Qonaq Kitabı
İki fantan

Kapital əsarəti altında əzilmiş şəhidlərə ithaf olunur

Leypsiqə bir teleqram

 

         Mürsəl bəy yazmış olduğu ufacıq teleqrama abuz çöhrəsi ilə son bir nəzər dəxi fırladaraq, masa üzərindəki zəngi çaldı və sonra ayağa qalxaraq, sinirli bir halətdə o başa, bu başa gəzməyə başladı.

         Mürsəl bəy əllərini şalvar cibində sıxaraq böyük addımlarla otaqda gəzirdi... O, yalnız olduğu üçün heç bir söz deyib, danışmırdı; ancaq tutqun simasında zahir olan bir çox əlamətlərindən görünürdü ki, bəy “cənabları” mənəvi böyük bir həyəcanın təsiri altındadır.

         Qapı açıldı, gənc bir rus qulluqçu qız içəri daxil olaraq ehtiram ilə bir reverans yapdı. Bəy masa üzərində yazdığı kağızı göstərərək: - Götür, Lida, - dedi. Həmən şimdi teleqramxanaya göndər; gərək bir saata qədər xəbərləşilsin. Tez ol, tez!

         Lida kağızı alaraq yenə yüngül bir reverans yapdıqdan sonra çıxdı.

         Teleqram Almaniyanın Leypsiq[1] şəhərində yəhudi tacirlərindən məşhur Fansonun adına yazılmışdı. Teleqramda deyilirdi.

         -  Əziz dostum!

         Bu il Almaniyanın mədən sularına gəlmək və keçən illər kimi sizlərlə vaxt keçirmək, kef çəkmək mənə mümükün olmayacaqdır. Səbəbi isə, neft istehsalatımızın birdən-birə azalmasıdır. Hazırda mövcud olan on bir buruqdan o qədər neft hasil olur ki, ancaq ev-ailə və kontor məxariclərini təmin etmək mümkündür; yenidən iki quyu qazdırıramsa da, mənə bir şey olacağına xatircəm deyiləm!! Hər halda sizlərin xoşbəxtliyinizə paxıllığım tutur.

         Məni yaddan çıxarmayın.

                                                                                                      Mürsəl Atayev

 

Mürsəl bəy

         Mürsəl bəy, Bakı neft mədənlərindən 35-36 yaşında, qısa boylu, dolu üzlü, qara və nazik bığlı bir bəy idi. Atası Buzovna kəndindən olduğu halda, özü şəhərdə böyümüş, hələ cocuk ikən, dayısının səy və israrı ilə daxil olduğu Bakı real məktəbinin 4-cü sinfini də bitirmədən çıxmışdı.

         Mürsəl bəyin cavanlıq həyatı, çox uzun, çox müfəssəl bir hekayədir, onu bütün ətrafı ilə təsvir etmək üçün təqribən 300 səhifəlik bir roman yazmaq lazım gəlir ki, buna nə kitablarımızın sütunları, nə vaxtımızın azlığı yol verir.

         Ancaq, bunu deyəcəyik ki, bu hekayənin mövqeyi-cərəyanında xəyali təfərrüatımız haman Mürsəl bəyi bizə 35-36 yaşlarında, bir Bakı neft mədənçisi olaraq təqdim edir. Balaxanıda dörd, Sabunçu dairəsində üç, Bibiheybət yerlərində iki neft quyusu, şəhərin özündə üç böyük mülkü, Şah küçəsində öz ailəsinə məxsus mükəmməl bir evi, evdə: anası, qadını, dörd yaşında balaca, gözəl bir qızı, naziri, ev qulluqçuları, nökərləri... hələ iki ildən bəri “Oriyan” mehmanxanasında yaşamaqda olan Moskov dilbərlərindən Lolya adlı bir rəfiqəsi; sonra dəniz kənarında iki şöbəli böyük kontoru, xüsusi dəftərxanaları, yazıçıları, təkatlı şık bir faytonu, bunlardan əlavə vaxtın istədiyinə görə iki nəfər bığıburma, yoğunpeysər qoçusu da var idi!..

         Mürsəl bəy Bakı neftçiləri arasında birincilərdən hesab olunsa da, ikinci dərəcənin ən məşhur, ən görkəmlilərdən sayılmağa layiqdi, çünki kişinin sərvəti, varı, mövqeyinin əhəmiyyəti onun belə olmasını lazım görürdü.

