Qonaq Kitabı
FƏXRİYYƏ

Cəhan əhli genə yeksər bizə məbhutü heyrandır,

Açıblar göz təmaşayə, ləbani-tən xəndandır.

Yenə meydandayız, həp dəstəmizdə tiği-bürrandır,

Qarındaşlarımız şəmşirimizlə qanə qəltandır,

Neçə məsum-öksüz, övrət-ərsiz, xanə virandır,

Dolansın keyfimizcə işbu dövran, yaxşı dövrandır.

 

Qopardıb rişəsini atmışıq biz ülfətin dildən,

Vurub sındırmışıq ayinəsin milliyyətin dildən,

Silib pak etmişik biz rəngini hürriyyətin dildən,

Sovurub qovmuşuq biz hurisin ünsiyyətin dildən,

Bütün əfalımız, əfkarımız təlqinə şayandır,

Dolansın keyfimizcə işbu dövran, yaxşı dövrandır.

 

Cəhanın rübünü təşkil edir bu gün müsəlmanlıq,

Düzülmüş fasdan ta Çinə dövləti-şahlıq, xanlıq.

Quru bir ismdir ancaq, təməddün var, nə insanlıq.

Deyərsən bir neyistandır, ümumən, sırf heyvanlıq,

Xüsusən, Qafqazın heyvanları bir başqa heyvandır.

Dolansın keyfimizcə işbu dövran, yaxşı dövrandır.

 

Cəhanda bir cürə insanlarız, bədxülq xilqətdən,

Fənalıqlarla istəkli, fünunü elmlə düşmən,

Tapılmaz bir əməl bizlərdə olsun pakü müstəhsən,

Cinayət, qətlü sirqətdə qabağız cümlə millətdən,

Bütün millətlər aləmdə bu gün bizdən hərasandır

Dolansın keyfimizcə işbu dövran, yaxşı dövrandır.

 

Mürüvvət yox, həya yox, nəngü namus ilə qeyrət yox,

Ədəb yox, elm yoxdur, rəsmü ayinü şəriət yox.

Könül yox, eşq yox, qardaşə, həmcinsə məhəbbət yox,

Beyin yox, əql yox, hissü şüurü şuri-fikrət yox,

Sözü – öldürrəm, xəyalü fikri qan-qandır,

Dolansın keyfimizcə işbu dövran, yaxşı dövrandır.

 

Dəmadəm Qafqazın hər guşəsi qan ilə əlvandır,

Qazaxda, Gəncədə, yaylaqda məhşərlər nümayandır.

Ata atdır, vurhavurdur, qırhaqırdır, özgə meydandır.

Öləndir, zülm olandır, ağlayandır, cismi-bicandır.

Ölənlər, öldürənlər həp müsəlman, əhli-qurandır,

Dolansın keyfimizcə işbu dövran, yaxşı dövrandır

 

Xülasə, mayeyi-fəxrü mübahatız biz əcdadə,

Ata, əlbəttə, fəxr eylər bizimtək saleh övladə.

Həyatı ölçəriz boylə səadət ilə dünyadə,

Həmi cənnətdə hurilər bizimdir, dari-üqbadə,

Nə qardaşlıq, nə milliyyət, nə məktəb, elm, bəhmandır,

Dolansın keyfimizcə işbu dövran, yaxşı dövrandır.

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, â„– 30.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info