Qonaq Kitabı
YAZIMIZ, DİLİMİZ, “İKİNCİ İL”İMİZ

Biz deyirik: Güman etmirik ki, “İkinci il”i yazanlar ə-nin iki cür olduğunu bilməmiş olsunlar. Əgər belə şeylərlə güman etmək olsa, bizim daha artıq haqqımız var güman etməyə və deməyə ki, türk sərfi yazan osmanlı alimlərinin çoxu bizdə neçə hərəkə olduğunu bilməmişlər və bilmədikləri üçün hərəkəmizi, yəni səsli hərflərimizi səkkizdən yuxarı çıxarmamışlar.

Doğrudan da türk sərfi yazanların çoxu hərəkələrimizi tamamilə anlatmaqda, onları ayrı-ayrı birər işarə ilə bildirməkdə və bu yolda oxuyanlara asanlıq olduğunu bilməmişlər və bilmədikləri üçün hərəkəsini biri yoğun, digəri incə olmaq üzrə həmişə iki cür göstərmişlər və bunları da məsələn, alma, baş, balta, əl, təpə misalları ilə bildirmişlərdir. Halbuki bizdə fəthə hərəkəsi dörd və bəlkə beş dürlüdür: ahu, armud, tas, getmək, dərə misallarında olduğu kimi.

Hüseynzadə cənabları deyir ki, bizdə a hərfinin üç növ səsi vardır: al, baş əl misallarında olan kimi. Amma biz deyirik ki, bizdə a hərfi üç cür deyil, bəlkə altı və yeddi cür oxunur: ahu, at, tas, əl, İskəndər, məmur misallarında olan kimi.

Hələ bir az daha cürət edib irəli getsək, deyə bilərik ki, İran, işıq, iş, üç, üz, od, uzun sözlərinin birinci hərfləri də eynidir. Burada bizə deyə bilərlər ki, xeyr, bu sözlərdəki hərəkə məhz y  və  v  səsli hərflərinə yoldaşlıq üçün yazılmışdır. Çünki başda hərəkə tək başına yazıla bilməz. Çox əcəb, ol vaxt biz də deyərik ki, əl  və Əsəd sözlərindəki ə-yə eyni ə  demək olmaz. Çünki ərəbdən qəbul etdiyimiz qaydaya görə r, v  hərəkələri sözlərin başında tək yazıla bilməyəcəklərindən onların yazılmaq xatiri üçün artıq olaraq yazılmaqdadır. Əsəd, İskəndər, ustad yazdığımız kimi. Bu halda deyə bilərik ki, əl Əsəd sözlərindəki əlif heç vaxt a deyildir, bəlkə e-dir (...)

“İkinci il”i yazanlara yenə şükr eləyək ki, qüsurlu da olsa et, yap spzlərini həmzə işarəsi ilə yazıb, it, köpək sözlərindən sözlərindən ayırmışlardır. Şəkk yox ki, əgər bizim Qafqaz çapxanalarında v-nin səsli hərflərə məxsus olanları da olsa idi, onları da işlədərlərdi (...)

Hüseynzadə deyir: “x hərfinin məxrəci q-nın məxrəcinə yaxın olub, x q-yə və q x-yə qəlb olunur. Bununla bərabər, osmanlılar bir neçə təqlidi sözlər müstəsna olaraq türkcədən x hərfini bütün-bütün çıxarıb atmışlar. Çünki əvvəla x qaba və lətafətsiz bir hərfdir. Buna görə “İkinci il” də bu x-lardan əl çəksə yaman olmaz” (...)

Bir də x hərfi istanbullularca qaba və lətafətsiz isə, bizcə xoş və lətafətlidir, çünki ana qucağından bəri x  ilə danışırıq; çirkin eyibli də olsa, öz balamızdır. Onu asanlıqla ata bilmərik. Hələ istanbullular xanım, xoş, xalta, xoruz, xaşılamaq kimi bir çox sözlərdə x hərfini saxlaya-saxlaya biz nə cür birdən buraxa bilərik.

Hüseynzadə cənabları yazır: “İkinci il” baxalım yazır. Bu “baxalım” nıdir vı necədir? Azərbaycanca baxax olmalı, osmanlıca baxalım.

Bizim belə qələtlərimiz çoxdur. Osmanlı üsulu ilə ibarətpərdazlığa qalxışırıq. İstanbulca nisbi zəmirin mütəkəllim cəmi bizim q k yerinə z ilə gələr. biz isə fərqinə varmayaraq mazi şühudilərin mütəxəllim cəmini də z ilə uydurub bildik, yazdıq yerinə bildiz, yazdız yazırıq”.

Biz deyirik: Hüseynzadənin bu barədə yerdən göyə qədər haqqı vardır. Bu yuxarıdakı sözlərin hamısına ürəkdən yoldaşıq.

Hüseynzadə yazır: “Dostlarımdan yerli bir şair bir yerdə “kibi bilər, kibi bilməz” yazmışdır. Zənn etmişdir ki, mən yerinə bən deyildiyi kimi, hər m da b-ya qəlb olunur. Məgər dostum “kimi bilər, kimi bilməz” demək istəyirmiş”.

Biz deyirik: indiki yerli şairlərimizin gülünc halları və qaş yaparkən göz çıxarmaları belə tək-tük sözlər ilə qurtarsa idi, canları cənnət! Lakin indiki bir para şairlərimiz türk dilimizi lap bərbad edirlər. Cahilcəsinə osmanlılara təqlid edib, öz dillərini də itirirlər, özgəsindən də avara qalırlar. Odur ki, Vaqifin, Vidadinin, Zakirin, Seyid Əzimin xoş, şirin ruhlu şerlərini indikilərdə görə bilmirik.