 

Gədə razı oldu və iş kəsilib qurtardı

         Mürsəl bəy üç ildən bəri yay zamanı Bakıdan çıxar və (bəzi başqa Rusiya, Qafqaz sərvətdarları kimi) üç ay vaxtını Almaniyanın mədən sularında keçirər, bəzən gözəl Lolyanı da bərabər alıb aparardı.

         Ancaq bu il birdən-birə neft quylarının quruması, istehsalatın müthiş bir dərəcədə azalması, dörd ildən bəri adət hökmünə keçmiş bu lətif yay səyahətinin yolunu bağlayırdı.

         Neçə vaxtdan bəri qazılmaqda olan iki quyu olduqca təkə getmiş və bir taqım yeraltı buxarlarının çoxluğundan içində işləyən imkanını itirmişdi. Burası dəxi məyusluğa ayrıva bir səbəb olmuşdu.

         Budur may ayı yarıdan keçmiş, havalar istiləşməyə başlamış, günəşin hərarəti Bakının da tikililərini, imarətlərini qızdıraraq bütün şəhəri odsuz cəhənnəmə döndərmişdi.

         Pullular, dövlətlilər, yaylaq müsafirləri bəzisi yola düşmüş, bəziləri yola çıxmaq üzrə hazırlıqlar görməyə başlamışdılar. Ancaq, biçarə Mürsəl bəy bu il bütün bu müsafirlərdən, bu səyahətlərdən, o gözəl yaylaqların lətif havasında vaxt keçirməkdən məhrum qalmış və Leypsiq şəhərinə məşhur yəhudi taciri Fansona yuxarıda gördüyünüz teleqramı yazmağa məcbur olmuşdu.

         Qulluqçu Lida teleqrafı alıb çıxdıqdan sonra yenə Mürsəl bəy iri-iri addımlarla otağı o başdan bu başa ölçməyə başladı. Hiddətli bir halda qaş-gözünü oynadıb, bəzən dodaqları arasında mırıldanır, bir para anlaşılmayan sözlər söyləyir və gahdan-bir sağ əlini şalvar cibindən çıxarır, yumruqlayaraq, havaya sıxırdı.

         Mürsəl bəy bilməyərək, anlamayaraq yarım saat bu münvalla vaxt keçirmişdi ki, bu halda küçə qapısının qabağında təkatlı bir fayton dayandı və bəyin ticarət işlərinə baxan gəncəli Ağanəcəf dolu və şişman vücudu ilə faytondan düşərrək qapıdan içəri girdi və haman yuxarı çıxdı.

         Bir dəqiqə sonra Mürsəl bəyin gözlədiyi otağın qapısı müdhiş zərbələrlə vuruldu. Bəy bir qədər özünü yığışdıraraq, rusca:

         -  Kimdir o?

         -  Nəcəf!

         -  Hə, içəri gəl! Gəl, görüm nə gətiribsən?..

         -  Qapı açıldı. Ağanəcəf girdi və yorğun halda özünü qapıya yaxın bir stul üzərinə atdı. Hayqıraraq dedi:

         -  Xozyayin! Gedə razı oldu və iş kəsilib qurtardı.

         Bu xəbər gözlənilməyən bir surətdə Mürsəl bəyin vücudunda böyük bir dəyişiklik doğurdu. Çatılmış qaşlar aralandı, gözlərində xəfif bir şadlıq nuru parladı. Neçə vaxtdan bəri pozulmuş olan dodaqlarını açaraq dedi:

         - Doğru deyirsən? Buna inana bilərəmmi?

         - Mənim bir sözüm iki olmaz, xozyayin!.. Dünəndən bəri gedəyə ilan dili çıxarmışam...

         - Quyuya nə vaxt giriləcək?

         - Yarın, səhər ertə.

         - Nə kimi şərtlərlə?

         - Daxi şərti, zadı yoxdur. Iki yüz əlli manat pul alacaq, yüz manatına qabaqca, yüz əllisini də sonra.

         - Demək ki, ümidlərim boşa çıxmayacaq?

- Səy və qeyrətlə işlənən diləklər boşa çıxmazlar...

 

Sabah... Sabah... Sabah...

