QIZIL YURDUM
Şanlı yurdum, sənin bu on beş ildə, Yaratdığın işlər hesaba sığmaz. Söyləmək asandır bu sözü dildə, Yazılsa, yüz belə kitaba sığmaz.
Artdı gündən-günə, daşdı sellərin, Qoşduqca irəli qoşdu ellərin, O qədər incədir sənət tellərin, Çalmaq üçün heç bir rübaba sığmaz.
Bir zaman quluydun-şəhriyarların, Bir müddət əsiri oldun çarların, İndi ulduzusan bəxtiyarların... Tüluun göylərdə səhaba sığmaz.
Atıldı meydana mərd oğulların, Açıldı büsbütün bağlı qulların, Əyilməz bir daha çəlik qolların, O qollar zəncirə, tənaba sığmaz.
Şuralardan aldın bu parlaq nuru, Nə qədər haqlısan etsən qüruru, Utanma, gizlətmə eylə süruru, Şadlığın böyükdür, hicaba sığmaz.
Elim bəxtəvərdir, könlüm bəxtəvər... Sənindir gələcək açılan səhər, Səbəbi aydındır, sorsalar əgər, Bu sorğu müxtəsər cavaba sığmaz.
|