Qonaq Kitabı
DƏVƏT

Həqiqət və sidq olan yerdən riya və yalançılığın, həmiyyət və qeyrət bulunan məhəldən dənaət və tənbəlliyin qaçacağı kimi mərifət və hürriyyət nuru doğan yerdən cəhalət  və əsarət qaranlığının gedəcəyi də şəksizdir. Şükürlər, minlərlə şükürlər olsun ki, hər millətin, hər nəfərin səbəbi-istirahəti, vasiteyi-bəqası, aləti-tərəqqisi olan mərifət və hürriyyət işığı bu axır vaxtda bizim də gözlərimizə, uzaqdan da olsa, görünməkdə və gələcəyimiz üçün böyük ümidlər verməkdədir. Nə üçün verməsin ki, dəyişməyən, bir qərarda qalan ancaq Allah və həqiqəti-mütləqdir. Məxluqun şan və sifəti, hal və iqtizası zamana görə dəyişməkdir. Xüsusilə, bu zaman qısa fikirlərlə heç ümid edilməyən, ölçülməyən, zəif təsəvvür və xəyallara gəlməyən məhsul və vüquatı doğan bir anaya bənzədilsə yeri vardır.

Elə ana ki, dünən milyonlarca əhalini hali-əsarətdə tutan bir hökuməti-zaliməyi, bir dövləti-müstəbidi bu gün yenə o məzlum cəmaətin qiyam və istirdadi-hürriyyəti qarşısında tir-tir titrədən bir qüvveyi-əzimə, bir fikri-təcəddüd meydana gətirir.

Elə ana ki, heç ümid edilməyən bir vaxtda dünyanın halını, insanların fikrini alt-üst edən qəribə bir məxluq, əcaibə bir yəcuci-məcuc törədib, insanların əvvəlinci ocağı-bucağı olan Asiyanın, insaniyyətin birinci qucağı olan asiyalıların insaniyyət düşməni, tənbəlliyin mənbəyi olmadığını ancaq bir-iki əsrdən bəri mədəniyyət ustadı və rəhbəri olan qərblilərə bildirir.

Elə ana ki, dünyanın qaranlıq və cahil vaxtından, suların bulantısından istifadə ilə qonşu haqqına, rəiyyət malına təcavüz edənləri, özgələrin malını halal-haram deməyib qarnına dolduranları kötək zoru ilə qusdurur.

Elə ana ki, özünə, əmrinə tabe olmayan qafil, nadan övladını xaki-məzəllətə, vərteyi-həlakə yuvarladır, az zamanda böyüyü kiçik və rəzil, kiçiyi böyük və ali eylər. Odur ki, zəmanəmizin bu hürriyyətəngiz, bu heyrətamiz təsiri səbəbi ilə əqsayi-şərqdə yağan qanlı qarlar, axan qırmızı sular nəinki yalnız o tərəfin, bəlkə şiddəti sirayəti sayəsində bizim də rəngimizi, halımızı, gələcəyimizi dəyişdirməkdə bahar çiçəkləri kimi hər kəsin başında tazə fikirlər açmaqdadır. Cənnətməkan mərhum və məğfur Kamal[1] bəyin “Qəza hər feyzini, hər lütfünü bir vaxt üçün saxlar” buyurması kimi qəzavü qədər kim bilir daha nə feyzlər, nə lütflər hüsulə gətirəcəkdir. Lakin bu feyzlərdən, bu hallardan, bu çiçəklərdən, zəmanənin bu mərhəmətindən bizim də istifadə etməyimiz lazımdır. Bundan sonra da olsa, mərifətlilərin ayaqları altında aciz heyvanlar kimi əzilməmək üçün qeyrət və hərəkətə gəlməyimiz lazımdır, labüddür. Bizim üçün istifadə və tərəqqi qapısı indilik, təbii, top-tüfəng və dinamit ilə açılmaz. Onlar “bu halda” bizim heç bir işimizə yaraya bilməzlər. Biz bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik.

Maarifin və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir, mətbuatdır. Bunların məhəlli zühur isə, təbii, mətbəələrdir. Buna görə deyə bilərik ki, hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütənasibdir. Yəni mətbəəsi, mətbuatı çox olan millətlərin sərvətləri və qüvvətləri də çoxdur. Əks halda mətbuatı yox və ya az olan millətlərin mədəniyyət və gücləri də yox hökmündədir. İndi biz bu mücərrəb nişanələri nəzərə alıb Qafqaziyyədə müsəlman mətbəə və mətbuatının “yox” hesabında olan azlığını ərz edərsək, Qafqaz müsəlmanlarında mərifət, ticarət, sərvət, qüvvət və rahətin də yoxluğu meydana çıxır ki, hər sahibi-insafın bildiyi bir həqiqəti biz bir az açıq söyləmiş oluruq.

