Qonaq Kitabı
BU DA BİR BAHAR

 

Fəsli-güldür, aləm içrə nobahar olmuş, könül

Bülbülü qumri çəməndə biqərar olmuş, könül!

 

Əndəlibasa, könül, bir sən də dəmsaz ol da gəl!

Çıx yuvandan, gülşəni-millətdə pərvaz ol da gəl!

Aşiqi-dildadələr tək nəğməpərdaz ol da gəl!

Bülbüli-gülzar ilə həmrəng, avaz ol da gəl!

Çünki gülşənlərdə gül həmrazi-xar olmuş, könül!

 

Aldı əldən əqlimi ahü nəvası bülbülün,

Huşu tarac etdi ləhni-dilrübası bülbülün,

Səbrimi yəğma edib suzü bükası bülbülün,

Qıldı dilxun naleyi-biintihası bülbülün,

Od vurub yandırdı canı, dağdar olmuş könül!

 

Cismini yaxmaqda hərdəm nari-cansuzi-fəraq

İxtiyarım tellərin kəsməkdə tiği-iştiyaq,

Dilbəri-hürriyyət atmaz gül cəmalından duvaq.

Ah, ey dildari-məhvəş, dilbəri-huri səyaq!

Firqətində qəlb pürxun, əşkbar olmuş könül!

 

Sinədə ənduhü möhnət, canda suziş, iztirab,

Eldəki cəhlü cəhalət qəlbimi qılmış xərab,

Aləmi-ətraki yeksər qaplamış xeyli-əzab,

Payimali-eyşü zülm olmuş vətən biabü tab,

Əsri  qəmdir, seyli-alamə düçar olmuş könül!

 

Qırmızı qan ilə əlvandır bu gün lövhi-vətən.

Çəngi-istibdaddə qəbz olmada ruhi-vətən..

Tiri-əğyar ilə dolmuş qəlbi-məcruhi-vətən,

Kəştiyi-hifzü xilasə minməyir Nuhi-vətən,

Bikəsa, qəlbi-vətən tək zəxmdar olmuş könül!

 

 

(Əli Məhəmmədzadə)

“Sərabi”

“Tərəqqi”, 1909, N 144.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info