Qonaq Kitabı
Ey səba, ey məhrəmi-razi-dilim

Qanlı yaş tök gözlərindən, dad elə.

Baş qoyub ol basdığı torpağa sən,

Fərş tək gəl qarşısında bir döşən.

Ver xəbər bu dərdimi, et ahü zar,

Nalə ilə halimi qıl aşikar.

Söylə ki, qurban olum mən canına,

Rəhm qıl bari sən öz qurbanına!

Söylə, getdin sən hara ey dilrüba,

Ol xəmi-əbrüyə[xvii] bu canım fəda.

Söylə, getdin sən hara, qurban olum?

Mən fədayi-ləli-dürrəfşan[xviii] olum.

Sən ki, getdin ey nigari-məhcəbin,

Dərd əlindən olmuşam zarü qəmin,

Həsrətin bu cani bimar eylədi,

Hicrin axir qəlbimi zar eylədi.

Firqətindən gündüzüm olmuş gecə,

Indi gör hər bir gecəm keçmiş necə?

Göylərə çıxdı fəğanım sərbəsar,

Ah, gecəmdən, gündüzümdən əlhəzər!

Hicrətindən ey əzizi-mehriban,

Gözlərimdən qanlı yaş olmuş rəvan.

Hicrətindən[xix] getdi axır canü tən,

Sənsiz ey səyyareyi-Kənani-mən,

Ağlaram daim, könül tutmaz qərar,

Bu cahan zindana dönmüş, ey nigar!

Busitanə bir zaman etsən güzər,

Bülbülün əhvalına salsan nəzər,

Yad elə bu biqərari, yad elə!

Yad elə bu xakisarı[xx], yad elə!

Sən ki, olmuşsan Əzizi-Misr yar,

Padişahi-aləm oldunsa, nolar?

Sakini-beytül həzəndən[xxi] tut xəbər.

Bu əsiri yad qıl, ey taci-sər!

Qəddinə qurban ola mən binəva,

Səndəki xasiyyətə canım fəda.

Bivəfalıq olmasın səndə şüar,

Zülm edib qılma məni sən xakisar.

Gah bir nameylə yari yad qıl,

Xatiri-qəmdidəmi sən şad qıl.

Ta xüda etsin mənə vəsli nəsib,

Çün mənəm biçarəvü zarü qərib.

Yandırıbdır canimi bu iştiyaq[xxii],

Əlfəraqü əlfəraqü əlfəraq[xxiii].

Yandı hicrindən sənin bu tən, bu can,

Ələmanü ələmanü ələman!

Ey səba, çün bunlara etdin əməl,

Sonra xoş səslə bəyan et bir qəzəl:

Ey ayım, möhnət çəkən bu yarını bir yad qıl!

Zülmdən əl çək, vəfa et, sən vəfa bunyad qıl!

Dinü dil aldın, sora etdin dübarə qəsdi-can,

Kim sənə öyrətdi ey dilbər, belə bidad, qıl!

Bir nəzər sal halimə ey bivəfa, bir rəhmə gəl,

Hicrə düşmüş qəlbimi sən bircə anlıq şad qıl!

Bu dili-məhzun fəraqindən dönüb olmuş xərab,

Qəlbi-hicrandidəmi vəsl ilə sən abad qıl?

Ey xüda, bir rəhm qıl bu dideyi-giryanimə,

Sən məni yarın fəraqindən bir az azad qıl!

Bir kəsim yoxdur mənim, ta eyləsin dərdə dəva,

Ey xüda, tənha qalan bu bikəsə imdad qıl!

Dostuna sən üz tutub Heyran, nə qədri qüvvə var,

Ey fəğir, sidqi-ürəkdən nalə et, fəryad qıl!



[i] Razi-dil – Ürək sirri.

[ii] Qasidi-dildari-mən – Yarımdan xəbər gətirən.

[iii] Ərzi-peyam – Sifariş yetirmək.

[iv] Dur – Uzaq.

[v] Pabəstə – Ayağı bağlı, məc., əsir.

[vi] Pəjmürdəhal – Dağınıq hallı, kefi pis.

[vii] Bipərü bal – Qol-qanadsız.

[viii] Bad – Külək, yel.

[ix] Mürği-fərruxfal – Xoş xəbər verən quş.

[x] Övzayi-hal – Vəziyyət, əhval.

[xi] Həras – Qorxu, vahimə.

[xii] Dili-sədçak – Yüz parça olmuş ürək.

[xiii] Bəhri-xüda – Allah xatirinə.

[xiv] Qasidi-şirin zəban – Şirin dilli xəbər gətirən.

[xv] Bəstər – Yatacaq, yorğan-döşək.

[xvi] Tirəxak – Qara torpaq.

[xvii] Xəmi-əbru – Qaşın əyrisi.

[xviii] Dürrəfşan – Dürrsəpən.

[xix] Hicrət – Ayrılıq, köçmək.

[xx] Xaksar – Torpağa döşənmiş; məc., müti, həqir.

[xxi] Sakini-beytülhəzən – Qəm evinin sakini.

[xxii] Iştiyaq – Həvəs.

[xxiii] Əlfəraq – Ayrılıq, hicran.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info