana baxar, ortalıqda əyləşmiş uşaqlar da ucadan növbə ilə Əliminnayə deyərdilər. Əliminnayə deyənlərin biri də mən idim. Mənim səsimdən camaatın xoşu gələrdi. Arabir avaz ilə Quran da oxudardılar. Mən Quranı qələt oxuyardım. Hər kəs Quranı qələt oxusa idi, bərkdən hamı onun qələtini düzəldərdi. Amma mən oxuduqda səsimin xatirinə mənim qələtimi düzəltməzdilər.

Bir ay orucluğu mən işə getməyib mükabələyə gedirdim. Orucluq qurtarandan sonra yenə işə gedərdim.

 

Sonralar bir ağ daşyonana şəyird oldum. Daş yona-yona şikəstə oxuyardım. Mənimlə işləyən yoldaşlarım mənə deyərdilər: – Hüseynqulu, sənin daşını biz yonarıq, sən əyləş, bizim üçün oxu. – Bu qayda ilə 1892-ci ilədək işlədim.

Bakıda keçmişdə məhərrəm ayını da təntənəli keçirərdilər. Məhərrəmlikdə gecələr hər məhəllə camaatı öz məscidinə yığılıb məscidi bəzərdi. Gündüzlər şəbih çıxarar, gecələr növhə deyib sinə vurardılar. Mən də gecə və gündüz məscidə gedib uşaqlarla bir yerdə sinə vurub vagirlik edərdim. Mərsiyəxan oxuduqdan sonra sözlərini öyrənib evə qayıdardım. Məhəllə arvadları bizim evə yığışardılar. Mən də mərsiyəxanlıq edib onları ağladardım. Məhərrəmdə evlərdə halva və külçə bişirib məscidə göndərərdilər. Məhəllə arvadları mənə də çoxlu şirniyyat verərdilər. Mən də şirnini sevdiyimdən yığıb saxlardım. Məhərrəmdən bir ay sonra da mənə çatardı. Şirni həvəsi məni mərsiyəxanlığa çəkdi. Getdim bir Raci kitabı aldım. Bizim qonşuda Abbasqulu adlı bir oğlan var idi. Onu Raci oxuyan görmüşdüm, çox yalvardıqdan sonra mənə üç-dörd mərsiyə öyrətdi. Həm də ondan gecələr dərs almağa başladım. Nə isə, qaranı tanımağa başladım. Gələn məhərrəmliyə qədər gündüz işlərdim, gecələr dərs oxuyardım. Məhərrəmlik gəldi. Məscidlər, təkiyələr bəzəndi, sevinə-sevinə gedib məscidin silsiləcünbanına yalvardım ki, məni də buraxsın uşaqlar üçün mərsiyə deyim. Mənə qulaq asan olmadı. Bir gün təsadüfən mərsiyə deyənin səsi tutuldu. Məəttəl qaldılar, axşam məndən ötəri Gilək məscidindən adam gəldi. O gecəni yola verdim: bayazımı açıb Qarabağ şərqisində bir mərsiyə oxudum. Sevindiyimdənmi, ya nədənsə, çox yaxşı oxudum. O gecədən etibarən daha məndən əl çəkmədilər. Hər yerdə tərifimi eşidirdim. Məscidin böyüyü mənə dedi ki, on iki gün məhərrəmliyi işə getmə, hər nə ki işdən alırsan, biz sənə verərik. Mən halva və külçə də verilmək şərtilə razı oldum. Silsiləcünban və məscid beyüyü dedi: «Sənə o qədər halva, külçə verərik ki, kələn ilə qədər yeyib qurtara bilməyəsən. Ancaq sən keyfini kek saxla, səsini batırma». Mənim də oxumağa o qədər həvəsim var idi... həm mərsiyə deyər, həm də minacat çəkərdim.

Bakıda belə bir qayda var idi: “qətil”dən sonra üç gün gecələr qara geyib, hər məhəllə, dəstə-dəstə məscidləri gəzərdilər. Mən də öz dəstəmiz üçün həm mərsiyə deyərdim, həm də minacat çəkərdim. “Qətil”dən sonra evlərdə halva, külçə bişirib məscidlərə ehsan göndərərdilər. Adına da “Şönamazı” deyərdilər. Məndən xoşları gəldiyinə görə o qədər mənə halva, külçə vererdilər ki, axırda çox yediyimdən boğazım gəlib səsim tutulardı.

