Qonaq Kitabı
QARDAŞ QANI TÖKÜLMƏSİN

Firqəmizin və heyəti-millinin ciddi iqdamatı sayəsində bu günə qədər şəhərin əmniyyəti hifz olunub, mövqedən istifadə etmək istəyən əşxasın narəva hərəkətlərinə imkan verilməmişdir. Bunu özünün mənafeyinə müxalif görən dövlət məmurları axır vaxtlarda cürbəcür xainanə təşəbbüslərə əl atır və şəhərimizin asayişini pozmaq istəyirlər.

Məsələn, bunlar özləri də bilir ki, Azərbaycanda jandarmlara nisbət şədid hissi-tənəffür vücuda gəlmişdir. Buna baxmayaraq, kəndlərdə silahlarını fədailərə təslim edib şəhərə gələn jandarmları dübarə silahlandırıb şəhərin xiyabanlarına doldurur və ya onlara qeyri-rəsmi libas geyindirib küçələrdə xalqı təhdid etmək kimi alçaq və yaramaz vəzifələrə müəyyən edirlər. Hamı bilir ki, sərbazlarımız və xırda əfsərlərimizin təvəccöhü  xalqa  olduğu üçün Drəxşani ilə Vərəhram onları sərbazxanalarda həbs edib əsir halında saxlayır. Bulunla belə bəzi şərü-şur və bıçaqçılara əfsər və sərbaz libası geydirib küçələrə göndərir. Onların vasitəsi ilə xalqın ehsasatını təhrik etmək istəyirlər.

Biz başa düşmürük indi decban Təbriz şəhərində nəyə lazımdır? Madam ki, sərbazlara sərbazxanadan kənara çıxmağa yol verilmir, decban kimi cəlb edəcəkdir və onun xiyabanlarda gəzməsindən xalqı təhdid etməkdən başqa mənası nədir?

Biz çox gözəl bilirik ki, Tehran irticai xalqımızın verdiyi böyük təkan vasitəsi ilə mütəzəlzil olub, qorxudan Tehranı tərk etməyə çalışdığı halda, Azərbaycan xalqını bir-birinin canına salmaq və dünyaya özünü haqq-becanib göstərmək istəyir. Bizə məlumdur ki, Drəxşani ilə Vərəhram Azərbaycan xalqının intiqam pəncəsindən qaçmaq üçün bəhanə axtarır və bu bəhanəni sərbaz ilə xalq arasında çarpışmadan ibarət bilir. Bu nöqteyi-nəzər ilədir ki, firqəmiz bu günə qədər onların oynadıqları oyunlara əhəmiyyət verməyib gördükləri cəsuranə və namərdanə tədbirləri cavabsız qoymuşdur.

İndi isə vəziyyət tamamilə dəyişmişdir. Fədai dəstələri şəhərin darvazalarına sirayət etməkdədir. Artıq şəhərin özü Drəxşani və onun anlamaz həmkarı olan Vərəhramın əhməqanə hərəkətlərindən cana doymuşdur. Belə bir halda, biz azərbaycanlı sərbaz və əfsərləri sərbazxanalarda əsir kimi saxlayıb, onları millət əleyhinə silah götürməyə vadar etməyin xətərini xalqa bildirməyə bilmərik.

Sərbazlar və əfsərlərimiz, onların qohum və əqrəbaları biləxərə bu tilsimi sındırıb Drəxşanilərin xəyanətlərinə xatimə verməli, sərbazlarımız bir dəfz silahlarını töküb xalqa mülhəq olmalıdırlar.

Ataları, anaları, qardaş və bacıları Demokrat Firqəsinin azadlıq bayrağı altında mübarizə edən sərbazı uzun müddət quş kimi qəfəsdə saxlamaq olmaz. Millət və vətən yolunda şərəf və iftixar qazanmaq üçün nizami paltar geyən əfsərləri əhməqanə bir surətdə qardaş qanı tökməyə vadar etmək qabaqdan getməz.

Gedin balalarınızı, qardaşlarınızı, qohum və əqrəba, dost və aşnalarınızı sərbazxanalardan istəyin. Qoy sərbazların özləri bu şərafətməndanə qədəmi götürsünlər.

Böyük Fransa inqilabı, böyük Rusiya inqilabı, biləxərə dünyada vücuda gələn milli inqilablarda sərbazların götürdükləri qəhrəmanə qədəmləri onlara qandırın. Sərbaz həmişə millət ilə olmuşdur. Əfsərin iftixarı millət ilə əlbir olmaqdadır. O, fəqət sərhədlərdə düşmən ilə vuruşa bilər. Daxildə millətin poştibani gərək olsun. Biz bilirik, sərbazlar və əfsərlərimizi qəflətdə saxlamaq üçün, onlara ruznamə oxumaq və məmləkətin halından xəbər  tutmaq imkanı vermirlər. Lakin millətin güc qüdrəti qala və divar anlamaz. Hər vasitə və hər yol ilə olur-olsun onun fikri yerinə yetişər və istədiyi nəticəni hasil edər.

Siz gedib sərbaz və əfsərlərimizi başa salın, onların milli vəzifələrini şərh verin. Azadixahlar arasında onların yerlərinin boş qaldığını göstərin.

Qoy qardaş qanı tökməklə özlərinə şan və şərəf qazanmaq istəyən xainlərin əli boşa çıxıb burunları əzilsin.

Azərbaycanın sərbaz və əfsərləri bizim qardaşlarımızdır. Biz onlardan qardaşlıq gözləyirik. Gərək çalışıb, azadlıq düşmənlərinin əllərində alət olmasınlar.

Hətta İsfahan, Şiraz və Tehran sərbazları da Azərbaycan xalqının üzünə atəş açmaq istəmirlər. Onlar da bizim böyük işimizdən özlərinə nicat və azadlıq gözləyirlər.

Sərbazxanalar çox tez bir surətdə həbsxana və zindan halından çıxmalı, sərbaza xalq hərəkatında şirkət etmək imkanı verilməlidir. Sərbaz və şərafətli əfsərlərin ruhu bizimlədir.

Biz onları öz sıralarımızda görmək istəyirik.

Yaşasın Azərbaycanın qəyur və azadixah sərbazları!

Cavan və fədakar əfsərlərimiz! Azərbaycan sizdən ümid gözləyir, demokrat qardaşlarınız sizi köməyə çağırır!

 

P.

"Azərbaycan" qəzeti â„– 73,

7 dekabr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info