Qonaq Kitabı
KÖÇ

Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb, hürməyə başladı. əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdisə də, xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. Bir gün iti vura-vura qapıdan qovarkən Kərim babagördü. Yaxınlaşaraq:

- Vurma, oğlum, - dedi. – Bu, mənim çörək ağacımdır. Bunun bir qardaş qədər mənə yaxşılığı keçibdir. Sən bunun indiliyini görürsən. Bir vaxt bunun qorxusundan evimizin yanından quş quşluğu ilə keçə bilməzdi. Bu itə beş yüz manat verən olub, verməmişəm. Hər küçüyünü otuz-əlli manata satmışam. Bunun nə qədər ağıllı, igid heyvan olduğunu bilsən, heç vurmazsan.

Kərim baba bu sözləri deyib, itin başını əlləri ilə oxşadı. Sonra yenə üzünü mənə tutaraq dedi:

- Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. Qoyunları yamaca yayıb, bir daş üstündə uzanmışdım. Nə vaxt yatdığımı heç bilməmişəm. Oyandığım vaxt hava qaralmış, dövrəmi qalın duman almışdı. Elə qaranlıq düşmüşdü ki, göz-gözü görmürdü. Çomağı götürüb, yerimdən qalxdım. Sürüdən xəbər yox idi. Qızılı çağırdım. Cavab vermədi. Dəli kimi o gecəni səhər etdim. Ancaq mənə ümid verən bu it idi: bilirdim Qızıl sürüdən ayrılmaz, dan yeri ağarar-ağarmaz uca bir təpə başına dırmaşdım. Aşağıya baxdım. Dumandan hər şey qara görünürdü. Yenə Qızıl! Qızıl! – deyə bağırarkən dərədən boğuq bir səs eşitdim. Ildırım sürəti ilə dərəyə atıldım. O, sürünü iki təpə arasına yığmış, özü də yol ağzında durub, hürür, məni səsləyirdi. Özümü Qızıla yetirdim. Məni görən kimi sevindiyindən quyruğunu sallayıb, qulaqlarını dikləyərək, məni yalamağa başladı. Sürüyə qurd girdiyini o saat bildim. Sürünün içinə girəndə üç qurd ölüsü gördüm. Işin nə yerdə olduğunu anladım. Sürüyə qurd daraşanda, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına sıxışdırmış, burada qurdlara hücum edib, bir-bir onları boğub öldürmüşdü. Qızılın boynuna necə sarılmışam... Üzündən-gözündən necə öpmüşəm... Sonra kök bir qoçun quyruğunu kəsib qabağına atmışam.

İftixar hissi ilə söhbətini tamamlamağa çalışan Kərim baba Qızılı oxşayaraq:

- İndi bunun nə cür it olduğunu bildinmi? Bu, it deyil, aslandır, əjdajadır, - dedi.

Kərim babanın bu tərifindən sonra Qızılla barışmış, səmimi bir dost olmuşduq.

 

SÜMSÜ

 

Kərim baba ilə armud ağacı altında oturmuşduq. Mən dərədən topladığım daşlarla oynayırdım. Kərim baba fit çala-çala bir yaş çubuğu yonurdu. Kərim babanın yeni bir şey qayırmaq istədiyini anladım, yanına gedərkən o, qalın, boz bığları altından gülümsəyərək:

- Sənə sümsü qayırıram, - dedi.

- Sümsü nədir? – deyə soruşdum.

- Sümsü quş kimi oxuyur, bununla qızılquş balası tuturlar, - dedi.

Kərim babaya daha da yaxınlaşaraq, gözlərimi əllərindən götürməz olmuşdum. Çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü. O, yerə yaş ot qoyduqdan sonra kəsiyi qalpağı üstünə basaraq:

- Bax, sümsü budur! – dedi və o uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb, çalmağa başladı.