Məhərrəmlik çıxdıqdan, məscidlər bağlandıqdan sonra gedib oxuyana-çalana qulaq asıb çoxlu el mahnıları və muğamat öyrənərdim. Bir dəfə məhərrəmlikdə üç məsciddən məni aparmağa adam gəlmişdi. Qaldım məəttəl, bilmədim hansı birilə gedim, hər üçü məni hədələyib deyirdi: “Hərgah bizim məscidə gəlməsən, səni döyəcəyik”. Əlacım kəsildi, məhəllə mollasının yanına gedib əhvalatı söylədim. Dedi: Hüseynqulu, sənin borcundu öz məscidinə gedəsən. Heç qorxma! Səni kimsə döyə bilməz!” O gecə qorxudan məscidə getmədim. Axşam məhəllə məscidimizdən adam gəldi... Nə isə məscidə gedib mərsiyə deməyə başladım. Məhərrəmi qurtarıb, “qətil”dən üç gün keçənəcən gecələr mərsiyə deyib, gündüz şəbih olmağım məni çox yormuşdu. Axırda mərsiyəxanlıq etmək istəmədim. Lakin razı olmadılar. Dedilər: “bu axırıncı gündür, gərək Ələkbər mükaliməsini sən deyəsən”. Çox çalışdım, mümkün olmadı. Məni geyindirdilər. Başıma bir dəmir dəbilqə qoyub, əynimə bir dəmir zireh geyindirdilər, belimə də bir ağır qılınc bağladılar, iki tirməşalı çalın-çarpaz boynuma salıb, əlimə də bir dəmir qalxan verdilər. Şəbih meydanına getdim. Həzrət Kazımın yanında səndəl üstə əyləşdim. Gözləyirdim ki, imam Hüseyn mənə izn verəcək, mən də Şümür ilə dava edəcəyəm. Günortanın istisi, cocuqluq, yuxusuzluq, geyimin ağırlığı... elə əyləşdiyimi gördüm, oradaca məni yuxu aparıb yatmışam. Şəbih pozulub, üstümə su və gülab töküblər. Ayılmamışam. Naəlac qalıb məni bir palazın arasına qoyub evə aparırlar. Nənəm məni bu halda görcək qışqırıb fəryad edib. Qonşular gəlib çox türkəçarədən sonra həkim gətiriblər. Həkim baxıb mənim ağır yuxuda olduğumu söylədikdən sonra tapşırıb ki, çox əlləşdirməsinlər, özü yuxudan doyar ayılar, bu yatmaqla bir gecə-gündüz yatmışam.

Oyanıb özümü evdə gördüm. Küçəyə çıxdıqdan sonra uşaqlar başıma yığılıb məndən əhvalpərişan oldular və həkimə getməyi məsləhət gördülər. Ertəsi gün həkimin yanına getdim.

Müsəlman camaatının arasında o həkimin adı var idi. Bakı müsəlmanlarının adətinə bələd olduğuna görə hər kəs özünü, xəstəsini ona müalicə etdirərdi. Ona İliya həkim deyərdilər. Qonşudan özümüzlə rusca bilən bir adam da apardıq.

Həkim yatmağımın səbəbini bildikdən sonra əlini mənim kürəyimə vurub bir neçə söz söylədi. Xəbər aldım: “Həkim nə deyir?” Yoldaşım dedi ki, səni tərif edib deyir səndən yaxşı artist olar. Soruşdum: “artist nədir?” Həkim gülə-gülə dedi: “Neçə ay sən şaxsey-vaxseydə şəbih olursan, elə də artistlər teatrda oynayırlar. Axırda həkim nənəmə dedi ki, bir az qanı azdır, göndər getsin bağa. Bizdən pul almayıb əlini kürəyimə vurub dedi: “Artist, artist!” O gündən sonra bu artist sözü mənim başımdan çıxmayırdı. Evdə nənəm mənə dedi ki: “Əmingil sabah bağa köçəcək, get de, bəlkə səni də apardı”. Getdim əmimə dedim, razı oldu.

