Qonaq Kitabı
QƏRƏZ, GETDİM...

... Qərəz, getdim axundun yanına. Ordan-burdan söhbət elədik, çay içdik, yenə söhbət elədik, danışdıq, axırda soruşdum ki, axund, qəzet oxumaq nə tövrdür? Buyurdu ki, qəzet oxumaq haramdır. Dedim: Axı, qəzet bir yaxşı şeydir, adama nəfi çoxdur, gözümüzü açır. Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim axı qəzetsiz bu saat dünyada dolanmaq çətindir. Bir bu qədər əhvalat vaqe olur, bunları eşidib bilmək hər kəsə vacibdir. Baxəbər olmaq lazımdır. Buyurdular ki, xeyr, qəzet oxumaq haramdır. Dedim: yaxşı, müsəlmanlar bir-birinin əhvalından xəbərdar olmalıdırlarmı? Buyurdular ki, olmalıdırlar. Dedim, bəs qəzetsiz nə tövr xəbərdar olsunlar? Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim ki, yaxşı, bir kasıb, yazıq müsəlmana bir hakim tutub zülm eləyir. Binəvanın şikayətinə baxan olmur, hər yerə gedir, qovurlar. Hər yerə gedir, döyürlər. Axırı yazığın əlacı kəsilib, bu zülmü insaf əhllərinə bildirmək üçün, götürüb qəzetə yazdırır. İndi yazığın bu zülmündən xəbərdar olmaq üçün qəzet oxumaq lazımdır axı, nə deyirsiniz?! Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim bəs, yaxşı, müsəlmanlar bir-birlərinə kömək etməlidir, ya yox?! Buyurdular ki, etməlidir. Dedim, etməsələr günhadırmı? Buyurdular ki, günahdır. Dedim çox gözəl, indi tutalım ki, Allah eləməmiş kimi Mazandaranda zəlzələ olub, oranın müsəlmanları evsiz-eşiksiz qalıb, bərk möhtacdırlar. Mən də istəyirəm ki, o möhtac qardaşlara pul göndərim. Aya qəzet olmasa, mən haradan bilim ki, Mazandaranda zəlzələ olubdur. Bunu bilmək üçün, gərək qəzet oxuyammı? Buyurdular ki, qəzet oxumaq haramdır. Daha mən dinmədim. Gördüm ki, acığımdan ağlamağım tutur. Bir də gördüm ki, qəribsəyirəm, külfətimiz yadıma düşdü. Uşaqlar gözümün qabağında durdu. Bir ah çəkib, durdum gedib ki, bir müsəlman intelligentini tapıb, dərdimi ona söyləyim.

Müsəlman intelligentini tapdım. Bir az ordan-burdan danışdım və sonra dedim ki, sən allah, görürsənmi axund buyurur ki, qəzet oxumaq haramdır. İntelligent güldü, dedi: Əlbəttə, axund elə deyər, amma mən qəzet oxumamış çay içə bilmərəm və vodkasız da abed eləyə bilmərə.

Mən elə güman elədim ki, bu axırkı vodkalı mətləbi intelligent cənabları məzəlik üçün dedi. Ona görə də bir qədər gülməyi lazım bilib dedim ki, sözün doğrusu, mən də yerdən duran kimi “İrşad”a baxmamış corablarımı geyə bilmirəm. İntelligent soruşdu ki, “İrşad” nədir? Mən təəccüb elədim.

- “İrşad”... “İrşad” müsəlman qəzeti.

İntelligent gülümsündü və dedi:

“Xeyr, mən qəzet rus qəzetinə deyirəm, müsəlman qəzetinə demirəm. Müsəlman qəzetini mən əlimə alıb oxumaram.

Dedim, bəs nə üçün belə? Cavab verdi ki: “Mənə müsəlman qəzeti yaraşmır. Bir də mənim yanıma hər dəfə ruslar və rus arvadları gəlir. Onlar mənim əlimdə müsəlman qəzeti görsələr, çox ayıb olar”.

Dedim ki, canım, bunun nə dəxli var? Hər millətin özünün qəzeti olmağı nə üçün ayıb olsun? Dedi: “O doğrudur, gərək ayıb olmasın. Məsələn, ermənilərin, gürcülərin öz qəzeti olmağı bir o qədər ayıb görünmür, amma müsəlman qəzeti olmağı mənim aləmimdə çox ayıbdır, çünki müsəlmana qəzet yaraşmır”. Dedim axı mənim rusca savadım yoxdur, özüm də qəzet oxumaq istəyirəm, nə qayırım? Dedi: “Mən onu-bunu bilmirəm, amma mənim aləmimdə müsəlmana qəzet yaraşmır”.

Mən bir qədər fikir elədim, gördüm hər nə desəm, hər nə dəlil gətirsəm, bu hamısına cavab verəcəkdir ki, müsəlmana qəzet yaraşmır. Ona görə bir qədər dinməyib sonra dedim ki, lotu, bəs, bəs vodka necə? Müsəlmana vodka yaraşırmı? Dedi: “Vodka yaraşır, çünki ruslar və rus arvadları görəndə ki, mən müsəlman vodka içirəm, onlara çox xoş gəlir. Daha mənə “vəhşi müsəlman” demirlər”.

Bu sözləri eşidəndə gördüm ki, acığımdan titrəyirəm. Haman saat durdum ayağa, özümü hazırladım, ora-buramı düzəltdim və “ya Allah” deyib bilirsinizmi nə qayırdım?!

Çıxdım gəldim evə, yatdım!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info