Mən səbirsiz halda sümsünü dartıb əlindən alırkən o, bürüşük gözlərində, qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq:

- Qızılquş balasını bu səslə çağırır, - dedi.

Sümsünü indi mən çalır, o isə öyrədirdi və biliciliyi ilə öyünüb, məğrur baxışlarla mənə baxıb gülürdü.

-         Bununla qızılquş balasını necə tutarlar? – deyə mən soruşduqda, Kərim baba mənə bu məlumatı verdi:

-         Qızılquş yuvasını çox vaxt su kənarında, uca ağacların başında tikər. Balaları yumurtadan çıxan kimi ovladığı quşları öldürüb qanını içər, sonra da o qanı qusub balalrına yedirər. Balaları bir qədər böyüdükdən sonra, ovladığı quşu su kənarına aparar, tüklərini yolar, cəmdiyini suda təmiz yuduqdan sonra parçalayıb, balalarının qabağına atar. Balaları qanadlanıb uçmağa başladığı vaxt tutduğu ovu gətirib yuvasının ağzına birdən-birə buraxar, quş ölüm pəncəsindən qurtardığını görüncə, pırıldayıb uçmaq istərkən qızılquş balaları hücum edər, dərhal onu tutub yeyərlər. Anası balalarına bu cür ovçuluq öyrədər. Balalarının bu zamanı anaları üçün də qorxuludur, yaxın gələrsə o saat hücum edib, onu da parçalarlar. Ona görə də ovladığı quşla yuvasına yaxın bir ağaca qonar və özünəməxsus bir səslə balalarını səslər. Onların uçub gəldiyini görüncə, ovu buraxıb qaçar. Qızılquş balalarını ovçular bu vaxtlar tutarlar, yuvalarına yaxın bir yerdə tor qurub, içinə toyuq, kəklik buraxarlar. Çır-çırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib bir əllə torun ipini tutar, o biri əllə də sümsünü çalarlar. Qızılquş balaları analarının ov gətirdiyinə aldanıb, özlərini tordakı quşun üstünə atanda ovçular ipi tez çəkir, tor bağlanır, Qızılquş balaları da torun içində qalırlar.

Qızılquş balaları bu zaman çox acıqlı olurlar. Özlərini insan əlində əsir görəndə ürəkləri partlar, insana heç alışmazlar. Ona görə də ovçular qızılquş balalarını tutunca, iynə ilə göz qapaqlarını bir-birinə tikərlər. Iki-üç gün ac saxlar və yavaş-yavaş ət verib özlərinə alışdırdıqdan sonra göz qapaqlarını açarlar. Quşçuğazların acığı bu cürsönər, sahiblərinə alışarlar. Ovçular qızılquş, tula götürüb ova çıxarlar. Tulalar kolların, qamışların arasına soxulub ördək, qaz, kəklik, qırqovul və turacı qaldırınca qızılquş hücum eləyib ovlar.

 

 

CAN QORXUSU

 

Sentyabrın isti günü idi. Günəş yandırırdı. Itlər, çobanlar meşələrə, sərin kölgəlikıər altına çəkilmişdilər. Biz də alaçığın içində hər birimiz bir yanda uzanmışdıq. Sarı toyuğum da cücələrini başına yığıb, armud ağacı altında eşələnir, dənlənirdi. Toyuq birdən-birə acıqlı səslə qaqqıldadı. Cücələr dərhal uçaraq kolların arasına soxuldular.

Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb, yükün altına soxuldu. Qüvvətli qanad çalınmasına bənzər bir səs hələ də alaçığımızın üstündə eşidilirdi. Bir-birinin arxasınca baş verən bu hadisələrdən özümüzü itirmiş halda alaçıqdan kənara çıxdıq. Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. Anam:

- Qızılquşdur – dedi, sonra cücələri tutmaması üçün əlinə böyük bir ağac alıb kiş-kiş edərək, qızılquşu qovlamağa başladı. Biz alaçığa girən quşun arxasınca getdik. Bizdən əvvəl qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb, sevinə-sevinə:

- Tutdum, kəklikdir, - dedi.