Səhər tezdən çıxan, bağa axşam şər qarışanda çatdıq. Dörd arabanın avadanlığını biz daşıdıq. Yorğun olduğumdan evə girib əyləşdim. O saat əmim qapıdan girib üzünü mənə tutaraq: “Niyə burada əyləşmisən? Avadanlıq bayırda qalıb” – dedi və əlində tutduğu bükülü palazı qaldırıb təpəmdən elə çırpdı ki, iki dəfə mayallaq aşdım. Bununla da ürəyi soyumadı, yanında bir küpə var idi, götürüb istədi məni vursun. Mən qaçdım. Dalımca atdı. Küpə belimə dəyib parça-parça oldu. Axsaya-axsaya qaçıb bağda gizləndim. Birtəhər gecəni sabah eləyib soraqlaşa-soraqlaşa getdim babamgilin bağını tapdım. Məni görcək hamı tək-tənha bağa necə gəlməyimi xəbər aldı. Mən ağlaya-ağlaya macəranı bunlara nağıl etdim. İki həftə belimin ağrısından gəzə bilmədim. İki ay babamgilin bağında qaldım. Bağ mövsümü qurtardı. Şəhərə qayıtdıq, yenə daş yonmağa başladım.

...Bakıda o vaxt çox çayçı və dəllək dükanı var idi. Bikar adamlar, cavan uşaqlar işsizlikdən, sənətsizlikdən dəllək dükanına, çayxanaya yığılardılar. Gecələr fincan oynar, çalıb-oxuyardılar. Mənim də oxumağa həvəsim olduğundan gedib onlara qarışar, onlar üçün oxuyardım. Bakıda toylarda, qonaqlıqlarda aşıq və dərviş oxumaq bir adət idi. Mən də harada aş, orada baş idim. O vaxtlar öyrəndiyim və sevdiyim el mahnılarından yadımda qalan bunlardır:

Azərbaycan qəzalarının birində Seyid Abbas adlı bir igid oğlan vardı ki, çar hökumətindən qaçaq idi. Muğan düzündə çar soldatları ilə atışdıqda onu dizindən yaralayıb tutmuşdular. Haman yaradan o öldü, onun barəsində bu mahnını qoşmuşdular:

Qırx atlı ilə çıxdı Muğan düzünə,

Güllə dəydi Seyid Abbasın dizinə,

Qan töküldü ayağının üzünə.

Zalım oğlu, kafir oğlu!

Sən necə qıydın Seyid Abbası öldürdün?

Şam çırağını söndürdün.

 

Mən gələndə şamamalar gül idi,

Sarı soldat dörd yanımı bürüdü,

Yazıq canım qazamatda çürüdü,

Zalım oğlu, qafil oğlu!

Sən necə qıydın Seyid Abbası öldürdün?

Şam çırağını söndürdün...

 

Arpa çayında Sara adlı bir gəlin çaydan keçərkən onu sel aparmışdı! Bu mahnı da onun haqqında qoşulmuşdu:

Düyünü tökdüm tabağa,

Bişmədi qaldı sabaha.

Çilovdar düşsün qabağa,

Apardı sellər Saranı.

Bir başışallı sonanı.

 

Pəncərədən gördüm Ayı,

Gözəllikdə yoxdur tayı;

Çox daşıbdır Arpa çayı,

Apardı sellər Saranı

Bir ala gözlü sonanı... və i. a.

 

O vaxt bizim məhəllə uşaqlarının bəziləri rus məktəbində oxuyurdular. Axşam çağları uşaqlar küçəyə yığılıb öz müəllimlərindən və dərslərindən bir-birilə rusca söhbət edərdilər. Mən də onların yanına gedib söhbətlərinə qulaq asardımsa da bir şey qanmazdım. Amma çox istərdim ki, mən də rusca oxuyam. Uşaqlar deyərdilər: “Hüseynqulu, sən də oxu”. Cavab verərdim ki; “sizin atanız var, sizi oxudur, mənim nə atam var, nə də imkanım var, nə cür oxuyum?”

