Qonaq Kitabı
ÖZÜMƏ

Şimşəkdən qanada al,

                     yolun uzaqdı,

Hələ neyləmisən,

                     ömür yarıdı.

Səni gedəcəyin son mənzilə də

Şerin qanadında aparmalıdı...

Arxayın salmasın qoy şöhrət səni,-

Çörək dostu kimi üzüdönükdür.

Həyat yar deyil ki, pıçıldayasan,

Gərək qışqırasan,

                dünya böyükdür.

Hələ uzaqlara çatmayır səsin,

Dünyanın ki, səndən xəbəri yoxdur.

Addımın dayansa,

               bir nəğmə oxu,

Yaxşı ki, nəğmənin çəpəri yoxdur...

Hər günün sonunda gecə görünür,

Yandır ürəyini yol azmayasan,

Arxanca qara bir kölgə sürünür,

Çalış kölgənlə də gül əzməyəsən.

Yuxu ömrümüzə rahat bir qəfəs;

Sən isə başının altına daş qoy.

Həsədin, qibtənin kəndirini kəs,

Qəlbində paxıllıq yerini boş qoy!...

Zirvədən aşağı daş da yüyürür,

Əgər bacarırsan zirvəyə tələs,

Tələs, a dostum, tələs!...

 

İllərin amansız sınağı olur,

Boş keçən günlərə əlimiz çatmır.

İlham dediyimiz dolu tüfəngdir,

Elə ki, pas tutdu,

                    atmır ki, atmır,...

Köhnə sevgilər də haraya gəlməz,

Uzaq xatirələr isitməz səni.

Başını qəfil bir duman bürüyər

Buz tutan bulaqlar içirtməz səni...

Bəlkə o günləri görə bilmədin,

Nə çoxdur şəhərdə maşın qəzası,

Demə ki, mən getsəm,

                    dünya boş qalar,

Yerinə təzəsi gələr, təzəsi.

Sənin ki, sözünü deməyəcək o,

Hər kəs öz yerinə yaşar ömrünü

Kimisi hünərlə öndə yüyürər,

Kimisi yedəyə qoşar ömrünü.

Uzaq ol,

              sən hazır səadətlərdən

Ömrünü tufanlar qoynunda keçir.

Günlər susuz gələn dəvə kimidir,

Qurumuş dodaqla ömürdən içir.

Hələ qələm tutur əllərin sənin,

Hələ gözlərində dünya yenidir.

Gündə bir görüşün dar ağacında

Vaxtını öldürmə,

                   aman günüdür!

Səni yolda qoyar ötəri həvəs,

Hələ ki, yol tutar ayağın sənin

Tələs, a dostum, tələs!...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info