Qonaq Kitabı
Səhər nəsimi, qıl ətrinlə aləmi şadan

Səhər nəsimi, qıl ətrinlə aləmi şadan,

Bu naməni alıb, ol şah hüzuruna yollan!

O barigahə ki, qeysər keşik çəkər orda.

O barigahə ki, İskəndər ondadır dərban[i].

O barigahə ki, ayla günəş olar gülmix,

O barigahə ki, onda yaşar Ənuşirəvan!

Öp asitanəsini, daxil ol icazə ilə,

O şahzadənin öp iczilə ayağından.

O şahzadə ki, aləmlərin əzizəsidir,

Şərəflə ismətinə rəşg edər bu əhli-cahan.

Çatar onun nəsəbi taki bəylərin bəyinə,

Həya bağında o bir qönçə tək olar xəndan.

O göhərin tayı yoxdur şərəf mühitində,

O, ismətilə seçilmiş bütün qadınlardan.

Nəcabətində olub sərvi-gülşəni-iffət[ii],

Südünü əmmiş onun şahzadeyi-zişan[iii].

Ona de: – Ey güli-gülzari-ismətü həşmət![iv]

Fəqir dustu, özü hüsndə məhi-dövran.

Sənin qapında Firəngiz həqir cariyədir[v],

Günəş də xidmətə bel bağlamış dilü candan.

Səba! Sitayişü mədhü səna edib, sonra

Yetir hüzuruna məndən səlami-bipayan[vi].

Xitab qıl ki, sənə ol fəqiri bikəsdən,

Səlam vardır, əya baği-hüsnə sərvi-rəvan.

Sən, ey olan iki dünyada kani-lütfü kərəm,

Xəbər tutarsan əgər binəvalar halından,

Nə növ nəzmə çəkim aşinaların qəmini,

Neçə deyim ki, uzaq düşmüşəm mən onlardan?

Yadında varmı sənin lütfin ilə bir müddət,

Vəfalı dostlar ilə mehriban idik candan.

Necə ki, lölöyü mərcan birləşər teldə,

Bizim də birliyimiz möhkəm idi xeyli zaman.

Həzar heyf, qırıldı o tel, bu gün əhbab

Cəfayi-dəhrdən olmuş cahanda sərgərdan.

Biri Mərağədədir, digəri Urumiyədə,

Birinə məskən olub burda guşeyi-zindan.

Gecə dua səsim, hər sübh ahim ərşə çıxar

Ki, bəlkə həqq mütəəssir ola fəğanımdan,

Sizi mənə yetirə tezlik ilə xaliq özü,

Ola fəqirlərin dərdinə o gün dərman.

Qəriblər qayıda hər diyardən vətənə,

Ola vüsalə mübəddəl[vii] bu möhnəti-hicran.

Düşə nizamə genə binizam olan ölkə,

Yetə fələkzədələr iztirabına payan[viii].

O incə xatirinə çatmasın məlal – deyə,

Sözü uzatma, bu nəzmə xitam[ix] ver, Heyran!

Səmayə əl götürüb, qıl dua o Xatunə,

Ona nə qədri dua eyləsən, səzadır[x], inan.

Dilə ki, hər nə qədər yer durar, fələk dolanar,

Günəş yanar, ay ilə ulduzu edər taban.

Nə qədər zülmət ilə nur var bu dünyada,

Nə qədər gündüz işıqdı, gecə qaranlıq haman,

Onun əduləri[xi] olsun hədəf bəla oxuna,

Vəliyi-nemətini[xii] şad eyləsin yaradan.

Xələfləri yaşasın şad, gül kimi xürrəm,

Günəş kimi hamıya nur eyləsin ehsan.



[i] Dərban – Qapıçı.

[ii] Sərvi-gülşəni-iffət – Ismət bağının sərvi.

[iii] Şahzadeyi-zişan – Şanlı şahzadə.

[iv] Həşmət – Cəlal.

[v] Cariyə – Qulluqçu qadın, kəniz.

[vi] Səlami-bipayan – Sonsuz salam.

[vii] Mübəddəl – Çevrilmə, dəyişmə.

[viii] Payan – Son.

[ix] Xitam – Son, axır.

[x] Səza – Rəva, layiq.

[xi] Ədu –  Düşmən.

[xii] Vəliyyi-nemət – Hami, həvadar, sahib.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info