Bu halda Rusiyada hüsni surətlə davam edən mətbəələrimizin ən birincisi, mətbuat qəzetlərimizin millətə ən xeyirlisi və nəfisi hamıya məlum olan möhtərəm “Tərcüman”dır. Lakin bir “Tərcüman” ilə otuz milyon xalqın ehtiyacı görülə bilməz...bizə beş-on deyil, yüz mətbəə, bir-iki deyil, on beş-iyirmi qəzet, jurnal lazımdır. Heyf, çox heyf ki, guya islamiyyətin, daha doğrusu, indiki müsəlmanların mətbəə və tazə mətbuat ilə heç işləri-gücləri yox imiş kimi bu xüsus əsla nəzərə alınmır; millətin ən birinci vasiteyi-bəqası olan digər işlərimiz kimi köhnə halda səfalət və səfahətimizə dəlalət edəcək çirkin, qəmli bir surətdə buraxılır. Halbuki ən güclü top və tüfəngdən artıq bizi mühafizə edəcək mətbəə və mətbuatdır. Çünki cahil və qafil bir şəxsin və ya bir millətin əlinə pul gücü ilə zəmanəmizin ən böyük, ən sürətli atılan topları, tüfəngləri, maşınları keçsə belə, davami-bəqası çox azdır. Məsələn, dülgərlikdən bixəbər olan bir kimsənin əlinə kərki (kəsər) verilib, bir kürsünün yapılması xahiş edilsə, o kəs bacarıqsızlığı səbəbinə kərkini əlinə vuracağı, taxtanı xarab edəcəyi kimi, elmsiz və mərifətsiz bir şəxsin və ya bir millətin ixtiyarına, habelə dünyanın bütün topları, tüfəngləri  verilsə, yenə axırda özündən yüz kərə az və kiçik, amma mərifətli, qeyrətli və həmiyyətli bir millətə boyun əyəcəyi, acizliyini, bacarıqsızlığını izhar edəcəyi aşkardır. Bu həqiqətə şahid gətirməyə nə hacət: bu gün əksər müsəlman hökumətlərinin həqarət halları, bir ovuc mərifətli avropalılara boyun əyib təslim olmaları gözümüzün önündə dağlar kimi şahid deyil də nədir? Bir az daha izah edək: Fəsin (Məğrib), Tunisin, Misirin, Zəngibarın, Məsqətin, Burensonun, Somalinin, Buxaranın, Sudanın, Xivənin və özgə bəzi müsəlman hökumətlərinin bugünkü qan ağladacaq halları, ürək parçaladacaq vəziyyətləri gələcəyimizi fikr edən hər sahibi-həmiyyəti qəm dəryasında boğsa şayan deyilmi? Kim nə deyirsə desin, maarifi, mətbuatı olmayan millət dünyanın ən dəhşətli cəng alətinə qərq olsa, quru sözlə yeddi deyil, yetmiş övliyə qüvvətinə sahib olsa, xəyal ilə yetmiş deyil, yeddi min arşın uzanan zülfüqara malik olsa, yenə axırı pərişanlıq və peşimanlıqdır. Burasını yaddan çıxarmayaq ki, “ciddi mətbuatı, qeyrət və həmiyyəti olan millətin qüvvəti və rahəti də olur” qaydası indiyə qədər hökm sürmüş və bundan sonra da qiyamətə qədər hökm sürəcəkdir. Buna görə bizlər əgər bir an əvvəl maarif silahı ilə silahlanmazsaq, tez-gec mərifətli, gözüaçıq millətlərin ticarət və sənaət zorları, fikri-siyasət qüvvətləri, amali-milliyə gücləri altında bu günkündən yüz kərə daha bədtər bir halda əziləcəyimiz iki kərə iki dörd edər qədər aşkardır.

Boş iftixar, cahilanə ümid, bixəbəranə təsəlli, üsulsuz rəftar, elm və mərifətsiz icrayi-din və məzhəb bizi nə dünyada və nə də axirətdə sahi-salamətə çıxara bilər. Buna görə bizlər...mütləq dünya ümurunda qonşu mərifətli millətlərin bugünkü tərəqqi yollarını, məsləklərini tutmalıyıq ki, bu yol və məslək də ancaq birdir. O da mətbəə və mətbuatın çoxalmasına və bu sayədə zəmanəyə görə hər cür məktəb və mədrəsələrin güşadına, maarifi-milliyyətimizin hüsul və nəşrinə çalışmaqdır.

Mətbuat səbəbilə irəli getmiş millətləri burada bizə nümunəyi-ibrət olmaq və şahid gətirməyə hacət yoxdur. Qonşumuz erməniləri, gürcüləri nəzərə alaq. Tiflisdə qonşularımızın qırxa qədər mükəmməl mətbəələri var. Hər həftə yüzlərcə təzə kitablar nəşr edilir. Bizlərdən çox-çox əvvəl elm və mərifət yolunu rəhbərləri salamat, sənət və ticarəti vasiteyi-qüvvət və qüdrət bilən vətəndaşımız ermənilər hələ bir yanda dursun...gürcülər də bizə nisbətlə qəflət və dəliliklərini bir dərəcədə qanıb hüquqi-milliyyələrini mühafizə etməyə, mədəniyyət aləminə addım atmağa başladılar. Bu başlayış, bu hərəkət şəksiz bu axır vaxtlarda açdıqları mütəədid, mükəmməl mətbəələri, ciddi qəzetləri, kitabları səbəbilədir... Gürcü vətəndaşlarımızın Tiflisdə gündəlik bir neçə böyük və xeyirli qəzetləri var. Bu yaxında, bəli, bu yaxında iki gündəlik qəzetə daha rüsxət aldılar.

