Qonaq Kitabı
Zərifə

– Mən işə başlamaq istəyirəm. Bayaqdan da bunu neçə dəfə təkrar etdim.

Çıxdım.

Nə etməli idim? Yenə gözləməyə qərar verdim.

– Bəlkə sizin başınızı ağrıdıram, xanım, – deyə o sorğulu bir baxışla mənə baxdı. Sanki mənim üzümdə:  “Maraqlanırmı?” sualına cavab axtarırdı. Bir az sükutdan sonra dərindən ah çəkib, sözünə davam etdi.

Axşam saat yeddi idi. Qonaq olduğum müəllimənin otağında oturub kitab oxuyurdum. Şükufə xanım da mütəəllimlərinin dəftərlərinə baxırdı. Doğrusu, mən özümdən bezar idim. Bu müəlliməni narahat etməkdən artıq dilxorlanmışdım. Qapı döyüldü. Müəllimə qapını açaraq, ahəstəcə:

– Görəsən kimdir? – dedi.

Gələn dünən maarif şöbəsi müdirinin yanında olduğum zaman çağırdığı Səfi idi:

– Müdir deyir ki, buyursunlar bizə.

Mən bir şey anlamadım. Nə olmuşdur? Nə xəbərdir? Rəfiqəm mənə müraciətlə:

– Müdir xəbər göndərib bizi dəvət edir – nə buyurursunuz?

Mən getməyəcəyimi bildirib dedim:

– Siz getmək istəyirsiniz, buyurun; mənə izin verin evdə qalım, yorğunam.

– Xeyr, siz getməsəniz, mən hara gedərəm. Çağırışın səbəbi bəlkə sizin gəlmənizdir.

Mən təəccüb etdiyimi bildirdim.

Qərəz, nə o, nə mən getdik; göndərilən adama rədd cavabı verib, qaytardıq.

– Müdirə söyləyin ki, qonağımız yorulmuşdur; mən də dəftərlərə baxacağam, bağışlasın!

– Bu nədir? – deyə Şükufə xanımdan sordum.

Şükufə xanım ah çəkərək:

– Müdirdir, böyükdür. Kim bilir nə fikir edibdir.

Bir az keçməmişdi ki, yenə qapı döyüldü. Bu dəfə gələn müdir özü idi. Daxil olub, gülə-gülə:

– Deyir ki: “Dağ Məhəmmədin yanına gəlməsə, Məhəmməd dağın yanına gedər”. Bizimki belə gəlibdir. Həmişə özümüz gərək “dağın” yanına gedək... – dedi.

Öz evinə gəlmiş adam kimi paltosunu çıxarıb, qapı ağzından asdı və sonra üzünü Şükufəyə tutdu.

– Nə olubdur? Niyə evdən bayıra çıxmaq istəməyirsiniz? – Bu sözləri deyərək, müdir otağın ortasında durdu. Ev sahibi sandalya təklif etdi. Müdir əyləşdi və danışmağa başladı. Çox şeylər söylədi. Əvvəl işlərinin çoxluğundan və çətinliyindən şikayət etdi və sonra yeni açılacaq məktəblər üçün çalışdığını qələmə verdi və daha sonra özünü tərif eləməyə başladı. Bu söhbətin axırı yox idi.

Şükufə xanım çay tədarük edib verdi. Bir neçə dəfə məktəb işlərindən danışmaq istədi. Lakin müdir bircə dəqiqə aman vermədi. Axırda da bildirdi ki, yaxın zamanda Bakıya gedəcək və yeni dəstirül-əməllər, məramnamələr və kitablar gətirəcəkdir. Mən dinləyir, heç bir söz deməyirdim, Şükufə xanım da “bəli, bəli” – deyərək, müdirin dediklərini təsdiq edirdi.

Müdir ayağa qalxaraq, mənə:

– Siz niyə danışmayırsınız? Təyin üçünmü tələsirsiniz? – dedi, – sabah gəlin, hər bir şey hazırdır. Çox da uzağa göndərməli olmadıq.

Mən kəndin adını bilmək istədim.

Söylədi.

Mən təşəkkür etdim...

Mən təşəkkürlər etməliyəm, siz bizim unudulmuş qəzamıza gəldiniz və bizi sizin kimi bir müəlliməyə malik etdiniz. – Sözlərinin təsirini müşahidə edər kimi, bir az durdu, sonra dedi: – Ancaq bu yaxşı deyil ki, siz məndən qaçırsınız!

