Ey yar, bu gün artıq ciyərim qanə dönübdür
Ey yar, bu gün artıq ciyərim qanə dönübdür, Könlüm duyub hicranımı zindana dönübdür.
İnsafdan əsər yox, ürəyində, deyəsən ki, Uğrunda yarın aşiqi-nalana dönübdür.
Hicran oduna düşdü, yazıq, quş kimi könlüm, Gəl gör o qanadsız necə üryanə dönübdür.
Ay üzlü nigarım bizə gəl, yaxşı nəzər sal, Gör, bir canımız var, o da qurbana dönübdür.
Səndən savayı başqa yarım dünyada olsa, Aləm görəcək göz yaşım ümmanə dönübdür.
Tacir deyiləm, vəslinə sərmayə yoxumdur, Bircə ürəyim var, o da əfqanə dönübdür.
Rəhm eylə, gülüm, dön geri, Heyranı sevindir, Əğyar desin... “Yarı dönübdur, nə dönübdür”.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info