Qonaq Kitabı
Hacı Salman

Hacı Salman

Hacı Salman hər gün yuxudan ayılan kimi dalandar Qulam dayını çağırıb ahəstəcə:

– Ay Qulam dayı, get balam bir gör nə xəbər var? – deyə onu bolşevik hökumətindən xəbər gətirməyə göndərirdi.

Qulam dayı hər gün bu buyuruğu Hacı Salmandan eşidir və həmişə də Hacıya acıqlı-acıqlı baxaraq deyirdi:

– Ay Hacı, sən də bizi lap təngə gətirdin... Nə xəbər gətirəcəyəm? Nə olub ki! Daha o gününü yadından çıxart, qurtardı, görməyəcəksən...

Bunu deyəndən sonra Qulam dayı başını bulayıb əlavə edirdi:

– Bəli, get bir gör nə xəbər var!..

– Nə xəbər olacaq?

Hacı Salman Qulam dayının xasiyyətinə bələd olduğundan onu acıqlandırmaq istəməyir və ona görə də onunla pişim-pişimlə danışırdı.

– Ay balam, kim bilir nə olacaq! Dünyadır, kiminin əvvəli, kiminin axırı. Sən ki bunu bilirsən...

Qulam dayı Hacı Salmanın sözünü kəsərək:

– Hə..,hə... Mən də onu deyirəm. Kiminin əvvəli, kiminin axırı. Əvvəllərini gördüyümüz xozeyinlərin, indi axırını görəcəyik! Hələ bundan da pis günə qalacaqlar...

Qulam dayı Hacı Salmanı sevməyirdi. Ona görə də Hacının indiki halından xoşlanır və yeri gəldikcə bunu Hacıya bildirməkdən usanmayırdı.

Hacı Salman bunu yaxşıca bilir və heç də Qulam dayı ilə mübahisə etməyi lazım görməyirdi. Ancaq Qulam dayının bütün tənələrinə qulaq asıb, axırda yenə təkidlə onu hökumətdən xəbər gətirməyə göndərirdi.

Hacı Salman əslən kənd dövlətlilərindən idi. Cavankən şəhərə köçüb ticarətlə məşğul olmuş və axırda da kiçik bir paraxoda, iki gəmiyə, iki yerdə evə malik olmuşdu. Bundan başqa Hacı Salmanın ticarətxanası da var idi ki, Iranla alver edirdi. Ev, paraxod, gəmilər və ticarət Hacıya o qədər mədaxil verirdi ki, o, ildən ilə dövlətini artırmağa müvəffəq olurdu.

Amma bununla belə, Hacı daima kasadlıqdan, mədaxilin azlığından, evlərin təmirindən, gəmilərin zərərindən şikayət edirdi. Lakin Hacının bu şikayətlərinə çox da qulaq asan yox idi. Çünki bilirdi ki, Hacı əsassız və səbəbsiz şikayətlənir. Qulam dayı Hacının həmkəndlisi idi. Özünün dediyi kimi, cavanlıqda “hər qazanda qaynamışdı” və ancaq sonralar kənddə qala bilmədiyindən köçüb Bakıya gəlmiş və Hacının yanında dalandar qalmışdı.

Qulam kişi altmışı keçmiş yaşına baxmayaraq, cavan qədər zirək və çox iş bacaran idi. Evin dalandara məxsus işlərini gözəlcəsinə ifa edər və hətta ev kirayənişinlərinin cürbəcür tapşırıqlarını da icra etməyə imkan tapırdı.

Dalandarlıq vəzifəsi üçün sabahdan axşamadək işləməsinə baxmayaraq, Hacı Salman ona ayda ancaq onca manat məvacib təyin etmişdi, çox vaxt bu on manatı Hacı Salman üç dörd ay saxlardı və Qulam dayı cürət edib pul istəyəndə, Hacı ona töhmət edərdi.

– Ay kişi, bu pulları nə eləyirsən. Ev hazır, su azır, bu qədər pul xərcləmək olmaz ki!

Qulam dayı belə dəqiqələrdə çox hirslənirdi, amma bir söz deyə bilməyirdi; çünki o vaxt Hacının gəlhagəl zamanı idi. Nökər-qulluqçu onunla mübahisə edə bilməzdi. Qulam dayı müqəssir adam kimi ahəstəcə:

– Lazımdır, Hacı... – deyə başını qaldırıb Hacıya baxırdı.

