Qonaq Kitabı
Ey ənbər qoxulu bahar ruzgarı

Səndən ilham alır havalı könlüm,

Unudur qüssəni, qəmi, təlaşı.

Gözə nur verirsən, ürəyə qüvvət,

Mehrabım sanıram o qələm qaşı.

Sənin həsrətinlə əl-qol ataraq,

Qana qəltan olur könlümün quşu.

Əyilib qamətim olub aypara,

Hicrin bel əyməkdə deyilmiş naşı.

Eşqinlə əriyib axır ürəyim,

Qəlbimin qanıdır gözümün yaşı.

Sübhədək ağlayıb anıram səni,

Deyirəm bunları hər sözün başı:

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!

 

Sevgi bağçasının türfə qönçəsi!

Bənzər ayın, günün sənə çöhrəsi.

Mən kimi minini oda salıbdır,

Sən kimi gözəlin nazı, qəmzəsi.

Məni bəd taleim ayırdı səndən,

Köhnə dərd üstünə gəldi tazəsi.

Ruhum həsrətinlə uçdu bədəndən,

Hardasan, ey ruhum, atma bikəsi!

Yaqut dodağından şəfa istəyir,

Bu sövda bimarı, hicran xəstəsi.

Unutma əhdini, bizə nəzər sal,

Ey mənim gözümün nuri-didəsi.

Sənin şəmə bənzər düz qamətinin,

Od tutub alışır bu pərvanəsi.

Vəslin xəyalilə söz qoşur könül,

Onun bundan özgə varmı çarəsi?

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!



[i] Üzar – Yanaq.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info