Qonaq Kitabı
BİZ VƏ TEHRAN

Yekşənbə günü nagahanı olaraq Holasu[i] tərəfindən dövlət qüvvəsi fədai    dəstələrimizin səngərlərinə xompara atəşi ilə təərrüzə başladı. Həmişə olduğu kimi fədailərimiz özlərini qəhrəmananə istiqaməti ilə bu təərrüzü sındırıb öz səngərlərini əldə saxlamaqla düşməni dala çəkilməyə məcbur etdilər. Bu qeyri-mütərəqqibə hadisənin adi mövqelərdə əlbəttə böyük təsiri ola bilməzdi. Lakin indi ki, Tehran hökuməti ilə Azərbaycan Milli Hökuməti arasında danışıq gedir, bu hərəkətin bizim əqidəmizə görə böyük və dərin mənası vardır. Bizim nümayəndələrimiz Tehranda olduqları vaxt, həmin mövqedə həmin mərmuz dəstələrin səngərlərimizə təərrüz edib tələfat və əsir verdikdən sonra geri çəkilməyə məcbur olduqlarını dövlət rəisinə bildirmişlərdi. Sonra da dövlət tərəfindən təhqiq üçün göndərilən komisyon nümayəndələrimiz dediyini təyid etmiş, təərrüzün dövlət qüvvəsi tərəfindən başlandığını tənzim etdiyi surət cələsədə və əldə olan qəti mədarik vasitəsi ilə təsdiq etmişdi. Dövlət isə müqəssirləri və xalqı bir-birinin canına salıb qardaş qanı tökməyə vadar edənləri mücazat etmək və xainlərin əllərini kəsmək əvəzində, kağızbazlığa təşəbbüs edib məsələni səmbəl etmək istəyənlərə məsxərə və şöbədələrini bir daha təkrar etmək imkanı vermşidir.

Biz bu  işdə müstəqimən ağayi Qəvamüs-səltənənin dəxaləti olduğunu irəli sürə bilmirik. Şayəd həqiqətən də dövlətin bu işlərdən ittilai yoxdur. Lakin xainlərin mücazat olunmaması bu kimi barik və incə bir mövqedə yeni məcaralara imkan vermişdir.

Biz istəyirik qəbul edək ki, ağayi Qəvamın bu işlərdən ittilai yoxdur. İstəyirik inanaq ki, bəzi macəracı və mürtəce ünsürlər şayəd İran xalqının duşmənlərinin təhriki ilə bu kimi oyunlara təşəbbüs etməkdədirlər. Şayəd bəzilərinin iddiası doğru ola ki, deyirlər: Qeyri məsul məqamat bu kimi təşəbbüslər vasitəsi ilə Azərbaycan nehzətinin qabağını almağa çalışır. Şayəd iş bundan daha dərindir. Bəlkə dünyanı yeni qan dəryasına döndərmək istəyən imperialist dövlətlərin barmağı ilə oynayanların nəqşəsidir ki, Holasuda, Saqqızda-Sərdəştə olan qaranlıq və mərmuz hərəkətə rəhbərlik edirlər. Şayəd bu işdə, Tehranda və Azərbaycanda gecə-gündüz fəaliyyətdə olan xarici casuslar tərəfindən müəyyən nəqşə üzrə hərəkət edirlər.

Bu şayədlərin hamısı ilə belə, biz dövlətin məsuliyyətsizliyini də təsdiq edə bilmərik. Dövlət əgər birinci həmlədə xainləri, özbaşınalıq və sərkeşlik edənləri şədid bir surətdə mücazat etmiş olsaydı, ikinci dəfə bu ittifaq düşməzdi və bu bədnamlıq da meydana çıxmazdı.

Biz bilirik ki, Tehran irticai qüvvələri rahat otura bilmirlər. Biz bilirik ki, xalqın mal, can və namusuna təcavüz edib özlərinə şəxsi sərvət və saman düzəldən yalançı pəhləvanlar bulanıq sudan balıq tutmağa çalışacaq, Azərbaycanı, Lorustan və İranın sair əyalətləri kimi özlərinə taxtu-taz meydanı düzəltmək üçün hər bir cinayətə hazır ola bilərlər. Biz indii İran mətbuatı naminə təzahür edən Maşalla xan və Rza Cövzani nökərlərinin və sair Pəhləvi məddahlarının məzbuhanə təşəbbüslərindən xəbərsiz deyilik. Biz Muxtari nəzmiyyəsi casuslarının və Seyid Ziya bandının başında duran xainlərin Tehran mətbuatı meydanında at oynatmalarını da bilirik. Biz pul, güc və naməşru nüfuz vasitəsi ilə vəkil olmaqdan ötrü ciyərlərinə xal düşənləri də tanıyırıq. Biz Tehranın ali hotel və mehmanxanalarını dolduran neft kompaniləri nümayəndələrnnin sel kimi məsrəf etdikləri pul və Avropa və Amerikanın burs dəllallarına məxsus şivə ilə çevirdikləri fırıldaqların da bu kimi hadisələrdə təsirini hiss etməkdən aciz deyilik.

