Qonaq Kitabı
YADİ ”“ MAZİ

 

Getdi mazi, ah, ölüncə anı gözlər gözlərim.

Ol səid əyyamı, ol dövranı gözlər gözlərim.

 

Keçdi ol izzətli, həm hörmətli, şanlı günlərim,

Kərbəlayı, hacılı, həm bəyli-xanlı günlərim,

Qəhvəli, qəlyanlı, aşlı, çaylı, dənli günlərim,

Dəmbədəm, qazmaq ilə dolmanı gözlər gözlərim.

Getdi mazi, ah, ölüncə anı gözlər gözlərim.

 

Ah, o günlər hardadır kim, hər işə sərkar idim,

Olsa hər iş, hər yığıncaq, lazımü dərkar idim.

Mürşid idim, molla idim, xan idim, sərdar idim,

Sədr idim hər məclisə, əyanı gözlər gözlərim.

Getdi mazi, ah, ölüncə anı gözlər gözlərim.

 

Baş əyərdi, diz çökərdi şah mənə, sultan mənə,

Səslənəndə - can, bəli – söylərdilər bəy, xan mənə.

Səcdə eylərdi bütün cahil mənə, nadan mənə,

İndi də ol firqeyi-godanı gözlər gözlərim.

Getdi mazi, ah, ölüncə anı gözlər gözlərim.

 

Var idi başımda on mindən ziyadə xərmürid

Həm olurdu izzətim, şanım günü-gündən məzid

Hər günü mehman naharə, həm də axşama ümid.

Töhfəni, peşkəşləri, ehsanı gözlər gözlərim.

Getdi mazi, ah, ölüncə anı gözlər gözlərim.

 

İznsiz daxil olammazdı bir adəm yanıma,

Töhfəsiz, paysız çıxardı kim mənim eyvanıma?

Kimsə cürət eyləməzdi girməyə meydanıma.

Girsə idi kim, axardı qanı, gözlər gözlərim.

Getdi mazi, ah, ölüncə anı gözlər gözlərim.

 

Çevrilib dövran, məni birdən-birə xar eylədi,

Başıma dünyanı ariflər mənim dar eylədi.

Bu qəzet, jurnal yazanlar xalqı bidar eylədi,

Saldılar dərdə, hələ halvanı gözlər gözlərim,

Getdi mazi, ah, ölüncə anı gözlər gözlərim.

 

 

Şəmşirək

“Zənbur”, 1910, N 6.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info