Qonaq Kitabı
Hacı Salman

Arvadı yatağından başını qaldırıb Hacıdan qorxa-qorxa:

– Ay Hacı, niyə çığırırdın... – deyə sorduqda. Hacı Salman cavab verməyib otağın içində gəzinməyə başladı.

– Yat, Hacı yoruldun... Bu qədər fikir etmək olmaz...Nə olacaq-olacaq...

– Nə vecinə! ...Qoy aparsınlar... Hacını bir çörəyə möhtac eləsinlər...

Arvad dinmədi...

Bir az gəzişdikdən sonra Hacı soyunmadan yatağında uzandı və dərindən bir ah çəkib öz-özünə danışmağa başladı.

– Hacı, indi, de görüm nə üçün bu imansızlar səni müftəxor hesab edirlər. Azmı zəhmət çəkmisən? Heyif sənin zəhmətlərindən Hacı Salman!...

Bir az sükutdan sonra yenə davam etdi:

– 15 yaşından işləyirəm. Daima az qazancımla dolanmışam. Alverlə məşğul olmuşam – qazanmışam. Sən qazanmamısan, mənə nə? Mənim şeylərimdə nə işin?

Hacı axırıncı sözlərini dedikdə səsini yüksəltdi. Arvadı ərinin səsini eşidib ona müraciətlə:

– Hacı, yat, çox yorulmusan... dedi.

Lakin Hacı Salman eşitməyirdi. Arvad zənn etdiyi kimi Hacı onunla deyil, öz-özü ilə danışırdı.

– Mənə deyirlər ki, sən burcuysan: Musa Nağıyev kimi, Şəmsi Əsədullayev kimi fəhlələrin məvacibini kəsmisən, onların qanını sormusan: hanı o fəhlə ki, məvacibi çatmamışdır... Mən nə qədər fəhləyə azuqə vermişəm – bu yaxşılığımın əvəzidir? Paraxodda işləməyə yalvarırdılar – indi haqsızlığa bax, deyirlər paraxod bizimdir...

Hacı Salman rahat ola bilməyirdi. Fikrini məşğul edən suallara cavab tapmaq istəyirdi.

Arvad Hacının qızdırdığını zənn edərək, durub Hacının alnına yaş dəsmal saldı, üstünü örtdü... Hacı Salman yenə huşa getdi...

–  Bəlkə kişi xefti-damağ olub sayıqlayır... – deyə Hacının arvadı fikrə getdi və haman dəqiqə bu fikrindən qorxub başına “əl-ayaq” qoymağa başladı... 

 

Hava işıqlanırdı. Küçədən gedən arabaların səsi bütün ətrafa yayılırdı. Bütün ev, başqa evlər kimi hələ də yuxuda idi... Orada-burada banlayan xoruzların səsi, sübhün açılmasını xəbər verirdi.

Hacının arvadı ərinin durması üçün çay tədarük edir və hərdən Hacıya diqqətlə baxıb başını bulayırdı...

Hacı Salman ayıldı. Başının ağrısından şikayət etdi. Sonra yatağından durub nə mənə-nə sənə aşağı düşdü. Qulam dayını çağırıb diqqətlə üzünə baxdı.

– De örüm şeylər oradadır?..

– Hələ ki, gələn olmamışdır... Tələsirsən, Hacı?

Hacı Salman ona cavab verməyib sordu:

– Deməmisən ki?

– Hələ soruşan yoxdur. Nə ölən var, nə kəfən istəyən; bir də ay Hacı onlara demək lazım deyil... özləri səndən yaxşı bilirlər...

Hacı Salman Qulam dayının axırıncı sözündən şübhələndi, tez Qulam dayının mənzilinə girdi. Qazanın basdırıldığı yerə diqqətlə baxdı. Yəqin etdi ki, qazan çıxarılmamışdır... Geri qayıtdı.

Sonra Qulam dayını bayraqdan xəbər gətirməyə göndərdi.

Günorta zamanı idi. Hacı Salman qazanı yoxlamaq üçün yenə Qulam dayının mənzilinə gəlmişdi. Bu  gün Hacı Salman bir neçə dəfə qazanı yoxlamışdı; lakin yenə də nigaran idi.

Qapı ağzında bir avtomobil durdu. Oradan üç nəfər fəhlə düşüb Hacının evinə girdilər. Haman dəqiqə məhəllə uşaqları və qonşular qapı ağzına toplandılar. Özlərini Hacıya yaxın bilənlər fəhlələrin ardınca həyətə girdilər.

Fəhlələr Qulam dayıdan ev sahibinin mənzilini sordular. Qulam dayı ağzını açmamış, küçədən gəlmiş və hadisə sevən könüllülər Hacının mənzilini göstərdilər. Fəhlələr yuxarı qalxıb Hacının otaqlarına və müxəlləfatına baxıb öz aralarında danışdılar və ensiz, uzun bir dəftərə bir neçə şey yazdılar. Sonra bir xalça götürüb qəbz yazdılar və qol çəkmək üçün Hacını istədilər.