Demək ki, o qədim gürcü qonşularımız da bizdən əvvəl tərpənib, bizdən əvvəl gözlərini açıb bir neçə gündəlik və böyük qəzetə, bir çox qayət böyük mətbəələrə sahib oldular. Cənab Haqq daha ziyada artırsın...vətəndaşımız ermənilərin qeyrət, həmiyyət və tərəqqiləri isə daha özgə bir halda, daha gözəl bir surətdədir. İndiyə qədər mövcud olan dörd böyük və nəfli qəzet və jurnallarına bu il, bəli, bu keçən ayda iki qəzet daha əlavə etdilər. Demək ki, yaxında Tiflisdə altı erməni qəzet və jurnalı nəşr ediləcək. Nə xoşbəxtlik, nə ali hümmət. Nə gözü açıqlıq, bərəkallah! Qeyrət, həmiyyət və vaxtdan istifadə belə olmalıdır. Bu iki qədim qonşumuz kim bilir daha neçə tazə qəzet və jurnal üçün hökumətə rüsxət ərzi-halı vermişlər. Həm də verməlidirlər. Hərçəndi qonşularımızın bizə görə qəzetləri, kitabları çox artıq isə də, Avropanın ən kiçik hükuməti olan Şvetsariyaya (İsveçrə), ya dünənki bolqarlara nisbətən bugünkü qəzetləri, kitabları çox az, bəlkə heç deməkdir. Bu səbəblə hamımız çalışmalıyıq. Çalışan qul məhrum qalmaz. Allah çalışan qulun din və məzhəbinə əsla baxmayıb, dünya ümurunda hər kəsin çalışdığı qədərincə verər.

Yuxarıda qonşularımızın bizə görə olan tərəqqilərini zikr etməkdən qəsdim onlara həsəd etmək, çox görmək deyil, qəsdim budur ki, qonşularımız ilə bərabər biz də rahət və insanca yaşamaq üçün mərifət və mədəniyyətdə mütləq onlarla bərabər olmalıyıq. Çünki bir vətəndə, bir evdə yaşayan bir məmləkət övladlarının elmləri, qanacaqları bir payədə olmalıdır ki, bir-biriləri ilə qardaşca rahət yaşaya bilsinlər. Vəli aradakı ixtilaf cəhətilə axırı peşimanlıq və zərərdən özgə bir şey olmayan qəza və vüquatə meydan verilir ki, insanlıq, qonşuluq nöqteyi-nəzərincə nə qədər baisi-təəssüf edilsə, yenə azdır. Halbuki vətəndaşlıq, qonşuluq vəzifəsi nəinki bir-birilərilə heyvanca qovqa etmək, bəlkə mühafizeyi-vətən üçün yekdigərinə kömək və müavinət verməkdir. Qonşu evini yıxanın heç vaxt evi abad olmaz... Xülasə, mərifətli qonşuların arasında mərifət və insanca yaşamağımız mütləq zamana görə elm və mərifətimizin olmağına bağlıdır. Burasını bildikdən sonra hamı ömrümüzü, varımızı bu məqsədə sərf etməyimiz vacib görünür. İstədiyimiz bu mərifət və rahətin qapısı isə qeyrilərdə gördüyümüz kimi, ancaq mətbəə, mətbuatdır – maarifi-milliyyədir. Heyf, min kərə heyf ki, din və millətin əsl ruhu olan elm və mərifətin qüvvətini hər kəs qanıb gecə-gündüz o məqsədə çalışdıqları halda, bizlər əshabi-kəhfdən, yaşıl külah geyən mələklərdən...bilməm daha nələrdən, nə xəyallardan kömək və müavinət ümid edirik? Budur ki, bizlərdən əlli-altmış kərə az olan qonşularımız qeyrət və fərasətləri cəhətilə bir xeyli təzə kitablara, qəzetlərə sahib olduqları halda, bu böyük Qafqazda bizim mükəmməl bir mətbəəmiz, yarım jurnal və məcmuəmiz belə yoxdur. Hərçənd Rusiya hökuməti Rusiyanı müsəlmanlara bildirmək və Şərq ilə daha ziyada kəsb-münasibət etmək üçün türk dilində bir qəzetin vücudunu vacib bilib, “Şərqi-Rus” adında bir qəzet ehdas və mühərrirliyini məlum olan şəxsə həvalə elədisə də, o da hər nədənsə çox davam edə bilməyib əcaib bir yuxuya tutulmuşdur. Bizlərə heyflər olsun ki, təzədən nəşr edilməyinə dua ilə məşğuluq. Aman yarəb! Hər kəs gün-gün irəli getdiyi halda, bizlər hər işdə, xüsusilə, maarifdə fərsəx-fərsəx geri gedirik. Bilməm, bu gedişlə halımız nə olacaq? Nə üçün bizlər də öz dərdimizə qalmırıq? Nədən məyus oluruq? Nə üçün əli qələm tutan həmiyyətli, məlumatlı mühərrirlərimiz yazılarını bu xüsusda qanlı yaşla yazmırlar? Xüsusilə, zəmanəmiz özgə zəmanədir, demək olmaz ki, həmişə bu halda qalacayıq. Xeyr, xeyr! Ümidi kəsmək Allahın nemətindən, mərhəmətindən əl çəkmək deməkdir. İnşallah, gələcəyimiz üçün ümidlərimiz, xahişlərimiz ziyadə böyükdür. Lakin bizlər fürsəti itirməyib millət qeydinə, məişət dərdinə, vətən halına qalmağa artıq başlamalıyıq. Bizlər hənuz bu yolda nə üçün çalışmayaq, başlamayaq ki, qonşularımız bu başlayacağımız yolun yarısını çoxdan keçib nihayətə, məqsədə çatmaq üçün nəinki mallarını, canlarını belə fəda edirlər. Heyf ki, hər millətin oxumuşları millətlərinin dərdində iştirak edib istiqbali-millətləri üçün rahatlıqlarını, varlarını qurban etdikləri halda, bizim əksər abrazovannılarımız guya filosofluq, farmazonluq satıb hər şeydən biqeyd, bidərd qalıb, rahat-rahat ömür sürürlər. Bu hal ilə, bu qeydsizliklə, bu həmiyyətsizliklə bərabər nə üzlə, nə cəsarətlə, biz də özümüz bütün ömrünü millətinin insan olmasına, rahat yaşamasına sərf edən peyğəmbəri-zişanın tabeyi-ümməti hesab edəcəyik? Millətin qeydinə, dərdinə qalan xəlifələrin, padşahların, üləma və hükəmanın əcaba hansı biri zəhərsiz, xəncərsiz döşəgində rahat-rahat vəfat etdi? Tariximizə baxılsın: millətin salamatlığı üçün can fəda edən böyüklərimizin həddi-hesabı varmı?