Bir gün məhəllə uşaqlarından biri mənə dedi ki: “Hacı Zeynalabdin Tağıyev gecə kursu açıbdır. Get özünü ora yazdır”. Tanımadığıma görə Məhəmmədbağır məni aparıb Balaxanski küçədə olan sovet məktəbi yanındakı gecə kursuna yazdırdı. Kursa on yaşından 25 yaşına qədər qəbul edirdilər. Müəllimlər bunlar idi: Mirzə Məhəmmədhəsən Əfəndiyev, Bədəlbəy Bədəlbəyov və Şükürbəy Əfəndiyev. Rus dilinə həvəsli olduğumdan bir dərs belə buraxmazdım. Sinifdə birinci şəyird sayılırdım. Müəllimlər mənim xatirimi çox istərdilər. İlin axırında bizi imtahan elədilər. İmtahan komissiyası bu adamlardan ibarət idi: Nəriman Nərimanov, Sultan Məcid Qəniyev (S.M.Qənizadə – red.), Həsənbəy Məlikov, məktəb müdiri Hacı Zeynalabdin Tağıyev.

Ayın axırında, axşam saat 8-də bizi müəllimlərimizlə bərabər imtahana apardılar. İki gündən sonra gəlib vəsiqəmi aldım. Mənə dedilər ki, gələn il səni ikinciyə götürəcəyik. Sevinə-sevinə evə gəlib əhvalatı nənəmə söylədim.

1898-ci ildə gecə kursu açılmış elan olundu. Mən də işləmişdim. Bir qədər pulum var idi. Özümə bir dəst paltar alıb, birçəyimi qırxdırdıqdan sonra Balaxanski küçədə yerləşən məktəbə getdim. Müəllimlər dedilər: “Sən ikinciyə keçmisən. Həbibbəyin məktəbinə get!”

...Dərslər başlandı. Əlicabbar Ismayılov və Həbibbəy Mahmudbəyov bizə dərs verirdi. Bu il o qədər adam var idi ki, sinif tutmayırdı. Amma ilin yarısında şəyirdlərin yarısı əskildi. Əlicabbar bizə dərsdən qabaq bir saat mühazirə söylərdi. Həbibbəy ağa hərdənbir gəlib dərslərimizə qulaq asardı. Birinci skamyada otururdum. Hesabdan başqa bütün dərslərdə birincilik qazanmışdım. Gündüzlər işdən vaxt tapıb dərslərimi əzbərlərdim. Yoldaşlarım məni ələ salıb deyərdilər: “Ay Mirzə, yenə nə oxuyursan? Bizim üçün prokurora bir ərizə yaz! Deyirlər sən çox oxumusan, vəkillərdən yaxşı ərizə yazırsan!..” Axırda təngə gəlib bir dəfə ağır cavab verdim. Odur ki düşdülər üstümə; nə yemisən turşulu aş. İş sahibi yüyürüb məni onların əllərindən aldı. Onun adı Arakel idi. Bir oğlu var idi. Realni məktəbdə oxuyurdu. Adı da Moses idi. O mənə kömək edib dərslərimi öyrədərdi. Sonralar Arakel məni daş arabalarına marka verən təyin etdi. Ayda 15 manat maaş alırdım. O az pula qane olub dərsi buraxmayırdım.

...Bir dəfə cümə günü dərsimiz olmadığına görə bibimgilə getdim. Otağa girib gördüm bibimin əri Ağabba bəyin yanında gözlüklü bir nəfər oturub deyir: “Bu bileti al!” Mən onun nə bileti olduğunu sordum O, – Nəcəfqulu bəy Vəliyev – dedi: “Bu teatr biletidir”. Teatr adını eşitcək Ağabba bəyə yalvarıb dedim: “Mən heç teatr görməmişəm, bilməyirəm necə olar, mənim üçün də birini al, mən də gedim görüm nə var!”

Nəcəfqulu bəy mənim həvəsimi görüb əlində olan biletlərdan birini mənə verərək dedi: “Mən bu bileti sənə bağışlayıram, get tamaşa elə!” Sevinə-sevinə evə gəldim, üstümü-başımı təmizlədim, dübarə bibimgilə qayıtdım. Bibim oğlu Rüstəm bəy realni məktəbdə oxuyurdu. O bir neçə dəfə teatra getmişdi. Mən də ona qoşulub axşam teatra getdim. Camaat çox idi. Birinci dəfə getdiyimdən heyrətlə hər yerə baxırdım. Divarda bir böyük kağız gördüm.. Yanaşıb oxudum, yazılmışdı: “Xan Sərabi”[1]. Sual elədim: – Rüstəm, “Xan Sərabi nədir? Teatra Sərabdan xan gəlib?” O gülüb dedi: “Buna afişa deyirlər, tamaşadan 3 gün qabaq yazıb divarlara yapışdırırlar ki, camaat oxuyub bilsin. “Xan Sərabi” bu gecə oynanan teatrın adıdır”.