Ağayi Qəvamüs-səltənə əgər vaqiən Azərbaycan xalqı ilə səmimanə həmkarlıq etmək fikrində isə ciddi qədəmlər götürməli, Tehran mühitini kəsif ünsürlər və çağırılmamış qonaqlar və macəracı əfsərlərdən təmizləməlidir.

İyirmi illik əsarət dövrəsinin qəhrəmanları gərək milli məhkəmələrə verilib mücazat edilsin. Oğru əfsərlər, xain və oğru dövlət məmurları gərək millətə hesab versinlər, özlərinin ələ keçirdikləri sərşar sərvətin mənşə və mənbəyini göstərsinlər.

İşi səhl tutmaq, komisyonbazlıq ilə oynamaq zamanı keçmişdir. Biz işə inanırıq. Söz artıq hər kəsi yorub əzmişdir. Həqiqətbinlər nəzərində bir milyon iddiadan, kiçik bir qədəm daha qiymətlidir.

Amma daxili vəziyyətimizə gəldikdə mürtəcelərin çabalayıb əleyhimizə etdikləri iqdamat bizim üçün daha faydalı olur. Holasu hadisəsi xalqımızın gözünü açıb onları öz firqələri ətrafında toplanmağa hər bir təbliğatdan daha artıq təsir etmişdir.

Dünən Təbriz radiosu bu xəbəri intişar verdiyi anda bütün xalq həyəcana gəlib silah tələb edirdi. Bütün firqə əfradı, dövlət işçiləri müntəzəm sərbaz dəstələri kimi öz postlarını işğal edib firqə və dövlətimizin fərmanına müntəzir idilər. On dəqiqədə bütün şəhərimizdə nizami vəziyyət vücuda gəlib, dövlət, fədai, qoşun dəstgahı müntəzəm bir maşın kimi müəyyən hədəfə doğru hərəkətə başlamışdı. Bu, böyük bir imtahan idi. Bu imtahanlardan xalqımız başı uca çıxdı. Oyaq və gözüaçıq xalq həmişə belədir, o hər bir hadisədən müsbət nəticə əldə edə bilər. Biz düşmənlərimizin təərrüzündən belə müsbət bir nəticə əldə edib, səflərimizi möhkəmləndirirdik. Tehran hökuməti isə əqəllən öz vəziyyətini, özünün qoşun təşkilatını, özünün məsuliyyətli məmurlarının hərəkətini kontrol edə bilsə böyük iş görmüşdür. Biz həqiqətən ağayi Qəvamüs-səltənə kabinəsinin əfradını nəzərə aldıqda məruf rus əfsanənevisi Krılovun balıq, ördək və xərçəng hekayəsi insanın nəzərində mücəssəm olmağa başlayır.

Bu vəsf ilə Azərbaycan xalqını müttəhim etmək aya böyük insafsızlıq deyildirmi? Biz Azərbaycanda başqa bir mühitdə yaşayırıq. Bizim xalqımızın əfradı bir-biri ilə qardaş kimi yaşayıb, öz milli firqə və milli rəhbərlərinin əmrini məzhəbi bir hökmi-asimani kimi icra edir. Vətənin və millətin səadətini də o, əmrin düzgün və sədaqətli icrasında arayır. Bizdə birlik, qardaşlıq, səmimiyyət və düzlük vardır. Biz öz başçılarımıza inanırıq, onlara ehtiram edib arzularını əncam veririk. Rəhbərlərimiz isə bizim etimad və imanımıza arxalanıb böyük və ciddi fədakarlıqlara iqdam etməyə iftixar edirlər. Tehran isə bizim bu böyük işimizin məna və əhəmiyyətini hələ də dərk etməmişdir.

 

 

P.

"Azərbaycan" qəzeti â„– 204,

 21 may 1946-cı il.



[i] Azərbaycandakı Sayınqala şəhərinin cənubunda dağ silsiləsinin adıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info