Görsəm rəqibi həmdəm olubdur o mah ilə
Görsəm rəqibi həmdəm olubdur o mah ilə, Aləmləri yıxıb-yaxaram bircə ah ilə.
Əl çək, rəqib, yetməz əlin yar kuyinə, Görmüş gədanı kim ola həmbəzm şah ilə?
Bir yarə vurdu sinəmə çeşmi-xumari-yar, Aldı bəlalı könlümü süzgün nikah ilə.
Əbrulərindən eyləsələr qətlimi sual, Sabit olur bu əmr, iki adil güvah ilə.
Mehrabə oxşadan qaşını səhvi-məhz edir, Var fərqi xeyli, qaşlarının qibləgah ilə.
Göstərdi saldı damə o simintən, aldadıb, Könlüm quşunu daneyi-xali-siyah ilə.
Bədri, nəsib olur sənə axır vüsali-yar, Səbr et, keçirmə günlərini ahü vah ilə.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info