Salonda parlayan çilçırağı, sıra ilə düzülmüş sandalyaları və örtüklü lojaları görüb çaşdığımdan yoldaşım Rüstəmi itirdim, onu axtara-axtara qışqırdım: “Rüstəm! Ay Rüstəm!” Yoldaşım arxadan əlini çiynimə qoyub dedi: “Nə var? Nə olub?” Onu görcək dedim, tez kəl, yer tapmışam. Rüstəm gülərək dedi: “Bizim əlimizdə bilet var. Yerimiz də orada yazılıbdır. Qorxma!” Camaatdan bir parası deyəsən mənim xam olmağımı başa düşmüşdü, mənə baxıb gülürdülər. Xülasə, yoldaşım qabağa düşüb yerimizi tapdı mənə bir sandalya göstərib dedi: “Bura sənin yerindir”. Mən də tikan üstə oturan kimi oturdum. Bir də gördüm pərdə qalxdı. Elə bildim divar uçulur. Bərkdən qışqıra-qışqıra durub qaçdım. Qapının yanında xidmətçi baxıb “ts...ts...” dedi və məni dışarı buraxmadı. Camaat tamaşanı buraxıb mənə gülürdü. Salonda nizamsızlıq başlandı. Həsən bəy camaatı sakit etməyə çalışdı: “Camaat, nə xəbər? Xam uşaqdır, teatr görməyib... O yazıq hürkür, siz də onu lap karıxdırırsınız!” Fasilə zamanı Həsən bəy mənim yanımda qalıb teatrın nə olduğunu mənə anlatmağa başladı. Yenə zəng vuruldu. Mən də camaata baxıb onlar kimi yerimdə oturdum və tamaşanın axırınacan özümü birtəhər apardım.

Oyun qurtardı. Evə gəldim. Yerimdə uzanıb gördüyüm əhvalatı nəzərdən keçirdim. İliya həkimin mənə dediyi sözlər yadıma düşdü. Mən şəbih olmağımı teatr tamaşası gördüyümü fikirləşirdim. O zamam türk (kitabda gedən türk sözü hər yerdə Azərbaycan mənasında işlənmişdir – red.) səhnəsinin həvəskarları bu şəxslər idi: Nəcəfbəy Vəzirov, Nəriman Nərimanov, Əbdürrəhimbəy Haqverdiyev, Mirza Muxtar Məmmədov, Həbibbəy Mahmudov, Sultan Məcid Qəniyev, Cahangir Zeynalov, Əbdürrəhim Rzayev, Mirzə Ələkbər Axundov, Zərgər Arslan, Muxtar Hüseynov, Hənifə Əliyev, Nəcəfqulubəy Vəliyev, Əbdüləlibəy Əmircanov, Bədəlbəy Bədəlbəyov, İsmayıl Nağıyev, Məhəmmədəlibəy Səlimbəyov, Əlisgəndər Cəfərov, Alma xanım Safrazyan, Mixaylova, Zəkəriyyəbəy Aslanov, Əbdüləlibəy Vəlibəyov, Süleymanbəy Axundov (Sani), Bakıxanov, Minasazov, Mirmahmud Kazımovski, Əlicabbar Ismayılov, Sadıqbəy Zahidbəyov, Murad Muradov, Kuşner, Trotskaya, Stepanova, Əbülfət Vəliyev (Vəli), Əşrəf Cəbrayılbəyov, Ibadov, Isgəndərbəy Məlikov, Dəryabəy Aslanov, Məlikbəy Tahirbəyov, Rəsulbəy Tahirbəyov, Abelyan, Zal Həsənov, Hacıağa Əlibəyov, Rəsul Xasiyev... 

