Qonaq Kitabı
OLSUN

 

Dilər ürfani-noməslək

Cahan bir laləzar olsun.

Açılsın qəlblər gül tək,

Çiçəklənsin, bahar olsun!

 

Açılsın lalələr, güllər

Şəqayiqlər, qərənfillər.

Doluşsun bağə bülbüllər,

Həzarilər həzar olsun!

 

Uzaqlansın qəmü möhnət,

Silinsin dideyi-qəflət.

Ayılsın xabdən millət,

Oyansın, huşyar olsun!

 

Edilsin himmətü qeyrət,

Tikilsin məktəbi-ibrət...

Verilsin dərsi-ünsiyyət,

Fəzilət aşikar olsun!

Vətən övladı-səbyanı

Edib məskən dəbistanı

Alıb təlimi-ürfanı

Onunla rəstgar olsun!

 

Olan insafü vicdanı,

Bilən əhvali-dünyanı,

Sevər elm ilə insanı

Ki, aləm bəxtiyar olsun!

 

Müqəddəs bir əməldir bu,

Olubdur müntəşir hər su.

Cəvanani-təməddüncu

Gərəkdir cannisar olsun.

 

Edilsə min kərə təkfir,

Olunsa aqibət təhqir,

Edərmi aqilə təsir,

Otuz min hiyləkar olsun!

 

Aman, bu əhrimənlərdən,

Xərü cahil, gühənlərdən,

Münafiq, lafzənlərdən,

O birəhmanə ar olsun!

 

Bəsa cahil, bəsa kodan,

Bəsa əhməq, zehi nadan,

Bəsa fasiq və laiman,

Ona de hər nə var, olsun.

 

Cahan yekparə zülmətdir,

Gühənlər zülmə qüvvətdir.

Təmami ğərqi-qəflətdir

Səğar olsun, kübar olsun!

 

Nə fözlü elmü sənət var,

Nə də himmət, həmiyyət var,

Nə həmcinsə məhəbbər var,

Fəqirü maldar olsun!

 

Səvalı bəddi-xilqətdə,

Xəyalı huri-cənnətdə,

Öküzdür lap təbiətdə,

Qəni, ya mülkədar olsun!

 

Edər söhbət səxavətdən,

Basar, bağlar şücaətdən.

Desən pul ver, xəsasətdən

Deyər: millət kənar olsun!

 

Baxırsan yalü kupalə,

Müləvvən bığla, saqqalə,

Rədayə, xirqəyə, şalə.

Edirsən; iftixar olsun!

 

Demə dami-hiyəldir bu,

Müzəyyən bir dəğəldir bu,

Riyadır, dəb əməldir bu,

Nə sidqü etibar olsun!

 

Hələ böylə xəbasətlə

Baxır ürfanə nifrətlə,

Edir təqbih şiddətlə,

Qoy etsin, xar-zar olsun!

 

Yoruldu, yuxladı xamə,

Yazıldı, bitdi şəbnamə.

Yetişməz dərdim itmamə,

Genə mabədi var olsun!

 

 

Şəmşirək

“Zənbur”, 1909, N 10-11.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info