Hacı Salman istər-istəməz əlini sağ cibinə salıb axtarar, cibindəki açarları cingildədər, sonra o biri cibini qurdalayar və axırda da qoltuq cibindən bir kisə çıxarıb açar və içindən iki və ya üç manat alıb iki barmağı arasında Qulam dayıya uzadardı:

– Al, sonra hesablaşarıq.

Amma bu “sonra” gəlməyir və hesablaşmaq məsələsi də qalırdı.

Hacı Salman bilirdi ki, Qulam dayı ondan asılı olduğuna görə cavab qaytara bilməyəcəkdir.

Lakin inqilabdan sonra Qulam dayı dil açdı, Hacı Salmanla başqa cür danışmağa başladı; çünki hiss etdi, anladı ki, Hacı Salmanın keçmişdəki qüvvəsini inqilab almışdır.

Doğrudan da inqilab Hacı Salmanın qol-qanadını sındırmışdı: evləri tutulmuş, gəmiləri hökumət ixtiyarına keçmiş, ticarətxanasında mövcud bütün malları da möhürlənmişdi. Hətta özünün yaşadığı altı otağın dördü komunxozun kağızı ilə Hacı Salmanın tanımadığı və bilmədiyi adamlara verilmişdi. Hacıya hamısından artıq təsir edən də bu əhvalat idi. Necə ki! Yaşadığım evimi də əlimdən alacaqlar, yəni ki? Zəhmət çəkib ev tikdirmişəm, yaşamağa ixtiyarım olmaz? Mən başa düşməyirəm – bu ki, hökumət işi deyil! Nə dəxli var...

Qulam dayı Hacının bu sözlərinə qulaq asıb gülümsəyirdi və deyirdi:

– Ay Hacı, bir dəfə heç fikir elədin ki, bu padvalda yaşayan camaat nə sayaq ömür keçirir? Hələ bolşeviklər rəhimlidirlər, yenə sənə hörmət eləyirlər ki, sənin ixtiyarında iki otaq saxlayıblar.

Hacı Salmanı dərd kəsirdi, amma daha bundan artıq danışmağa cürət etməyirdi.

Hacı Salman ümumən bu dəyişiklikdən narazı idi. Xüsusən, Hacının böyük zalını tutmuş olan sarı matrosun qonşuluğu, Hacını çox dilxor edirdi. Hacının sevdiyi zalda yaşayan bu matros, o paraxod və gəmi şəkli çəkilmiş divarları darmadağın etmişdi: Hər divara bir əks asmışdı. Bu kimdir? Bu Lenindir! Bu kimdir? Bu Marksdır!.. Bu kimdir? Bu da filan inqilabçıdır... Hacı ona nə desin? Deyə bilərdimi ki, divarın rəngini korlama? Heyhat! Matros Hacıya rast gələndə elə acıqlı baxırdı ki, Hacının canına vahimə düşürdü.

– Bax, bu matros xatalı adamdır, – deyə Hacı Salman evdə və bayırda yaxın adamlarına şikayət edərdi.

Qulam dayı Hacını daha da qorxuzmaq üçün ona:

– Hacı, bolşevikin cövhəridir, danışsan qiyamət qoparar. Lap dünyanı alt-üst edər.

Hacı Salman Qulam dayının istehzalı danışıqlarından acıqlanırdısa da, lakin aşkar etməyirdi.

– Səninlə də, sonra danışarıq – deyə fikir edirdi. 

 

Bu gün yenə adi qayda üzrə Hacı Salman Qulam dayını bolşevik hökumətindən xəbər gətirməyə göndərdi.

Qulam dayının vəzifəsi bu idi ki, gedib köhnə şəhər dumasının binası üzərində sancılmış bayrağa baxsın. Hacı Salman belə fikir edirdi: əgər qızıl bayraq, bu bolşevik bayrağı duma binasının üzərində varsa – hökumət iş başında baqidir, yox əgər qızıl bayraq götürülüb başqa bayraqla əvəz edilibsə ( Hacı bu günü nə qədər səbirsizliklə gözləyirdi) – xudahafiz... yıxılıbdır.

Hər gün Qulam dayını göndərdikdə Hacı Salman ümid edirdi ki, dalandar qayıdıb onun gözlədiyi “xoş xəbəri” verəcək və Hacının da qara günləri tamam olacaq... onda Hacı özünü göstərər. Onda o, evini qəsb edənlərlə danışar.

