Qonaq Kitabı
Ay üzlü dilbərim üzünə saldı çün niqab

Ay üzlü dilbərim üzünə saldı çün niqab,

Sanki, günəş tutuldu, edər xalq iztirab.

 

Ahimlə gözlərinə çəkib sürmə sevgilim,

Salmış iki çiyinlərinə zülfi-müşknab.

 

Salsın tora deyə, quşunu xəstə könlümün,

Möhkəm hörüb o saçlarını eyləmiş tənab.

 

Oxşar onun qara qaşı biçarə bəxtimə,

Aşiqlərin qanında edib əllərin xəzab.

 

İstəkli yarım istədi getsin, könül dedi:

Getmə, amandı, hicrinə yox məndə zərrə tab!

 

Ovlaqda dövrəsində ikən dost-yar onun,

Naz ilə aşiqinə belə eylədi xitab:

 

Söylə, keçər gecən necə bu ay-cəmalsız,

Gündüz işin adı nədir, ey xaniman xarab?

 

Sorma, dedim, nə haldayam, daş ürəkli yar,

Can getdi əldən, oldu fəraqində bir kəbab.

 

Heyran göz yaşilə sənə yazdı dərdini,

Versən cavabını edəcəksən böyük savab.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info