O gecə teatrın fikrilə yatdım. Səhər tezdən iş yoldaşım məni çağırdı, tez evdən çıxıb yoldaşına qoşuldum, teatrda gördüyüm tamaşanı ona da danışdım zə teatra getməyi ona da tapşırdım. İş üstünə çatdıq. Hər kəs çatırdı, teatrdan ona söhbət edirdim. Axır sözləri bu oldu ki: “Adə, yazıqsan, başını sal işini gör, kasıb adamsan, sənin elə yerlərdə nə işin var! Elə yerlərə getmə! Əqidən xarab olar”. Mən bu sözləri eşitdikdə heç danışmayıb işləməyə başladım. Axşam məktəbə getdim, gördüm müəllimlər hamısı bir yerə yığışıb mənim söhbətimi edirlər. Məni görcək Əlicabbar Ismayılov başladı: “Hə, Rzayev, dünən gecə teatrda başına gəldi?” Bu zaman zəng vuruldu. Əlicabbar dərsdən qabaq hamı uşaqları yığıb teatrın nə olduğundan və aktyorluq sənətindən danışdı.

Mən ziyalı olmaq, özümü camaata ziyalı göstərmək istədim. Bir gün dərslə məşğul idim. Qapı açıldı. Gördüm bir nəfər kişi əlində bir dəftər içəri daxil olub müəllimlə nə barədəsə danışdı. Əlindəki dəftəri mizin üstə qoydu. Müəllim üzünü bizə tutub dedi: “Cümə günü teatr var. Kim getmək istəyir, gəlsin bilet alsın”. Mən tez yeriyib o kişidən iki dənə 6 şahılıq balkon bileti aldım, birini özüm, o birisini isə yoldaşım Əlabbas üçün. Bu dəfə teatra qayda ilə getdim. Təcrübəli adamlar kimi Əlabbası da öyrədirdim. Fasilələrdə yoldaşımdan ayrılıb tanış müəllimlərlə gəzirdim: “qoy camaat bilsin ki, mən müəllimlərlə tanışam”. Bu kimi şeyləri özüm üçün böyük şan bilirdim. Məktəbdə isə şəyirdləri başıma yığıb onlar üçün el mahnıları oxuyar, qaravəlli söyləyib, onları güldürərdim. Dərs vaxtı isə nədim-nədim suallar verərdim. Əlicabbar mənə deyərdi: “Rzayev, sək artist olacaqsan. Mən gülə-gülə – Ay mirzə, məndən nə artist? Mən nə bilirəm artist nədir? Artist olmaq böyük hünər istər! – deyərdim. Müəllim məni inandırmağa çalışardı ki, hər kəs nə istəsə, ola bilər.

Məktəbimizin vaxtı bitdi. Mən yayda ciddi işləyib, bir az pul yığdım ki, qışda gecə kursunda oxuduqda daha işləməyim. Mənim üçün həm işləmək, həm dərs oxumaq çətin idi. O zamanlar daş yonardım. Daşın yüzünü 50 qəpiyə yonardım. Səhər saat 6-da işə girib, saat dördəcən işlərdim. Yoldaşlarım gedəndən sonra mən iki saat da artıq işləyib 50 dənə daş artıq yonardım. Hər ay altı-yeddi manat qazancımdan daldalayırdım. Beləliklə, məktəb vaxtınadək – beş ayın müddətinədək – 40 manat pul yığmışdım. Fəqət çox arıqlamışdım. Çəkicin dəstəyi əllərimi qabar edib daşa döndərmişdi. Əllərim sızıldadıqca öz-özuma təskinlik verərdim ki, eybi yoxdur, dərs başlanandan sonra az işlərəm, həm əllərim sağalar, həm də dərsi yaxşı oxuyaram.

Payız gəldi. Məktəblər açıldı. Məktəb uşaqlarının dəstə-dəstə toplaşıb məktəbə getdiklərini görüb həsrətlə onların dalınca baxar, biixtiyar ağlardım. Gecə kursunu çox gözlədim, vaxtında açılmadığını görüb, məktəbə getdim, Həbibbəydən xəbər aldım: “Gecə kursu nə üçün başlanmayır?” O, mənə pərişan-pərişan, daha açılmayacağını bildirdi. Mən heyrətlə səbəbini xəbər aldıqda, təəssüflə cavab verdi: “Gərək müəllimlərə pul verək. İki ildən bəri Tağıyev verirdi. Amma indi daha verməyir”.