Nə hacət, hər il məhərrəmlikdə zahirən başımıza kül-saman töküb üst-başımızı qanlara bulayıb, guya böylə əməl və rəftarlar ilə matəmini saxladığımız nuri-çeşmi-millət, müxəffər şühadayi-ümmət olan həzrət imam Hüseyn əleyhissalamın vaqeyi-şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi? Heyf, sədd həzar heyf ki, o şahidi-millətpərvərin matəmini bu zəmanəyə görə özgə cür tutmaq, mərsiyələrimizi daha təzə bir sayaq millətpərvəranə üzrə oxutmaq lazım gəldiyi halda sahibinin niyyət və məsləkindən bixəbər hərəkət edən cansız maşın kimi qayırdığımız iş və əməldən özümüz də bixəbər bulunuruq. Məhərrəm ayının beş-on günündə aciz uşaqlar kimi “yalnız” başımıza küllər töküb zəncirlərlə öz-özümüzü vurub yaralamaq, ali bir niyyət uğrunda şəhid olan bu nümuneyi-qeyrət, o mücəssəmi-həmiyyət üçün yas və matəm saxlamaqmıdır? Hər insaf sahibindən sorarım: lazım deyilmidir ki, hər kəs tutduğu işin, icra etdiyi matəmin nədən ötrü və nə cür bir zati-şərif üçün olduğunu layiqi ilə bilsin.

Lazım deyilmidir ki, bu ali uğurda biqayidə xərc edilən milyonların dərgahi-ilahidə qəbula keçəcəyi ümid edəcək bir yolda sərf edilib-edilmədiyini qansın. Lazım deyilmidir bilək ki, o qərarətileyn rəsul bir cüzi, bir ovuc qövm və təlüqatı ilə öz qüvvətindən neçə min kərə artıq olan bir qüvvəti-əziməyə nədən ötrü qarşı durdu?

Lazım deyilmidir bilək ki, nə üçün bu riqqətəngiz, o ciyərsuz hal ilə şəhadətə, o dəhşətamiz surət ilə fədaicanə razı oldu?

Şəksiz ki, qeyrət və həmiyyəti qəlbi ali hümmətinə sığmayan bu millət aşiqi şəhadəti-ölümü, xeyr, bu ölüm surətində əbədi varlığı, əsarət və həqarət ilə yaşamağa tərcih verdi.

Şəksiz ki, təlüqatının, hümmətinin hüququnu mühafizə etmək, hürr və müstəqil yaşamaq, özgələrə boyun əyməmək ən birinci müqəddəs niyyəti idi.

Şəksiz ki, niyyət buyurduğu kimi həyat olmadığı surətdə məqsədi-alisi, hüquqi-qövmiyyəsi, istiqbali-milliyyəsi yolunda qurban olmağı canına minnət bildi. Şəksiz ki, niyyət və məsləkində səbat və qərar edib, Kərbəla dəhşətini hürriyyəti-vicdaniyyə, əsbiyyəti-qövmiyyə, heysiyyəti-milliyyə, hüquqi-insaniyyə qanına qərq etməyi məhz o tökülən qanların verdiyi qüvvətlə gələcəkdə açılacaq olan millət çiçəklərinin hüsn-surətlə yaşamaqları üçündür. Heyhat, harda o niyyətlər, o fədailiklər, harda bizim bugünkü qafilanə rəftarımız, başlarımıza biməna, cahilanə kül-saman tökməklə iktifa etməyimiz?

