Qonaq Kitabı
MİRZƏ MEHDİYƏ

 

Ey Mehdiyi-zaman, şairi-dövran,
Adam olan gərək danışa məqul;
Həcv, hədyan ilə sana nə layiq
Uyezdni Qazini eyləmək məlul!

Qazi bir molladır təyyubü tahir,
Onunla ədavət eyləmə zahir;
Nəzmi-təbin ola dürrü cəvahir,
Xəlq içində qiymətidir qara pul!

Söz deyən gözləyə gərək əndazə,
Nəinki əqlinə gələni yazə;
haçan mən vermişəm sana icazə:
Qulağını qırpıb yetənə soxul!

Məgər yaddan çıxıb əyyami-mazi,
Tarxanov zamanı çakəri-qazi
Olmasaydı gəlməyinə ta razi,
Eyləyə bilməzdin hücrəyə düxul.

Kəfş kəndə otururdun baədəb,
Danışa bilməzdin bivəchü səbəb;
Çürət bəhəm eyləyibsən, nə əcəb
Gözləməzsən təriq, saxlamazsan yol?

Etibar eləmə dövri-fələyə,
Əbəs yerə özün salma kələyə;
Quş bağlanıb, deyən, beş gün tüləyə,
Pərvaz eyləməsin turac, qırqavul!

Gədə, saf azıbdır sənin əməlin,
Axırındı, bilmən, yoxsa əvvəlin;
Talıb kimi hərdəm tutanda dəlin
Danışırsan hədyan, söylürsən füzul.

Baxma İbrahimə, olma sərsəri,
Onun heç özündən yoxdu xəbəri;
Qazidən kənara durandan bəri
Qaçar ondan təmam əyalü oğul.

Ənqəribdir bu gün, sabah gəlir xan,
Qaçma bir tərəfə,……. var dayan,
Tövsəni-nəzminin başın çək, oğlan,
Enişə-yoxuşa çapma bi-üsul!

Mən gəzmişəm Gəncə, Şəki, Şirvanı,
Bizim tək sirr açan cəmaət hanı?
Bəd əməldə görsə biri mollanı,
Üstünə örtəllər ellik ilə çul.

Qaxarsan başına gahi çırağı,
Gah deyirsən işə tutar qonağı;
Ey uşaq, bilməzsən sən bu sayağı,
Zina deyil əgər övrət olsa dul.

Nə çəkirsən onu arana, dağa,
Gündə bir yazarsan hədə, qadağa;
Tərəfgirlik eləməyib mütləğa,
Rüşvət almayıbdır ömründə bir yol.

Müridi-xas idin Qaziyə daim,
Hekayətin həmvar, özün mülayim;
Üsulü təriqin tutmuşdun qayim,
Sana kim toxundu, elədin nükul?

Nə desən yaraşır Əbdülə, mana,
Biz də əvəzini yazarıq sana,
Nəhayət küfrdür söz demək ona,
Bir iş tut ki, tarı eyləsin qəbul.

Müştəridir göftüguyə həmişə,
Tövri-təriqəti salmağa işə
Mu qədəri edən deyil əndişə,
Gəlsə üləmayi-Misrü İstambul.

Bir stəkan çay nuş edər nəharə,
İki cəngə çilov axşam iftarə;
Əlhəmdü-lillahə deyil, biçarə
Özgə mollalar tək təmmaü əkul.

Fındığa yetirib gərçi tiryakı,
Yenə sərindədir fəhmü idrakı;
Hər yetən novçədən eyləməz baki,
Pişləngə salacaq səni, hazır ol!

Sarcallını qoyma eyləsin fərar,
Yüz illik əmlakı tökülüb qalar;
Gedən tək olara qızılbaş yazar
On tümən məvacib, oda lavüsul.

Boran çoxalanda gəzər yalavac,
Kisələri xali, əyalları ac;
Kürəyə kəsilib sən görən ağaç,
Qalmayıb kimsədə bir kəndi-tüyul.

 Məbada olalar qızılbaşa ram,
Yığılıb gəlsinlər Qələyə təmam.
O dövlətdən əl çəkibdir xasü am,
Necə ki, təbibdən mərdümi-məslul.

hər kim ki, istəyə əbədi çörək,
Dövləti-aliyə yapışsın gərək;
Canü dildən qulluq eylə bir əndək,.
Hörmətə, izzətə, nemətə cumul.

Büxlü həsəd olub bu xəlqə adət,
Həddən aşıb aravurmaq, şərarət;
Bilirəm, bir səfhə etməz kifayət,
Nə lazımdı dəxi verəm nəzmə tul..

Bilirəm işini mən o viranın,
Mədənidir təqəllübün, yalanın;
Bəyi, xanı, şahı mülki-İranın
Çoxdan eyləyiblər ədldən üdul.

Saluban gərdənə tövqi-iradət,
Üz tutsun dərgahə bivəhmü vəhşət;,
Cümlə ğəmin bədtəridir şəmatət,
Vardır bu babdə hədisi-mədlul.

Qorxuram açıla bir özgə kələk,
Gördünmü ki, nə saç qaldı, nə ələk;
Az çəkər, sizlərə, Xındırıstan tək,
Buyrula hər yandan çapğun, çapavul.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info