Qonaq Kitabı
AX, NİKOLAY!

 Mən buna çox təəccüb eləyirəm ki, iranlıların bəzisi Nikolayı pisləyirlər ki, guya Nikolay müstəbid bir padşah imiş. Bu giley-güzarı azad millətlər eləməyə haqları var: əlbəttə, Nikolay azadlığın düşməni idi. Amma bir bunu lazımdır demək ki, aya hər sözü insafnan danışmaq lazımdır, ya başı çuvaldan. Əgər insafnan duraq danış-mağa, vallah-billah, biz iranlıların Nikolayı pisləməyə heç haqqımız yoxdur; çünki adam adama deyər: “Öz alnında tiri görmürsən, xalqın alnında qılı görürsən!”.

Ax, Nikolay! And olsun allaha, mən Nikolayı qəlbimin dərin yerindən arzu edirəm.

İndi soruşam gərək niyə və nə səbəbə arzu edirəm? İzn versən, bu saat səbəbini bir-bir qoyaram qabağına. Burada üç səbəb var:

Qulluqi-şərafətməabıva ərz olsun ki, Nikolayın səltənət dövrəsinin lap istibdad vaxtlarında yenə Rusiya millətinin o qədər hörməti və ixtiyarı var idi ki, allah o hörmət və ixtiyarın heç olmasa yarısını biz iranlılara yanılıb qismət eləsə, papağı-mızı min dəfə göyə atarıq.

Canım sənə desin, Nikolay əsrində hələ Rusiyaya məşrutə verilməmiş zamanda, rusların cəmi mülki idarələri millət vəkillərinin əlində idi ki, rusca həmin vəzi-idarənin adı Zemstvodur; məsələn, kəndlərin maarif işləri, şəfaiyyə işləri, maliyyat işləri, yol işləri, (necə ki biz qazı-qazıdeyirik. Fəvayidi-amə bəd nəzər! Yum gözlərini) – bəli, bu işlər millət vəkilləri tərəfindən idarə olunurdu. Bu bir (amma barmağını yum, yadından çıxmasın).

İkinci budur ki, şəhərlərdə Nikolayın istibdad zamanında cəmi bələdiyyə idarələri millət vəkillərinin ixtiyarında idi. Bu iki (yum barmağını).

Qaldı üçüncüsü, bunu ərz eləyim, söhbəti qurtarım (yoxsa uzun olsa, yazıqsan, yuxun qaçar).

Üçüncü də budur ki, Nikolayın əsrində, hələ məşrutədən də qabaq ədliyyə hakimlərinin cələsələrində[1] üç nəfər nizami hakimlərin müqabilində millətin müxtəlif təbəqələrindən intixab olunmuş on iki nəfər millət vəkilləri nə yolda rəy versə idilər, rəsmi hakimlər həmin vəkillərin rəylərinə müvafiq işə əncam və fitva verməyə məcbur idilər.

Amma qorxuram başa düşməyəsən, çün görürəm əsnəyirsən.

Ax, Nikolay! Gör bəxtin necə yatıb ki, səni iranlılar da müstəbid hesab eləyirlər.

 

*  *  *

Amma öz aramızda, Nikolayın bir böyük eybi var idi: eybi də bu idi ki, Rasputin adına bir lotunu oturtmuşdu öz yanında, səhər qayqanaq, axşam sədr düyüsündən plon və qəlyan (hələ bəlkə tiryak da). Cüvəllağı Rasputin korazehin padşahı elə təsxir eləmişdi ki, bir övqat Rusiya məmləkətinin padşahını Rasputin bilirdilər (amma Rusiyanın da evini Rasputin yıxdı).

Bu barədə istəyirdim bir söz danışam, amma vallah qorxuram. Billah qorxuram, qardaş! Zora salma, qorxuram!

Molla Nəsrəddin.

“Molla  Nəsrəddin”,  28 şaban,  1339 ( 7 may,  1921),  N  7.



[1]  İclaslarında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info