Baxınız: o ali, qüdsi niyyətlər ilə bizim bugünkü cahilanə, müqəllidanə əməllərimiz arasında nə böyük təfavütlər var? Allah eşqinə deyiniz: öylə bir zati-qüdsi-məabin şəhadətini yad ilə matəm lazım aladasını ifa etmək hüququ milliyyədən, mərifəti-diniyyədən bixəbər bir qisim əvamü nasın yalnız başlarına küllər, döşlərinə zəncirlər vurub küçələrdə gəzməkləri iləmi olar? Ey şühiddini-həqiqət, vəhədaniyyət, ittihad naminə deyiniz: böylə bir zati-səxavət göstərib “ehsan” adı ilə bəzi dövlətlilərimizin kasıblardan artıq bir-birilərinə “qonaqlıq” verməkləri iləmi şahi-şühədanın ruhi-mübarəki şad edilmək istənilir? Aman əziz qardaşlar! Əsas və həqiqətdən nə qədər uzaqlaşmışıq! Budur ki, bu uzaqlaşmağımız, rahət zənn ilə bugünkü həqarət və zillətlə yaşamağımız, etdiyimiz əməl və tutduğumuz işlərin təbii niyyətsiz, fikirsiz olduğundan, yəni həqiqətdə nə cür çalışmaq gərək olduğunu bilmədiyimizdəndir. Bugünkü əksər əmələ və rəftarımız müvafiq şər’i və əqli olmadığına, hüquqi-insaniyyəmizi mühafizəyə, istiqbali-milliyyəmizi təminə əsla yaraya bilmədiyinə əlbət əvamünasımızın əqli irməz, fikri çatmaz. Çünki onlar zamana görə məlumati-aləmiyyədən, üsuli-vəzi-aləmdən bixəbərdirlər. Bu xüsusda onlarda o qədər qüsur axtarmaq, bu barədə onlardan bir şey gözləmək olmaz. Əlbəttə, hər kəsin elminə, dövlətinə, mənsəbinə görə xidmət, pul, iş istəyirlər. Bu xidmətlər, bu işlər əlbət və əlbət ki, oxumuşlarımızdan, abrazovannılarımızdan, xüsusilə, millət ataları hökmündəki rəisi-ruhanilərdən gözlənilir. Amma heyf, minlərcə heyf ki, əksər ruhanilərimiz, abrazovannılarımız ancaq öz hallarına, öz qarınlarının dərdinə qalıb bütün milləti istərsə zülm və cəhalət atəşi tutsa, tərpənməmək, dinməmək fikrindədirlər.

Aman yarəb, nə üçün beş günlük dünya məhəbbətini, beş-on dəqiqəlik yalançı rahəti, az vaxtda puç olacaq cüzi mənfəəti dünyəviyi-əbədi həyata, mənəvi və mükafata tərcih edirlər? Oxumuşluq sifəti, böyüklük rütbəsi, milləti cəhalətdən, səfalətdən qurtarmaq bu vəchlə həmnövünə müavinət etmək deyilmi? Həqiqət, kül, torpaq başımıza ki, hər millətin abrazovannıları millətin salamatlığı üçün əvamünnas ilə hər cür rəftar, millətin hürriyyəti uğrunda mallarını deyil, canlarını belə fəda etdikləri halda bizim abrazovannılarımız safdil cəmaəti, hənuz maarif və millətpərvərlik aləminə addım atmağa başlamış qardaşlarımızı yersiz, vaxtsız rəftarları ilə, yazıları ilə, maarif və mədəniyyətdən uzaqlaşdırmağa bir növ səbəb olurlar. Aranı bu vəch ilə xarab edən bəzi həmiyyətsiz, qeyrətsiz abrazovannılarımızın bəd rəftarlarına baxıb cəmaətimiz, ümumiyyətlə, oxumuşlara küskün və onlardan şikayətçi kimidirlər. Hətta bu küskünlük təəssüf ediləcək elə bir haldadır ki, hər iki tərəfdə də arzu edilən hüsni-niyyət, sədaqət və müavinəti milliyyətinin büruzə çıxmasına ciddi mane olur. Bununla da qalmır: sadə cəmaətimizin böyük bir qismi hər yerdə əskik olmayan bir neçə bihəmiyyət, biqeyrət, biməslək müsəlman adındakı meymunların rəftarına baxıb mədəniyyəti o meymunların səfalətlərindən ibarət zənn edirlər. Müsəlmanlığın ehkam və əsasından qətiyyən bixəbər olub, bir əxlaqsıza olan eşqindən və ya qulluğa olan tamahından ötrü təbdili-din edən səfehlərə, məcnunlara baxıb ümumiyyətlə, oxuyanlardan, rusca oxumaqdan üz çevirirlər; uşaqlarını rus məktəblərinə verməmək fikir-cahilanəsinə düşürlər ki, nə qədər təəssüf edilsə, o qədər azdır... Başında bir az əqli və fikri olan müsəlmana layiqmidir ki, günün işığına qarşı duran milçəyə acıqlanıb günün işığını istəməsin və ya çörəyin acısına, yanığına rast gəlib çörəkdən əl götürsün? İnsan üçün bir az elmlə abrazovannı olmuş biəhəmiyyət, biqeyrət bəzi müsəlmanlara baxıb, elm və maarifdən uzaq durmaq mümkün və insan sifəti deyildir.