Lakin yox!... Qulam dayı qayıdıb gülə-gülə deyirdi:  

– Hacı... ruzigarını qara gör... bayraq yerindədir, bəlkə bir az da möhkəmdir,

Bunu eşidəndən sonra Hacı Salman artıq bir söz deməyib yenə qəm dəryasına qərq olardı və çuxasını çiyninə salıb yoldaşlarının yanına gedərdi...

Bu gün Hacı Salman, Qulam dayı gedəndən sonra qapı ağzına çıxdı və aramsız bir surətdə Qulam dayının qayıtmasını gözləməyə başladı. Bu gün Hacının ürəyinə “şəkk dammışdı”. Qulam dayının yeni bir xəbər gətirəcəyinə heç şübhə etməyirdi...

Doğrudan da Qulam dayı bu gün təzə bir söz dedi. Amma bu söz Hacının gözlədiyi xəbərdən çox uzaq idi.

Qulam dayı qayıdıb xəbər verdi ki, bayraq öz yerində baqidir; ancaq danışırlar ki, bolşeviklər evləri axtaracaqlar.

– Hə, gecə evləri axtaracaqlar?

– Özləri yaxşı bilir... deyə Qulam dayı bir az fikir edəndən sonra əlavə etdi:

– Sən də gərək biləsən Hacı ki, sizlərdə nə ola bilər: qızıl-gümüşdən, qaş-daşdan... biz görməmişik, adını da bilməyirik.

Hacı Salman bir söz demədi... Enli qaşlarını çatıb düşünməyə başladı. Sonra dönüb köhnə dostlarının yanına yollandı.

Hacı Salmanın gedəcəyi yerlər məlum idi. Əvvəlcə məhəllə məscidinin qabağına gələcəkdi. Hacı Salman burada Kərbəlayı Əhədə, Sabunçulu Niftalı bəyə, xəsisliyi ilə məşhur olan Hacı Kazım bəyin oğluna, bütün dövlətini qumara uduzmuş ağa Nəcəf bəyə və qeyrilərinə rast gələ biləcəkdi.

Bunlar da Hacı Salman kimi var-yoxu əlindən çıxanlardan, bolşevik hökumətinin “tamam” olmasını gözləyənlərdən idilər. Hər gün bunlar bir-birilə görüşdükdə bolluca “dərdi-dil” edir, ürəklərini boşaldıb, evlərinə qayıdırlardı.

Bu gün məscid qabağında Kərbəlayı Əhəd bir irəvanlı bəylə danışırdı. Hacı Salman bu bəyin söhbətini dəfələrlə eşitmişdi, bu da bolşeviklər tərəfindən soyulmuş, tərki-vətən etməyə məcbur edilmişdi...

Hacı Salman salam verdi və Kərbəlayı Əhəddən adi qayda ilə soruşdu:

– Kərbəlayı, işlər nə cürdür? « “Havalar” nə sayaqdır?

Bu sualı bir-birinə verdikdə mənasını gözəlcə anlayır və topladıqları məlumatı verirdilər.

Bu dəfə Kərbəlayı Əhəd ağzını Hacı Salmanın qulağına yaxınlaşdırıb ahəstəcə yan-dövrəsinə baxa-baxa dedi:

– Belə deyirlər ki, evləri axtaracaqlar.

– Mən də eşitmişəm, bu nə hoqqadır?..

Kərbəlayı Əhəd başını bulayıb davam etdi:

– Rəhmətlik oğlu! Görəcək günlərimiz varmış. Nəyə təəccüb edirsən; belə əmr çıxıb ki, gərək bütün hörmətli adamların evlərini gəzib pal-paltardan, yorğan-döşəkdən tutmuş qızıl-gümüşə qədər hər nə gözə xoş gəldi yığılsın.

Kərbəlayı Əhədin “hörmətli” adam dediyi özü və Hacı Salman kimi dövlətlilərdən ibarət idi.

Hacı Salman təfsilatını bilmək istədi. Kərbəlayı Əhəd öz rəyini izah etməyə başladı.

– Pal-paltar deyirlər – amma yalandır... Əslən onların axtardıqları qızıl-gümüşdür. Bilirlər ki, hər kəsin azdan-çoxdan özünə görə bir qədər ağır-yüngülü var... Məsələ bunun üstündədir. Aparacaqlar... A kişi, nə isə başımıza çarə qılmalıyıq.

