Qonaq Kitabı
Südçü qız

(Həqiqi sərgüzəşt)

Keçən yay mən...  bağlarında idim. Şəhərin gurultulu yaşayışından sonra, kəndə məxsus asuda, səssiz bir diriliyə adət etmədiyimdən bir növ darıxırdım. Ürəyim təngləşirdi. “Adi həyat” bildiyimiz şəhər yaşayışı, şəhərin yuxusuz gecələri xatırımdan çıxmayırdı.

Təəccüb edilməsin; yenə şəhərə övdət etmək istəyirdim. Yanımda qoca anamdan başqa nə tanışım, nə dostum, nə aşnam var idi. Həqiqətən tək idim.

Ancaq bir neçə gün əqdəm odanın pəncərəsindən bayıra baxarkən şəhərdə tanıdığım və yaxşı bildiyim dostuma oxşar bir adam görmüşdümsə də, o məni görməmişdi. Sonradan bağbanımızdan sorub bilmişdim ki, o haman şəxs doğrudan da mənim tanıdığım şəhər dostlarımdan Əhməd imiş.

Bir axşam ürəyim yenə təngləşdi. Mütaliə etdiyim kitabla maraqlana bilmədim. Papağımı götürüb bağdan çölə çıxdım və Əhmədin olduğu bağa doğru yollandım, yerini bağbanımızdan öyrənmişdim.

Bir neçə qədəm getmişdim ki, qarşıma bir tüklü qara it çıxdı. It hürməyə başladı. Mənim etinasızlığımı görən it, təəccüb edər kimi, hürə-hürə geri çəkildi. Bu vaxt bir az uzaqdan “Qaraca, Qaraca” çağırıltını eşitdim. “Qaraca” çağıranın it sahibi olduğunu duydum.

Mən “Qaraca”ya yaxınlaşdıqca, “Qaraca” sahibi gələn tərəfə qaçırdı. Bir-iki dəqiqədən sonra böyük bir əncir ağacının yanından, haman şəhərdə tanıdığım Əhmədin çıxdığını gördüm.

O da məni görən kimi tanıdı:    

– Səni xoş gördük, sən hara bura hara? – deyə Əhməd məni qarşıladı.

– Sağ ol, mən də bu il, Əhməd, sizə qonaq gəldim, – dedim.

Biz bir-birimizin əlini sıxdıq.

Əhməd 22-23 yaşında xoş simalı bir cavan idi. Ucaboylu, qarasaçlı Əhmədin qarabuğdayı çöhrəsində iki yanağı qırmızı alma kimi yanırdı. Əhmədin gözləri olduqca gözəl idi. Zil qara gözlərində eşq və həvəs oynayırdı.

Bəzən Əhmədin baxışı elə qəmli olurdu ki, doğrusu baxmaq mümkün olmayırdı.

Mən Əhmədlə məktəbdə oxuduğum zaman tanış olmuşdum. O vaxt Əhməd də bir gimnaziya tələbəsi idi. Həm də Əhməd “şıx” gəzən tələbələrdən idi. Göyçək Əhmədin gimnaziyada oxuyan qızlardan bir çoxunun xoşuna gəldiyini biz bilirdik. Həmişə Əhmədi görəndə də yoldaşları deyərdilər: “Əhmədin qara gözləri yenə qiyamət edir”.

Indi Əhmədin nazik qara bığları çöhrəsinə daha bir məlahət verirdi.

Haman saat Əhməd məni öz bağlarına dəvət etdi. Bizim bağımız daha yaxın olduğundan mənim təkidimlə Əhməd də mənimlə bərabər bizə gəldik.

Mən Əhmədə otağın qarşısındakı girdə mizin dövrəsində olan sandalyalardan birində əyləşməyi təklif etdim. Özüm isə ev qulluqçusunu çağırıb çay hazır etməsini tapşırdım.  

– Bu saat hazır olar, – deyə qulluqçumuz getdi.

Sonra mən də Əhmədlə üzbəüz bir sandalyada əyləşdim.

