Üzün ey mah, qılar mehri-dirəxşan ilə bəhs
Üzün ey mah, qılar mehri-dirəxşan ilə[i] bəhs. Zülfi-mişkinin edər sünbülü reyhan ilə bəhs.
Həddi yox ayü günün, sünbülü reyhanın, edə Ol məhi-ariz ilə, zülfi-pərişan ilə bəhs.
Can alan qaşların, ol qanım içən qəmzələrin, Eyləyər tiğ ilə, həm xəncəri-bürran[ii] ilə bəhs.
Gözlərin huşimi sərdən alıb ey afəti-can! Edər ey şux ləbin ləli-dirəxşan ilə bəhs.
Qəddin ey mah, verib tubiyi-firdövsə[iii] şikəst, Nə həmin eyliri bir sərvi-xuraman ilə bəhs.
Cəzbeyi-eşqin[iv] edib bənd, salıb zindanə, Çün cəmalın elədi Yusifi-Kənan ilə bəhs.
Dərgəhində sənin, ey sərvəri-afaq, bu gün Kimsənin həddi nədir, kim edə Heyran ilə bəhs. [i] Mehri-dirəxşan – Parlaq günəş. [ii] Xəncəri-bürran – İti xəncər. [iii] Tubiyi-firdövs – Behişt ağacı. [iv] Cəzbeyi-eşq – Eşq cazibəsi.
|