Hacı aşağıda idi. Uşaqlardan biri Hacının yerini söylədi. Fəhlələr bir-birilə gözləşdilər və aşağı enib Qulam dayının mənzilinə doğru gəldilər.

Hacı Salman bunları görən kimi:

– Ay namərd Qulam kişi! Satdın! – dedi. 

 

Fəhlələrin biri gülə-gülə Hacıya:

– Nahaq elə fikir edirsiniz, sizi satai yoxdur? olsa da alıcı tapılmaz! – dedi.

O biri yoldaşları da güldülər. Yenə haman fəhlə Hacıya müraciətlə sordu:

– Bəlkə burada bir əntiqə şey gizləmisən?

– Nə qaldı ki, gizlədim.

– Köhnə adamsan... Necə olsa azdan-çoxdan bir şey olar. – Hacı cavab vermədi. Ancaq acıqlı-acıqlı Qulam dayıya və sonra da fəhlələrə baxdı.

Bu vaxtadək qapıda duran işçilər içəri daxil oldular.

Bunlar Qulam dayının mənzilinə göz gəzdirdilər. Sonra, Hacıya müraciətlə dedilər:

– Özün yerini göstər, ya da çıxart ver; bizi axtarmağa məcbur etmə.

Hacının ürəyi döyünürdü. – Tapacaqlarmı? Bilirlərmi?

– Nə verim... Məndə bir şey qalmadı...

Bu sözlərlə Hacı başını qurtarmaq istəyirdi. Lakin gələnlər təcrübəli idilər. Öz aralarında danışdılar; sonra biri əlindəki dəmir uclu əsa ilə mənzilin divar və yerlərini tədqiq etməyə başladı. Xalçalar götürüldü. Bir neçə dəfə qazan basdırılan yerin üzərindən keçdi, bir şey duymadı.

Hacı təqsirli adam kimi durub, onun hər bir hərəkətini təqib edirdi. Birdən əsanın ucu bərk bir şeyə toxundu. O qazan idi.

Hacının boğazı qurumuşdu. Udqunur, bir söz deməyirdi. Yaşarmış gözlərini çuxasının ətəyi ilə silirdi. Axtarış yananlar artıq fikirləşməyərək, yeri qazımağa başladılar. Hacı Salmanın qazanı çıxarıldı. Içindəkilər yazıldı. Hacıdan haman yazılı kağızı imza etməyi rica etdilər. Hacı imzaladı. Sonra Hacıya bir qəbz verib qazanın içindəkiləri apardılar.

Hacı onların ardınca baxa-baxa qaldı: 

Sabahı, Hacı Salman öyrəndi ki, axtarış zamanı yığılan şeylər icraiyyə komitəsinə toplanmışdır. Ürəyində vahiməsi olan “arı yuvasına” yaxın düşmək istəməyən Hacı, hər  gün sabah evdən çıxıb icraiyyə komitəsinə doğru yollanırdı. Əvvəlcə icraiyyə komitəsi binasının üzərindəki bayrağa baxır və sonra gəlib icraiyyə komitəsinin qapısını kəsdirirdi. İcraiyyə komitəsinin damında qızıl bayraq dalğalanır, aşağıda isə qızıl bayraqdan gözləri qamaşan Hacı Salman dururdu...

Hacı Salman orada durduqda, özünü şeylərinin yaxınlığında hiss edir və buna görə də rahat olurdu.

Hər  gün Hacı Salmanı icraiyyə komitəsi qapısında görən xidmətçilər:

– Nə üçün burada durmasını, – sorduqda – Hacı:

– Mənim var-yoxumu buraya gətirmişlər... Paylayacaqlar. Təvəqqə edirəm, mənə verəsiniz. Qaytarınız, o firuzə üzük atamın yadigarıdır...

Bunu eşidənlər Hacıya təəccüblə baxıb keçirdilər. Bəzisi Hacıya ərizə verməyi təklif etmişdi. Hacı Salman bunların sözü ilə neçə ərizə də vermişdi..

 Bu ərizələrdən sonra Hacı Salman soruşanlara: – ərizənin cavabını gözləyirəm, – deyirdi.

Küçə uşaqları Hacının qazan əhvalatını bilmiş və ona rast gələndə:

– Hacı, qazan nə oldu? – deyə soruşurdular.

Əvvəlcə bu suallara diqqət verməyən Hacı Salman, sonralar hirslənərək, uşaqlara ağzından gələn söyüşü deməkdən usanmayırdı.

Uşaqlar gülür, bu isə Hacını daha artıq acıqlandırırdı. Az müddət içərisində Hacı Salman şəhər içrə “qazan Hacı” adı ilə məşhur oldu.

 

1928

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info