Biz söhbət etməyə məşğul olduq. Məlum oldu ki, Əhməd ailəsini həmişə bu bağlarına gətirərmiş. Mənim də bu il buraya gəlməmə Əhməd nəhayət dərəcədə şad oldu.

– Bu bağların gözəl havası var, xoşuna gəlirmi? Dənizə gedirsənmi? – Əhməd məndən əhval sorurdu. Mən ona hələ dənizi görməmiş olduğumu söyləyincə, o: 

– Gedərik, görərsən, – dedi. Sonra əlavə etdi:

– Yaxşı səfalı yerlərdir, kim rahat olmaq istəyirsə, məncə buralara gəlməlidir.

Mən də Əhmədlə razı oldum.

Bir azdan sonra biz rəfiqanə söhbət edirdik.

Əhməd subay idi. Buraya ana və bacısı ilə gəlmişdi. Əhmədin üç bacısı varmış, ikisi ərdə, biri isə evdə imiş. Əhmədin qardaşı yox idi.

Hazırkı vaxtda Əhməd “şimal bankında” xidmət edirdi. Üç il bundan əvvəl gimnaziyanı tamam etdikdən sonra ali məktəbə daxil olmaq istəmişsə də, mümkün edə bilməmiş, ailələrini başsız buraxmaq istəməmişdi.

Söhbət etdiyimiz əsnada bizim bağban gəlib salam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. 

Mən və Əhməd də bağbana “çox sağ ol”, – dedik və çiçəkləri alıb, iyləməyə başladıq.

Bağban 45-50 yaşında qırmızısaqqal bir dilavər idi. Doğrudan da dilavər adlanmağa layiq bağban Fətəli çox sağlam bir kişi idi. Bu bizim bağın sahibi, həm də bağbanı idi. Fətəli gedərkən Əhməd ondan:

– Fətəli kişi, yenə də inək saxlayırsanmı? – deyə sordu.

– Bəli, mirzə, dövlətinizdən iki inəyim var – deyə Fətəli cavab verdi.

           Bunu eşidən Əhməd yenə sordu:  

         – Fətəli, bəs südünü kim satır?

           Bu dəfə Fətəli kişi Əhmədə açıqlı bir nəzər ataraq:

         – Dövlətinizdən, oğlan var, o aparıb müştərilərə paylayır, – dedi.  

           Bağban Fətəli gedəndən sonra Əhməd ahəstə bir ah çəkərək, gözlərini uzaq bir nöqtəyə dikib, sükut etdi.  

           Sonra bir papiros çıxarıb yandırdı və yenə dinməz-söyləməz çəkməyə başladı.

           Bu vaxt bizim qulluqçu iki stəkan çay, bir qab mürəbbə gətirib mizin üstünə qoydu. Mən stəkanlara qənd salıb öz çayımı qarışdırmağa başladım.

           Əhməd sakit oturmuşdu. Mən aşkar gördüm ki, Əhməd keçmiş bir vəqəni xatırlayır kimi fikrə qərq olmuşdur.

           Birdən Əhməd ayılan kimi mənə baxdı. Mən də ona çay içməyi təklif etdim.

           Bir qədər keçəndən sonra Əhməd məndən:   

           – Bilirsənmi nə üçün fikrə getdim? – deyə sordu.  

           – Xeyir.  

           – Bu bağ və bağban Fətəli mənim xatırıma keçmiş günləri saldı. Şirin xatirələr. Mən onları bu vaxtadək heç bir kəsə nağıl etməmişəm. Indi isə söyləmək istəyirəm. Eşitmək istəmirsən?

           Mən cavabında:   

           – Çox şad olaram, mümkün isə, buyur, – dedim.

           Əhməd barmaqları arasındakı sönmüş papirosu atıb, yenə bir papiros çıxarıb yandırdı və bu cür nağıl etməyə başladı.

           Əhvalat üç il bundan əvvəl həmin bu bağlarda vaqe olmuşdur. O vaxt mən gimnaziyanı bitirirdim. Şəhər isti olduğundan mən külfətimizi buraya köçürdüb, özüm isə şəhərdə qalmışdım. Imtahanlarımı verməyə məşğul idim. Imtahanlarımı tamam edib, vəsiqə alandan sonra mən də buraya gəldim.