Bu cavabı eşitdikdə məlul-məlul onun üzünə baxmağa başladım. Həbibbəy dedi: “Sənin elə bir adamın varmı ki, xərcini versin, mən səni öz məktəbimə götürüm?” Ağlaya-ağlaya heç kəsim olmadığını söylədim. O mənə təsəlli verib, “Səbir elə, bəlkə bir yerdən pul tapdıq, yenə gecə kursu açdıq” – dedi. Peşiman qayıtdım geri. Nə gecə kursu açıldı, nə də işim düzəldi. Bu tərəfdən də anam naxoşladı və naxoşluğu gündən-günə şiddət edərək 40 gündən sonra vəfat etdi. Bir tərəfdən məktəb fikri, bir tərəfdən anamın ölməsi mənə çox ağır təsir bağışladı. Təsadüfən ev tikdirən də olmadı işləyəm. Məişətimiz daha da çətinləşdi. Bənna-fəhləlik də mənim xoşuma gəlmirdi. Ancaq nə etmək olardı, çörəkpulu lazımdı. Anamın iki bacısı var idi: Həcərxanım, Sonaxanım. Anamın vəfatından sonra atalığımla nənəm bir yerə yığılıb məsləhət gördülər ki, bir ailədə iki xərc olmasın. Mən və nənəm atalığımla birləşib bir yerdə işləyib, bir yerdə yeyək. Bu söz-söhbəti eşitdikdən sonra əhvalım daha da xarab oldu. Çox ağladım, razı olmadım. Dedim indi ki, birləşirsiniz, birləşiniz, amma atamdan qalan müxəllafatı, ev əşyasını mənə verin. Bu vaxtadək anam sağ idi, istəməyirdim, indi anam ölüb, siz də birləşirsiniz. Mən özüm üçün ev düzəldib tək yaşamaq istəyirəm. Bunu deyib, ağlaya-ağlaya evdən çıxdım. Naümid, peşiman, gələcəyimi düşünə-düşünə şəhər bağında bir skamyanın üstündə oturub dərin fikirdə idim. Bir də gördüm birisi əlini çiynimə qoyub dedi! “Hüseynqulu, nə fikirdəsən?” Başımı qaldırıb baxanda gördüm Mirzə Məhəmmədhadının oğlu Tağı Əzizbəyovdu. Dərdimi sorub, evinə apardı və orada dərdləşdik. O da öz dərdini mənə nəql elədi. Onun atası məktəb pulu verməyirdi, deyirdi: Bunca oxudun, kifayətdir, gedək mənimlə natariusa mənim üçün kopya yaz! (Atası natariusda ərizə yazan idi). Yoldaşım razı olmayıb, məktəbi bitirmək istəyirdi. Özünə bir balaca otaq düzəldib gündüzlər Bakı tərsanəsində işləyir, məktəb mövsümündə öz xərcini özü çəkərək oxuyurdu. Mənə də Bakı vağzalında işləmək üçün depoya bir ərizə verməyi məsləhət gördü. Çunki depoda işçi bar az artıq maaş alırdı. Razı oldum. Tağı bir ərizə yazdı. Lakin ərizəni aparıb deponun müdirinə verdikdə oxumamış dedi: “Yer yoxdur”. Peşiman-peşiman yoldaşımın yanına gəlib əhvalatı nəql etdim. Bir az fikirdən sonra mənə dedi ki: “Hüseynqulu, sən doğrudan da oxumaq istəyirsən?” Dedim: “Əlbəttə, istəyirəm”. Dedi: “O zaman biz belə edərik, mən sənə rusca dərs verərəm. Sonra necə olur-olsun tərsanədə sənin üçün iş taparam”.

Evə gəldikdə gördüm xalalarım nənəmlə dava edirdər. Məni görcək başladılar:

– İşə-gücə getməyirsən. Birləşməyə də razı olmayırsan. Bu aclıqda hələ bir dərs fikrinə də düşmüsən. Dərs oxuyanın gərək cibi dolu olsun. Veyl-veyl küçələrə düşmüsən. Xalq səni ələ salır, sən də elə bilirsən səndən bir mirzə olacaq. Bizim anamız ac qala bilməz. O birləşir, indi ki, sən birləşməyirsən, get, özün bil, nə təhər dolanırsan dolan! Can sənin, cəhənnəm tanrının.

