Qonaq Kitabı
İki fantan

Vaqeimizin böyük qəhrəmanı Zəngan həmşərisi Fərəc Zeynal oğlunun müxtəlif şərhi-halı bu kiçik hekayəmizi olduqca uzatdı. Indi artıq balaca bir manevra yaparaq, getdiyimiz bu uzun yolları dönmək və məqsədə qovuşmaq fikrindəyik.

Fərəc Mürsəl bəyin dəniz sahilindəgi kontorasını bilib öyrəndikdən sonra erməni yoldaşından ayrıldı. Və haman o gün Mürsəl bəyin neft işləri naziri Ağanəcəf ilə (üçüncü fəsildə danışdıq) görüşdü. Quyular barəsində danışıb, lazımi məlumatı aldı. Zatən Ağanəcəf Fərəc kimi birisini göydə axtarırdı, yerdə əlinə düşmüşdü. Haman dəqiqə telefon vasitəsilə əhvalatı ərbabı Mürsəl bəyə xəbər verdi. Uzun sözün qısası, bir çox söhbətdən, danışıqdan sonra Fərəc əvvəlcə quyuların birisini götürdü və qərar belə oldu ki, Fərəc istər bir saatda, istər bir gündə, istər on gündə quyunu qazıb damara çatdırsın. Oradan neft çıxarsın. Bunun əvəzində 250 manat həqq alsın: Yüzünü əvvəl, yüz əllisini də sonra.

Iştə, Fərəc ilə olan bu danışıqdan iki saat sonra idi ki, Ağanəcəf təkatlı faytonla özünü ərbabı Mürsəl bəyin hüzuruna yetirmiş və qapıdan girərkən demişdir ki:

– Xozeyin! Xozeyin! Gedə razı oldu və iş kəsilib qurtardı...

Və yenə həmin bu günün axşamında idi ki, biz Fərəci bir dəstə öz yoldaşları ilə Şamaxı yolunun yuxarısındakı müsəlman çayxanasının qabağında görmüşdük və Ağanəcəf fayton ilə oradan keçərkən kəndisini çağırmış və öz qərardadlarına görə bəzi sözlər danışdıqdan sonra yenə sovuşub getmişdi. Fərəc dəxi yarın səhər tezdən qalxıb işə getmək üçün indidən evlərinə dönmüş və Yuxarı Priyut küçəsində kirələmiş olduğu “nə verim” daxmasına girmişdi.

 

Qara fantan

Sabah səhər tezdən iş başında hazır ola bilməsi üçün bu axşam erkən yatmağa hazırlanan Fərəc paltarını çıxararkən anasına:

– Səhər məni gün çıxmadan durquzarsan! –  dedi və yatağına uzandı.

Fərəc, başı yastıqda gözlərini otağın tavanında naməlum bir nöqtəyə dikmişdi, yenə də düşünürdü. 250 manat. Bu ayaqda onun üçün az pul deyildi. Bu pul ilə iyirmi beş-otuz manata qədər olan xırda borclarını verəcək, sonra müxtəsər bir ev büsatı düzəldəcək... Hələ nişanlısı ilə bir evdə yaşarkən artıq hər təsadüfdə böyük məhcubiyyətlə utanıb qaçmağa başlayan gözəl Ziynətin arzularını yerinə yetirməyə də borclu deyildimi?

Bu, Fərəcin ən böyük, ən müqəddəs bir borcu idi. Iki (yüz əlli manatdan qalan pulun artığı ilə yüngül, fağırcasına bir toy edəcək, sonra da öz işində, öz fəhləliyində davam edərək bəlkə məsud bir həyat sürə biləcəklərdi.

Fərəc istiqbalın (gələcəyin) bu dadlı xəyalları içində dadlı yuxuya getdi.