Qardaşımın ətrafında sevincimdən atılıb-düşərək:

- Ver mən də baxım, - deyə bağırdım.

Bu zaman anam içəri girdi. Kəkliyi əlimizdə görüncə:

- Canının qorxusundan yazıq özünü alaçığa salıb – dedi.

Qızılquş pəncəsindən qurtarıb özünü insan əlində əsir görən kəklik həyəcanla çırpınır, dartınır, əllərimizi dimdikləyirdi. Qardaşım:

- Qanadlarını bağlayım, qaçmasın, - dedi.

- Yox, oğlum, bu heyvan bizim evimizə sığınmışdır. Onu azad edin; baxsanız a, qorxusundan yazığın ürəyi ağzına gəlir, - deyə anam cavab verdi.

Bu sözləri elə söylədi ki, qəlbimizdə riqqət doğdu. Artıq hamımız onun azad edilməsi tərəfdarı idik. Hamımız alaçıqdan çıxdıq. Qızılquş uçub getmişdi. Kəklik də o kiçik gözlərini göyə dikərək baxır, düşmənin getmiş olduğunu bilmək istəyirdi. Qardaşım quşu birdən-birə havaya ataraq:

- Uç, get! – dedi.

Kəklik onun əlindən ox kimi çıxdı və bir anda meşənin ağacları arasında yox oldu.

Hamımız bağırışaraq, kəkliyin arxasınca xeyli baxdıq.

 

 

BİÇİN

 

Səhər-səhər alaçığın ağzında oynayırdıq. Kənd uşaqları əllərində badya-mis kasa dərəyə enirdilər.

Qardaşım onların dalınca:

- Namaz, Namaz, haraya gedirsiniz? – deyə çağırdı. Namaz arxaya dönərək yarımağız:

- Qoruğa gedirik, qoruğa, çiyələk dərməyə, - dedi.

Biz də arxalarınca qaçıb yetişdik, dərəni keçdik, kiçik bir cığırla meşəyə doğru qalxdıq. Iki çağrım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qati-qarışıq səsləri qulağımıza yetişdi. Sevincimizdən sıçradıq. Bir az sonra artıq talada idik. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir, qadınlar, uşaqlar isə otların arasından çiyələk yığır və qurumuş otlardan ötədə, bəridə taya vururdular. Biz dayanarmıyıq? Yetişən kimi qoruğa atıldıq. Çiyələkdən doyunca yedik. Sonra yumşaq otların, dərzlərin üstündə atılıb-düşməyə, bağırışmağa başladıq. Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirirkən quş balaları “cik-cik” edib, kiçik qanadlarını çırparaq, qalın otlar arasına soxuldular. Hamımız oraya qaçdıq. Biçinçi əyilib, ovcunda tutduğu bir quşbalasını mənə uzadaraq:

- Al, - dedi.

Sevincək əlimi açdım. Quşu ovcuma qoydu. Ovcumu açarkən əllərim al qan içində idi. Tüklərim ürpərmiş bir halda “Ay bu nədir?” deyə quşu yerə atdım. Oraq onun hər iki ayağını biçmiş, kiçik heyvan ayaqsız qalmışdı; bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildiyə-inildiyə sürünən o kiçik heyvana baxdım.

Qəlbimdə acı bir hiss doğdu. “Topal heyvan, səni artıq kim bəsləyəcək?” – dedim. Hamı biçilmiş qoruğun tikan kimi duran otları üstündə inildəyə-inildəyə sürünən quşcuğaza baxırdı. O biri quşları tutmuş olan uşaqlar topal quşu ovucları içinə alıb tamaşa etdikdən sonra, yenə otlar arasına buraxdılar. O günkü nəşəmə zəhər qatılmış olduğundan çox dalğın idim.