Mən etiraz etdim. Mənim nə sayaq müəllimə olmağımı bilmədən tərif etməsi ilə məni təhqir etdiyini söylədim. Qaçmaq deyil, bir məktəbə təyin edilməmi rica etmiş olduğumu əlavə etdim.

– Yox... yox... mən dediyimi siz düşünmədiniz. Mən sizin şəxsi münasibətiniz haqqında deyirəm.

Mən təəccüb və heyrətlə onun üzünə baxdım.

Müdirin danışığı hər ikimizin nifrətinə səbəb olduğu bəlli idi. “Bu, alçaq adamdır. Nə üçün bunlar bizə yoldaş kimi deyil, başqa cür baxırlar? Nə üçün?” –  deyə mən fikir edirdim. 

 

Gənc qadın dayandı. Vaqondan səs və küy eşidildi. Mən kupedən baxdım. Hansı mövqifdə isə durmuşduq və yeni miniklər öz yerlərini axtarırlardı. Dönüb kupenin pəncərəsindən baxdım. Mövqifin zəif surətdə işıqlanmış platformasında yuxulu sərnişinlər o yan-bu yana qaçırdılar.

– Hansı mövqifdirsə, bilməyirəm, – dedi.

– Yorulmuşsunuzsa, yatınız, mən sizi yordum, – deyə Zərifə mənə üz tutdu. Fəqət mən rica etdim ki, mümkün isə tamam etsin və dinləməyə hazırlandım. Xanım başladı:

– Sabah, maarif müdiri məni təyin etdi. 30-35 verst məsafədə bir kənddə yeni açılmış məktəbdə qızları oxutmalı idim. Bu, mənim arzuma müvafiq idi. Bir şey də söyləyim. Müdir mənimlə getmək istəyirdi. Hazırlanmışdı. Mən bunun müşayətindən dilxor idim. Lakin sonradan icraiyyə komitəsi divani-rəyasətinin təcili iclası olduğuna çağırıldı. Gedərkən mənə:

– Mən istərdim ki, 30 verst yolu siz tək getməyəsiniz. Tutmadı. Sağlıq olsun. Başqa vaxt, bir az vaxtdan sonra gələcəyəm... Sizə deyəcəyim çoxdur, – dedi.

Mən bir söz demədim. Müdirin getməməsindən mən şad idim. Mənim istədiyim də qızları oxutmaq, onları yeni yaşayış aləminə girmək üçün hazırlamaq idi. Böyük bir həvəslə işə başladım. Çox da müvəffəqiyyətlə məktəbdə məşğul olurdum. Qızların mənimlə əlaqəsi, həvəsimi daha da artırırdı. Beləcə bir neçə ay məşğul oldum. Kənd xalqı mənə çox hörmət edirdi. Hər bir kəndli gəlib məndən əhvalat soruşurdu. Nə lazım isə hazır etməyə çalışardı. Bu qayğı və hörmət məni minnətdar edirdi. Mən bu münasibəti avam və cahil kəndlidən gözləməzdim. Bir gün maarif müdiri gəldi. Məktəbə baxdı. Qızları dindirdi. Sonra mənimlə söhbət etməyə başladı. Əvvəl dərsdən, məktəbdən, camaatın əlaqəsindən sordu... sonra... sonra məni özü ilə birlikdə şəhərə getməyə dəvət etdi. Rədd etdim.

– Nə üçün siz belə kəmiltifatsınız... Nə olacaqdır? Bu camaat bir söz deməz. Mən müdir, siz müəllimə, bərabər gediriksə, kim nə deyər?

Mən söylədim ki, camaatın nə deyəcəyi deyil, özüm şəhərə getmək istəməyirəm. Bir də şəhərdə bir işim yoxdur.

– Bəlkə mən sizi rəsmi çağırıram.

– Rəsmi çağırsanız məcburam. Lakin sizin rəsmi nə sözünüz olsa, burada deyə bilərsiniz.

– Bu da rəsmi tələbmi?

Mənim sualım ona xoş gəlmədi. Mənə acıqlı baxdı. Lakin onun acıqlı və ya xoş baxışı, məndən ötrü təfavütsüz idi. O gün müdir şəhərə qayıtdı. Bir həftədən sonra müdirin imzası ilə bir kağız gəldi. Məktəb işləri ilə əlaqədar bir neçə məsələnin həlli üçün məni qəza mərkəzinə çağırırdı. Müdirin dediyi rəsmi təliqə bu idi. Getməyə qərar verdim. Şəhərə gedən kəndlilərlə bərabər arabaya minib yola düşdüm.