           İyun ayının əvvəlləri idi. Şəhərin isti havasından və mənim kitablar üzərində yuxusuz keçirdiyim gecələrdən sonra bu bağlar başqa bir ləzzət verirdi. Birinci dəfə sənin indiki otağın qarşısından keçərkən bayıra baxan pəncərənin yanında bir qız gördüm. Qızı görən kimi bir dəqiqə durdum, tamaşa etdim, o  gözəl bir qız idi. Qara saçları, eşqlə dolu uzun kiprikli gözləri, ərəbi burnu, hamısından artıq gözəl balaca ağzı, qırmızı dodaqları mənim xoşuma gəldi. O gözəl xanımı görən kimi ürəyim döyünməyə başladı... Ayaqlarım şaşdı.

           Mənim özümü itirdiyimi qız görüb gülümsədi. Mən keçib getdim. O gözəlin fikri ilə məşğul olduğum halda evə qayıtdım. Anamdan o qızın kim olduğunu sordum. Bildim ki, görmüş olduğum gözəl qız südçü Fətəlinin qızı imiş. Hətta anam dedi ki, “yazıq Fətəlinin gözünün ağı-qarası bir qızı var, göyçək qızdır, nə edəsən ki, kasıbdır...”

           Bizim üçün hər gün süd gətirirlərdi. Ancaq əvvəldən necə olmuşdusa da biz südü Fətəligildən almayırdıq.

           Bir gün mən anama dedim ki, bu südə su qatırlar. Fətəlinin südü yaxşıdır, özü də su qatan adam deyildir. Gəlin biz də südü Fətəligildən alaq.

           Anam da razı oldu. Ancaq bunu əlavə etdi ki, “gərək ki, Fətəlinin süd satmağa bir adamı olmasın, gavur qızı, o sən gördüyün qızı aparıb satır”.

           Mən bu xəbəri gözləməyirdim. Eşidən kimi yenə ürəyim tez-tez döyünməyə başladı... Yazıq ürəg!..

           Əhməd burada papirosu kənara qoyub, çay içməyə başladı. Sonra hekayəsinə davam edərək dedi:  

           – Necə bilirsən sabahı gün Fətəli kişinin qızı bizə süd gətirsinmi?

           Təəssüflər olsun ki, qızın süd gətirdiyi vaxt mən yatmışdım. Sonra anam mənə xəbər verdi ki, südü Gülnaz gətirmişdir. Fətəli kişinin qızının adı Gülnaz imiş. Nə qədər heyifsiləndim, məndə bu qıza dərin bir hiss oyandığını duyurdum. Təəccüb edirdim: qızı bir dəfə görmüş və heç bir söz deməmiş, ondan da mən bir kəlmə eşitməmişdim.

           O vaxtlar mənim rus qızlarından bir çox tanışlarım var idi; bəzilərini mən artıq sevirdim, məsələn: bir Nadya adlı gimnaziya talibəsi var idi. Bunu biz “Diyö” deyə çağırırdıq. Mən bu “Diyö” xanıma həqiqi məhəbbət bəsləyirdim. Bunu hətta müəllimlərimizdən də bilən var idi. Amma Gülnaz xanımı görən gündən sonra bu tanış qızlar hamısı xatirimdən çıxdı. O sevdiyim “Diyö” heç yadıma belə düşmədi.

           Mən sənə əvvəlcə demədim, Gülnazgil kasıb idilər. Burasını anam da birinci dəfə qeyd etmişdi. Gülnaz ucuz qiymətli çitdən sadə paltar geyirdi...

           Bəli, birinci gün Gülnazı süd gətirdiyi zaman görə bilmədim. O gün mən axşam vaxtı evdən çıxıb Fətəlinin bağı tərəfə yollandım. Fikrim Gülnazı görmək idi. Bir-iki dəfə Gülnazgilin evlərinin yanından keçdim. Lakin Gülnazı görmədim, rast gəlmədi.

           Əhməd dayandı. Papirosunu yandırıb çəkməyə başladı. Mən qulluqçunu çağırıb yenə çay gətirtdim.