Mürsəl bəyin naziri Ağanəcəf haman gün axşam öz xozeyininin təkatlı faytonu ilə evinə qayıdarkən, Şamaxı yolunun yuxarı səmtindəki müsəlman çayxanasının qabağında faytonu saxladı və orada yığılan bir dəstə fəhlə qiyafətli həmşəhərlilərin içində bir nəfərini öz yanına çağırdı. Bu, iyirmi yeddi yaşında, uca boylu, buğdayı çöhrəli, qara qaş, qara gözlü bir oğlan idi. Faytonun yanına gəlib, salam verdi.

Ağanəcəf salamın cavabını verməmiş dedi:

- Bu saat xozeynin yanından gəlirəm, - və əlavə etdi ki, - yarın, səhər, saat səkkiz tamamda mədəndə quyu başına gələrsən. Əvvəl dediyim kimi, yüz manat qabaqca, yüz əllisini də sonra alacaqsan.

- Olmazmı, hələlik bir üç-dörd manat verəsiniz, çox lazımdır, sonrakı sabahkı hesabdan çıxarsınız.

- Yox! Indi bu saat pul-mul yoxdur, sabah...

- Axı, sizə ərz elədim ki...

Ağanəcəf faytonçuya “sür!” əmri verdi və onun sözünü yarıda qoyaraq:

- Yox, yox dedim! Bu gün olmaz, sabah... sabah... sabah...

Ağanəcəf “sabah” deyə-deyə uzaqlaşıb, küçəni döndü.

Oğlan isə bir qədər onun dalınca baxaraq sonra, dəxi çayxana qabağındakı yoldaşlarının yanına qayıtmayıb, Şamaxı yolunun sağ tərəfinə keçdi və Yuxarı Priyut küçəsini tutb düz getdi. 15 dəqiqəlik yol getdikdən sonra sol əldə darısqal bir küçəyə dönərək balaca və alçaq bir qapıdan içəri girdi...

O oğlan Zəngan həmşərilərindən Fərac Zeynal oğlu adında bir cavan idi. Girdiyi o alçaq qapılı həyət də onun olduğu ev idi.

 

Zənganlı Fərəc

Zeynal oğlu Fərəc, İranda Zəngan (Zəncan) vilayətinin Dizə kəndindən olub, bu kəndin qoca əkinçisi, məşhur qarpız əkən Zeynalın oğludur. Fərəc öz ata yurdunda – Dizədə çox gözəlcə dolanıb yaşaya bilirdi. Ancaq üç il bundan qabaq, (Zeynal kişi vəfat etdikdən sonra) ata-babadan qalma kiçik bir bağçanın həddən-artıq ərbab (mülkədar) vergisi üstündə kənd mübaşiri ilə gözə gəlmiş, dalaşmış, axırda yurdunu buraxıb, qaçmağa məcbur olmuşdu.

Fərəcin vilayətdə qoca bir anası və onunla bərabər 16 yaşında Ziynət adlı dayısı qızı qalmışdı ki, bu qızın Zeynal kişinin vəfatında dörd ay qabaq, Fərəcə nişanlanmışdı.

Budur, qarpız əkən Zeynalın oğlu Fərəc, üç ildən bəridir ki, Bakı neft mədənlərində fəhləlikdən, quyu qazmaqdan qazandığı qəpik-quruşu birləşdirərək, ayda, iki ayda bir, on-on beş manat vilayətdə qalmış olan anasına, nişanlısına xərclik göndərir.

Günlərin birisində qəzanın işi Fərəcin başına böyük bir əngəl açdı.

Bakının Qara şəhərində iyirmi dörd pillə ucalığın-bir neft çəninin içindəki mazutu ölçmək üçün çıxarkən yuxarı pillədən düşüb sol qabırğasını ağır bir surətdə əzdi və biçarə üç ay tamam mərizxanada yatmağa məcbur oldu.

Amma, bu xəbər vilayətə bir başqa cür çaxmış – Fərəc Bakıda neft anbarına düşüb, boğulmuşdur – deyə şayiə olmuşdu. Yazıq bikəs ana bu xəbəri eşitcək, dəli-divanə olmasınmı? Səhər-axşam, vaxt-bivaxt kəndin küçələrində qışqırıb deyirdi ki;

- Nə tövr olur-olsun, mən özümü Bakıya salmalı və bu ağarmış saçlarımı cavan balamın məzarı üstünə açıb döşəməliyəm!..

