Qonaq Kitabı
VİLAYƏTİN MƏĞŞUŞLUĞU HAQQINDA

 

(Mirzə Fətəliyə)

Xəbər alsan bu vilanın əhvalın,
Bir özgədir keyfiyyəti-Qarabağ.
Həqdi, bundan əqdəm görübsən sən də,
Hanı o qaidə, o qanun səyaq?

Qüttaüttəriqin vüfuru vardır,
Yaylaqda, aranda qatar-qatardır,
Yenə soxa-soxdu, apar-apardır;
Bizim başımızda çattadı çanaq.

Səfikürdi, hacı Samlu, Kolanı,
Tutarlar, soyarlar dalda qalanı,
Viran olsun görüm Doyranbasanı,
Evdə yatan yoxdu, qarışıb papaq.

Zərgər, Drağarda aləm-aşikar
Bir ucdan oğurlar, bir ucdan satar;
Vay odur-sahibi at başı tutar,
Yüz yerdən tökülür üstünə çomaq.

Qarabaldır xəlqi xüsus Ərəblər,
Qarınca dəməyə necə dən çəkər,
İşdədir sübhədən ta ki, kecələr,
Döyürlər, kim gəlib eyləsə soraq.

Belə vilayəti dağıtsın tarı,
Ziyadə məğşuşdu Ərəs kənarı,
Xurda, Parababi, Qarğabazarı,
Maralyan, horadiz, Nüzyar, Qoyucaq.

Hər obadan çıxır otuz, ya əlli,
Özü cələkəsən, adları bəlli;
Genə şorta-şortdu Adıgözəlli,
Min evdən artıqdır yığıntı qazaq.

Əgər xəbər alsan Molla Səfini,
Oğru, dürüst qarışdırıb kefini;
O, qələdə biçər ölü kəfəni,
Çöldə üç atını soyublar çılpaq.

Qarabağda nə day qaldı, nə dana,
Bu gün, sabah qaçar hərə bir yana;
Tənbih etmək ilə Xındırıstana,
Xub saldı nizamə ölkəni qoçaq.

Ədalətdə yoxdur bir kəsrü kəmi,
Mundan sonra vilayətin nə ğəmi;
Əlbət, dağıdarmış külli-aləmi
Ağzından süd iyi gələn iki uşaq.

Birindən şikayət edəsən əgər,
Danışmağa qoymaz sözünü kəsər,
Qardaş malı kimi ortadan bölər,
Murovlar olublar oğruya ortaq.

Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövlətü malı;
Xandəmirov çaldı, çapdı mahalı,
O ki, tutub özün keçəl qurumsaq

Gədə-güdə olub sahib-məsləhət,
Gündüz axşamadən danışır xəlvət.
İşlərimiz belə keçsə bir müddət,
Qədimilər olur tamam şil, axsaq..

Gündə bir gətirir zakoni-tazə,
Fikri budu xəlqi verə güdazə;
Bizdən də məhrəmdir biri knyazə,
Nə məhrəm, füzulü heyvərə, yanşaq.

Bilən yoxdur bu barədə niyyətin,
Bakı iradəsi görünür çətin;
Zən qəhbədir çəkən onun minnətin,
Tez ölsə övladır, dirilməz naçaq!

Əbəs yerə bizi verdi zəvalə,
Oğrun-oğrun bəlalərə həvalə;
O ki, olmalıydı oldu, səqqalə
Dəxi doğramasın soğan, sarımsaq,

Ömründə gəlməyib doğru dilinə,
Xaindi xiyşinə, qövmü elinə.
Əli Zülfüqarın vursun belinə,
Bəlkə ölə pis üzündən qurtulaq.

Həddən aşıb büxlü həsəd, şərarət,
Yoldaş yoldaşına eylər xəyanət,
Alimdə əməl yox, bəydə ədalət,
İşlərimiz olub saf gərdən-bucaq.

