Qonaq Kitabı
MƏSCİDDƏ MEYXANA

Eşitdim, tapıbsan bir gözəl peşə,

Təbrik eyləyirəm səni, can qardaş!

Deyirlər, giribsən bir yağlı işə,

Qoyubsan papağı indi yan, qardaş!

 

Qardaşım Əhmədxan, əl-xan ibni xan!

Eşitdim: Gəncədə açıbsan dükan.

Hayıf zəhmətinə, yoxdurmu zəkan:

Çaxır satarmı heç böylə xan, qardaş?!

 

Çaxır paylamaqda dəliyə, dincə,

Onun xanı baxmaz zəhmətə, məncə.

Gör nə hala gəlib bəxtəvər Gəncə,

Görünür hər yerdə hey piyan, qardaş.

 

Kifayət etməyir məscidlə klub,

Ağzından-içinə meyxana dolub.

Bax, bugünkü gündə biz bidin olub,

İçməkdə çıxartdıq “şərəf-şan”, qardaş!

 

... Heyif ki, saqqala dən düşən vaxtda,

Fələk gec çıxartdı səni bu taxta.

İndi çoxalmışdır sərin otaqda,

Ömrünə dualar oxuyan, qardaş!

 

Göndər dostlarına, bir az da su qat!

Çarəsi qolaydır: azaldı sovqat.

Hilal Mamedovla Əliyev Fərhad

Görmədilər bunda bir ziyan, qardaş!

 

Xislətin demokrat, özün xanzadə,

Demokratı keçdin həddən ziyada!

Mənim sözlərimi saldıqca yada,

Bir az ehtiyatla gəl dolan, qardaş!

Qoytul, iyul 1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info