Şükufə xanımla əski bir yoldaş kimi görüşdük. Müdirin yanına getdim. Məni görcək:

– Hə, gəldiniz, xoş gəldiniz, hara düşmüsünüz?

Mən söylədim.

– Mən gərək o Şükufə xanımı buradan başqa yerə köçürəm ki, bir də siz onun yanında durmayasınız.

– Bu nə deməkdir? – deyə təəccüb etdim.

– Mən sizə demişdim. Mən istərdim ki, siz şəhərə gələndə bizə düşəsiniz. Mənim iki otağım... Otağım... Biri sizin öhdənizdədir... – dedi.

– Harada qalmaq, o mənim işimdir. Maarif şöbəsinə heç dəxli yoxdur. Bir də bu qayğılardan mən müdir yoldaşı tamamilə xilas edirəm.

– Yox, yox... Bilirsinizmi, mən sizə açıq demək istəyirəm, izin versəniz?

– Buyurun!

– Mən istəyirəm ki, bizim əlaqəmiz yaxın olsun, biz biri-birimizlə yad olmayaq... Yaxın əlaqə insanların öz əllərindədir.

Mən acıq və təəccüblə onun üzünə baxdım. Bir dəqiqə o nə deyəcəyini bilmədi.

Mən ondan:

– Mən sizə bu kimi danışıqlar üçün heç bir ixtiar verməyirəm; mən sizin bu sözlərinizi eşitmək istəməyirəm; məktəb məsələlərini söyləyiniz. Mən getməliyəm, – dedim.

– Bağışlayınız... bağışlayınız. Mən sizə bir söz deməmişəm ki, o sizi acıqlandırsın.

– Dedikləriniz!

– Mən rica etdim ki, açıq danışmağa izin verəsiniz, siz də razı oldunuz.

– Mən bu danışıqlara izn verməyirəm. Mən məktəb məsələləri üçün gəldim.

– Bir dəqiqə... Siz Bakıda oxurkən Rüstəmi tanıyırdınızmı? O sizin müəlliminiz olmuşdur.

Otaq başıma fırlandı. Rüstəm, o həmin nifrətlə xatırladığım sinif müəllimim idi. Müdir mənim şaşırdığımı görüb əlavə etdi:

– Mən onun dostuyam – yoldaşıq. Mən istərdim ki, siz mənə də Rüstəmə baxdığınız kimi baxasınız. O mənə sizin barənizdə...

Bu, həyasızlığın axır dərəcəsi idi. Artıq dinləyə bilməyəcəkdim. Qalxdım. Sözünü kəsərək:

– Bu danışıqların mənasını qanmayıram və qanmaq istəməyirəm. Bu söhbətlər maarif şöbəsi müdirinə heç yaraşmaz! – deyib çıxdım. Indi gedirəm öz divanımı tamam eləməyə, maarif cəbhəsində çalışmağa, məni gözləyən yüzlərcə qızları savadsızlıq zülmətindən xilas etməyə. Tələsdiyim üçün mənim ismətimə toxunmuş o alçaq adama mən əvvəldən ancaq nifrət etməklə kifayətlənmişdim. Indi görünür ki, səhv etmişəm. Onun barəmdə nəşr etdiyi sözlərinə və qəhrəmanlığına aid söylədiyi nağıllarına axır qoymalıyam. Gedirəm. Qoy bilsinlər ki, qadınlar öz hüquqlarını alçaq va dənilərdən müdafiə etməyə qadirdirlər.

Xanım sakit oldu. Qatar sürətlə gedirdi. Bütün miniklər uyumaqda idi. Sükut bərpa idi. Bu sükutu qatarın həzin-həzin oxuyan və xanımın söylədiyi hekayəni oxşayan təkərləri pozurdu. Görünən zəif lampa işıqları ətrafı bürümüş qaranlıqla çarpışmaqda idi. Lakin dərin qaranlıq qarşısında zəif olan bu işıqlar öz mübarizələrində qalib gəlmək istərkən, hərdənbir məhv olur, itir və yenə qüvvətlənib görünürlərdi. Mən bu çarpışmaya tamaşa edir, vaqon təkərlərinin mahnısını dinləyirdim. Zərifə xanım iki əli ilə başını tutub fikrə dalmışdı.


1928

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info