           Əhməd papirosunu atıb başladı:  

           – O axşam evimizə qayıtdıqda sabah sübhdən Gülnazı süd gətirdiyi zaman görməyə qərar verdim. Desəm ki, o gecəni rahat yata bilmədim, inanmayacaqsan. Ancaq səhərə yaxın məni yuxu aparmışdı. Yuxumda isə Gülnazı gördüm. Gördüm ki, mən çəməndə gəzirəm, birdən gülüş səsi eşidilir, o tərəf-bu tərəfə baxıramsa da bir şey görə bilmirəm. O vaxt gülən adam mənə deyir: “Məni görə bilmirsən? Mən buradayam, səndən qaçıram, səndən qorxuram. Sən qorxulu adamsan”.

           Mən axtarıram, heç bir kəsi görə bilmirəm. Yenə haman görə bilmədiyim adam deyir: “Axtarma, gəl barışaq, istəyirsənmi?” Bu vaxt bu gülmək məni lap dilgir edir. Ürəyim təng olur. Bu vaxt Gülnaz xanım gəlib yanımdan keçir, heç də mənə etina etməyərək keçib gedir. Mən onun ardınca getmək istərkən ayağım bir daşa toxunur, yuxudan ayılıram. Haman saat sərasimə durub bayıra baxmaq üçün pəncərəni açdım. Sübhün ahəstə yeli üzümə dəydi. Hava açılmışdısa da gün çıxmamışdı. Bu vaxt kəndlilər durub işə gedirlər. Mən tez paltarımı geyib otaqdan çıxdım. Bağ qapısına tərəf yollandım. Qapımız hələ bağlı idi: deməli süd gəlməmişdi.

           Küçə qapısını açıb qapının yanındakı iri bir daş üzərində oturdum. O sabah gözəl bir saba idi... Yerə düşmüş şəbnəm hələ qurumamışdı. Yer üzərində beş-altı yeni ayaq ləpirləri aşkar məlum olurdu.

           Birdən bir danışıq eşitdim. Dönüb səs gələn tərəfə baxdım. Bir şey görmədimsə də, aydın eşidirdim ki, qonşu bağda danışırlar. Birdən bu biri tərəfə dönərkən, – ah, gərək heç dönməyə idim, çünki o mənə baxırmış, – gördüm ki, yeni açılmış çiçək, sabah çiçəyi kimi Gülnaz yanımda durub mənə baxır. Mən ona baxan tək başını aşağı saldı. Bu vaxt o nə qədər gözəl və məlahətli idi.

           Uzun kirpikləri gözlərini örtmüşdü. Yanaqları qızarırdı. Doğrudan da “almadan da qırmızı idi”. Heyf, mən şair deyiləm ki, onun vəcihəliyini təsvir edə bilim! Mən onun gözəlliyini nə qədər tərif etsəm də, başa sala bilməyəcəyəm. Onu vəcihə edən bir şey var idi ki, nə olduğunu mən özüm də yaxşı dərk edə bilmirdim. Mənim qarşımda duran bu gözəl simalı qızın üzü lap açıq idi. Birdən başında çadrası olduğunu düşünüb üzünü örtmək istədi, lakin bacarmadı; əlində süd dolçası var idi. Mən isə tamaşa edirdim. Danışmağa cürətim yox idi...

           Deyəsən mənə hökm edilirdi ki, qarşımda duran bu qızı qucaqlayıb bağrıma basım və deyim ki: “Gülnaz, gözəlim, mən səni sevirəm”, amma bunu etmək istəsəydim də bacarmayacaqdım, mən titrəyirdim. Durduğum yerdə ayaqlarımın xəfifcəsinə əsməsi, bütün bədənimə sirayət etmişdi. Zəif olduğumu hiss edirdim. Gülnaz başını qaldırmayaraq ahəstəcə mənə:  

           – Mən sizə süd gətirmişəm, evdə durublarmı? – dedi.