Bir saat sonra obaya döndük.

Bu əhvalatdan uzun illər keçmişdir. Ancaq bu gün də o qanlı vəqiəni unutmamışam.

 

YOLDAŞIM RZA

 

Cümə axşamları mənim ən çox sevdiyim gün idi; çünki hər həftənin bu günü atam şəhərdən gələrdi. Bir təpə başında oturub, səbirsizliklə atamın yolunu gözlərdim.

Axşamüstü idi. Obada gəzinirdim. O gün südçülərdən biri şəhərdən çox tez qayıtmışdı. Onu uzaqdan görüncə yanına qaçıb, atamı soruşdum. Südçü çubuğunu qalın dodaqlarının bir tərəfinə qısaraq, o biri tərəfindən tüstünü buraxdığı halda gülümsəyərək:

- Atan bu gün gəlməyəcək, işi var – dedi.

Bu söz ildırım kimi məni sarsıtdı. Məyus və dalğın halda geri döndüm. O isə arxamdan çağırıb:

- Ey, bura bax! Gələcək, səni aldatdım, mən bu gün tezdən çıxmışam, - dedi.

Cavab vermədən yoluma davam etdim. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə, yüksək dağlar arxasına çəkilməyə, uca ağacların kölgələri şərqə doğru uzanmağa başlamışdı. Sürülər, naxırlar mələşə-mələşə obaya doğru qaçırdı. Mən də bir təpədə oturub o gurultunu dinləyir, o canlı lövhəni seyr edirdim. Çadırımızın ağzında at kişnəməsi eşitdim. Dönüb baxınca nə gördüm? Atam... Sevincimdən ayaqlarım bir-birinə dolaşa-dolaşa yüyürüb boynuna sarıldım. Atam yoldaşım Rzanı da özü ilə gətirdiyindən sevincim bir qat artmışdı. Sevinməzmiyəm? Cücələrimi, çeşmələrimi, göyəm ağaclarımı göstərmək üçün yeni adam tapmışdım. Bir fincan çay içən kimi qalxdıq. Toyuqlarımdan başlayaraq göyəm ağaclarımı, dərədəki çeşmələrimi bir-bir göstərdim. Sonra obaya gəldik. Sürülərin içinə soxulduq. Quzularla, oğlaqlarla oynadıq, onlarla bərabər atılıb-düşdük. Artıq qaranlıq düşür, seyrək duman uca dağlar başından dərələrə, müşələrə enirdi. Göy üzü təmiz olduğundan şimal tərəfdəki bir-iki bulud dəniz içində kiçik təpəciklər kimi görünürdü. Hər ikimiz əl-ələ verib yüyürə-yüyrə evə gəldik.

 

YAĞIŞ

Atam çadırımızın yanındakı armud aşacı altında oturub Kərim baba ilə söhbət edirdi. Kərim baba birdən-birə gözlərini şimala dikərək gurlayan bir səslə: “Allah, sən saxla!” dedi. Bu sözləri elə söylədi ki, hamımızda bir həyəcan doğdu.

Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək:

- O ilanquyruğu kimi qara buludu görürsüz? Çox ziyankar buluddur. – dedi. – Bu, ziyansız keçməyəcək.

Atam etinasız cavab verdi:

- O bulud buradan çox uzaqdır, bizə ziyanı dəyməz.

Kərim baba iri papaqlı başını, uzun çal saqqalını oynadaraq, bir daha diqqətlə buludu süzdükdən sonra:

- Buna oynaq bulud deyərlər – deyə sözünə davam etdi. – Bu hər yeri gəzər, amma çox durmaz. Bir saat yağsa aləmi tufana verər. Iki saat çəkməz ki, toyuq kimi balalarını başına yığıb gəzməyə başlar. Bu buluddan gözüm heç su içmir, ehtiyatı əldən vermək olmaz. Alaçığın xəndəyini təmizləməliyəm.

