Qonaq Kitabı
Sevgi işlətmiş genə yüz min kələk

Qalmışam bunca hüzurindən cida?

Bivəfa, olmuş işin cövrü sitəm,

Bəs deyilmi bunca çəkdim dərdü qəm?

Ey cəfasından olan halım təbah,

Bəs deyilmi çəkdiyim zülmündən ah?

Oldum ol gündən ki, mən səndən cida,

Taqətim getdi əlimdən bərməla[x].

Ayrı düşdüm səndən ey sərvi-rəvan.

Oldu karım ağlamaq, ahü fəğan.

Gül cəmalın həsrətində nazlı yar,

Qəlbimin qanı mənim gözdən axar.

Şair öz şeirində düzmüş incilər,

Sanki vermiş, həsbi-halimdən xəbər:

“Halıma gəl rəhm ey səyyad qıl,

Sat və ya öldür və ya azad qıl!”

Qəm əlində qalmışam çoxdan əsir,

Rəhm qıl canan, mənə ol dəstgir[xi].

Dəstgir ol, dadə çat, ey dilbərim,

Oxşa qəmli könlümü ey sərvərim!

Canıma salmış şərər[xii], suzi-fəraq[xiii],

Ömrümü çatdırdı başə iştiyaq.

Firqətində getdi səbrim qarətə,

Saldı od nari-fəraqin[xiv] taqətə.

Səbrü taqət oldu könlümdən cida,

Əlvida, ey səbrü taqət, əlvida!

Dərdi-hicrindən sənin ey mehriban,

Natəvanəm, natəvanəm, natəvan.

Oldu qəlbim həsrətinlə çak-çak,

Qorxu yoxdur qüssədən olsam həlak,

Firqətində çəkmişəm canımdan əl,

Könlümə bir şur düşmüş, ey gözəl,

Həsrəti-ruyində ey istəkli yar,

Gözlərimdən yaş axar biixtiyar.

Hicr odunda ey əzizü mehriban.

Yandı qəlbim, qalmadı canda təvan.

Ağlaram bülbül kimi, gah zar-zar.

Gah bulut tək gözlərimdən qan axar.

Gah yanar canım mənim bir şəm tək,

Gahi atəş püskürər odlu ürək.

Gahi səhrayə düşüb divanəzvar,

Ağlaram cövrün əlindən zar-zar.

Gah olar viranə küncü məskənim,

Düşməsin bir böylə dərdə düşmənim.

Bilməm hansı firqənin mənsubiyəm,

Bir dəqiqə çəkməz əl məndən ələm.

Mən kimi bibalü pər bülbül hanı?

Bülbüləmsə, dostlarım, bəs gül hanı?

Mən bu məclisdə əgər pərvanəyəm,

Bəs hanı şəmim, belə divanəyəm?

Mən əgər Məcnunam, ey dostlar, aman,

Sevdiyim Leyladən harda var nişan?

Ey əzizlər, el hanı, ayin[xv] hanı?

Mən əgər Fərhadəm, o Şirin hanı?

Bəs o mahi-aləmara[xvi] hardadır?

Vamiqəmsə, nazlı Əzra hardadır?

Cövri-hicrani məni əldən salıb,

Mən Züleyxa, Yusifim harda qalıb?

Mən kiməm, yarəb, nədir cürmüm[xvii] mənim?

Ağlayır əhvalıma öz düşmənim.

Ey xüda, çarə nədir, çərxi-fələk,

Vəslimə qarşı qurar hər cür kələk.

İştiyağında məni yandırdı yar,

Başıma kül səpdi zalim ruzigar.

Ey xüda, rəhm et bu xəstə canıma,

Tez yetir mən bikəsi cananıma!

Ey xüda, sənsən rəhimi-layəzəl[xviii].

Rəhm qıl, ta qismətim olsun vüsal.

Yandı canım firqətində, ey xüda!

Bəs nə vaxtadək qalım ondan cida?

Həm sümük yandı tənimdə, həm ilik,

Cani cananə yetir bir dəfəlik!

Yar vəslilə məni qıl şadikam,

Xahişim bitdi bununla, vəssəlam.



[i] Dili-xunbar – Qanlı könül.

[ii] Xakistər – Gül.

[iii] Təbah – puç, məhv.

[iv] Bəstə–Bağlı.

[v] Şəmatət – Məzəmmət.

[vi] Iftadə – Düşgün.

[vii] Bədri-təmam – Bütöv dairə, 14 gecəlik ay.

[viii] Beytülhəram – Məkkə, Kəbə evi.

[ix]Cünun – Dəli. 

[x] Bərməla – Açıq-aşkar.

[xi] Dəstgir – Ələ keçmiş, tutulmuş.

[xii] Şərar – Od, alov.

[xiii] Suzi-fəraq – Ayrılıq yanğısı.

[xiv] Nari-fəraq – Ayrılıq odu.

[xv] Ayin – Qayda, qanun.

[xvi] Mahi-aləmara – Aləmi bəzəyən ay.

[xvii] Cürm – Günah, qüsur, cinayət.

[xviii] Rəhimi-layəzəl – Allah.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info