Sabah ertə, saat səkkiz tamamda Sabunçunun Atayev mədənlərində hazır idi. Atayevin Sabunçu agenti qabaqcadan telefon ilə bu xüsusə dair lazım olan məlumatı aldığı üçün həmən-həmən Fərəci qəbul etdi və bir azdan sonra iki nəfər başqa fəhlə ilə bərabər quyu başına getdilər. Nəhayət, bir neçə dəqiqəyə qədər lazım olan vəsiqələr hazırlandı. Və bizim qəhrəman Fərəc, bütün həyatını, mövcudiyyətini öz namusuna, hissiyyatına qurban etmiş olan gənc fəhlə yerlərə, göylərə, günəşə, daha doğrusu, bütün kainata son bir nəzərlə vida fırlatdıqdan sonra quyuya endi. Üç-dörd dəqiqə sonra belçə və külüngün bərk, qatı bir şeyə vurularkən çıxardığı sədalar eşidilməyə başladı və yarım saata qədər beləcə davam etdi. Sonra Fərəc başqa bir külüng daha istədi. İpə bağlayıb salladılar. Bir az sonra içməli su xahişində bulundu. Onu da salladılar...

Külüng zərbələri, belçə sədaları yenə gahdan bir eşidildi. Nəhayət, müdhiş bir səs, güclü bir mədən partlayışı quyunun başında olan əmələləri diksindirdi. Və bunun dalınca zəif bir səda:

– Hava! Hava! İşıq! Aman, məni yuxarı çəkin! – deyə yalvardı...

Əmələlər bu sədanı eşitdilər, fəqət sözləri anlamadılar. Onlar elə xəyal etdilər ki, Fərəc yenə də içməli su, yaxud başqa bir külüng, ya belçə istəyir...

Bir qədər dayandılar. Səsin dalısı gəlmədi. Fəhlələrdən birisi başını quyuya sallayaraq:

–  Nə istədin?..

–       ...

– Fərəc, nə lazımsa istə, göndərək!

–       ...

Quyudan heç bir cavab yox! Ancaq danışan fəhlələrin əks-sədası özlərinə qayıdır və başqa heç bir səs eşidilmirdi.

Əmələlər zor verdilər, ipi çəkdilər. Fərəc, çöhrəsi qaralmış, bədəni yarısından aşağı mazuta bulaşmış bir halda, quyudan çıxarıldı. Onun dalınca qara mazut qara dalğaları ilə quyunun ən qaranlıq dərinliklərindən yüksəlməyə başladı. Bir az sonra Mürsəl bəy Atayev naminə olaraq “qara fantan” atmaqda idi.

 

Ağ fantan

Atayevin Sabunçu agenti müjdəlik (muştuluq) almaq həvəsi ilə bu vəqəni şəhərə xəbər vermək üçün haman-haman telefon ayağına qaçdığından Fərəcin meyidini çuxurlarda, torpaqlar altına basıb gizlətməyi unutmuşdu.

Bütün mədəndə olan fəhlələr yığıldılar. Onların içində Fərəcin iki yaxın həmşərisi də var idi. Biçarənin bu vəziyyətdə ölməsi, daha doğrusu, öldürülməsi, bütün əmələlərin ürəklərini yandırdı... Fəqət, quyunun ətrafına fovrən geniş bir sədd çəkmək icab etdiyi üçün haman işə başladılar. Sonra Sabunçu polis dairəsindən gəlmiş olan iki məmur tərəfindən Fərəcin qara mazutlara bulaşmış olan cənazəsini idarəyə gətirdilər. Iki zənganlı həmşəri də cənazəni müşayiət edirdi.

Sözü artıq uzatmağa gəlməz. Haman gün axşam günəş batandan sonra, bir mədən arabası öz dəmir təkərləri ilə Bakıda məşhur Qanlıtəpə küçəsinin daş döşəmələri üzərində patıltılar-şaqqıltılar qopararaq, şəhərə tərəf enirdi.

Arabanın ağır hərəkəti yarım saat sonra Priyutski küçəsində alçaq, darısqal bir qapının bərabərində dayanıb durdu!

Bu qapını hamımız tanıyırıq. Bu gün, günortadan bəri Fərəcin ölüm xəbəri şəhərdə şayiə olduqdan sonra bu qapıdan, bu evdən “bala vay, oğul vay...” səsi göylərə çıxmışdı. Biçarə Fərəcin bədbəxt anası özünü öldürürdü. Bütün qonşu arvadlar və başqa tanıyanlar, bilənlər yığılmışdılar. Hamısı dizlərinə vurur, hamısı təəssüf edirdilər. Bu arada bir də diqqəti cəlb edən bir məsələ var idi.