Sonra üzlərini nənəmə tutub dedilər: “Ay arvad, sən axmaqsan, bundan ötrü canın çıxır. Bundan heç bir şey olmaz. Oxuyub başına tac qoyacaq?” Mən bu sözləri eşitdikdə az qaldı bağrım çatlasın. Dedim: “Çox razıyam, sizdən də heç bir şey istəməyirəm. Mənə bir dənə otaq verin, orada ömür sürüm. Sizdən bir qurtum su da istəmirəm”.

O gündən yoldaşımdan dərs almağa başladım. O məni tərsanədə işə düzəltdi. Gündüzlər işə gedirdim. Gecələr yoldaşımdan dərs alandan sonra evə qayıdıb qıfıllı qapını açıb qaranlıq və soyuq evə girmək mənə çox əsər elərdi. Heç kəs məni saymazdı. Ancaq nənəm mən gəlincəyə qədər yatmayıb, gözünü mənim yoluma dikir və gəldiyimi bilib yavaşcadan yanıma gələrək evdə bişirdikləri şeylərdən mənə gətirərdi. Mən yatdıqdan sonra o da rahat olardı. Nənəmin mənə qarşı bəslədiyi məhəbbəti bildikdə atalığım da paxıllığından xalalarıma xəbər verərdi. Onlar da gəlib nənəmlə dava edərdilər.

...Dərslərim ağırlaşdı. İş də məni yormağa başladı. Fikir eyləyirdim: “işdən qaçım, paltar lazımdır; dərsi buraxım, necə buraxım?” Axırda naəlac qalıb, həftənin üç gününü işlər, üç gününü işləməzdim.. Beləliklə də aldığım maaş mənə çatmazdı. Xalalarım elə bilirdi xi, əgər mən onların evlərinə getsəm, evlərini talayacağam. Mənim gəldiyimi görcək, əgər çörək yeyən zaman olsaydı, süfrəni gizlədərdilər. Hərçənd bu mənə əsər elərdi, lakin dərslərimə artıq dərəcədə diqqət verərdim. Yavaş-yavaş paltarlarım köhnəldi, çəkmələrimin altı dağıldı və hətta o məqama gəldi ki, dəyişdirməyə dəyişək də tapmadım. Axırda otağımda olan pəncərə pərdələrini söküb, ağ-güllü olmasına baxmayaraq, özümə camaşır tikdirdim... Dəftər və qələm almağa pulum yox idi. Bir yaxşı portmanatım (pul kisəsi) var idi. Fikir elədim ki, portmanatı olanın gərək pulu da olsun. Madam ki, pulum yoxdur, daha bu nəyə lazımdır. Odur ki, satıb özümə kitab-dəftər və qələm aldım. Şalvarımın oturan yeri dağılmışdı. Özüm yamamışdım. Yamağı örtmək üçün bir uzun yay paltosu geyərdim. Camaat arasına çıxmağa utanardım.

Bu qayda ilə qış ayı qurtarıb mart ayı gəldi. Novruz bayramı oldu. Mənim bir əmim oğlu var idi, Əhməd Quliyev. Hacı Hacağanın “Paşa Dadaşov” adlı paroxodunda komandir idi. Bayram münasibətilə onlara getdim. Məni görüb gülər üzlə əhvalımı xəbər aldı. Macəranı buna nəql elədim. Sordu: “Rusca oxuyub-yaza bilirsənmi?” Dedim: “Bir az bilirəm”. Bu adam bir az savadlı idi və məktəb sevən uşaqları çox istərdi.

Bir kitab gətirdi; adı “Naviqatsiya” (Gəmi hərəkəti) idi. Açıb bir yerini göstərdi, oxu. Mən də oxudum. Sonra qoltuğundan bir dəftər çıxarıb oxuduğumu mənə yazdırdı. Yazdıqdan sonra:

– Ay maşallah, ay maşallah! Mən sənin dərs oxumağını eşitmişdim, inanmayırdım. Bəs indi nə etmək istəyirsən? Üst-başın dağılıb, daş yonmaq da istəməyirsən. Bəs necə olsun? – dedi.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info