Qulam dayının gətirdiyi xəbər düz imiş. Lakin Hacı Salman bunu bir dürlü anlaya bilməyir və anlamaq da istəməyirdi.

– A kişi, nəcə ki, mənin sahib olduğum şeylərdə onun nə işi? Bu nə sözdür?

Kərbəlayı Əhəd və yanındakılar Hacı Salmanın bu sözünə cavab vermədilər. Külümsənərək Hacı Salmanın üzündəki dəyişiklikləri müşahidə edirdilər. Hacı Salmanın üzü əvvəl qızarmışdı, sonra bozarıb, sonra da saraldı... Dodaqları göyərdi. Üzü qırışdı. Axırda davam yetirməyib sordu:

– Yaxşı, bəs biz nə etməliyik? Gəldi – apardı; əvəzində sonra mən bu lütlərdən nə alacağam?

Niftalı bəy başını bulayıb:

– Nə alacaqsan!.. Bir dənə qəbz!.. deyə gülümsədi.

Lakin artıq söhbət etmək zamanı deyildi. Çarə tapmaq lazım idi. Hacı Salman xudahafizləşib geri qayıtdı. Bir az gedəndən sonra Hacı bu əhvalatı bir daha təsdiq etməkdən ötrü dostu Məşədi Qasımın yanına getməyə qərar verdi.

– Onda daha yaxşı xəbər ola bilər. Oğlu bolşevikdir; hökumət qulluğundadır; məsələdən agah olar – bu fikirlə Hacı Salman başını aşağı salıb Məşədi Qasımın evi tərəfə yollandı.

Hacı Salman Məşədi Qasımla köhnədən dost idilər; bir neçə dəfə bir yerdə Nijni yarmarkasına getmiş olduqlarından bir-birinə yaxın olmuşdular. Nijnidə yaşadıqları zaman, bərabər, xəlvət günlər keçirmişlər ki, hərdən bir xatırlarına gətirərək bir-birinə sataşırdılar.

– Nijnini yadından çıxarmısan; deyirlər ki, səni indi də orada soruşurlar.

– Məni soruşurlarsa, mənim vasitəmlə səni tapmaq istəyirlər, – deyə Məşədi Qasım Hacı Salmanla gülüşürlərdi. Bu yaxınlıq Məşədi Qasıma həsəd aparmağa mane olurdu. Hacı Salmanın paxıllığına səbəb, yalnız Məşədi Qasımın oğlunun – bolşevik hökumətində böyük qulluqda olması idi. Məşədi Qasım evinin qapısı ağzındakı daş səki üzərində oturmuşdu. Hacını görən kimi qalxıb yer təklif etdi.

Hacı Salmanın birinci sualı bu gün eşitmiş olduğu xəbər barəsində olacaq idi.

Məşədi Qasım bu xəbərdən agah idi.

– Eşitmisən, – bilirəm... “axtarış” deyirlər... Bəli, gözə şirin gələn şeyləri aparacaqlar.

– Sənə nə var? Oğlun maşallah hökumət qulluğunda, işin içindədir, özü də səni saxlar...

Məşədi Qasım, oğlunun barəsində danışmağı lazım bilməzdi. Bir tərəfdən oğlunun hərəkətindən razı deyil, o biri tərəfdən də camaat qarşısında özünü bolşevik tərəfdarı göstərmək istəməyirdi.

– Onun sözünü danışma! Eşitməmisən ki, çıraq öz dibinə işıq salmaz? ...Bir də vallah inan ki, mən onun xeyrini istəməyirəm – zərər verməsin. Mənim istədiyim budur ki, yansın çırağı, gəlsin işığı...  

– Bəli orası düz; ancaq yenə də... Yaxşı, bəs nə etməliyik?.. Bəlkə lazımdır kəndə köçək?!

– Rəhmətlik oğlu! Kənd də onların əlindədir. Bir şey çıxmaz, soyacaqlar...

