Qonaq Kitabı
MÜSTƏZAD

 

                        (Çoban var)

 

Bakı, nə qədər səndə bu gün sevgili can var,

can, həm də rəvan var.

Əta edilən tək sana min sirri-nihan var,

min cani-cahan var.

Bir bax özünə, səndə nə elm, nə zəman var,

nə eyşü, nə şan var.

Sən ölkəmizin mərkəzisən, əmin-aman var,

çox yaxşı-yaman var.

 

Bir yanda fünun, elm, o biri yanda cəhalət,

yahu, bu nə halət.

Bir yanda kobudluq, o biri yanda zərafət,

sirqət və əmanət

Bir guşədə rahət, o biri səmtdə qarət,

yüzlərlə-rəzalət.

Minlərlə mühafiz, həmi yüz-yüz xuliqan var,

həm su, həmi qan var.

 

Getdi iki doktor kişinin börkü başından,

sən etmədin iman.

Bir əski mühərrir dəxi qaldı başı üryan,

börksüz yaşar insan?

Əmma edilir hər gecə bir guşədə talan,

ya yoxmu nigəhban?

Qız yavruları söyməyə də çoxlu cəvan var,

həm çox söz atan var.

 

Sabunçuda məktəbli döyənlər də azalmır,

heç kəs vecə almır.

Hətta Şamaxı cadəsi ondan geri qalmır,

bu xəstə onalmır.

Bilməm ki, milisya buna bir göz niyə salmır?

güclü zopa çalmır?

Hər küncdə bir cib kəsici oğru, piyan var,

bir qıllı qaban var.

 

Bakı, gözəlim, bu ləkə bu hüsnə yaraşmaz,

bir gunə iş aşmaz.

Qoynunda yatan minlər ilə kütleyi-dəmsaz,

etsin sənə qoy naz.

Sən qov bütün alçaqları, ey bəldeyi-mümtaz,

ey şəhri-sərəfraz.

Ətrafindən övzaimizə doğru baxan var,

yatmaqda ziyan var.

Doğrul, daha doğrul!

Vermə pis işə yol!

Qorxmaz sürü “qurd”dan,

Vəqta ki, çoban var!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1927, â„– 16.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info