Hələ zavallı Ziynət – biçarə qızcığaz bu uydurma, fəqət müdhiş (qorxulu) xəbərin təsiri-nagahanisindən yaman bir hala qalmış: yeməz, içməz, gecə-gündüz göz yaşı töküb ağlardı.

Nəhayət, biçarə ana Ziynəti də bərabər alaraq, Bakıya gəlməkdə olan əqrəbalarının birisinə qoşulub, vilayətdən çıxdı. Və on bir gündən sonra gəlib oğlunu Bakının Sabunçu dairəsindəki qara işçilərə məxsus xəstəxanada yatmış tapdı.

Sənə şükür olsun, ey böyük tanrı! Balam diri imiş və onu salamat görə bildim!...

 

Yüksək ruh

Üç aydan bəri azarxanada yatmış olan Fərəc üçün anasının, nişanlısının birdən-birə gəlib çıxması göydən düşmə kimi oldu.

Qürbətə çıxandan bəri üç il olur ki, Fərəc xüsusi ev həyatına həsrət idi. Indi həmşərililər, fəhlə yoldaşlar şəhərdə onun üçün ucuz və münasib bir otaq kiraliyərək anasını, nişanlısını oraya yerləşdirdilər. Sonra Fərəcin özünü də xəstəxanadan çıxarıb məzkur evə gətirdilər.

Zənnimcə hekayəmizin dördüncü fəsli yuxarı Priyut küçəsində olan bu alçaq qapılı mühəkkər evi (daxmanı) qarelərimizə (oxucularımızı) tanıtdırmışdır.

Fərac evə gətiriləndən on-on beş gün sonra anasının və qəlbinin sultanı gözəl Ziynətin köməkləri sayəsində büsbütün sağalıb durdu. Ancaq yenə bu uzun xəstəlik, müdhiş fabrika əzintisinin ağırlıqları Fərəcin vücudunda (gövdəsində) böyük bir zəiflik əsəri buraxmış və biçarəni öz fəhlələrindən, bir parça ağır işlərə yapışmaqdan məhrum etmişdi...

Zənganlı həmşərilərdən bəzi gənc fəhlə yoldaşlar öz aralarında yoldaşlıq yardımı ilə Fərəcin təmin edilməsini qərara aldılar. Fəqət, o bunu qəbul etmədi. Və edə bilməzdi də!

Fərəcin gövdəsi (cismi) nə qədər aciz, nə qədər zəif olsa da, ruhunun, hissinin yüksəkliyi ilə böyük bir hümmət sahibi, qəyur (qeyrətli) bir qəhrəmandı. Başqalarının ianəsiləmi yaşayacaq?

O, doğulandan bəri bir işçi, bir zəhmətkeşdir, heç vaxt müftəxorluq bacarmaq və bir yanı üstə yeyib yata bilməz... Sən onun əskilmiş, yağlı, mazutlu paltarına baxıb ağzını əymə, gözünü qırışdırma! Onun əli var, ayağı var, qeyrəti var, namusu var. Sən onun yüksək ruhunu gör, qəhrəmanlığına bax!

 

Doxtorun şəhadətnaməsi

Üç-dörd gündür ki, Fərəc yataqdan durmuş, xırda-xırda küçəyə, bazara çıxıbdı. Yenə bir gün səhər ertə evdən çıxdı. Yavaş-yavaş irəliləyərək, Şamaxı yoluna endi.

Orada dörd-beş qonka qatar ilə düzülərək, minik gözləyirdi. Fərəcin fikrinə bir şey gəldi: dəniz sahilinə (kənarına) gedən qonkalardan birisinə oturmaq, bulvara qədər getmək və orada bir balaca gəzib hava almaq... Sonra Fərəc yenə fikrə getdi, bir düşündü... Məlum olan, birinci məqsədini dəyişmişdi. Vağzala sarı kedən bir qonkaya atılıb oturdu. Bir dəqiqədən sonra yola düşdülər... Fəqət qonkada gedərkən başını aşağı dikmiş, düşünür, özü öz içərisi ilə danışır və əsasən bizə məlum olmayan bir çox fikirlər edirdi... Başağrısı olmasın, qonka Telefonnu küçənin axırlarına çatıb dayandığı vaxt Fərəc özünə gəldi, haman qonkadan düşdü və bir neçə dəqiqə gözlədikdən sonra ikinci bir qonkaya minərək, düz Çornıqoroda tərəf yollandı. Artıq bu dəfə Fərəcin heç bir fikri, heç bir düşüncəsi yox idi. Başını qaldırmış, ətrafı seyrə dalmışdı. Gah-bir uzaqda görünən fəhlə dəstələri arasında öz eski yoldaşlarını arayıb bulmağa çalışırdı.