– Bu vaxt karvansaraçı Məlik onlara yanaşdı. Sənəti karvansara icarə etmək olduğundan, köhnədən bəri ona karvansaraçı Məlik deyərdilər. Bolşevik inqilabından sonra karvansara əlindən çıxmışdı. İcarə etmək mümkün deyil idi. Ona görə yeni hökumətdən dedikcə narazı idi. Xoş-beş edəndən sonra Hacı Salman karvansaraçı Məlikdən:

– Eşitmiş olarsan: deyirlər ki, evləri axtaracaqlar, bu nə əhvalatdır? – deyə soruşdu.

– Nə olacaq, kefləri nə istəyir edirlər. Kim-kimədir?

– Bu vaxtadək deyirlər: siz bizə minmişdiniz, indi deyirlər: biz sizə minib sürəcəyik.

Karvansaraçı Məlik yenə daima dediyi sözləri təkrar edirdi. Bunları ondan yoldaşları bir neçə dəfə eşitmişdilər. Hacı Salman yeni xəbər barəsində məlumat almaq istəyirdi.

– Xub, bəs nəyə evləri axtarmağı lazım görüblər? Karvansaraçı Məlik başını bulayaraq:

– A kişi, kim-kimədir? Sən görməyirsən ki, indi papaq apardıdır? Qarətdir... – dedi.

Məşədi Qasım da karvansaraçı Məlikin sözlərini təsdiq edərək dedi:

– Bəli, bəli... Qarət.

Bu söz Hacı Salmanın beyninə neştər kimi batdı. Bundan sonra Hacı susdu, bu vaxtadək qanmadığını deyəsən indi anlamışdır. Hacı ayağa qalxdı: artıq dayana bilməzdi... Axtarış olacağı bəlli idi. Ona görə də çarə tapmaq lazım idi. Evə qayıtdı. Yol uzunu Hacı Salman düşünürdü. Bir çox fikirlərdən sonra axırda bu qərara gəldi:

– Qiymətli şeyləri gizlətmək lazımdır. Lakin harada, nə sayaq?

Bu xüsusda Hacı Salmanın başına bir fikir gəldi. O da qiymətli şeyləri Qulam dayının yaşadığı mənzilində basdırmaq idi.

Hacı Salman zəni edirdi ki, Qulam dayının mənzilini axtarmazlar. Doğrudan da dalandar Qulam dayının iki həsir, bir taxtı olan qaranlıq və rütubətli otağını kim axtarmaq fikrinə düşəcəkdi... Hacı Salman fikrini ahəstəcə arvadına deyib bir qazan istədi və sonra sandığını açıb oradakı qızıl-gümüş şeyləri və arvadının bəzəyi olan cütqabağısını, qolbağını, üzüklərini, boğazaltısını, sırğalarını və i. a. qazana yığmağa başladı. Bu şeyləri gizlətmək istədikdə əvvəlcə Hacı ən qiymətlilərini seçir, qazana qoyurdu, qiyməti az olan xırda-mırdaları sandığa buraxırdı: lakin qiymətli şeylər bitdikdən sonra sandığa buraxdığı şeyləri də gizlətmək istədi.

Əlbəttə qazan tutmadı.

– Ay arvad, sən də qazanın kiçiyini niyə verirsən? Xoşuna gəlir!?...

Arvad tez böyük bir qazan gətirdi, Hacı Salman gizlətmək istədiyi şeyləri əvvəlki qazandan böyük qazana doldurmağa başladı.

Hacı Salman qazanı iki dizi arasına alıb “ağır eə yüngülünü” səliqə ilə qazanın içinə yığırdı. Otaqda ondan və arvadından başqa heç kəs yox idisə də, Hacı yenə bahalı şeyləri qazana yığdıqda ehtiyatdan ötrü o yan-bu yana baxıb sonra qazana qoyurdu.

Bəzən gizlətdiyi şeyin o tərəf-bu tərəfinə baxıb xatırlayırdı.

 

– Sərraf Hacı Nəcəfdən aldım... Beş yüz manat istədi. Dörd yüz əlli manat verdim: daima deyirdi ki, əllisi qalır... Bunu dəllal Qasımdan aldım... Indi azı-azı min manata dəyər – dörd yüz verdim... Bu da torq malları... Torqda aldığım...

Qazan dolandan sonra Hacı Salman qazanın ağzına bir mis qab qoyub üzərindən bağladı və kisə içində aşağı endirib Qulam dayının mənzilinə gətirdi.

Qulam dayı uzanmışdı. Hacını görən kimi durdu və təəccüblə əvvəlcə Hacının üzünə və sonra əlindəki kisəyə diqqətlə baxdı.