           Hələ mən Gülnazın səsini eşitməmişdim. Mən elə zənn edirdim ki, Gülnazın nazənin səsini eşitsəm, bihuş olaram. Amma huşsuz olmadımsa da, qəzəllərdə deyilən kimi, “qərarım kəsilib, taqət qalmadı”.

           Ondan süd qabını almaq üçün əlimi uzatdım və dedim:

           – Acığın gəlməsin, mən burada elə səni gözləyirdim, əgər... daha sözümün ardını söyləyə bilmədim. Qız mənim şaşdığımı gördü. Əvvəlcə mənə təəccüblə nəzər saldı, sonra gülümsədi. Yenə başını aşağı dikərək:  

           – Məni nə üçün gözləyirsən? Sən südü gözləyirdin, – dedi.

           Mən burada daha tab edə bilməyib:  

           – Yox, yox gözəlim, mən məhz səni, ancaq səni gözləyirəm; çünki, çünki istəyirəm, çünki... – dedim, amma yenə dilim dolaşdı, axırını yetirə bilmədim.

           Onda qız başını qaldırıb: 

           – Məni görmək? Indi gördün ki, – deyə güldü, baxdı, yenə başını aşağı saldı. 

           Bu dəqiqə Gülnaz nə gözəl idi! Dodaqları! Qızıl gül nəkarədir? Mən özümə ürək verib: 

           – Sənin kimi gözəl bir qızı kim görmək istəməz? Ah, bilirsən mənim ürəyimdə bu saat nələr var?! Mən səni əvvəl dəfə pəncərənizin qabağında gördüm. Sonra mən dedim ki, gərək süd sizdən alınsın, çünki bilirdim ki, südü gətirəndə mən səni görə biləcəyəm, – dedim...

           Gülnaz sadə bir dil ilə:  

           – Nə olsun ki, – dedi. – Sən nə danışırsan, mən heç bir şey başa düşmürəm... mən südü içəri aparımmı? 

           – Süd? Ah, qoy qalsın, gör mən...

           Gülnaz mənim sözümü kəsdi:

           – Niyə qalsın, mənim daha işim yoxdur? – dedi.

           Nə xoş və nə sadə uşaqcasına danışıq idi! 

           Mən südü aldım. Evə apardım və süd dolçasını Gülnaza qaytaranda dedim:

           – Sabah yenə mən səni burada gözləyəcəyəm.

           Gülnaz qabı məndən aldı, heç bir söz demədi, getdi. Bir neçə qədəm irəliləmişdi ki, birdən dönüb mənə: “bilirsən, süd beş girvənkə idi, xanıma deyərsən...” – dedi.

           Bu qızlarda nə qədər örtülü sirlər var. Biz onların yarısını belə bilməyirik. Gülnaz südün qədərini demək üçün mənə baxmadı. Onun o baxışı əlahiddə bir baxış idi! Qızın qara gözləri, uzun kirpikləri arasından gülümsərcəsinə deyirdi: “Cavan oğlan, mən sən deyəni qanıram, sən nə yaxşı söyləyirsən, bayaq dediklərimə inanma!” Bunu mən onun baxışında oxudum. Birdən məni evdən çağırdılar. Onda bildim ki, qız gedəndən sonra mən dərin fikrə dalmış imişəm.

           Əhməd yenə burada dayandı. Mən ona çay içməyi təklif etdimsə də, qəbul etmədi. Diqqətlə baxdım: Əhmədin gözləri yaşarmış kimi idi.

           Bir dəqiqədən sonra yenə sözünə davam etdi.

           – Bəli, əhvalat uzundur. Mən müxtəsər edirəm. Yarın biz yenə orada görüşdük. Söhbət etdik. Bu dəfə o, təzə qırmızı paltar geyinmişdi. Bu paltarda daha da sevimli və qəşəng idi.

           Sonralar biz hər gün sabahlar Gülnaz ilə görüşürdük. Şübhəsiz deyə bilərəm ki, biz hər ikimiz bir-birimizi görmək istəyirdik. Mən bunu onun baxışında, qara gözlərinin süzgün baxışında görürdüm. Biz bir-birimizi görməyə qadir olmasaydıq və ya ki, bizim üçün görüş mümkün olmasaydı, mən özümü sərgərdan hiss edib, oturub-durmağımı, söylədiyimi, hətta özümü belə bilməzdim. Mən Gülnazın da belə hisslərə qapıldığını duymuşdum... Xülasə, biz hər gün gərək görüşə idik.

