Qonaq Kitabı
Ey ənbər qoxulu bahar ruzgarı

Ey ənbər qoxulu bahar ruzgarı,

Gəzirsən çölləri, uca dağları.

Sənsən aşiqlərin gizli qasidi,

Bikəsin, qəribin yarı, qəmxarı.

Nəfəsin güclüdür İsanınkı tək,

Yusifin ətrinə vardır oxşarı.

Dostların kuyinə düşsə güzarın,

Gəzərsən ordakı yaşıl bağları.

Pərəstiş eləyib, min yol öpərsən

Onların gəzdiyi o torpaqları.

Getdiyin o yerdə, dost məclisində,

Əgər görə bilsən ay üzlü yarı,

Axıdıb göz yaşı candan-ürəkdən,

Oxuyarsan ona sən bu əşarı:

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!

 

Yubanma, ey nəsim, yola ol rəvan,

Dediyim mənzilə çatdığın zaman,

Hər yana baş vurub, gəzib hər yeri,

O uca boylumu taparsan haman.

Odlu bir ah çəkib, mənim dilimdən,

Həmin bu sözləri edərsən bəyan:

Camalın Kəbəmdir, qibləgahımdır,

Qaşların tağıdır mehrabım, inan.

Tapılmaz heç yerdə sənin kimi sərv,

Sənin tək bir günəş gərməmiş cahan.

Artıq, fərağına, ey xoş ədalım,

Məndə nə səbr var, nə tabü təvan.

Düz iki həftədir, yata bilmirəm,

Xəyalın yatmağa verməyir, aman.

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!

 

Onu xoş yaradıb xaliqi-xilqət,

Hüsnü qiyamətdir, onun qiyamət.

Qoşa hilalı var o ay üzündə,

Kim bu möcüzəyə eyləməz heyrət!

Gözəllik bağında bitən ağacda,

Iki var bəsləyir həmin səhi-qəd.

Ay üzlü dilbərin ayrılığından

Yurd salıb bağrımın başında möhnət.

Bil ki, üzüm gülüb, könlüm şad olmaz,

Necə ki, vəslinə çəkirəm həsrət.

Xəbərin varmıdır, ey səhər yeli,

Nə dağlar çəkibdir sinəmə firqət?

Yüzlərcə mən kimi məftunu olan

O gəncin yanına eylə səyahət.

O işıqlı aya de ki, Heyranın

Bu sual qoymamış canında taqət:

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!

 

Ey ənbər qoxulu nəsimi-səhər,

Ətrin dilbərin ətrinə bənzər.

Aşiqin qasidi sənsən əzəldən,

Köməksizlər səndən köməklik dilər.

Vəfalı dilbərin yanına get sən,

Mekribanlıq elə, ektiram göstər.

De ki, ey məkəbbət bağının gülü,

Yanında özünü çiçək xar bilər.

Ay kimi, gün kimi işıqlı yarım,

A kəklik yerişli, ədalı dilbər.

Sənin fərağında gecə sübhəcən,

Şeyda bülbül kimi çəkib nalələr,

Od tutub yanıram, xəyalınla, ah!

Axır gözlərimdən gur şəlalələr.

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!

 

Fərağın alıbdır ixtiyarımı,

Eşidir göylər də ahü zarımı.

Nə xəbər tutursan, nə hal bilirsən,

Yaman qaraldırsan ruzigarımı.

Nə sənsiz yaşaya bilirəm, ey yar,

Nə çəkə bilirəm intizarımı.

Gözlərimdən axır qəlbimin qanı.

Qızardır lalə tək qan üzarımı[i].

Hicran gecələri sübh açılınca

Od-alov bürüyür cismi-zarımı.

Yolunda, ey cavan, qurban eylərəm

Bil ki, həm canımı, həm də varımı.

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!

 

Ey səhər nəsimi, ey ənbər saçan,

Sənsən xəstələrin dərdinə dərman,

Sədaqət, məhəbbət xatirəsinə

Tez ol, sevgilimin yanına yollan.

Dilbərin kuyinə gedib çatınca.

Ara, gör hardadır sevimli canan.

Mənim salamımı yetirib ona,

Söylə: ey türfə dost, ey munisi-can,

Camalın günəşdir, gözlərin cadu,

Uca boy-buxunun sərvi-xuraman.

Həsrətinlə çatmış həyatım sona,

Məndə tabü təvan qoymayıb hicran.

Göz yaşı axıdıb hər axşam, səhər,

Təkrar eyləyirəm bu sözü hər an:

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!

 

Ey ipək rəftarlım, ey xoş ədalım,

Ey saçı şahmarım, nadir camalım,

Qaşlar ay üzündə qövsi-qüzəhdir,

Ey dəhanı qönçəm, qaşı hilalım!

Alabaxta kimi “qu, qu” deyir dil,

Səni yad etdikcə fikrü xəyalım.

Dinə zərər vurur varlığın, ey büt,

Ey gözəl gözləri cadu misalım.

Könlümün quşunu həbs eləməkçün,

Saçın tor qurubdur, ey qara xalım.

Üzündən, zülfündən, xalından ayrı,

Hər yana qaçmaqdan pozulub halım.

Sən Allah, sözümə doğru cavab ver,

Cavabsız qalmasın sorğu-sualım:

Gül üzünü görmək, ey sərv qamət,

Görən, bir də mənə olarmı qismət?!

 

Ey cavan ömrümün cavan sirdaşı,

Kədərli qəlbimin sənsən yoldaşı,



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info