HƏNUZ
Xabi-qəflətdə yatıb, cəhl ilə dünyadə, hənuz, Arizu etmədəyik cənnəti üqbadə, hənuz!
Badeyi-cəhlü cəhalətlə dolubdur sərimiz, Aləmi çulğalayıb zülmü qəbahət, şərimiz. Məhaza yenə huri sözüdür əzbərimiz. Həm ayıqlıqda, həmi xabdə, röyadə, hənuz.
Nəfsi-əmmarə bizim əqlimizə fayiqdir, Əbdi-şəhvət desələr kəndimizə layiqdir. Kim deyir bir kişi dörd övrətə nalayiqdir? Cənnətin ayğırı olmağı da sal yadə, hənuz.
Şairəm mən, nə işim var, baba, hürriyyət ilə, Qəhrəmanan, Niyazi, o biri Şövkət ilə. Nə bilim Ənvər ilə, Əhməd ilə, Tələt ilə, Dəstgirəm mən özüm pənceyi-molladə, hənuz..
Mənə nə, oldu ləgədkubi-əcanib İran, Ya ki, məşrutəni aldı yenidən Səttərxan. Bu Sipəhdar, bu Səmsam, bu da Bağır xan, Mən ki, can vermədəyəm xəncəri-cəlladə, hənuz.
Demə məşrutəni aldıq, dəxi yoxdur qəmimiz, De ki: hə, varmı bütün yarələrə mərhəmimiz Rahi-ahənlərimiz, fabrikalar, mədənimiz. Hanı cəngi gəmilər sahili-dəryadə, hənuz.
Mülkümüzdə hanı de: müntəzəm əsgərlərimiz, Məktəbü mədrəsələr, gənc müəllimlərimiz, Tiyatr, dari-şəfa, sənətimiz, fənlərimiz, Hanı, tək bircəsi yox hazırü amadə, hənuz.
Məncə, bunlar nəyə lazımdı, behişt olmalıdır, Huri, qılman təməi qəlbə sirişt olmalıdır. Səri-dəftərdə pilov ləfzi neveşt olmalıdır, Çünki molla çalışır: qarnını abadə, hənuz.
Söyləmə, hakimi-mütləq o şəhi-ədnadır, Söylə: hər gün mənə hakim kəsilən molladır. Molla Qəmbərdi yenə, mollanüma Yəhyadır, Başıma noxta vuran, payimə qəlladə, hənuz.
Şəmşirək “Zənbur”, 1909, N 12.
|