Qonaq Kitabı
Yol busub, bir dilbəri-əyyarı gözlər gözlərim

Yol busub, bir dilbəri-əyyarı gözlər gözlərim.

Şux kaman, bir gözləri xunxarı gözlər gözlərim.

 

Bir büti-simin bədən, bir dilbəri-şirinsüxən,

Bir füsunkar mahi-xoşgüftarı gözlər gözlərim.

 

Bir mələk-mənzər, vəfa-güstər, nigari-nazənin,

Bir müəttər zülf, bir əttarı gözlər gözlərim.

 

Xatiri-məhzunimi şad eyləsin qəmdən, məgər,

Bir şəkərləb, yari-gülrüxsarı gözlər gözlərim.

 

Haşəlillah, tövbəkarəm, mən hara, məscid hara?

Rindi-məstəm, xaneyi-xummarı gözlər gözlərim.

 

Ta məgər təsxir edəm şol şuxi bir cadu ilən,

Axtarıb bir nafeyi-tatarı gözlər gözlərim.

 

Çahi-Babil, məskəni-Harutü Marut hardadır?

Zülməti-hicranda bir səhharı gözlər gözlərim.

 

Vəslə çatmaz hiç aşiq, ta ki, candan keçməsin,

Tutmuşam can əldə, bir dildarı gözlər gözlərim.

 

Salmışam bəhri-fənadə ləngəri-səbrü səbat,

Müttəsil bir gövhəri-şəhvarı gözlər gözlərim.

 

Könlümün ayinəsi zəngi-küdurət bağlamış,

Guşeyi-vəhdətdə bir gülzarı gözlər gözlərim.

 

Hər gecə bidar oturmaq vəchi ondadır müdam,

Əşki-xunin, ahi-atəşbarı gözlər gözlərim.

 

Qarət eylər ömrü hər bidərdə dərdi söyləmək,

Qəm yükün açmağə bir qəmxarı gözlər gözlərim.

 

Hayi-huyi-xəlq bizar eylədi candan məni,

Aşiqi-divanə tək dağları gözlər gözlərim.

 

Dürdnuşi-Hafizəm, rindanə mə’na söylərəm,

Üştibində badeyi-Xulları gözlər gözlərim.

 

Bağrımı qan eylədi bu guşeyi-təngi-qəfəs,

Bülbüli-şeyda kimi bağları gözlər gözlərim.

 

Hər nə etdim mürği-bəxti ram edəm, ram olmadı,

“Hu” çəkib, bir şəhpəri-şunqarı gözlər gözlərim.

 

Məstü mədhuş eyləyib çoxdan məni bir xirqəpuş,

Göz dikib, bir sağəri-sərşarı gözlər gözlərim.

 

Bir şahənşahi-büləndəxtər, xidivi-bəhrü bər,

Bir qəzənfər-həmlə, bir sərdarı gözlər gözlərim.

 

Müxtəsər, yeydir, Nəbati, bir sözü çox çeynəmə,

Söylə bir yol Heydəri-kərrarı gözlər gözlərim.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info