QADIN
Ey hər məkanda sən, səbəbi-etla, qadın! Hər millətin təməddününə rəhnüma qadın!
Sən bir zərif sənətisən dəsti-xilqətin, Cismin misalı, incə həmi qəlbü xislətin. Sənsiz yüzünə doğdu günəş hankı millətin? Ey mənbəyi-təali və nurü ziya, qadın!
Sənsən ölü bədənlərə bəxşəndeyi-həyat! Sən olmasaydın, olmaz idi bəlkə kainat! Sənsiz nə hüsn, eşq, nə yasü nə inbisat, Sənsiz nə şövqi-həzz, nə zövqü səfa, qadın!
Sənsən mələk dedikləri, məxluqi-asiman! Huri dedikləri, güli-firdövs aşiyan! Yıldız, qəmər, günəş, şəfəqü ruzeyi-cənan! Pirayeyi-zəminü nigari-səma, qadın!
Hürriyyətin yeganə misali-mücəssəmi, Əşar, nitq xaliqəsi, ruh həmdəmi. El zəxmdar qəlbinin ən nərm mərhəmi, Hər illətə əlac və dərdə dəva, qadın!
Sərmayeyi-vüqarü həyanın xəzinəsi, Gəncineyi-nəcabətü ismət əminəsi. Əxlaq hüsni-tərbiyə, ülfət mədinəsi, Ey layiqi-sitayişü mədhü səna, qadın!
Ey ən gözəl şükufəsi ziruh gülşənin, İzhari-arzuları hər qəlbi-rövşənin Layiqmidir bu halın uca rütbənə sənin? Ey halına cəmaəti-bietina, qadın!
Şiddətlə, nuri-ruyinə möhtac ikən vətən, Ey gün, bulutlar içrə nihan olmağın nədən? Yırt ol inqabi-müzləmi, göstər cəmal sən! Gül, ta gülümsəsin də cəhani-nisa, qadın!
Aç! Dəmdir, ey Məsih nəfəs, gül üzarını! Saç gülləri, gülüşləri ilə bəharını! Xəlq içrə nəşr qıl əsəri-şahkarını! Alqışlasın səni, desin el, mərhəba, qadın!
1919
|