Kərim baba durub getdi. Biz də atamla alaçığa dönüb, yorğun olduğumuzdan tez yatdıq. Sonra nələr olduğunu bilmirəm, bu qədər xatırlayıram ki, atam məni qolları arasında yük üstünə uzadarkən, qulaqlarımın dibində gurlayan bir səsdən gözlərimi açdım. Ətrafıma baxdım. Atam, anam, hər ikisi alaçığın içində dimdik durmuşdu.

Atam kiçik qardaşım Əsədullanın beşiyini yuxarı qaldırmış, anam da kiçik bacımı qucağına almışdı. Sel gurultu ilə alaçığın içindən axıb gedirdi. Yağış damcıları başımızın üstündə alaçığın keçələrini gum-gum qamçılayırdı. I gecəki tufandan yalnız bu qədər görə bildim.

Sonra yenə yatmışam. Səhər gözlərimi açdığım zaman günəş doğmuş, şəfəqlərdən hörülmüş saçlarını otlu-çiçəkli dağların, yamyaşıl duran meşənin üstünə dağıtmışdı. Tez alaçıqdan çıxdım. Hava o qədər saf, o qədər gözəl idi ki, hər şey insanın üzünə gülürdü... Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz dənələri kimi parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. Kiçik quşlar yaşıl budaqlarda qanadlarını günəşə doğru açaraq həm qurudur, həm də gözəlliklərə baxır, o lətafətə bürünmüş təbiəti dadlı nəğmələri ilə alqışlayırdılar.

Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara:

- Allah kəssin belə yaylağı, elə bil başımıza yer qəhətdi. Bu nə dirrikdir: islanmamış şey qalmayıb. Hələ gecə gözlərimi bir tikə də yummamışam, - söylənirdi.

Atam da:

- Ay dəli, çölçülükdür, ürəyini sıxma, bunun da bir nəşəsi var – deyə anama təsəlli verirdi.

- Belə nəşəni istəmirəm. Sizin üçün nə var ki, özünüz çöllü, gördüyünüz də elə bu, - deyə anam cavab verdi.

Bu aralıq birdən-birə cücələri, toyuğumu xatırlayıb, cəld hinə tərəf yüyürdüm. Hinin ağzındakı daşı götürəndə gördüm ki, hinin içi göl bağlayıbdır. Bu faciəli mənzərəni görməyimlə “Vay, cücələrim boğulublar” – deyə qışqırmağım bir oldu. Dərhal ailə üzvləri ətrafımı bürüdülər. Atam:

- Yazıq cücələr, heç yadımıza da düşməyiblər – deyə təəssüfünü bildirdi, sonra başımı oxşayaraq, öz hərəkəti ilə mənə sanki təsəlli vermək istədi.

Anam:

- Mənim fikrimə gəlmişdi, amma, nə edək, öz başımızın hayına qalmışdıq, - dedi.

Əlimi hinə soxub, boğulmuş cücələri suyun içindən bir-bir çıxartdım:

Anam:

- Yaman gözə ox batsın! – dedi, hər görən: “Bunlara nə veribsən ki, dərilərinə sığmırlar” deyirdi. Bunlara hansı bədnəzərinsə gözü dəydi. Fikir etmə, oğlum, qada-balamızı aparıblar.

Artıq nə edəcəkdim? Olan olmuş, keçən keçmişdi.

 

İGİD UŞAQ

 

Obamızın şimal tərəfi qərbdən-şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra qalın bir meşəlik idi. Dərə, qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu yerlərdən ibarət idi. Biz oralara getməyə qorxardıq, çünki kəndlilər “ayı var” deyə bizi qorxutmuşdular. Bu qorxu ucundan dərənin qərb tərəfinə getməzdik.

