Dost yolunda cəfa çəkdim, can üzdüm
Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkanə, ay mədəd! .
Sərasər əndamım mum tək əridi,
Eşq atəşi duşüb canə, ay mədəd!
Muradımız şükufəsi bitmədi,
Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!
Qalmışam göz yolda, könül intizar,
Ğəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!
Ayrı düşmək vətənindən yamandı,
Diyari-ğürbətdə öldüm, amandı!
İtirmişəm yarı xeyli zamandı,
Axtarıram yanə-yanə, ay mədəd!
Bir kimsənin yoxdu məndən xəbəri
O qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!