Məstü sərxoş bir büti-hərrafı gözlər gözlərim
Məstü sərxoş bir büti-hərrafı gözlər gözlərim, Əbrə beldə, bir qəba zərbafı gözlər gözlərim.
Xatirim istər ola sirr-”ənəlhəq” məzhəri, Kəlleyi-dar üzrə bir culafı gözlər gözlərim.
Dürdnuşəm, rindlərtək kasəsin içmək işim, İndi amma şişədən bir safı gözlər gözlərim.
Küfri-zülfün şərhini yazmaqda aciz qalmışam, Üqdeyi-müşküldü, bir kəşşafı gözlər gözlərim.
Rah müşkül, rəhnüma yox, Xızr qaib, mən qərib, Rəhmi çox bir sahibi-əltafı gözlər gözlərim.
Bikəsü bimar düşmənlər kəsib ətrafımı, Bir şəhi-xunxar, bir səyyafı gözlər gözlərim.
Ruzü şəb dəryayi-hərfi-fikrə qəvvas olmuşam, Axtarıb bir gövhəri-şəffafı gözlər gözlərim.
Afitabi-arizin min yoldan artıq görmüşəm, Mə’dəni-müşki-Xütən bir nafı gözlər gözlərim.
Tökmüşəm meydanə dürrü, gövhəri təll etmişəm, Bir əcəb sahib-nəzər sərrafı gözlər gözlərim.
Lohəşəllah, mərdi-əbləh, aşiqi-şeydayə bax, Müştəri yanımda mən, ətrafı gözlər gözlərim.
Vurmuşam anbarə arpa-buğdanı bihəddü həsr, Bir sələmxor, bir də bir əllafı gözlər gözlərim.
Yüz yük əbrişəm çüvalı pənbə bardanı kimi, Tökmüşəm bazarə, bir şərbafı gözlər gözlərim.
Qabili-zilli-hüma etməm səri-üryanımı, Həmdəmi-viranə bir xəttafı gözlər gözlərim.
Baği-cənnətdir yerin, zahid, xoşa əhvalına! Mən ki, əhli-duzəxəm, ə’rafı gözlər gözlərim.
Bəndeyi-piri-muğanəm, mənzilim deyri-muğan, Bir bərəhmən sufiyi-səvvafı gözlər gözlərim.
Gümrəhi-tihi zəlaləm, qərqi-bəhri-mə’siyət Bir müsərrif arifi-ərrafı gözlər gözlərim.
Gəlmişəm mülki-ədəmdən şəhri-imkan seyrinə, Zadi-rahim kəmdi, bir zəyyafı gözlər gözlərim.
Gah Nəbati adını, gah Xançobani söyləyən, Bir Koroğlu və’z, bir gəzzafı gözlər gözlərim.
|