Üləmalər üz döndərib xudadən,
Usanmaz bir ləhzə cövrü cəfadən.
Başı əmmaməli seyyid-molladən
Taətdə övladır o qatmaqurşaq.

Həq bilir ki, beli şallı hacılar
Zəhrimar tək xəlqin ağzın acılar;
Düşəndə gözləməz ana, bacılar,
Bu əhldən sinədağəm, sinədağ.

Adın qoyub Kərbəlayi, Məşədi,
Neylim, peşələri yaman peşədi.
Çoxun gördüm ayaq üstə………..
Belə millət olmaz, qoyun oturaq.

Övrətlər ərinə deyər latayil,
Beşinə, onuna həm olmaz qayil;
Qalmayıb arada bir şərmi-hayil,
Az qalıb gəzələr çöldə tumançaq.

Adət düşüb indi-bakirə qızlar
Motalçısın salıb otaqə gizlər;
Anası dinəndə topuğlar, dizlər,
Deyər: iymanına ………….,

Gərək bu aləmdən eyləmək həzər,
Öz yerində deyil çünki xeyrü şər.
Bihörmət olubdur pədərə pesər,
Yüzdə biri yaxşı olur ittifaq.

Özgə məqulədən danışaq bir az,
Deməsinlər kişi xamdır, annamaz;
Bir kəsə olmasa zəmanə dəmsaz,
Çox adamlar alır üstünə ayaq.

Həvadisi-dövran gərdişi-fələk
Salmışdı binəyə kəbki yepələk;
Tülək tərlan kimi, qafil həsən bəg
Şığıyıb çənginə götürdü bayaq.

Şüai-afitab olanda izhar
Gəzə-şəbpərənin nə qüdrəti var?
Laçın seydgahə qılanda güzar
İlim-ilim itər bayquş, yapalaq,

Var imiş söhbəti zəmani-mazi,
Ta inki tərəfeyn oldular razi;
On dörd ağac yolu cənabi-qazi
Beş-altı saatda getdi çaparaq.

Bir kəsin olmasa əqli, şüuri,
Əlbəttə, matəmə dönər süruri;
Həzəratın özgə idi mənzuri,
Əlminnətü-lillah kim, oldu damaq.

Hər kimin ki, gülsə fələk yalına,
Baxmaz işin qabağına, dalına;
Bu övladın əmlakına, malına
Ləvənd oğlu xub olmuşdu dadanaq.

Bir müddət istədi qızın Xanın da,
Dolandı dövrində, pasibanında;
Məəttəl qalmışam, bunun yanında
Övrət almaq olub oyun-oyunçaq.

Şövhəri bir zənin yüz ola ədna,
Rəsmdir gözləyə neçə vəqt, əmma
Ərinin kəfəni saralmamış ta
Talib imiş, te zçataşdı…….

Sən görgilən zən əhlinin havasın,
Məsnədnişin eylər çölün yavasın;
Qapsıyıblar yetimlərin obasın,
Ev sahibin qovar zor olsa qonaq,

Ərz edib xanıma Cinli bittəmam,
Bu xeyr iş tapmasa əgər sərəncam,
Gəlməzik qapına, verməzik salam
Döyəsən özünü gər yerə taq-taq.

Bir kişi olmasa ……. möhkəm,
Meyl eləməz ona mütləqa həmdəm;
Nə düşüblər munun dalına bilməm,
Şamü səhər atar fındıqca tiryaq.

İddəası əfzun, çörəyi nayab,
Zülmü bəhri-Qülzum, səxası sərab;
Bir çakərə versə yarım şiş kəbab,
Dalınca buyurur yüz təklifi-şaq.

Rüsvalığın xasü amə bildirir,
Xəlqin zərü simin evə doldurur;
Hər övrətə dəysə dər-dəm öldürür
……………..zatülcənb .... yatalaq.

Kərbəla yolunda qatır oğrusu,
Saf əldən salıbdır məni, doğrusu;
Günbəgün enlənir, budu, sarrısı,
Səksən yaşındadır, hamıdan qıvraq.