Baxınız, bu balaca təvəqqenaməni yazmaqdan qərəz nə idi, qərd-qəm bizi haralardan haralara apardı. Əsl məqsədi qoyub bizə nə haşiyələr yazdırdı. Belə uzun haşiyələrdən oxuyanların ürəkləri darıxmamaq üçün biz yenə məqsədə gələk: arada törəyən həmiyyətsiz abrazovannıların, işin əsl əsasını fikir edə bilməyən avamın hallarına baxmayıb ümidvarıq ki, xatir və xəyala gəlməyən bir çox müsərrətamiz halları, məhsulları doğulan zaman bizim istiqbalımız üçün də xeyirli işlər, səmərələr meydana gətirir. Çünki zəmanəmiz özgə zəmanədir. Zəmanəmizdə bir az görünməyə başlayan hürriyyət, ədalət, insaniyyət günəşi hərçənd bizim üstümüzdə də doğulacaqdır. Lakin o günün işığından vaxtında istifadə etmək üçün indidən hazırlanmağımız, fürsəti itirməyib dərdləşməyimiz lazımdır. Dərdləşmək, görüşmək, xəbərləşmək, ərzi-hal etməyimiz üçün də, əlbəttə, işə yarar, sözə keçər, qədri bilinər ümumi “dil”imiz olmalıdır. Bu ümumi nüfuzlu dil dəxi millətlərdə olduğu kimi şəksiz mətbəə və mətbuatdır. Zira mətbəə və mətbuatı olmayan millətin dili yox hökmündədir. Dili olmayanın da mövcudiyyəti yox deməkdir. Dünyaya, ətrafa baxınız: hansı millətin mətbuatı çoxsa, o millətin sərvət, qüdrət və rahəti də çox deməkdir. Əks halda, mətbuatı, yəni mənəvi dili olmayan milllətin digər millətlər arasında nəinki etibar və nüfuzu, bəlkə adı-sanı da yoxdur. Çünki hər millət öz sağlamlığını, öz varlığını ancaq mətbuat ilə mühafizə edir. Sevgili millətimin istiqbalına, qüdrəti-atiyəsinə mənim ümidim pək çoxdur. “Şərqi-Rus” idarəsində ola-ola özgə bir məsləkdə məlum olan xidmətim müddətində çap edilmək üzrə hər tərəfdən yüzlərcə məktublar, məqalələr, əsərlər məndə şadlı ümidlər, həyatbəxş fikirlər oyadırdı. Camaatımızın bundan sonra da olsa, qonşularımızdan ibrət alıb təzə kitabları, təzə əsərləri oxuyacağına yəqin hasil etdim. Bu yəqin ümidlə hər dürlü cismani, ruhani zəhməti qəbul edib, bu halda müsəlmanlarımız arasında gəliri-qazanc az, amma məna xidməti böyük, gələcəkdə şəni, qüdrəti artıq olan müntəzəm bir mətbəə güşadı fikrinə düşdük. “Cənab Haqq şərik olanlarla – ittifaq edənlərlə bərabərdir” hökmünə əməl edib, mən, əziz yoldaşlarım: əhli-qələmdən Məmmədquluzadə, tüncardan Şeyx Ələsgər Bağırzadə[2], bu üçümüz ittihad edib, Allahın tovfiqi ilə Tiflisdə bir müsəlman mətbəəsi açdıq, adını “Qeyrət” təsmiyyə etdik. “Qeyrət” mətbəəsinin ən birinci qəsdi-məsləki türkcə, farsca, ərəbcə kitablar təb və nəşr etməkdir. Ümidvarıq ki, millətin ən böyük ehtiyacı olan tazə kitablar və əsərlərin millətimiz arasında rəvacından ötrü bu xoş məsləki, xidməti buraxıb, təmini-məişət üçün yalnız ticarət kağızları çap etməyə məcbur olmarıq. Biz mətbəənin rəvac və tərəqqisini hərflərin gözəlliyində, edilən sifarişlərin doğru və xoş çap edilməyində, vaxtında hazır olmasında bilib, Allahın tovfiqinə və bundan sonra yatmayacaq olan millətimizin həmiyyət və müavinətinə arxa verib heç bir dürlü məsrəf və xərcdən geri durmayacağıq. Az bir vaxtda mətbəəmizdə Misir və İstanbulun ən yaxşı və gözəl hərflərindən iki növ hərf hazır etdik və bundan sonra ehtiyaca və mühərrirlərin xahişinə görə Misirdən, İstanbuldan yenə lazım olacaq gözəl hərflər, qəliblər gətirmək niyyətindəyik. Hər cür səy ilə “Qeyrət” mətbəəsini elə bir hala gətirmək niyyətindəyik ki, həmiyyətli mühərrirlərimiz, yazıçılarımız, sövdəkarlarımız əsla zəhmət və çətinliyə düçar olmasınlar. Hərçənd xidmət ilə bərabər ticarət və çoxlu qazanca qənaət edib, Qafqazda yüzlərcə olan qeyri-millət mətbəələrinin arasında bu təzə müsəlman mətbəəsinin hüsn surətdə zavalına qeyrət edəcəyik.

Bununla bərabər, əsl fikir və niyyətimiz budur ki, əldən gəldiyi, gücümüzün çatdığı qədər fənni, elmi, sənai, ədəbi tarixi kitabların nəşrinə vasitə olaq. Təzədən yazılacaq kitablardan savayı maarifdə xeyli irəli getmiş müsəlman millətlərinin ən gözəl və nəfli kitablarını Azərbaycanda işlənən ədəbi və bir dərəcə ümumi dilə çevirib nəşr eləyək. İndi biz acizanə yazılan bu “Dəvət” ilə Qafqazdakı hamı həmiyyətli mühərrirləri, müəllimləri, müdərrisləri nəşri-asar fikri-müqəddəsinə mütəvazianə, müstərrəhimanə dəvət edirik. Uzaqdakı mühərrir və müəllimlərimiz əsərlərini təb etdirmək üçün Tiflisə qədər gəlib zəhmət çəkmələrinə belə hacət yoxdur. Hər kəs açıq dil və açıq xətt ilə yazdıqları əsərləri xahiş buyursa, bizə göndərə bilər. Bizim özümüz burada senzura verib rüsxət alarıq. Xüsusi edəcəyimiz şərt və müqavilə ilə gözəl surətdə çap etməyə qeyrət edərik.