– Bilirsən... Qulam dayı... gərək bir tövrlə şeylərimizdən bir parasını qarətdən qurtaraq... Nə dəxli var... Qazanmaq istəyirlər, gəlsinlər – yolunu öyrədim... Satın almaq istəyirlər, soruşsunlar, nə çoxdur satan... Axı necə ki, “ver mənə”... 

Qulam kişi Hacının sözlərini dinləyib Hacını acıqlandırmaq üçün başladı:

– Ay Hacı... Onlar məgər nə deyir? Deyirlər: gəlin bölüşək, bəs insafdır ki, sən xalıları çin-çin yığasan sandığın üstünə, məndə bir palaz da yoxdur ki, quru həsirin üstündən salım.

Hacı Salman Qulam dayı ilə mübahisə etməyi faydasız hesab edirdi, ona görə də cavab vermədi. Ancaq Qulam dayını başa saldı ki, bir neçə şeyi onun mənzilində gizlətmək istəyir. 

– Qoy... Amma Hacı, mən öhdəmə götürməyirəm... Apardılar məndən deyil.

Bu söz Hacının xoşuna gəlmədi... Lakin nə etməli? Öz evində qoysa – yəqin aparacaqlar; bəlkə yenə Qulam dayının otağına heç baxmadılar.

– Deyərsən ki, mən evin dalandarıyam, bu mənzil də mənimdir. Səni axtaran olmaz.

Sonra Hacı Salman Qulam dayının mənzilinin bir  küncünü qazımağa başladı. Qulam dayı ona kömək eləmək istəyirdi.

– Yox, yox sən qapıda dur, gələn olmasın...

Tər-qan içində Hacı Salman yer qazıyıb qazanı oraya qoydu; üstünü örtdü; sonra geri çəkilib baxdı: – məlum edirmi? Bir az su səpdi, tapdadı. Sonra Qulam dayını çağırıb sordu:

– Hə, bir de görüm məlum edirmi?

– Lap aşkar... Sən xalçalardan ver salaq... Yumşaq-yumşaq! – Hacı Salman razı oldu. Bir neçə xalça Qulam dayının otağına salındı. Bundan sonra Hacı Salman gözləməyə başladı.

Küçədən avtomobil, araba səsi eşidilən kimi Hacı güman edirdi ki, gəlirlər... Amma bu  gün gələn olmadı... Hacı Salman pəncərə qabağında oturub iki əli ilə başını tutmuş və dərin-dərin fikirlərə dalmışdı. Saralmış üzünün dərinləşmiş gözlərini bir nöqtəyə dikib gözləyirdi. Indi gələcəklər – evin bütün müxəlləfatını aparacaqlar... Sonra padvala düşüb Qulam dayının mənzilinə baxacaq və sandığın burada gizlənmiş olduğunu duyacaqlar, bu kimi qarışıq fikirlər içində Hacı huşa getdi... Rahatsızlıqdan yorulmuş Hacını tez yuxu apardı. Lakin “var-yox” fikirləri yuxuda da Hacını rahat buraxmamışdılar. Yuxusu da fikri kimi qarışıq idi.

Budur qapı döyülür, Hacını çağırırlar. Iki əsgər və bir matros – matros o evindəki sarı matrosa oxşayır – onu əvvəlcə həbs eləmək istəyirlər; sonra tanımış olduqları Hacıya təzim edib onu avtomobilə oturdub böyük bir binaya gətirdilər... Görən təzim edir... Haradansa – Qulam dayı onun qarşısında peyda olur... Nitqə başlayır... “Camaat, bu Hacı Salman inqilabın işığından qorxanların ən birincisidir... Özü qaranlıq sevən olduğu üçün, şeylərini də qaranlıqda saxlayır... inanmayırsınız – buyurun yəqinlik hasil edək» ...Bu sözlərdən sonra Hacı Salmana acıqlı-acıqlı baxıb Qulam dayının ardınca gedirlər... Qulam dayı qazanın basdırıldığı yeri nişan verir... Qazımağa başlayırlar. Qazanı görən kimi:

– Bu, Hacı Salmanın şeyləri deyil, bu, inqilabın qazancıdır, – deyə “urra-urra” çağırırlar. Hacı çığırmaq istəyir... güc edir... öz çığırtısına ayıldı...

Hacı yuxu görürmüş...



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info