Yüz ondadır, derlər, bu ömri təvil,
hələ bundan sonra yaşar otuz il;
Mənim kimi yalınqatdan nə hasil?
Adam gərək ola pesərək, topçaq.

Özünün on yerdə vardır əmlaki,
Bir yana baxanda qohumdu saki;
Kökündən çıxarır, eyləməz baki,
Əgər ilişdirə bir yerə dırnaq.

Oğlunun hərəmi, qızı, pesəri
Ahu kimi baxar o yandan bəri.
Odur xərab edən bizim işləri,
Yetişməz bir yerə yüz il çalışsaq,

Bir-birindən mərğub, müzəyyən, göyçək,
Calislərin əqli çaşar görən tək;
Ya kişinin ağı, qızılı gərək,
Ya övladı ola ayağı surçaq.

Axtarasan, yoxdur cibimdə dinar,
Qızım mələkülmovt, oğlum nahəmvar;
Qabaq dişi düşmüş bir keyvənim var.
Üzün görən adam eylər istifraq.

Cəm olub sərasər əqli seyrəklər,
Kimi odun qalar, kimi ətəklər;
Deputat nəqlindən ötəri bəglər
Gündə bir qapıya salırlar yığnaq.

Lənət gəlsin hərcayinin pirinə,
Yetmək olmaz fitnəsinə, sirinə;
Yalan satar təmam biri-birinə,
Zahirdə ittifaq, batində nifaq.

Xanzadələr özün çəkib kənarə,
Deyir bizdən yoxdur sizlərə çarə;
Rəhim getdi, pənah pərvərdigarə,
Qaralmaz kibriya yandıran çıraq.

Bəybaba halətin etsən istifsar,
Şükr olsun xudayə, yaxşı nəfi var;
Özü ucuz alıb bahayə satar,
Böyük Xana həm gərəkdi, həm yaraq.

Banamək hacıdan danışaq əndək,
Seyr etdi bazarı Tiflisdən gəlcək;
Götdü, yerə çaldı, taciri tək-tək,
Pişləngə salıban qurdu badalaq.

Cəm ola küllühüm sərasər tüccar,
Alışda, verişdə ona kim çatar;
Adətdir quyruğun………….qısar
Hər yerdə ki, görsə köpəyi paraq.

Cəmşid bəyə yetir səlami-əfzun,
Knyaz Behbudova ərz etsin əknun.
Nə rəvadır bisiyasət, bizakun
Viran ola nahəq bir qədim ocaq.

İki nəfər sadə cəvanü novrəs,
Heç birindən yoxdur rəncidə bir kəs;
Bir yanı Kolbasan, bir yanı Ərəs,
Kim görüb onları həmkari-qaçaq.

Böyüklük əmirə xoş səadətdir.
Və lakin rəvişi ədl, ədalətdir;
Yıxılana, qaidədir, adətdir,
Dayaq olan kəsə həqq olur dayaq.

Fəraqət oturub hər kəs bir işdə,
Nə yazda yarıdıq, nə də ki qışda;
Yarəb, neyləmişdik bu dağılmışda,
Həram oldu bizə bir qarış topraq?

Çəkilib köksümə dağlar, dügünlər,
Kafirə olmasın nəsib bu günlər!
Qınamasın məni könlübütünlər,
Fikrim darınıqdır, xatirim övraq.

Məqsudimiz hasil olmadı. bizim,
Yeksandı hicrində gecə-gündüzüm;
Bu bədbəxtin halətindən, əzizim,
Barı o viladə olgil göz-qulaq.

Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edim əlhal;
Bir parasın yazıb elədim irsal;
Bu şərt ilə nə diş bilsin, nə dodaq.

Ziyarət eləyib şeyxül-islami,
Zakiri-həzindən yetir səlami.
Hacı Yusif, Molla Əhməd təmami,
Haçan ola bir də deyək, danışaq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info