Qeyrətli mühərrir qardaşlarımız acizanə olan bu fikirlərimizdə iştirak edirlər isə, elə etmək ola bilər ki, bir neçə ay sonra (bu halda bir-iki böyük kitab çap etməyə məşğuluq) hər ayda, bəlkə hər iki həftədə bir müntəzimən birər kitab və məcmuə nəşr edə bilək. Nə etməli, çarə nə? Madam ki, Qafqazda milli bir təb şirkətimiz, nəşri-asar heyətimiz yoxdur və bu halda olmağa da rüsxət verilmir və yaxud demək də ola bilər ki, fədakaranə bir surətdə rüsxət almağa hənuz çalışanlarımız yoxdur, bu surətlə də olsa, millətimizi maarifdən, elmdən xəbərdar etməyə qeyrət etməliyik. Gözümüzü dörd açıb qəsb edilən hüquqi-milliyyəmizi, hürriyyəti-insaniyyəmizi istəməliyik. Dərdimizi, ehtiyacımızı bildirməliyik. Bununla bərabər millətimizə tərəqqi yolları olan ülum və fünuni-hazirədən, mükarim əxlaqdan, vəzaifinsaniyyədən, məhəbbəti-milliyyəyi-vətəniyyədən məlumat verməliyik. Biz bu fikrimizi ən əvvəl məsləkdaşımız mühərriri-fəzailpərvər İbrahimzadəyə[3] ərz etdik. Aldığımız cavab da təvəqqe və fikrimizi qayət xoş hal ilə qəbul edib “Qeyrət” mətbəəsi vasitəsilə hər vaxt kiçik, böyük əsərlər, məqalələr nəşr edəcəyini bildirməklə, bizi bu ağır işimizin əvvəlində məmnun etdilər. Ümidvarıq ki, bu “Dəvət” və müraciətimizdə sair həmiyyətli, qeyrətli mühərrirlərimiz dəxi qəsd və məsləkimizdən xəbərdar olub, aciz, lakin sevgili millətlərinə, hər şeydən artıq maarifə möhtac olan qardaşlarına “Qeyrət” mətbəəsi vasitəsilə də vəzifeyi-müqəddəslərini əda edərlər.

Camaat və millətimiz təzə kitabları oxumurlar – deyə onları həmişə töhmət etmək, əlbəttə, olmaz və burası da hərçənd doğrudur ki, camaatımız təzə kitaba, əsərə pul verməyə öyrənməyib. Bir kitab və qəzetdən qırx-əllisi oxumaq istəyir. Amma nə çarə? Yenə həmd və şükürlər etməliyik, qırx-əllisi bir kitabdan da olsa oxurlar. Oxumaq istərlər. Əlbəttə, belə-belə oxumağa həvəs edərlər. İnşallah bir vaxt olar ki, bizim camaatımız da başqa millətlər kimi kitab və qəzeti çörək kimi insan qəzası bilib hər kəs öz azuqəsini özü üçün alar. Biz bundan sonra, yəni çəkdiyimiz bunca əziyyət, gördüyümüz bunca sıxıntı və təcrübələrdən sonra ümidvarıq ki, məzmun və mündəricatı nəfli, dili və yazısı açıq kitabların oxunacaq vaxtları artıq çatmışdır. Ona şəkk-şübhə yoxdur ki, bundan sonra gözlərimiz açılmaz, başlarımız işləməzsə, biz Rusiya müsəlmanlarının adları – Gəncə, Şəki, Şamaxı, Bakı, İrəvan, Naxçıvan,Qarabağ... xanlarının adları kimi yalnız tarix səhifələrində qalar. Aman-aman! Bu kimi məyusiyyəti, ümidsizliyi nəinki yazımıza, xəyalımıza belə gətirməyək. İnşaallah irəlidə tərəqqi ümidimiz, bizim də mərifətli millətlər arasına keçməyə yolumuz çox-çoxdur. Bu qədər ki, bu ümidin ancaq mətbəə, mətbuat, bunların vasitəsilə maarifi-milliyyəmizin nəşr edilməyində bilməliyik. Həmd olsun, camaatımız lisanı və mənası açıq yazılan kitabları oxumağa başlamışlardır. “Lisan” dedim də, yadıma gəldi: yazılan kitabların rəvac və məğlubiyyəti, intişarı mütləq və mütləq lisanın açıqlığındadır, asan anlaşılacaq kitablar təbii çətin anlaşılır. Çətin, zor anlaşılan kitabları isə, əlbət, əksər oxuyan sevməz. Az oxuyan istəməz. Camaat üçün yazılacaq kitablar əlbət və əlbət ki, mümkün mərtəbə camaat dilinə yaxın olmalıdır. Əks halda heç gözləməyək ki, avam dediyimiz əksər camaat ibarəli yazılıb, asan anlaşılmayan kitablarımızı pul verib alalar. Bu səbəbə deyə bilərəm ki, kitabın oxunmasını, rəvacını istəyən mühərrirlər əldən gəldiyi qədər açıq dilli, açıq mənalı yazmağa hümmət buyurmalıdırlar. Həqiqətən, hamımız çalışmalıyıq ki, çətin və mənalı ərəbi, farsi sözlərin yerinə türkcə sözlər yazaq. Yazı yazmaqdakı hünər və mərifəti ərəbi, farsi sözlərin çoxluğunda bilməyək. Bəlkə mümkün mərtəbə sadə yazmağı özümüzə adət edib, özgələrə də nümunə, örnək olaq. Bu sözləri mən yaza-yaza, bu lafları mən vura-vura bu balaca “Dəvət”də xeyli uzun mətləb və cümlələr, çox ərəbi, farsi sözlər yazmağımın səbəbi, əlbəttə, hər kəsin yadına gələr və gəlməlidir. Ümumcamaat üçün yazılacaq kitab, əlbəttə, belə yazılmaz. Mən bu məcmuəni xüsusilə oxumuşlara qarşı yazdığım və indi də deyə bilməyəcəyim bir keyfiyyət də işin içində olduğu üçün belə yazmağa məcbur oldum. Yoxsa özüm ibarəli yazıların düşməniyəm. Təkrar edirəm: bizim dərdimizə dərman edəcək hüquqi-milliyyəmizi, vəzaifi-insaniyyəmizi bildirəcək hüsni-əxlaq, məhəbbəti-tövsiyyə və diniyyə dərsləri verəcək mətbuatı gələcək və səlamətliyimiz üçün vasiteyi-yeganə hesab etməliyik. Bununla bərabər, bəzi müsəlman adında müfsid, xaini-millət, düşməni-həmiyyət olan dənilərin, ədəbsizlərin məsləklərini qanıb zahirlərinə aldanmamalıyıq. Bir məsləkdə, bir sözdə, bir qərarda, bir fikirdə durmayıb, pul və mənfəət gələn tərəfə baxıb oynayan obrazovannı nafilərin yazıları ilə ərbabi-həmiyyətin yazıları fərq edilməlidir. Hərçənd bir vaxt, hətta tez vaxt olacaq ki...adamların boyaqları, iç üzləri meydana çıxacaq, onları hər kəs tanıyacaqdır.

