Qonaq Kitabı
Haqsızlıq dünyasında

– Qorxma, rahat ol! Səndən sonra yad adam sənin şeylərinə əl vurmayacaq. Sənin ev-eşiyinə bacın sahib olacaqdır, – dedi.

Rüxsara xanım bu vəhşi sözləri eşidincə, başını qaldırıb, zəif qollarına təkiyə etdi. Hiddətli nəzərlə Kərbəlayı Səftərə baxdı.

– Daha ürəyini sıxma, Allah işidir. Bacı sənindir.

– Danışma, cəllad!.. Qarşımda durma!..

Reyhan xanımın daxil olması bu danışığı kəsdi. Kərbəlayı Səftər çıxdı. Rüxsara xanım əlləri ilə üzünü örtdü.

– Nə oldu? Nə üçün belə oldun? – deyə Reyhan xanım gətirdiyi firni boşqabını bir tərəfə qoyub, Rüxsara xanımın başını qucaqladı. – Sən ağlayırsan? Bu nədir?

Rüxsara xanım doğrudan da ağlayırdı. Bu gün bədbəxt qadın anladı ki, onun ölməsi yəqin edilmişdir. Bildi ki, əri Səftər onun ölməsini gözləyir: gözləyir ki, onun yerinə bacısı Gülnisanı alsın.

– Reyhan, sabah Gülnisanı çağır.

– Yaxşı! Sən də bu firnini ye, sonra yat; bu gün heç yatmadın.

– Sağ ol, bacım!

Reyhan xanım getdi... Rüxsara xanım gözlərini yumdu, ancaq yata bilmədi...

Səhər tezdən Reyhan xanım Gülnisanı çağırtdırmışdı.

– Rüxsara, Gülnisa gəldi...

Rüxsara xanım yuxulu gözlərini açıb bacısını gördü. Işarə ilə yanında oturmasını rica etdi.

– Bacı, kefin yaxşıdır? Bu gün elə özüm gələcəkdim...

Rüxsara xanım solğun nəzərlə əvvəl bacısına, sonra Reyhan xanıma baxıb, dodaqlarını bir-birinə döydü. Məlum idi ki, bir şey söyləmək istəyir, lakin söylədiyi eşidilmədi, anlaşılmadı.

Reyhan xanımla Gülnisanın nəzərləri bir-birinə rast gəldi. Hər biri düşünürdü. Lakin Rüxsara xanımın fikrindən nələr keçdiyini, nə demək istədiyini bilmirdi. Sordular, Rüxsara xanım cavab vermədi. Gözlərini yumdu. Dodaqları tərpəndi... Dərindən bir ah çəkdi... Əzabdan qurtardı.

Bacısına deyəcəyi sözləri Rüxsara xanım söyləyə bilmədi.

Bir dəqiqədən sonra Reyhan xanımla Gülnisanın ağlaşması ətrafı basdı.

Rüxsara xanımın qayınanası Gülbacı ağlaşma səsini eşidib özünü hövlnak otağa saldı.

– Getdi... Vayy... İndi bolşeviklər bu otağı da əlimizdən alarlar, – deyə iki əlini başına vurdu.


1923

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info