Yarın on dörd gecəlik ay kimi simasına bax
Yarın on dörd gecəlik ay kimi simasına bax, Ətri-ənbər qoxuyan telləri burmasına bax.
Bilmirəm qövsü qüzəhdir, ya igidlər kamanı. Qiblə tək qaşlarının sorğuda durmasına bax.
Ovlayar bir baxışıyla neçə minlərlə gözəl, O qara gözlərinin sehrinə, sövdasına bax.
Sanki cənnət gülü tək ağzı həyat mənbəidir, Dürrü gövhərlə dolu yaquti-həmrasına bax.
Cəlb edir can quşunu danə tək ağ üzdə xalı, Hələ gur saçlarını tor kimi qurmasına bax.
Dolu xəzinədir ay üzlü nigarın sinəsi, O ilan saçlarının pusquda durmasına bax.
Heyranın sərv kimi qaməti nun olmuşdur, Gəl yarın qamətinin zərb ilə vurmasına bax.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info