Qonaq Kitabı
Gözəl yarı o yerlərdən keçən vaxtı, bir an gördüm

Gözəl yarı o yerlərdən keçən vaxtı, bir an gördüm,

Onun eşqiylə məst olmuş bütün pirü cəvan, gördüm.

 

Gözəllər məskəni səssiz-səmirsiz olmalı mütləq,

Fəqət orda nə səssizlik, nə də rahət məkan gördüm.

 

Görüncə həmdəm əğyari o gənci-həmzəbanimlə,

Əgər bilsən nələr çəkdim, başımda min tufan, gördüm.

 

Bütün ömrüm boyu bir də o yerlərdən yolum düşməz,

Axı orda rəqibdən söz eşitdim, yüz yalan gördüm.

 

Qəmər üzlüm, nə pis yerdə məkani-aşiyan etmiş,

Yaralı könlümü quş tək o yerdə sızlayan gördüm.

 

O dildarın fəraqında şikəstə bülbül ah çəkdi,

Saraldı gül kimi soldu, könül mülkündə qan, gördüm.

 

Qanadım sındısa, Heyran, o dildarın vüsalında,

Nə bir ləhzə ümid gördüm, nə bir ləhzə güman gördüm. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info