Çornıqoroda çatmışdı. Bütün başqa miniklər kimi Fərəc də düşdü. Haman sol tərəfdə bir küçəyə dönərək bir qədər yürüdükdən sonra iki mərtəbəli bir mülk (ev) qarşısında dayandı. Burası Fərəcin üç-dörd ay bundan qabaq qulluq elədiyi neft şirkətinin Çornıqorod şöbəsi idi. Içəri kirdi.. Yuxarıda böyük yazı masasının arxasında gözləri göy, üzü qırmızı, bığları qırxıq bir rus (idarə müdiri) oturmuşdu. Fərəci görən kimi rusca:

– Xoş gördük, Faradj – dedi, – Yaxşı ki, gəlib görünürsən. Sən qulluğa gəlmiyəni zavodda bir çox işlərimiz ləng olub qaldı... – Fərəc ta masanın yanına qədər gedərək:

          – Doğrusu, – dedi, – ancaq üç-dörd gün olar ki, yataqdan durmuşam. Imdiyədək doxtor durmağa icazə vermirdi. Bundan belə yenə hər quluğunuz olsa, hazıram. Sonra doxtorun verdiyi şəhadətnaməni çıxarıb müdirin qabağına qoydu. Müdir kağızı açdı və oxumağa başladı. Orda yazılmışdı ki: “1911-ci ildə yanvar ayının 28-də müdhiş fabrika əzintisini müalicə üçün xəstəxanamıza gətirilən İran fəhləsi Fərəc Zeynal oğlu həmin ilin may ayının 3-də bir növ sağalıb dura bildi, ancaq məzkur xəstəlikdən gövdəsinin sol tərəfində əmələ gələn fövqəladə zəiflik bundan belə Fərəcin bir para ağır işlərə yapışmasına müsaid deyildir.

                   Sabunçu dairəsindəki Qara işçilər

                   xəstəxanasının baş doxturu L. N.

                   5 may, 1911.”

Sual!

Şöbə müdiri doxturun kağızını oxuduqdan sonra Fərəcə altdan yuxarı bir göz gəzdirdi. Bir dəqiqə əvvəlki səmimiyyət və aşnalıq yoxmuş kimi:

 – Çox gözəl! Indi sən nə demək istəyirsən? - dedi.

– Heç! Ərzim bu idi ki, hərgah zavodda, yaxud mədənlərin birisində boş yer olmuş olsa, yenə qabaqkılar kimi qulluq etməyə hazıram...

Müdir peysərini qaşıyaraq:

– Indilikdə, sənin üçün münasib bir qulluq yoxdur!Adresini yazıb qoyarsan, lazım olan vaxt biz özümüz xəbər verərik...

Fərəc işi anlamışdı, bir dəqiqə mat və mütəhəyyir dayandıqdan sonra:

– Çox gözəl! – dedi, – adres qoymaq da lazım deyildir.Vaxtım olarsa, gah dan bir özüm gəlib xəbər bilərəm...Və sonra kağızı alıb kontordan çıxdı.

Biçarə Fərəc şöbə müdirindən heç gözləmədiyi, müntəzir olmadığı o cavabı aldıqdan sonra birdən-birə müdhiş bir azara tutulmuş kimi mos-mor kəsildi, özünü

itirdi, harada olduğunu bilmədi, naməlum bir səmtə saparaq yürüməyə başladı. Bilməyərək, anlayamaraq, yürüyür, yürüdükcə fikr edir, düşünürdü... Və bu düşüncələr içində öz-özünə bir para suallar verir, cavablar alırdı...

– Öyləmi? – deyirdi, – imdilik mənim üçün burada münasib bir qulluq, bir fəhləlik yoxdur, ha... Bəlkə də heç olmayacaqdır?..