Fərəcin nişanlısı gözəl Ziynətin halı!..

Doğrudan da, qızcığaz və onda görünən halət orada olan xalqın hamısını təəccübə gətirmişdi... O, heç ağlamırdı. Dizinə vurmur, başını yolmurdu. O, bütün gəlib-gedənlərin ağlayıb oxşamalarını, çıxardıqları səsə-küyə baxmayaraq, böyük bir etinasızlıqla otaq qapısının həyətə çıxan tərəfində dizlərini qucaqlayıb oturmuş və sakit-sakit ətrafı seyrə dalmışdı.. Ancaq, onun qara gözləri ilə qırmızı, lətif dodaqları öz əvvəlki şəkillərini dəyişmiş və büsbütün başqa bir vəziyyət almışdı...

Nəhayət, axşam qürub zamanı o dəmir təkərli mədən arabasının birdən-birə qapı qabağına gəlib dayanması zavallı Ziynəti diksindirmiş və neçə saatdan bəri dalmış olduğu heyrət aləmindən çıxarmışdı.

Fərəcin cənazəsi arabadan həyətə gətirilirkən bədbəxt ana ilə otaqda olan arvadların hamısı həyətə töküldülər.

Bir məhşər, bir qiyamət qopdu. Ziynət də öz vəziyyətini, öz sükutunu pozaraq, yavaş-yavaş ayağa durdu və arxasını divara söykədi, qarşısında yatırılmış cənazəyə iti nəzərlə baxdı. Ağlamaq istədi, bacarmadı... sonra bir qışqırmaq, hayqırmaq üçün bütün qüvvəsini topladı, yenə mümkün olmadı. Nəhayət, gözləri yumularaq, sınırlı bir titrəyişlə yıxıldı düşdü və özündən getdi... Fərəcin cənazəsi ətrafına toplanmış olan arvadların bir çoxu Ziynətin başına yığıldı...

“Ay aman, bir bardaq (cürdək) su!.. Ay qız, istəkan təkində bir qədər sirkə” sədası həyəti doldurmuşdu.

Təqribən bir saata qədər ağlaşdılar. Bədbəxt qızcığazı hala gətirmək üçün mümkün olan çarələri etdilər. Sonra Ziynət xəfif (yüngül) sarsıntı yaparaq, gözlərini açdı və ətrafa səthi bir nəzər dolandırdıqdan sonra ağlamağa, bütün ürəyində birikmiş olan həsrət kədərlərini bol-bol boşaltmağa başladı. Həssas bir qəlb, incə bir ruh bu gözəl qara gözlərdən boşaldılan yaşlar üçün “ağ fantan” təbirini daha gözəl, daha münasib bulacaqdır.

 

Leypsiqə ikinci bir teleqram

Atayevin Sabunçu agenti telefon vasitəsilə qara fantanın müjdəsini şəhərdə ərbabı Mürsəl bəyə xəbər verdiyi zaman, bəy cənabları yuxudan durmuş və hələ çarpayıdan qulluqçu Lidanın gətirmiş olduğu bir stəkan ilıq südü içməyə başlamamışdı. Yan otaqda telefon səsləndi. Lida yüyürdü. Bir dəqiqə sonra qayıdaraq, bəyə:

–       Sizi telefona çağırırlar! –dedi.

–       Haradan?

–       Sabunçudan!

Sabunçu adını eşitcək, bəy birdən-birə çarpayıdan sıçradı. Tələsik telefon

ayağına yüyürdü və ürəyi döyünə-döyünə öz ixlaskar nökəri – Sabunçu agentinin verdiyi şadlıq xəbərini aldı...

Mürsəl bəy bu xəbərin təsirilə əvvəl bir neçə dəqiqə divanəvər kimi otağı fırlandı, sonra birdən-birə dayandı və bir az düşündükdən sonra öz-özünə:

–Doğrudan da, yediyin çörək sənə halal olsun, ağa nökər... – dedi. Sonra yenə telefona gedərək təzədən agenti çağırdı. 5-6 dəqiqəyə qədər işin vəziyyətinə fantanın qüvvəsinə dair bir çox tədqiqatda bulundu. Nəhayət, hər səhərki adəti üzrə bir soyuq su vannası yapmaq üçün fışqırıq çala-çala imarətin aşağı qatına endi və yuyundu, çimdi, atıldı, düşdü və yarım saata qədər mərmər hovuzun şəffaf (parlaq) suları ilə oynadı.