           Dediyim kimi, bunu mənimtək Gülnaz da istəyirdi.

           Bir gün Gülnaz südü verəndə, birdən əlimi tutub, yenə buraxdı və bir az sonra dedi: 

           – Sən məni hər gün gözləyəcəksənmi?  

           – Əlbəttə, gözləyəcəyəm, mənim sevgilim, – deyə mən də əlini tutdum.

           Gülnaz əlini geri çəkmədi, ancaq mənim gözlərimə diqqətlə baxdı. Bu vaxt mənim ürəyim gup-gupla döyünürdü. Zənn edirəm ki, ürəyimin döyünməsini Gülnaz da duyur və eşidirdi. Gülnazın ürəyi də asudə və sakit deyildi. Biz bir neçə dəqiqə bir-birimizə heyran-heyran baxdıq. Mən fürsəti fövtə verməyərək... Ah, mən bilirdim ki, burasını nağıl edə bilməyəcəyəm!..

           Əhməd dayandı. Aşkar gördüm ki, bu xatirələr Əhmədə artıq dərəcədə təsir edir. O, xatirələrinin hər bir təfsilini iztirablarla hiss edirdi. Mən bir söz deməyə cürət etmirdim.

           Iki dəqiqədən sonra Əhməd yenə xatirələrinə davam etdi:  

           – Bəli, mən o dəqiqə əlini buraxmadım, yenə cürətin haradan gəldiyini bilmədim! Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm! Mən o qədər cəld, o qədər tez hərəkət etdim ki, Gülnaz mənə mane ola bilmədi. Sonra o ayıldı – onda da iş-işdən keçmişdi, mən onun al yanağından iki öpüş almışdım.

           Gülnaz çox bərk acıqlandı və mənim üstümə çığırdı: 

           – Bu nədir, xərif olmamısan ki?.. Heç bilirsən nə edirsən?

           Və daha bir çox sözlər dedi.

           Gülnazın dediklərinin bir çoxunu eşitmədim; çünki eşitmək istəmirdim. Mən Gülnazı öpdüyümə görə özümü o qədər xoşbəxt sanırdım ki!.. Artıq o öpüşləri təkrar etmək istərdim.

           Lakin Gülnazın acıqlı baxışı buna mane olurdu. Mən nə etmiş olduğumu fikir edib utandım. Çocuq kimi tez Gülnazdan üzr istəməyə başladım:

           – Bağışla, bağışla, gözəlim, ürəyim ixtiyarsız istədiyinə əməl edirdi. Bağışla məni, səni öpməyimə ixtiyarım yoxsa da, amma bəslədiyim məhəbbətin buna ixtiyarı vardır...

           Bu əhvalat bizim açılışmamıza səbəb oldu. Bu gündən sonra biz görüşəndə gözdən iraq bir yerə çəkilib yarım saata qədər qol-boyun durur, bir-birimizdən hesabsız busə alırdıq.

           Bir gün Gülnaz çox acıqlı idi. Görcək səbəbini sordum:

           – Gülnaz, nə var, nə olmuşdur? Niyə belə kefsizsən?

           Mən Gülnazın əlini tutdum. Gülnaz isə ahəstəcə: 

           – Bu axırıncı dəfədir ki, biz görüşürük, daha görüşə bilməyəcəyik, – dedi.

           Ətrafındakı evlər, ağaclar, meynələr başıma dolandı. Bu nə sirdir– qanmadım, hirslənib sordum:

           – Gülnaz, nə üçün? Söylə!

           – Mümkün olmayacaqdır.

           – Axı bir səbəbi varmı?

           – Əlbəttə ki, var.

           Mən təkidlə ona: 

           – De, de görüm nədir, kimdir? – dedim.

           Gülnaz süzgün-süzgün baxaraq, əlimi sığalladı və:



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info