– Səbəb?!

– Səbəbi budur ki, mən həmin bunlar üçün işlərkən, 24 arşın bir hündürlükdən yıxılıb qolum sındı, qabırğam əzildi. Sonra üç ay tamam xəstəxananın məhbəsə bənzər kamerasında yatdım, acı dərmanlar içdim, ağladım, zarıldadım, nəhayət zəif düşdüm... indi artıq mənim üçün fəhləlik yoxdur. Iş yoxdur. Çörək yoxdur... Nə eybi var? Olmasın! Mən də özgə bir yerə gedərəm, başqa bir qapı döyərəm. Insan yemək üçün işləməyə borcludur! Mən ki, hər bir işə, hər bir fəhləliyə boyun əydim, daha nə üçün onun-bunun minnətini çəgirəm.

 

Əski   bir  yoldaş

Fərəc hazırki mövqe və məişətinə aid bir çox düşüncələr içində heç bilməyərək, Çornıqoroddan Bakı vağzalının altındakı yarmarka meydanına qədər piyada gəlib çıxmışdı. Başı aşağı, əlləri yan ciblərində, heç tərəfə baxmır, heç kəsi görmür, dərin fikirlər içində öz içərisilə danışaraq, yürüyür, daima yürüyürdü...

Bu halda sağ tərəfdən bir kölgə kəndisinə yaxınlaşaraq:

– Ha... ya Allah, Fərəc!.. Kef, əhval?..

Fərəc birdən başını qaldırdı və eski fəhlə yoldaşlarından erməni Sərkisi haman tanıdı:

– Ya Allah, ay Sərkis!.. Sən necəsən? Nə var, nə yox?..

– Sağlıq -salamatlıq... neçə vaxtdan bəri səni heç görmədim. Mənə xəyal ki, Erana (Irana) gedibsən...

Fərəc dərindən bir ah çəkib dedi:

– Vətəndən çıxan bir Iran fəhləsi heç bir də vilayət görərmi? Üç aydan çoxdur ki, Sabunçu xəstəxanasında yatıram.

Sonra bu barədə söhbət edərək hər ikisi bir divarın gölgəsinə çəkildilər.

Fərəc öz başına gələn qəziyyələri bütün təfsilatı ilə birər-birər erməni rəfiqinə anlatmağa başladı. Nəhayət, söhbət şöbə müdiri ilə olan bu günkü mülaqətə (görüşə) və ondan aldığı vavaba gəlincə, biçarə Fərəc büsbütün qızmışdı. Səsini ucaldaraq deyirdi:

– Ay kişi, belə də iş olar? Bu nə insaf, bu necə mürüvvətdir? Bunların işində mənim atam yandı, yıxıldım qol-qabırğam sındı. Üç ay xəstəxanalar güncündə zarıldarayaq yatdım... Indi mənə deyirlər ki, indilik zavodlarımızda sənin üçün iş yoxdur!

Bu əhvalatı dinləyərkən, Sərkis daxi Fərəcdən az qızmamışdı! Ağızını açıb gözünü yumdu. Bu kimi vicdansız, mürüvvətsiz xozeyinlərin dallarınca ağzına gələni dedi, söyüb sovdu. Nəhayət, Fərəcin qolundan yapışaraq:

– Bilirmisən, –  dedi, –  Indi mən sənə bir iş yeri göstərəcəyəm. Get, bax, danış, hərgah mümkün olsa, əldən buraxma. Sənin quyu işində məharətin, bacarığın az deyildir. Eşitdiyimə görə, guya Atayevin Sabunçu mədənlərində iki təzə qazılmış quyu var ki, çox təkə getdiklərindən bəzi əmələlər orada işləyə bilmirlər. Hərgah sən işi götürüb işləyə bilsən, zənnimcə yaxşı pul ala biləcəksən.

Fərəc fikrə getdi, bir müxtəsər düşündükdən sonra:

– Quyular Sabunçudadırlarmı? –  dedi.

– Hə, hə! Sabunçudadır, – dedi, –  Atayevin mədənlərində.

– Yaxşı! Işi hardan bilmək olar?

– Atayevin şəhər kontorundan, dəniz qırağına gedərsən, orada neft taciri Mürsəl bəy Atayevin kontoru məşhurdur.

 

Qan bahasına qulluq



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info