Qonaq Kitabı
İŞLƏRİN YAŞ EYLƏMƏ

 (Molla Nəsrəddinə)

 

Molla, gəldin yenə də işləri yaş eyləməyə?

Bir para işləri açmağa, faş eyləməyə?!

 

Yox idin, biz də bir az rahət olub yatmış idik,

Arı, namusu yeyib, qeyrəti də atmış idik,

Hünəri, səyi, bütün varı-yoxu satmış idik,

Kəpəyi arpaya, arpanı una qatmış idik,

Sən də gəldin yoğurub indi lavaş eyləməyə,

Molla, gəldin yenə də işləri yaş eyləməyə?!

 

Harda idin, a sənin başına bir daş düşsün!

Hamıya yağlı plov, tək sənə bozbaş düşsün,

Sənə həmsüfrə yeyən bir yekə yoldaş düşsün,

Görüm hər yerdə işin mən kimi çaş-baş düşsün!

Yenə gəldin məni azdırmağa, çaş eyləməyə?

Bir para sirləri açmağa, faş eyləməyə?!

 

 Mollasan, çünki sənin böylədir aləmdə işin,

Bəllidir hər kəsə, hər yerdə sülukun, rəvişin!

Yoxdur ehsan, daha, bica yerə, qırcıtma dişin!

Gəlmisən, sakit otur, sən tarı, gəl çək qəmişin

Dinc otur, gəlməmisən dava-dalaş eyləməyə,

Molla, gəldin yenə də işləri yaş eyləməyə?!

 

Səni verrəm qəsəm ağbaşlıların başlarına,

Aşkara aldığına, gizlicə daşbaşlarına!

Daşına, başlarına, başlarına, daşlarına,

Yeni aşxanaların şorbasına, aşlarına,

Yenə gəldinmi, kişi, işləri yaş eyləməyə?

Bir para sirləri açmağa, faş eyləməyə?!

 

Gəlmisən, tezcə qayıt, get yenə İranə sarı,

Durma, ver kəndini bayquş kimi viranə sarı,

Nəzəri-mərhəmət ətf etməmiş imkanə sarı

Bir qədər axça axıt barı cibişdanə sarı,

Sonra get aç başını, başla şabaş eyləməyə,

Molla, gəldin yenə də işləri yaş eyləməyə!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info