Əgər bu cahilcə müqəllidlik, əgər bu saxta şairlik belə gedərsə, bundan sonra şairlərimizin əsərlərində qafqazlıların məişətinə, psixologiyasına, adətinə, tərəqqisinin təbii dərəcəsinə, dilinə dair bir şey görə bilməyəcəyiz. Nə cür ki, indidən görülmür.

Hüseynzadə deyir: “İndi “İkinci il” kimi yazsaq ki, “Meyvə dəgməz hər...” Bunun də-sini ədat zənn edib meyvəyə ətf z ilə hər də bir söz ola biləcəyindən uşaqlar bu cümləni “meyvədəki zəhər kimi üçündür” məzmununda oxumağa haqlı olmazlarmı?

Biz təəccüb edirik ki, Hüseynzadə cənabları yazımızın belə qəribə hallarına təəccüb edir və bu qəribə halı haqsız olaraq dəgməz-i dəgəməz yazmaqda görür. Halbuki “meyvə dəgəməz hər...” cümləsinin “meyvədəki zəhər kimin üçündür” oxumağına heç münasibəti yoxdur.

Haydı, Hüseynzadənin dediyi kimi düz yazaq, görək sözləri bir-birinə yaxınlaşdıranda yazımızda yenə o qəribə hallar, özgə mənalar çıxmırmı? Məsələn, “O düz yerdə idi” cümləsindəki sözləri, hərfləri biz Hüseynzadə kimi dəyişdirməyək, ancaq sözləri bir-birinə yaxın yazaq. Ol vaxt “Od vəzirdə idi” mənası çıxmazmı? A canım, yazımızın bu cür xasiyyətini kim bilmir?

Hüseynzadə öz yazdığı cümləsi ilə əlifbamızın, yazımızın nə qədər uyğunsuz olduğunu, nə mərtəbə bizi yanlışlıqlara salıb, avara elədiyini özləri isbat etmiş olurlar.

Hüseynzadə yazır: “Türl fellərinin bütün məziyyətləri heroqlif halını alan ədatlardır. Bunlar qısa-qısa işarələrdir ki, mühüm mənalara dəlalət edirlər”.

Əcaba, o işarələr bir az uzun-uzun olsalar o mühüm mənalara dəlalət etməyə utanarlarmı? Məsələn, “yazdırəcəkmiş” sözünü “yazdıracaqmış” tərzində yazsaq o, mühüm mənasını itirirmi? Halbuki bunda o mühüm mənası ilə bərabər, hamısının daha asan oxumaq mümkünlüyü də var.

Oxuyanları inandırıram ki, yaponiyalıların heroqlif yazıları belə bizimkindən asan və müəyyən oxunur. Münki heç olmazsa hər bir felin, ismin, zamanın müəyyən şəkli var. Amma biz bədbəxtlər hansı işarə ilə məsələn, bir şəkildə yazılan sirri seyr-dən ayıra bilək. Hələ bizdəki nöqtələrin nə bəla olduğu məlum. Əlifba barəsində sonra yazacağam.

 

Faiq Nemanzadə,

“Tərəqqi” qəzeti, 20, 22, 26 fevral, 3, 12, 15, 16 mart 1909,

â„– 41, 42, 44, 49, 52, 53, 55.



Azərbaycan mütərəqqi maarif xadimlərindən F.Ağazadə, A.Şaiq, S.S.Axundov, M.Mahmudbəyov, Ə.Əfəndiyev və S.Əbdürrəhmanbəyov kimi altı müəllif tərəfindən hazırlanmış və 1909-cu ildə çap edilmiş dərs kitabıdır. Azərbaycan yazıçı və şairlərinin əsərlərini tədris etməyə təşəbbüs göstərən bu dərslik Əlibəy Hüseynzadə tərəfindən tənqid edilmişdir. “Molla Nəsrəddin” jurnalında dərc olunan “Zəncir” felyetonunda Ə.Hüseynzadənin mövqeyi tənqid olunur və məqalənin axırında o da göstərilirdi ki, “yoldaşımız Nemanzadənin bu xüsusda dəxi ətraflı cavabını oxucularımız “Tərəqqi”də oxuyurlar” (“Molla Nəsrəddin”, 1909, â„– 8). Ömər Faiqin bu nəşrə daxil edilən məqaləsi Ə.Hüseynzadəyə cavab şəklində yazılmışdır.

[1] Türk maarif xadimləri.

[2] Qədim Misir və Çin əlifbasında bütöv məfhumu və hecanı ifadə edən işarə.

[3] Dağlıq Altayda aşkara çıxarılmış və V-VI əsrləri əhatə edən qədim türk abidələri. Burada türk tayfalarının dini-əxlaqi görüşlərindən, tarixindən bəhs olunur.

[4] Balasaqunlu Yusifin “Kutadqu bilik” (1089) poeması nəzərdə tutulur.

[5] Türk alimləri.

[6] Mirzə Melkumxan (1833-1908) – İran yazıçısı və ictimai xadimi, M.F.Axundovla dost olmuşdur.

[7] Leybnits Q.V. (1646-1716) Alman idealist filosofu, alim və riyaziyyatçı.  Bütün dillərin guya qədim yəhudi dilindən əmələ gəlməsi haqqında əfsanəni o, qəti rədd etmiş və bəzi dillərin qohumluğu haqqında mülahizə irəli sürmüşdür.

[8] Türk alim və ədibidir.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info