Qonaq Kitabı
EY FÜQƏRA

 

Ey füqəra, boş yerə ağlaşmayın;

Hər kəsi görcək ona sallaşmayın;

Şeyxə, bəyə, pulluya sarmaşmayın;

Qışdı deyib, bunca qırıldaşmayın!

Qarğa kimi çox da qığıldaşmayın;

Ay cücələr, bəsdi, cırıldaşmayın!

 

Kiş! Kiş! Ay andır, yeri, get gir hinə!

Baxma, şişərsən, hacının ənginə!

Pul hanı versin sizə hər gün dənə.

Borclu deyildir ki, a heyvan, yenə!

Bunca qabağında cıvıldaşmayın!

Ey cücələr, bəsdi, cırıldaşmayın!

 

Söyləmə acdır uşağım, arvadım,

Ağlır acından Nəcəfim, Hurzadım,

Qış qatıdır, örtməyə yox bir zadım,

Çarə nədir, mətləbini annadım.

Səbr eləyin, şükr eləyin, çaşmayın,

Ney kimi hər yerdə sızıldaşmayın!

 

Şamü səhər xan qapısın kəsməyin

Gah həyəti, gah bacanı pusmayın;

Taleyinizdən hələ bir küsməyin,

Müftə, söyüd yarpağı tək əsməyin,

Titrəməyin, bəsdi, zığıldaşmayın!

Qışdı, deyib, bunca qırıldaşmayın!

 

Olmayınız pullulara çox ümid,

Kibr, qururi olarındır məzid.

Çox da nə lazım belə göftü şənid,

Hali-şuma taqətü səbrəm borid.

Kefsizi ağlatdınız, ağlaşmayın,

Ney kimi hər yerdə sızıldaşmayın!

Titrəməyin, bəsdi, zığıldaşmayın!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 6.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info