Aman-aman, əziz qardaşlar! Zəmanəmiz çox mərhəmətsizdir. Çalışmayana heç bir zad vermir. Zəmanəmizin bir saatı itiriləcək, fürsətin bir dəqiqəsi əldən qaçırılacaq zaman deyil. Yaxşı, bəlkə yəqin bilməliyik bu zamandakı cüzi qəflətimiz, yuxulamağımız gələcəkdəki ümidlərimiz tez sağalmaz yaralar, zərərlər vuracaqdır. Hər işin bir vaxtı, hər vaxtın bir işi vardır. İndiki vaxtın işi odur ki, gözlərimizi dörd yerinə səkkiz açıb özümüzün hər vaxt məqul olan milli və şəri adət və üsullarımızı şiddətli tutmaqla bərabər, qonşularımızdakı məhz mərifətli işləri, xeyirli üsulları mütləq götürməliyik. Mərifətli millətlər arasında aciz, zəif, həqir qalmayıb hünər və sənətdə onlar ilə bərabər olmalıyıq. Hürr, müstərih, qorxusuz, insanca yaşamalıyıq. Yoxsa mərifətli millətlərin arasında rahat yaşamağı bacarmayıb, xəyala ümid bağlamaq, min illik ata-baba yurdlarını, cənnət kimi yerlərimizi buraxıb geriyə hicrət ermək... Öz elm və mərifətsizliyimizi öz dil və əməllərimizlə təsdiq etmək deməkdir. Gəliniz, ey milləti ruhu olan əziz mühərrirlər, gəliniz. Arada əskik olmayan bəzi xüsusi, şəxsi hallara əsla baxmayıb, əl-ələ veriniz! Fənni, ədəbi, sənai əsərlər yazınız, tərcümələr ediniz. “Qeyrət” mətbəəsi mənfəətli milli əsərləri ucuz və hüsni-surətdə təb etməyə hər vaxt hazırdır. Millətimizin hər cür səlaməti üçün böyük-kiçik deməyib çalışaq.

Yek vücud, yek rəy, yek cəhət olub çalışaq!... Yuxarıdakı yazılarım möhtərəm mühərrirlərə qarşı hərçənd xitab və vəz kimi görünürsə də, əsl məqsədi haşa vəz və ixtar deyildir. O xüsus mənim elmimdən, gücümdən, həddimdən artıq olduğunu bilirəm. Mən bu “Dəvət” ilə həmiyyətli mühərrirlərdən ancaq bir təvəqqe edirəm.

Həqiranə fəryad eləyirəm, acizanə yalvarıram. Təvəqqemi qəbil buyuran  olursa, millətimiz üçün də xoşbaxtlıq!

Hərəkət insandan, bərəkət Allahdan.

 

Əsər 1905-ci ildə Tiflisdə “Qeyrət” mətbəəsində

eyni adla nəşr olunmuşdur.



[1] Namiq Kamal (1840-1888) – inqilabçı türk şairi və publisisti.

[2] Məşədi Ələsgər Bağırzadə (1868-1943) – “Qeyrət” mətbəəsinin və C.Məmmədquluzadənin Tiflisdəki pansionatının təşkilində, habelə “Molla Nəsrəddin” jurnalının nəşri üçün çoxlu maddi yardım göstərən Məşədi Ələsgər Bağırov nəzərdə tutulur.

[3] Əbdürrəşid İbrahimzadə - XX əsr Azərbaycan mətbuatında iştirak edən tatar publisistidir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info