Qonaq Kitabı
Südçü qız

           – Acıqlanma, – dedi, – heç qanını xarab eləmə... Belə olacaqmış, məni adlamışlar. Bir aydan sonra ərə verəcəklər. Mən bunu gözləməyirdim.

           – Bu nə sözdür? – deyə soruşdum.

           Gülnaz özünəməxsus həlim bir səslə mənə:

           – Toxta bir! “Onlardan” belə əmr gəlmişdir ki, mən bir daha süd paylamayım; çünki “o”, deyirlər, razı deyildir. Bu yaxında da toy olacaqdır, söylənir, – dedi.

           Bu xəbər mənim qəm və yasıma səbəb oldu. Mən dinmədim. Yarım saata qədər davam edən sükutu pozmağa heç kəsdə ixtiyar yox idi. Axırda mən Gülnazdan qəmgin bir səslə: 

           – Sən “o” dediyin adamı sevirsənmi? – deyə sordum.

           Gülnaz cavabında dedi ki:

           – Mən onu heç tanımıram, əsla sevməyirəm. Bildiyimə görə davakar bir adamdır. Qoçudur, adam öldürəndir, deyirlər, yaşı da çoxdur.

           Mən Gülnaza təklif etdim ki, “ona” getməsin, mən onu alım. Mənim qarşımda bir məsələ dururdu: Gülnazın atası Fətəli kişinin mənim təklifimə nə münasibətdə olması; bilməyirdim Gülnazın atası “onu” rədd etməyə razı olarmı? Qorxurdum ki, “onun” qoçu olduğunu nəzərə alıb, Gülnazın atası razı olmaz və “onu” rədd etməyə cürət edə bilməz. Ona görə də Gülnaza: 

           – Sevməyirsənsə, getmə, rədd elə, mən səni şəhərə aparım, – dedim.

           Gülnaz bir ah çəkib dedi:

           – O mümkün olmaz, mən “ona” getməyib, sənə ərə getsəm, “o” səni öldürər; mən sənin ölməyini istəmirəm. Razı olmaram. Mən harada olsam, həmişə səni sevəcəyəm. – Burada Gülnaz başını aşağı salıb, yenə də sözünə davam etdi: – mən “onu” sevə bilməyəcəyəm, çünki mənim məhəbbətim səndə qalacaq. Sən isə gəzərsən, özünə bab bir qız taparsan. Mən kəndli qızı, sənə bab deyiləm. Sən ağa, biz kəndistan əhli. Biz şəhərdə qala bilmərik. 

           Gülnazın səsi titrəyirdi. Mən Gülnazın başını qaldırdım; üzünə baxmaq istəyirdim. Qız üzünü örtdü. Ancaq gözlərinin yaşardığını gördüm.

           – Gülnaz, belə olmamalıdır, – dedim.

           Gülnaz yenə dərindən bir ah çəkib, mənə: 

           – Başqa yolumuz yoxdur, – dedi, – ayrılmalıyıq. Ancaq səndən bircə təvəqqəm var: Bizim görüşməmizi bir kəsə söyləmə, qoy ikimizin arasında qalsın. Indi mən gedirəm, daha görüşməyəcəyik. Mən bilirəm ki, indi bu iş sənə çətin gəlir. Amma bir neçə gündən sonra mən də sənin yadından çıxaram. Ancaq mənə lənət oxuma.

           Mən Gülnazın qarşısında durub, heç bir söz demirdim. Gülnaz sözünü bitirdikdə qollarını boynuma saldı. Axırıncı dəfə öpüşdük...

           Gülnaz məndən ayrıldı.

           Mən ondan:

           – Gülnaz, gedirsənmi? Sabah görüşəcəyikmi? – sordum.

           – Yox, yox, sağ ol, salamat qal! – dedi.

           Gülnaz getdi... Biz ayrıldıq...

           Sabahı gün mən də bağda qalmayıb, şəhərə getdim. O yay mən bir daha bağa qayıtmadım.

           Əhməd hekayəsini tamam etdi. Ikimiz də bir-birimizin üzünə baxırdıq. Əhməd gözləyirdi ki, mən bir şey soracağam. Mən düşünürdüm ki, görəsən Gülnaz indi necə yaşayır. Əhməd mənim fikrimi duyub dedi:

           – Indi Gülnaz iki uşaq anasıdır. Mən o vaxtdan bəri Gülnazı görməmişəm. Ancaq eşitdiyimə görə Gülnaz əvvəlki Gülnaz deyildir, heç əvvəlkinə oxşamır. Deyirlər ki, bircə gözləri qalmışdır. Hətta bu bir neçə ilin zərfində Gülnaz çox qocalmışdır. Yazıq qız çox bədbəxt oldu.

           Bir az sükut etdikdən sonra Əhməd papiros çıxarıb yandırdı və tüstüsünü havaya halqa-halqa buraxaraq:

           – Bəli, bu bağ, bu bağban Fətəlinin məndə oyandırdığı xatirələr... Birinci dəfə olaraq indi söylədim.

           Bir zaman sonra Əhməd xudahafiz edib getdi.

           O gecəni mən sabahadək Gülnaz və Əhmədin hekayəsi ətrafında düşünərək, xəyal və təsəvvürlər içində keçirdim. Südçü Gülnazı mən də görmək istəyirdim...


        Xarkov-1915

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info