Bu səhər Sabunçu agentinin vermiş olduğu səadət müjdəsi ona hər şeyi unutdurmuşdu. Hərgah qulluqçu Lida gəlib onu səhər yeməyinə çağırmasaydı, bəlkə heç yadına düşməyəcəkdi.

Bəy “cənabları” paltarını geyindikdən sonra birbaşa yemək salonuna getdi və ailəsi ilə bərabər masa başına keçdilər, adətinə qarşı olaraq, bu səhər bir şey yeyə bilmədi. Bir fincan kakao, bir-iki ilıq yumurta, daha başqa heç nə... Sonra yazı odasına getdi və Leyspiq şəhərindəki dostu – milyonçu Fansona aşağıdakı teleqrafı yazdı:

“Keçən gün sizin tərəflərə, yəni Almaniya mədən sularına gələ bilməyəcəyimə dair hüzurunuza bir teleqram vurmuşdum. Ancaq bu gün işlər düzəldi, sabah hökmən yola düşəcəyəm. Bu dəfə anam, arvadım, qızım da mənimlə bərabər olacaqlar. Keçən sənədəki ağ çiçəkli bağçanı mənim üçün kirələməyinizi rica edirəm.

      İmza: Mürsəl Atayev”.

Teleqramı qulluqçu vasitəsilə yola saldı. Və qadınını çağıraraq yarın Almaniyaya tərəf yola düşmək üçün hazırlanmaq əmrini verdikdən sonra öz faytonunu qoşdurub, birbaşa “Oriyant” otelində yaşayan məhbubəsi (sevgilisi) Lolyanın yanına getdi. Bir saatdan sonra onunla bərabər avtomobilə oturub yeni fantanın tamaşası üçün Sabunçuya tərəf yollandılar. Burasını da söyləmək lazımdır ki, hərgah Bakı teleqraf idarəsinin o böyük qocaman saatına inanılırsa, Mürsəl bəyin dünənki ilə bu güngü teleqramlarının arasında bir saat on beş dəqiqəlik bir fasilə var idi.

 

İki yol – iki hərəkət

Ertəsi gün səhər saat onun yarısında Mürsəl bəy öz külfəti ilə bərabər Bakı vağzalında dayanmış olan hərəkət qatarının birinci sinif kupelərindən birisində yerləşmişdi. Hənuz vaqonun yola düşməsinə yarım saat var idi.

Bəy kupedən endi və özünü yola salmağa gələn dostları ilə bərabər bufetə keçdilər. Ortada geniş bir mizin başında düzülüb, oturdular. Pivələr və başqa bu kimi soyuq içkilərin butulkalarə açıldı və içməyə başlandı. Ancaq Mürsəl bəy öz vəfalı naziri Ağanəcəfi yanına çəkmiş, quyularına, zavodlarına, ticarətinə dair ona bir çox tövsiyyələr verərək, düsturül-əməllər verməyə başlamışdı. Gah da, bir boylanaraq, vağzalı doldurmuş olan qalabalıq içində birisini axtarırdı.

İkinci zəng vuruldu. Xalq bir-birinə qarışdı. O, müdhiş qalabalıq içində böyük bir fəaliyyət başdandı. Minikləri yola salmağa gələnlər hər tərəfdən qaynaşırdılar. Mürsəl bəy də fikirləri ilə bərabər bufetdən çıxdı və bu niyyətdə aradığı birisini, yəni rus rəfiqəsi Lolyanın ağ şlyapasını da böyük izdiham içində uzaqdan gördü və ona tərəf gedərək, çatan kimi dedi:

–Bilirsən, Lolya, bu səhər anam və arvadım mənimlə bərabər getdikləri üçün səni özümlə apara bilməyəcəyəm. Ancaq sən də ya axşamkı, yaxud yarın bu vaxtkı vaqonla çıxıb gələrsən. Sonra Almaniyada bir-birimizlə görüşərik... Bu sözləri deyəndən sonra, “şəhər bankı” həvaləsinə yeddi yüz manatlıq bir çek cibindən çıxarıb, Lolyaya verdi və onun lətif əllərini iki ovcunun arasında sıxaraq, ayrıldı. Sonra onu yola salmağa gəlmiş olan rəfiqləri ilə birər-birər görüşərək, Ağanəcəfin də üzündən, dodaqlarından öpərkən, Ağanəcəf Mürsəl bəyin qulağına bir parə sözlər pıçıldadı... Bəy “cənabları” başı ilə təsdiq əlamətləri yaparaq:

–Hə...hə... düzdür! Yaxşı, yadıma saldın, – dedi və cibindən iki dənə beş yüzlük çıxardı:

–Bundan üç yüz manat bizim Sabunçu agenti Heydərə mujdəlik verirsən. Sonra iki yüz əlli manat mədən polis dairəsi pristavına, iki yüz manat Bakıdakı İran konsuluna, yüz əlli manat Sabunçu konsul naibinə və yerdə qalan 150 manatı da o Fərəc gədənin müzdünün hesabına evlərinə göndərərsən!

Üçüncü zəng vurulmuşdu, bütün miniklər vaqona çıxmışdılar. Mürsəl bəy də çıxdı. Öndə olan atəşli qazan (Lokomotiv) müdhiş bir fışqırtı yapdıqdan sonra yerindən tərpəndi və yavaş-yavaş yol aldı. Demək, bu gurultu, bu qatar, bu təntənə bir sürü bacarıqlıları, sərvət sahiblərini Rusiyaya, yaxud Avropa müsafirlərini səadət qucağına götürürdü.

İndi hekayəmizi qurtarmaq və ondan mətlub bir nəticə çıxarmaq üçün bir saniyə içində oxucularımızı Bakı vağzalından Quba meydanına, daha doğrusu, Quba meydanının Şamaxı yoluna qədər gətirmək məcburiyyətindəyik. Burada onlara başqa bir hərəkət, başqa bir müsafirət göstərəcəyik.

Qara örtülü, mühəkkər bir tabut dörd mədən əmələlərinin çiyinlərində gedir, öndə, arxada beş-altı nəfər fəhlə qiyafətli adamlar yeriyir, arxada qoca bir ana ilə gənc bir nişanlı qız ayaqyalın, sinəsi açıq yüyürür. Demək ki, bu məhzun alay, bu təntənəsiz cəmiyyət bizim o nakam Fərəcin mühəkkər ənazəsini qara torpaqların qaranlıq qucağına aparırdı.

Iştə, bu da başqa bir hərəkət, başqa bir müsafirət idi.

Cənazə alayı Spasski küçəsini döndükdən sonra, Çəmbərəkənd qəbristanlığına çıxmağa başladı.

Hasili ki, bizim qəhrəman Fərəc, o yüksək ruhlu, saf, təmiz qəlbli insan, o igid cavan Mürsəl bəyi və onun ailəsini Almaniyaya mədən sularının behişt kimi havalarında yaşamaq üçün yola saldıqdan sonra özü öz anasını və nişanlısını qərib, bikəs buraxaraq məzarıstanın həmişəlik ağuşuna yollanırdı...

Ötəkilər pullu, varlı, zorlu olduqları üçün cənnəti, səadəti, bərəksi isə yoxsul bir fəhlə olduğundan ölümü, fəlakəti qəbul etmişdi.

Haman gün axşam Bakıda çıxan rusca “Kaspi” qəzetəsinin “Şəhər və ətraf xəbərləri” sütununda aşağıdakı sətirlər yazılmışdı:

“Sabunçuda yeni fantan!

Dünən, səhər saat 9-dan bəri məşhur mədən sahibi Mürsəl bəy Atayevin Sabunçu quyularının birisində yeni bir fantan atmağa başlamış. Bir çox mütəxəssislərin söylədiklərinə görə bu fantanın qüvvəsi (atması) bir neçə günlərə qədər davam edəcəkdir.

Hər halda, Mürsəl bəy həzrətlərinin taleləri şayani-təbrikdir. Ancaq fantan atandan əvvəl haman quyunu qazarkən İran təbəəsi Fərəc Zeynal oğlu bir fəhlə quyuda boğulub ölmüşdür”.



[1] Leypsiq Almaniyada bir şəhərdir

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info