Dustan! Hali-dili-zarimi dildarə deyin
Dustan! Hali-dili-zarimi dildarə deyin, Şəhri-əhvalımı ol yari-sitəmkarə deyin. Ruhi cismimdən alan ol büti-xunxarə[i] deyin, Bəlkə bir rəhm edə bu ahi-şərərbarə, deyin, Məni hicran ələmi saldı nə odlarə, deyin.
Bəh ki, girdabi-bəla[ii] içrə şikəst oldu gəmim, Qərqi-tufan oluban, həddən ötübdür ələmim. Yoxdu bir yari-vəfadar, bu dəm tutsun əlim, O sitəmkarə belə ərz eləyin dərdü qəmim, Qalmışam qürbət əra bikəsü qəmxarə, deyin.
Etdi dərmaninə möhtac o məhparə məni, Qoydu bu çöllər əra bikəsü avarə məni. Mübtəla etdi fəraqə genə xunxarə məni; Gər ki, sizdən xəbər alsa o gözü qarə məni, Əli yardan üzülüb, oldu günü qarə, deyin.
O cavana ki, qədi sərvi-dilaradır onun, Üzü gül, xali siyəh, zülfü səmənsadır onun, Yusifi-dəhr ki, şeydası Züleyxadır onun, O təbibə ki, ləbi-ləli Məsihadır onun, Çarəsiz dərdimə şayəd eləyə çarə, deyin.
Olmaz ol yari-vəfadarə qərin[iii] hurü mələk, Qəmi-hicrində məni-qəmzədəyə yoxdu kömək, Ümidim var idi ol mahi-rühi bir də görək, Bürci-sədi-şərəfindən[iv] ayırıb, çərxi-fələk, Kovkəbi bəxtimi saldı genə idbarə, deyin.
Dustan! Saldı ayaqdan məni hicran sitəmi, Fələyin möhnəti, həm ayrılığın dərdü qəmi, Yandırıb bağrımı, həm çak qılıbdır sinəmi, Etdi pamali-sitəm[v] canımı qürbət ələmi, Zəhri-hicran eləyib bağrımı sədparə deyin.
Ya rəb, ol bir də görər yarı kənarində dəxi?! Qönçəyi-gül açılıb baği-baharində dəxi, Xali yer yoxdu onun cismi-fikarində[vi] dəxi, Qalmadı tabü tavan, çün dili-zarində dəxi, Eləsin rəhm bu Heyrani-girifqarə, deyin. [i] Boti-xunxar – Qana susayan gözəl. [ii] Kirdabi-bəla – Bəla burulğanı. [iii] Qərin – Yaxın, tay bərabər. [iv] Bürci-sədi-şərəf – Şərəf və xoşbəxtliyin bürcü. [v] Pamali sitəm – Sitəm tapdağı. [vi] Cismi-fikar – Dərdli bədən.
|