Ikindi çağı idi. Obada “Dursunu ayı basıb” deyə səs qopdu. Kəndlilər dəyənək, tüfəng, it götürüb getdilər. Bütün oba axdı. Mən də camaata qoşulub getdim. Nədən qorxacaqdım, Kərim baba orada idi. Köməyə gedirmişəm kimi, hətta əlimdə yekə bir dəyənəyim də vardı. Hamımız nizamlı qoşun kimi sanki bir qala almağa gedirrik. Dərəni aşdıq. Ayı dərəsinin dağlıq tərəfindən dırmanırdıq. Yuxarıda qat-qarışıq bir səs eşidildi. Itlər quyruqlarını, qulaqlarını şəkləyərək, birdən-birə hürməyə, üstümüzə yüyrməyə başladılar. Hamıda bir rəşadət və şücaət doğdu. Təpəni dırmandıq. Dursun əlində tüfəng məğrur bir halda bizi qarşılayaraq:

- Vurdum. Qoltuğunun arasından vurmuşam. Az qala kafir məni boğmuşdu, - deyə camaata qarışdı.

Indi hər kəs Dursundan məlumat almağa can atırdı. Nəhayət, bəlli oldu ki, bu qorxmaq uşaq tüfənglə o tərəflərdə gəzdiyi zaman öz yuvası ağzında iki balası ilə oynayan yekə bir ayı ilə üz-üzə gəlir. ayı Dursunu görüncə arxasınca düşür. Dursun qaçır, ayı qovur; nəhayət, Dursunbaşıaşağı qaçmağın çətin olduğunu görəndə özünü toplayıb, geri dönür və ayını nişanlayıb, iki qolları arasından vurur. Ayı aldığı yaradan qüvvətini itirib, yerə yıxılır. Dursun kəndə dönüb, bu vaqiəni xəbər verir. Bir neçə kişi ilə ayı vurulan yerə gəlirlər.

Biz ayı vurulan yerə yetişır-yetişməz itlərdən biri ayını yaxaladı. Yaralı heyvan bağıra-bağıra onu qolları arasına alıb elə sıxdı ki, köpək qara ağzını açıb var gücü ilə zingildədi. Kəndlilər, ağac, qəmə gücü ilə iti ayının pəncəsindən qurtarınca, it qulaqlarını sallayaraq, quyruğunu böyrünə qısıb, birbaş obaya qaçdı.

Bu qərar ilə ayı itlərin hamısını bir-bir qaçırtdı. Ancaq özü də candan, taqətdən düşmüşdü. Nəhayət, kəndlilərdən biri ayını tüfənglə vurub öldürən kimi, hamı ayının yuvasına doğru axdı. Ayı yuvası dərənin ətəyində kiçik, təbii bir mağara idi. Mağara o qədər kiçik idi ki, içindəki iki ayı potası[ii] görünürdü. Hər ikisi bir-birinə sığınıb, qorxaq baxışlarla mağara ağzındakı adamlara baxırdı. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. Görünür anaları çalışmış, zəhmətə qatlaşmış, qırdığı ağacların ən yumşaq qabıqları ilə mağaranın içini bir xalı kimi döşəmişdi. Axırda onların uğrunda canını da fəda etməkdən çəkinməmişdi. Xülasə, o kiçik yetimləri çomaqların başı ilə vura-vura mağaradan çıxardılar. Boyunlarına kəndir bağlayıb, kəndə gətirdilər. Bir az əvvəl əzrail pəncəsindən qurtarmış kimi quyruqlarını yanlarına qısıb bağıra-bağıra qaçan itlər indi bu heyvancığazlara qarşı aslan kəsilərək, dörd yandan hücum etmək istəyirdilər. Kəndlilər zor-güc bu heyvanları itlərin pəncəsindən qurtara bildilər.

Kənd həyatında təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır!.. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış o rəngarəng, o qiymətli və silinməz xatirələr!..

 

 



[i] Çalı – kol-kos.

[ii] Pota – ayı balası.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info